Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8015/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, dəymiş maddi ziyanın ödənilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3502/2021 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20.11.2020-ci il tarixli, **********8 saylı əmrinin ləğv edilməsi, dəymiş maddi ziyanın ödənilməsi və təqaüd yaşına çatana qədər müvafiq işlə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30.11.2007-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində çalışır. İşlədiyi müddətdə DSMF-nin Qobustan rayon şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. 2014-cü ildə Dövlət İmtahan Komissiyasının müsabiqəsindən keçərək, həmin vəzifədə daimi işləmək hüququ əldə etmişdir. 29.07.2020-ci il tarixdən tutduğu vəzifədən azad olunması barədə ərizəsi alınmış, müqaviləsinə xitam veilmişdir. Bununla da, dövlət qulluğu stajı yarımçıq qalmış və bütün imtiyazlardan məhrum olmuşdur. Təqaüdə çıxmasına bir neçə ay qalıb. Onunla 14.08.2020-ci il tarixdən 14.11.2020-ci il tarixinədək 3 aylıq əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddətinin başa çatmasına bir gün qalmış yeni müqavilə bağlanacağı bildirilsə də, bir həftə sonra işdən azad olunması barədə əmr elektron poçtuna göndərilmişdir. Pandemiya dövründə, təqaüd yaşına çatma ərəfəsində cənab Prezidentin işəgötürənlərə müraciətinə məhəl qoymayaraq onu bütün sosial müdafiə tədbirlərindən məhrum etmişdirlər. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3502/2021 saylı, 02 iyun 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən onun izahatları tam nəzərə almamışdır. Təqdim edə biləcəyi sübutlar, faktlar yalnız əlində olan müraciətlər, teleqramlardan ibarət olmuşdur. Verilən əmrləri də internet üzərindən özü əldə etmişdir. Bunlarında heç birini sübut kimi məhkəmə ondan tələb etməyib. Qeyd edir ki, cavabdeh tərəfindən 14.08.2020-ci ildə onun xəbəri olmadan “müddətli müqavilə” tərtib olunmuş, 3 aylıq olmaqla 14.11.2020-ci il tarixədək. Bildirir ki, məhkəmədə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsi əsas gətirilir ki, guya onunla qarşılıqlı razılaşma olub. Əsla bu belə deyil, onunla nə yazılı nə şifahi nə də səs yazısı formasında heç bir razılıq olmayıb. Müqavilənin müddətini onlar özləri tərtib ediblər. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsi ona şamil olunmamalı idi. Çünki bu maddədə ona imkan verilir ki, hətta təqaüd müddətində də müddətli müqaviləni artıqmaqla qalıb işləyə bilər. Qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin ona məcburi şamil edilməsi üzündən heç bir işsizlikdən sığorta haqqı belə ala bilməmişdir. Onun 42 illik əmək stajı olduğu dövrdə Azərbaycan Respublikasının həmkar üzvü olmuş və üzvlük haqqı ödəmişdir. Fond rəhbərliyi onu işdən qanunsuz çıxararkən bu orqanla razılaşdırılmalı idi və bu da Həmkarlar haqqında qanunun müvafiq maddəsində öz əksini tapmışdır ki, vətəndaşların hüquqları qorunsun. Təəssüf burada da qanunlara əməl edilməmişdir. Bu günədək həmin müqavilənin neçə nüsxə olduğu, orada nəyin əks olunduğu ona aydın deyil, çünki ona heç bir nüsxə verilməyib. Həmin sənədin imzalanmasına bir gün qalmış müddətin bitməsinə məcburi imzalatdırıblar. Yeni müqavilə bağlanacaq deyiblər. Bundan da bir neçə gün sonra onun və 3 nəfər orta ixtisas təhsilli işçinin işdən çıxmaq elektron əmri təqdim olunub. İşə qəbul ilə əlaqədar olaraq ondan alınmış tarixi qeyd edilməmiş ərizə ilə, bağlanmış müddətli müqavilənin, işə qəbul əmrinin arasındakı müddət araşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 9A2 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsi yaradılmışdır. Fondun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 4.11.11-ci bəndinə əsasən, X2 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. İş materiallarında olan 14.08.2020-ci il tarixli, xxxxxxx000300 saylı əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 sədri ilə İddiaçı 14.08.2020-ci il tarixdən 14.11.2020-ci il tarixinədək 3 aylıq müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı Fondun Qobustan rayon filialına ştatdankənar işçi vəzifəsinə qəbul edimişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 sədrinin **********3 saylı, 20.11.2020-ci il tarixli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrində çalışan bir sıra işçilərin, o cümlədən, hazırki iş üzrə İddiaçı əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razıllığına əsasən istənilən müddət, müddətli formada bağlanıla bilər. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə görə isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinin yuxarıda göstərilən normaları baxımından iddiaçının işdən azad olunması barədə qəbul edilmiş 20.11.2020-ci il tarixli əmr qanunsuz olmamışdır. Belə ki, 14.08.2020-ci il tarixdən 14.11.2020-ci il tarixinədək 3 aylıq müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı Fondun Qobustan rayon filialına ştatdankənar işçi vəzifəsinə qəbul edimişdir. 20.11.2020-ci il tarixli əmr ilə Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrində çalışan İddiaçı əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə xitam verilmişdir. Göründüyü kimi tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddətinin bitməsi əsası ilə də əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin ona şamil olunmamasını göstərsə də, iddiaçı 14.08.2020-ci il tarixli, xxxxxxx000300 saylı əmək müqaviləsinə imza etməklə həmin müqavilənin bağlanmasına iradə ifadəsini göstərmiş və bu hal iddiaçının müqavilə bağlamaq üçün razılığının olduğunu ehtiva edir. Digər tərəfdən iddiaçı işlədiyi dövrdə həmin müqaviləni mübahisələndirməmiş, yalnız müqavilə müddəti bitdikdən sonra və cavabdehlə aralarında əmək münasibətlərinə xitam verildikdən sonra onun müqavilə bağlamaq üçün razılığının olmadığını iddia etmişdir. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən, həmkarlar ittifaqı ilə razılaşdırılmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Göründüyü kimi iddiaçı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvü olması barədə sübut təqdim etməmişdir, sübut təqdim olunduğu halda belə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla olduqda həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınır. Hazırda iddiaçı ilə olan əmək münasibətlərinə müddətli əmək müqaviləsinin müdətinin bitməsi əsası ilə xitam verilmişdir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3502/2021 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İabeyv Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8015/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8015/2021
22.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver