Məhkəmə qərarları › İş №2(103)-801/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-801/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-801/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, apelyatorun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən 3 (üç) otaqlı 158 №-li mənzilin müqavilədə göstərilən şərtlərlə ona təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş №2(004)-6092/18) iddia qismən təmin olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 158 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi qət edilmiş və həmin mənzillə bağlı iddiaçıya münasibətdə maneələrin törədilməsi cavabdehə qadağan olunmuşdur. Qətnamədən maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs ASC apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixində Cavabdeh MMC ilə aralarında daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayaraq, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 158 nömrəli mənzili satın almışdır. Aralarında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadrat metri üçün 500 AZN olmaqla, ümumilikdə 48150 AZN pul ödəmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndindən irəli gələn öhdəlikləri 24 ay müddətində yerinə yetirərək mənzili ona təhvil verməli idi. Əfsuslar olsun ki, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməli olduğu vaxtdan dörd ildən artıq vaxt keçsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə mənzilindən istifadə edə bilməməyi səbəbindən hər gün maddi zərərə uğrayır. Odur ki, pozulmuş hüquqlarının təmin olunması üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən Maraqlı şəxs ASC-yə təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Həmin tarixdən də sözügedən mənzilə Bank faktiki rəhbərlik edir. Belə ki, Bank sözügedən mənzilin qapısını dəyişdirmiş və oranı mühafizə ilə təmin etmişdir. İddiaçı müqavilə ilə mənzili götürdüyünü iddia etsə də, mənzil təhvil verilərkən qapısı belə olmamışdır. Məhkəmə, cavabdehin müqaviləsinin həqiqiliyini müəyyən etmək üçün ekspertiza təyin etməmişdir. Apelyatorun nümayəndəsi M.Osmanov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, nümayəndə M.Osmanovun izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, tərəflər, yəni İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 191 saylı müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 158 nömrəli mənzili 24 ay müddətində alıcıya, yəni İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə bunun müqabilində 48150 (qırx səkkiz min yüz əlli) manat məbləğində pulu əvvəlcədən MMC-yə ödəmişdir. Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini əsas gətirən İddiaçı xx.xx.2018-ci il tarixdə “mənzilin təhvil verilməsi, mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilmədiyini müəyyən edərək iddianı qismən təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, alıcı müqavilə üzrə öhdəliyi yerinə yetirərək müqavilə məbləğini təşkil edən 48150 (qırx səkkiz min yüz əlli) manat məbləğində pulu əvvəlcədən MMC-yə ödəsə də, satıcı, yəni Cavabdeh MMC bunun müqabilində müqavilədə nəzərdə tutulan mənzili 24 ay müddətində alıcıya təhvil verməmişdir. Bu baxımdan cavabdehin hərəkətləri öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir və iddiaçı mənzilin ona təhvil verilməsi barədə iddia qaldırmaqda haqlıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, mübahisəli mənzil iddiaçıya təhvil verilməli və ona münasibətdə maneələrin törədilməsi cavabdehə qadağan edilməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, müvafiq mənzilin iddiaçıya təhvil verilməsi ilə onun mənzil üzərində sahiblik və istifadə hüquqları reallaşacağından iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və xx.xx.2019-cu il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunmuşdur. Maraqlı şəxs ASC həmin qətnamədən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermiş və bu şikayət xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Apellyatorun şikayətdə istinad etdiyi dəlil ondan ibarətdir ki, mübahisələndirilən mənzil Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı qərardadının və icra vərəqəsinin icrası ilə əlaqədar Maraqlı şəxs ASC-yə təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Həmin tarixdən də Maraqlı şəxs ASC sözügedən mənzilə faktiki sahiblik edir. Belə ki, bank sözügedən mənzilin qapısını dəyişdirmiş və oranı mühafizə ilə təmin etmişdir, mənzil götürüldükdə, oranın qapısı belə olmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, nə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı qərardadında, nə həmin qərardad üzrə verilən icra vərəqəsində, nə də qərardadın icrası ilə bağlı tərtib olunan aktda Maraqlı şəxs ASC-yə təhvil verilməli olan mənzilin nömrəsi göstərilməmişdir. xx xxxxxx 2012-ci il tarixli müqavilədə iddiaçıya verilən mənzilin nömrəsi “158” olmaqla qeyd edilmişdir. İş materiallarından həmçinin məlum olur ki, Maraqlı şəxs ASC-nin istinad etdiyi məhkəmə qərarı xx.xx.2010-cu il tarixdə qəbul edilsə də, uzun müdət icra olunmamış, yalnız xx.xx.2018-ci ildə qərardadın icrası ilə əlaqədar akt tərtib olunaraq “A” blokunda 17 və 21-ci mərtəbələrdə iki ədəd təmirsiz vəziyyətdə olan mənzillərin Maraqlı şəxs ASC-yə təhvil verildiyi göstərilmişdir (i.v.86). Yuxarıda qeyd olunduğu kimi, həmin aktda Maraqlı şəxs ASC-yə təhvil verilən mənzillərin nömrəsi qeyd olunmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı oğlu ilə Cavabdeh MMC arasında mübahisəli mənzilə dair müqavilə xx xxxx 2012-ci il tarixdə, müvafiq məhkəmə qərarından sonra bağlanmışdır. Daha sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2018-ci il tarixdə mübahisələndirilən qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. xx.xx.2019-cu il tarixdə icra məmurunun qərarı ilə göstərilən tələb icra edildiyi üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Qərara əlavə edilmiş icra məmurları, borclu, tələbkar, hal şahidləri tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli aktdan məlum olur ki, mübahisəli mənzil İddiaçı təhvil verilməklə, həmin mənzillə bağlı tələbkara münasibətdə maneələrin törədilməsi borclu Cavabdeh MMC-yə qadağan edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş xx xxxxx 2018-ci il tarixli aktdan məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra sənədinin icrası ilə bağlı qərardadda göstərilən mənzillər, o cümlədən mübahisəli mənzil Maraqlı şəxs ASC-yə təhvil verilmişdir. Həmin akt icra məmuru, Maraqlı şəxs ASC-nin təmsilçiləri tərəfindən imzalanmış, borclu Cavabdeh MMC-nin təsisçisi M.Zeynalov aktı imzalamaqdan imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi ilə bağlı müvafiq qərar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, tərəflər arasında xx xxxx 2012-ci il tarixli müqavilə bağlanarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı mövcud olsa da, icra edilməmişdir. Apellyator həmin qərardadın Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən əvvəl icra edildiyinə istinad etsə də, icra üzrə icraata xitam verilməsi barədə qərardad təqdim etməmiş, təqdim edilmiş akt isə borclunun nümayəndəsi tərəfindən imzalanmamışdır. Göstərilən aktdan sonrakı tarixə təsadüf edən Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı akt xx.xx.2019-cu il tarixdə tərtib edilmiş, xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata tələblər təmin edildiyi üçün xitam verilmişdir. Belə olan halda, xx xxxxx 2018-ci il tarixli aktın mötəbərliyi öz təsdiqini tapmamışdır. Belə ki, “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı qanunla müəyyən olunmuş qaydada icra edilmiş olsaydı, yəni, mübahisəli mənzil Maraqlı şəxsxxxx“Maraqlı şəxs ASC-nin mübahisəli mənzilə faktiki sahibliklə bağlı şikayətində göstərdiyi hallar mövcud olsaydı, o zaman Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası mümkün olmaz və icra məmuru tərəfindən icra sənədi icrasız geri qaytarılardı. Göründüyü kimi, hazırkı qətnamə icra edilərkən heç bir ziddiyyət və maneə müəyyən edilməmiş, mənzil Maraqlı şəxs ASC-nin sahibliyində olmamış, mənzilin qapısı da dəyişdirilməmişdir, belə ki, tərtib edilmiş akt və icraata xitam verilməsi ilə bağlı qərarla müəyyən olunur ki, mənzil və onun açarları məhz Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. Bu da bir daha təsdiq edir ki, mənzil İddiaçı təhvil verilərkən də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı icra edilməmişdir. Beləliklə, apellyasiya şikayətində, həmçinin şikayətə əlavə edilmiş icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilənlər öz əksini tapmamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyatorun mövqeyi ilə razılaşmır və apellyasiya şikayətində göstərilən dəlillərin mötəbər sübutlarla təsdiq edilmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar