Məhkəmə qərarları › İş №2(103)-800/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-800/2023

02.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-800/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında 04 iyul 2022-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, müqaviləyə görə Cavabdeh İB İddiaçı təbii qazla təmin etmək, İddiaçı isə ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı yaşadığı Bakı şəhəri, Binə qəsəbəsi, Marxiyevka 11 ünvanında yerləşən evin təbii qazla təchizatı üçün 24 iyun 2022-ci il tarixdə “G-4” markalı qaz sayğacı quraşdırılmış, istehlakçıya **********00011 saylı abonent kodu verilmişdir.

3. İddiaçı aid abonent saldosundan aydın olur ki, sözügedən ünvanda 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına qədər 17 akt tərtib olunmuş, abonentin təbii qazdan sayğacsız istifadə etdiyi göstərilməklə həmin aktlar əsasında ona ümumilikdə 8768,16 manat borc hesablanmışdır.

4. 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə İddiaçı tərəfindən qaz istehlakına görə heç bir ödəniş aparılmamışdır.

5. Bakı şəhəri, Binə qəsəbəsi, Marxiyevka 11 ünvanında elektrik enerjisindən istifadəyə görə 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə İddiaçı tərəfindən 528 manat ödəniş həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən abonent hesabına (abunə kodu **********00011) aktlar əsasında hesablanmış ümumilikdə 8768,16 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən evinə xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmış, bundan bir müddət sonra müəyyən etmişdir ki, apardığı ödənişlərdən tutulmalar aparılır. Bu məsələni aydınlaşdıranda, guya dəfələrlə qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etdiyini, buna görə aktlar tərtib olunduğunu, həmin aktlar əsasında onun abonent hesabına ümumilikdə 8768,16 manat məbləğində borc yazıldığını öyrənmişdir. Həmin aktlar əsasında hər ay yazılmış məbləğlərə nəzər yetirdikdə görünür ki, o, tək öz evini deyil, həmin evin yerləşdiyi küçədə olan digər evlərin də qazını təmin eləmişdir. Belə ki, ona 2020-ci ilin dekabr ayında 1771,20 manat, 2021-cı ılın fevral-aprel aylarında 295,20 manat, may-avqust aylarında 194,40 manat, oktyabr ayında 590,4 manat, noyabr-dekabr aylarında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, fevral-mart aylarında 669,6 manat, aprel ayında 734,40 manat, may-iyun aylarında 362,88 manat borc hesablanmışdır. Həmin evdə ümumiyyətlə uzun müddətdir ki, yaşayış yoxdur, ailəsi ilə birlikdə Binə qəsəbəsində yerləşən digər evdə yaşayır. Aktlar barəsində heç vaxt məlumatı olmamış, həmin evə cavabdeh Birliyin əməkdaşları tərəfindən baxış keçirilməmiş, nə onun, nə də digər şəxslərin iştirakı ilə akt tərtib edilməmişdir.

8. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş, təbii qazdan sayğacdan kənar istifadə etməsi səbəbilə aktlar tərtib olunduğunu və iddiaçıya müvafiq məbləğdə borc hesablandığını bildirmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 107,68 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları - aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.

11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci, 4.3-cü, 4.4-cü, 4.5-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.

12. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazadan sayğacsız istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

13. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə qazdan sayğacdankənar istifadə etmiş və ümumiyyətlə ödəniş həyata keçirməmiş, buna görə də aktlar tərtib olunaraq sərf etdiyi qazın dəyəri ondan tələb edilmişdir. İddiaçı həmin dövrdə orada yaşamadığını irəli sürsə də, "xxxx" ASC-nə aid abonent saldosundan görünür ki, o, sözügedən ünvanda yaşamış və elektrik enerjisi istehlak etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə Bakı şəhəri, Binə qəsəbəsi, Marxiyevka 11 ünvanında yerləşən evdə yaşamadığını və qaz istehlak etmədiyini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

20. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

21. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

22. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları

24. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

31. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

32. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

33. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

34. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən evinə xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmış, bundan bir müddət sonra müəyyən etmişdir ki, apardığı ödənişlərdən tutulmalar aparılır. Bu məsələni aydınlaşdıranda, guya dəfələrlə qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etdiyini, buna görə aktlar tərtib olunduğunu, həmin aktlar əsasında onun abonent hesabına ümumilikdə 8768,16 manat məbləğində borc yazıldığını öyrənmişdir.

35. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü həmin faktiki halın mövcudluğunu qəbul etmiş, “Bakı şəhəri, Binə qəsəbəsi, Marxiyevka 11 ünvanında yerləşən evdə qazdan qeyri-qanuni istifadə edilməsinin sübuta yetirilmədiyini” vurğulamaqla müvafiq nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə iş materiallarındakı sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır.

37. Belə ki, iddiaçı 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə ünvan 2 ünvanında yerləşən evində yaşamadıqlarını bildirsə də, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, qeyd olunan dövrdə həmin ünvanda elektrik enerjisinin istehlakına görə 528 manat ödəniş həyata keçirilmişdir.

38. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı barəsində ilk dəfə 2020-ci ilin dekabr ayında qazdan sayğacsız istifadə etdiyi qeyd olunmaqla akt tərtib edilmiş, buna baxmayaraq xx.xx.2022-ci il tarixinə qədər onun evinə sayğac quraşdırılmamış və 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına qədər hər ay eyni məzmunlu aktlar tərtib edilərək qazdan sayğacsız istifadə etməsinə görə ona ümumilikdə 8768,16 manat sərfiyyat hesablanmışdır.

39. Kollegiyanın qənaətinə görə Cavabdeh İB İddiaçı qazdan sayğacsız istifadə etdiyini təsdiq edən sübutlar təqdim etmişdir; bununla belə, həmin istifadə üçün iddiaçıya hesablanmış borc məbləği reallığa uyğun deyildir.

40. Belə ki, İddiaçı məxsus evlə bağlı təchizatçı şirkətin tərtib etdiyi və İddiaçı da mübahisələndirmədiyi saldo adlanan sənədə əsasən, onun yaşadığı evdə 4 gözlü qaz plitəsi (PQ-4) vardır və o, 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə təbii qazı sayğacsız istehlak edərək bu istehlaka görə heç bir ödəniş həyata keçirməmişdir.

41. Göründüyü kimi, İddiaçı evində 2020-ci ilin dekabr ayından sayğac olmadığı müəyyənləşdirildiyi halda, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixinədək oraya sayğac quraşdırılmamış, qazdan sayğacdan kənar (sayğacsız) istifadə olunmasına bilavasitə şərait yaradılmışdır.

42. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, fiziki şəxs olan istehlakçını qaz sayğacı ilə təchiz etmə bilavasitə qaz paylayıcısının vəzifəsidir və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir (sayğac quraşdırmalıdır).

43. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, İddiaçı barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmadığına qiymət verilməlidir.

44. Başqa sözlə, İddiaçı qazdan sayğacsız istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının yuxarıda qeyd olunan bəndinin mənasına görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır.

45. Bənzər münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır.

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı yalnız 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayına qədər olan dövr üçün (19 ay) 4 gözlü qaz plitəsinin (PQ-4) gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; müvafiq dövrdə İddiaçı daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən Cavabdeh İB-nin əməkdaşlarına aid olunmalıdır.

47. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz qaz təchizatçısı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.

48. 4 gözlü qaz plitəsinin (PQ-4) orta hesabla (yay və qış mövsümündə) günlük 8 saat işlədilə biləcəyini nəzərə alaraq kollegiya hesab edir ki, 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayına qədər olan 19 ay üçün İddiaçı qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 924,40 manat (qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 8 saat x 30 gün x 19 ay = 5472 m3, həmin sərfiyyatın 1700 m3-i 10 qəpikdən hesablanmaqla 170 manat (1700 m3 x 0,10 manat = 170 manat), 3772 m3-i 20 qəpikdən hesablanmaqla 754,4 manat (3772 m3x 0,20 manat = 754,4 manat)) qəbul oluna bilər və aktlara əsasən hesablanmış borc məbləğinin qalan hissəsi onun abonent hesabından silinməlidir.

49. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, apellyasiya şikayəti vermək üçün Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunmalı, iddiaçının ödəməkdən azad edildiyi rüsum məbləği Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2642/2022 saylı iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi qismən təmin olunsun. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib olunmuş aktlar əsasında ondan tələb edilən 8768,16 (səkkiz min yeddi yüz altmış səkkiz manat 16 qəpik) manat borcun 7843,76 (yeddi min səkkiz yüz qırx üç manat 76 qəpik) manat hissəsi onun **********00011 saylı abunə hesabından silinsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 107,68 manat Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar