Məhkəmə qərarları › İş №2(103)-8011/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8011/2022

21.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8011/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-945/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı – Cavabdeh İB tərəfindən ona hesablanmış 1412,20 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Qobu qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evində yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və iddiaçı ilə "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən iddiaçının ünvanında Smart-kart tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən evdə əlavə xəttdən istifadə edilməsi ilə bağlı xx.xx.2019-cu ildə ******* saylı akt tərtib edilmiş və akta əsasən 399,60 manat cərimə yazılmışdır. Bundan əlavə xx.xx.2019-cu ildə ******* saylı akta görə 32,4 manat, xx.xx.2019-cu ildə ******* akta görə 57,6 manat, xx.xx.2019-cu ildə ******* saylı akta görə 194,4 manat, xx.xx.2020-ci ildə ******* saylı akta görə 295,2 manat, xx.xx.2020-ci ildə ******* saylı akta görə 295,2 manat və 4.03.2020-ci ildə ******* saylı akta görə 137.8 manat cəmi 1412,2 manat cərimə yazılıb. Bunların heç birindən iddiaçının xəbəri olmayıb. Qaz idarəsində iddiaçı həmin aktları və şəkilləri tələb etsə də aktları vermiş lakin şəkilləri verməmişlər. İddiaçı onlara təklif etmişdir ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin amma onlar razı olmamış iddiaçıya demişlər ki, məhkəməyə müraciət etsin. Lakin iddiaçının ödənişləri mütəmadi olub və ödəniş etdikdən sonra qazdan sitifadə etmişdir. Yəni cavabdeh iddiaçını əlavə xəttdən istifadə etməsində təqsirləndirərək, sayğaca müdaxilə etdiyini bildirərək sayğacdan ödənişetmədən istifadə etdiyini bildirərək, iddiaçıya əsassız borc hesablasa da. etdiyi ödənişlərə fikir verməmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi təyin edilmiş xx.xx.2022-ci il tarixli 10/1352 saylı rəydən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. 57 mmlik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə Cavabdeh İB-nə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-945/2022 saylı, 07 iyun 2022ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddianın təmin edilməsi, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanı (Abonent kodu: **********07960) üzrə İddiaçı hesablanmış 1412,20 (min dörd yüz on iki manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi, 34,13 (otuz dörd manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 102 (yüz iki) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Borc məbləği cavabdeh tərəfindən sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadəsi nəticəsində yazılmışdır. 1-ci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normasının səhv tətbiq edilməsi (səhv nəticəyə qəlməsi) ilə bağlı bildiririk ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında Akt iddiaçının qanunazidd hərəkətləri nətəcəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 1412.20 manat təşkil etmişdir. Lakin, 1ci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə “cərimə” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

10. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın

11. 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.

12. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

13. 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

14. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-945/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, iddiaçı isə cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və tələbnamələr təsdiq edilmişdir. Həmin aktlarda iddiaçının sayğacdan kənar qeyri-qanuni birləşmə ilə qaz xəttinə qoşulması aşkar olunduğu göstərilmişdir. Həmin aktlara əsasən cavabdehə ümumilikdə 1412,2 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1352 saylı rəydən isə görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. 57 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə Cavabdeh İB-nə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır.

24. Göründüyü kimi, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, bu hal tədqiqedilmiş ekspert rəyində öz əksini tapmamışdır.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür.

26. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələbi baxımından borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.

27. Beləliklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1412,20 manat məbləğində borc silinməlidir.

28. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-945/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar