Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8007/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1967/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdeh tərəfindən yazılmış 486 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Onların evinə qaz xətti çəkilmişdir, qaz sayğacı quraşdırılmış və bu barədə cavabdehlə aralarında müvafiq müqavilələr bağlanılmış, sənədləşmələr aparılmışdır. Təbii qazdan istifadə etməkdə davam edirlər, istifadə edilmiş təbii qaza görə pulu cavabdehə mütəmadi ödəyirlər. Bu günlərdə onlara məlum olmuşdur ki, qaz haqqının ödənilməsi üçün elektron plastik kartlarına yüklədikləri pulun xeyli hissəsi dərhal silinir, maraqlananda məyyənləşdirmişlər ki, sayğaca müdaxilə adı ilə onlara cərimə aktı yazılmışdır, ödədikləri pulun tutulması cərimə ödənilməyənə qədər davam etməlidir. Cərimənin əsassız yazılması, onların təqsirlərinin olmaması barədə cavabdehə dələlərlə müraciətlərinin nəticəsi olmamış, onlara müsbət cavab verilməmişdir. Məlum olmuşdur ki, 30.04.2019-cu il tarixdə guya cavabdehin işçiləri onlardan xəbərsiz sayğaca baxaraq guya sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənglərinin fərqli olması aşkar edilərək ******* say təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etmişlər və bu akta görə ona 486 manat cərimə yazılmışdır. Lakin həmin aktda onun da iştirakının və aktı imzalamaqdan imtina etməsinin qeyd edilməsinə baxmayaraq əslində belə bir yoxlama olmamışdır, orada iştirak etməmiş və imzadan da boyun qaçırmamışdır. O, heç vaxt qaz sayğacına müdaxilə etməmiş, toxunmamışdır. Cavabdeh indi ondan salamatlılığını tələb etdiyi sayğacı onun evində, yaxud həyətində deyil, küçədə yol kənarında quraşdırmışdır. O, küçədə quraşdırılmış və nəzarətsiz qalmış həmin sayğaca heç cür nəzarət edə bilməz, buna nə onun, nə də ailə üzvlərinin fiziki imkanları yoxdur. Xüsusilə, gecələr sayğaca qarovul çəkmək onun imkanı xaricindədir. Buna baxmayaraq, cavabdeh 2 il əvvəl heç bir əsası olmadan barəsində cərimə aktı tərtib etmiş və 2 ildən sonra qanunsuz yazılmış cəriməni ödəməyə onu vadar etməyə çalışır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1967/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Şikayətə görə, İddiaçı istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmiş, laboratoriya rəyinə görə sayğacın istismara yararsız oğduğu müəyyən edilmiş, sayğaca müdaxilə olunduğu üçün 486 manat dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bunların heç birinə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X1 əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2019-cu il tarixli, ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına aid sayğac laboratoriyaya göndərilmiş, qaz sayğacının yoxlanılması barədə akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan ploblarının rəngi fərqlidir” kimi qeyd edilmişdir. İş materiallarında olan hesabdan çıxarışın surətindən məlum olur ki, İddiaçı 2020-ci il üçün 486 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə cavabdeh “Azəriqaz” İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1967/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8007/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8007/2021
11.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver