Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8020/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən əlavə sərfiyyat kimi ona əsassız olaraq hesablanmış 1.944 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, X1 yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçıya məxsus həmin yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq ünvanda qaz sayğacı quraşdırılmışdır. 2019-cu ilin avqust ayında Birliyin əməkdaşları qaz sayğacına və qaz xəttinə baxış keçirərək akt tərtib etmişlər. Aktda qeyd edilir ki, iddiaçının yaşadığı ünvanda sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Bir müddətdən sonra isə cavabdeh Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, akta əsasən ona əlavə sərfiyyata görə 1.944 manat məbləğində borc hesablanmışdır. İddiaçı cavabdeh Birliyin əməkdaşlarının bu hərəkətlərini əsassız hesab edir. Çünki o, sayğacdan kənar təbii qazdan istifadə etməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Cavabdeh tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə artıq hesablanmış 1.944 manat 80 məbləğində borcun silinməsini, dövlət rüsumunun ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun Cavabdehndən alınaraq dövlət nəfinə ödənilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, təbii qazdan sayğacdan kənar olaraq qanunsuz olaraq istifadə etmiş iddiaçı cavabdeh Birliyin hesabına əsassız varlanmışdır. Bu hal işdə olan fotoşəkillər ilə təsdiq edilir. Lakin Rayon Məhkəməsi iddia tələbini qanunsuz olaraq təmin etmişdir. İş üzrə cavabdeh Birliyin nümayəndəsi və iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasına gəlməmişlər və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qaz ilə təchiz edilir. İstifadə olunmuş təbii qazın həcmi Birlik tərəfindən həmin ünvanda quraşdırılmış qaz sayğacı vasitəsi ilə hesablanır. Bununla bağlı olaraq iddiaçı ilə Birlik arasında xx.xx.2018-ci il tarixdə “Qazın alğı-satqısı barədə” müqavilə bağlanmış və ünvana **********02490 saylı abonent kodu verilmişdir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına və qaz xəttinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı qaz xəttinə müdaxilə edərək qaz sayğacından kənar çəkilmiş xətt vasitəsi ilə qazdan istifadə edir. Aşkar edilmiş qanunsuz xətt ləğv edildi. Birlik tərəfindən tərtib edilmiş “hesablama cədvəlindən” görünür ki, iddiaçının ünvanında quraşdırılmış “PQ-4” və “Kombi” nəzərə alınmaqla yuxarıda qeyd edilən akta əsasən iddiaçıya əlavə sərfiyyat kimi 1.944 manat məbləğində borc hesablanmşdır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardada əsasən iş üzrə məhkəmə texniki ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin Mərkəz tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/71-9/182 saylı rəydən görünür ki, iddiaçıya məxsus ünvana aid paylayıcı qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı aşkar edilməmişdir. İşə baxmış Rayon Məhkəməsi ekspertiza tərəfindən verilmiş rəyi nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya məxsus ünvana aid paylayıcı qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı aşkar edilmədiyindən iddia təmin edilməli və iddiaçıya hesablanmış borc silinməlidir. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, ekspertizanın xx.xx.2020-ci il tarixli, 10/71-9/182 saylı rəyinin “Tədqiqatın nəticəsi” adlı hissəsindən görünür ki, iddiaçıya məxsus ünvana aid paylayıcı qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı aşkar edilməsə də, paylayıcı qaz xəttinin üzərində sayğacadək olan hissəsində sonluğu qaynaqla bağlanmış vəziyyətdə borucuq (sosok) vardır ki, həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Abonentin həmin borucuq vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, istifadə edibsə hansı müddət ərzində istifadə etməsi məhkəmə tərəfindən araşdırılmalarla müəyyən edilə bilər. Bunu və xx.xx.2019-cu il tarixdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına və qaz xəttinə baxış keçirilən zaman qaz sayğacından kənar çəkilmiş xəttin Birliyin əməkdaşları tərəfindən ləğv edilməsini nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 77-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddə 77.2.). Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən cavabdeh Birlik öz mövqeyini yuxarıda göstərilənlərə əsasən kifayət qədər sübuta yetirir, lakin ikinci növbədə sübutetmə yükünü daşıyan iddiaçı, aşkar edilmiş kənar xətt vasitəsi ilə təbii qazdan onun tərəfindən istifadə edilməməsini sübuta yetirə bilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı yuxarıda qeyd edilən aktı və onun əsasında Birlik tərəfindən qəbul edilmiş qərarı mübahisələndirməmiş, Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Məhkəmə qeyd edilənləri, ekspert rəyini və işin materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının qaz sayğacından kənar qaz sayğacına müdaxilə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etmişdir və işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamaqda haqlı olmamışdır. Çünki MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının təbii qazdan qanunsuz olaraq istifadə etməsi sübuta yetdiyindən Məhkəmə hesab edir ki, cavabdeh Birlik iddiaçıya əlavə sərfiyyat hesablamaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 №-li qərarının 1.3-cü bəndinə görə, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Yuxarıda artıq qeyd edildiyi kimi, cavabdeh Birlik tərəfindən tərtib edilmiş “hesablama cədvəlindən” görünür ki, iddiaçının ünvanında quraşdırılmış “PQ-4” və “Kombi” nəzərə alınmaqla yuxarıda qeyd edilən akta əsasən iddiaçıya əlavə sərfiyyat kimi 1.944 manat məbləğində borc hesablanmşdır. “Hesablama cədvəlindən” görünür ki, xx.xx.2018-ci il tarixli akta əsasən, cavabdeh Birlik tərəfindən itirilmiş qazın həcmi 9.720 kub/metr (4 gözlü qaz piltəsi vasitəsi ilə qazdan istifadəyə görə 1.256 kub/metr, “Kombi” vasitəsi ilə qazdan istifadəyə görə 8.424 kub/metr) hesablanmışdır. Lakin iş materiallarında olan abonentin saldosundan (iş v. 10) görünür ki, iddiaçının istifadəsində olan qaz işlədici cihaz yalnız 4 gözlü qaz piltəsidir (“PQ-4”). Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı yalnız 4 gözlü qaz pilətəsindən sayğacdan kənar istifadə edərək cavabdeh Birliyə 1.256 kub/metr qaza görə maddi zərər vurmuşdur ki, həmin həcmdə olan qazın dəyəri (1 kub/metr qazın qiyməti 0,20 manat nəzərə alınmaqla) 251,20 manat təşkil edir. “Kombi” qızdırıcısı vasitəsi ilə iddiaçının təbii qazdan etməsini isə cavabdeh Birlik tərəfindən sübuta yetirilməməsi səbəbindən həmin qızdırıcıya görə hesablanmış zərərin əvəzinin – (1.944-251,20=) 1.692,80 manat məbləğində pulun Birlik tərəfindən iddiaçıdan tələb edilməsi əsassız hesab edilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi iddianı tam təmin etməklə səhvə yol vermişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, “Kombi” vasitəsi ilə təbii qazdan qanunsuz istifadəyə görə əsassız hesablanmış məbləğ iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli qətnamə qismən ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiası qismən, yəni Cavabdeh tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə artıq hesablanmış 251 (iki yüz əlli bir) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsi hissəsində rədd edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli qətnamə qalan hissədə, yəni “Cavabdeh tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə artıq hesablanmış 1.692 (bir min altı yüz doxsan iki) manat 80 (səksən) qəpik məbləğində borcun silinməsi və dövlət rüsumunun ödənilməsi məqsədi ilə 30 (otuz) manat məbləğində pulun Cavabdehndən alınaraq dövlət nəfinə ödənilməsi barədə” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8020/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8020/2020
20.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver