Məhkəmə qərarları › İş №2(103)-8037/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8037/2021

08.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8037/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3465/2021 saylı, 07.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus AZƏRİQAZ İB tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və **********00100 saylı abonent İddiaçı qanunsuz olaraq tələb olunan 469,40 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 saylı fərdi yaşayış evində yaşayır, belə ki, həmin evə əvvəllər quraşdırılmış G-4 İtron Smart kart tipli qaz sayğacı Cavabdeh İB–nin nümayəndələri tərəfindən yenisi ilə əvəzlənmişdir, sayğac dəyişdirildikdən sonra onlar bildirmişlər ki, sayğacda zədə aşkar edilmişdir və İddiaçı 469.40 manat məbləğində cərimə borcu hesablanaraq AZƏRİQAZ İB-ə ödənilməsini tələb etmişlər, o, qeyd etmişdir ki, həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borclar hər ay gecikdirilmədən ödənilmiş və qaz sayğacına hər hansı bir müdaxilə edilməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3465/2021saylı, 07.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh tərəfindən İddiaçı **********00100 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 469 (dörd yüz altmış doqquz) manat 40 (qırx) qəpik məbləğində borc silinməsi, Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. ( sədrlik edən: Şəhriyar Əliyev)

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3465/2021saylı, 07.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Yoxlamanın rəyinə əsasən sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. Ona görə də 469.40 manat məbləğində dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması”, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar isthlakçının xüsusi mülkiyyəti sayılan mənzilinin balkonunda yerləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz.Birincisi, sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb.İkincisi, həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxararıda qeyd ediyimiz kimi, yalnız istehlakçının, maliyyə vəsaitinin, zəruri madditexniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. İqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativhüquqi aktlarla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi mümkün olmur. Yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8-ci bəndi ilə müəyyən olunmuş tələbin təhlilindən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər.Sahə üzrə münasibətlərin tənzimlənməsində yaranmış boşluğu, lakin bu münasibətlərin nizamlanması zərurətini, maliyyə-iqtisadi və ictimai əhəmiyyətini nəzərə alaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.1 maddəsindən (konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər) irəli gələrək, boşluğun aradan qaldırılması məqsədilə, SOCAR qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində tətbiqi məcburi xarakter daşıyan daxili normativ sənəd qəbul etmişdir.SOCAR-ın Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş bu sənəd ad və məzmunca Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 31 yanvar 2011-ci il tarixli, 8 nömrəli əmri ilə qüvvədən düşmüş qaydaları təkrar etməsinə baxmayaraq, bu sənədin tənzimləyici statusu müvafiq dövlət hakimiyyət orqanları tərəfindən əsassız olaraq tanınmır. Belə ki, Nizamnaməsi üzrə müəyyən olunmuş səlahiyyətlərindən irəli gələrək SOCAR-ın sahə üzrə münasibətləri tənzimləyən nortmativ sənədin qəbul edilməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 16-ci maddəsində sadalanan, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunmasını istisna edən hallara (qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda, normativ tənzimləmə mövcud olduqda) aid deyil."Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə əsasən “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli, 258 nömrəli Fərmanı (258 nömrəli Fərman) ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişikliklərə görə, istehsalın səmərəliliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi (2.3-cü bənd) müəyyən edilmişdir. Fəaliyyət növlərinin səmərəli həyata keçirilməsinin təmin edilməsi üçün isə Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli Fərmanına əsasən, Nizamnaməsinin 2.4-cü bəndində “yanacaq- enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 21.10.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ- hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəaların əsas götürülməsi” tapşırılmışdır. SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri- müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyqun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”n və “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələr”in tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarakter daşımalıdır.Məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin, Qaydaların 4.9-cu (zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Belə ki, iddialarımızn böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunsa da, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

7. İşə baxılmanın yeri və vaxtı barədə cavabdeh "Azəriqaz" İB-yə məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi:

8. İş materiallarından görünür ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.05.2019-cu il tarixli ******* saylı aktda, Cavabdeh İB-nin-29/1710-01614 saylı aktda əsasən sayğacın çıxış plastmas borusu deşilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur.

9. İş materiallarında olan Cavabdeh İB-nin 09.05.2019-cu il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, G-4 İTRON markalı 1002AQ**********7 nömrəli sayğac G-4 İTRON markalı **********8 nömrəli sayğac ilə əvəz olunmuşdur.

10. İş materiallarına əlavə edilmiş 08.05.2019-cu il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********00100 saylı abonent hesabına 2020-ci ilin noyabr ayı üçün 469.40 manat borc hesablanmışdır.

11. İş materiallarında olan Cavabdeh İB tərəfindən 30.05.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”-dən görünür ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə AZƏRİQAZ İB-ə 4694 m3 ziyan dəymişdir.

12. İş materiallarında olan AR DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqi dəyərləndirmə:

13. Kollegiya iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

14. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir, çıxarılmış sayğacın çıxış plasmas borusunun deşilməsi səbəbi ilə akt tərtib edilərək hesabat aparılmış, nəticədə iddiaçının hesabına 469,40 manat borc daxil edilmişdir və həmin məbləğ də ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

16. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır

18. . Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

19. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

20. Beləliklə, məhkəmə kollegiyası təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, şikayət təmin edilməməlidir.

21. Cavabdeh apellyasiya şikayətində sayğaca müdaxilə edilməsini qeyd etsə də bu iş materiallarında öz əksini tapmamış və hər hansı bir mötəbər dəlillə sübuta yetirilməmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları, işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur.

24. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 358, 360, 362-cı, 382, 385, 387-ci və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3465/2021 saylı,07.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar