Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8041/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 25.05.2018-ci il tarixli ******* və 29.06.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə əsassız olaraq hesablanmış cərimə borcundan qalan 1332,80 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 03/2021-ci il tarixinə kimi İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 663 manat məbləğində pul vəsaitinin hesabına geri qaytarılması, tərəfindən vəkil xidmətinin göstərilməsi üçün 7 saylı vəkil bürosunun hesabına ödədiyi 120 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-3516/2021) iddia təmin edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin 07 may 2021ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.03.2018-ci il tarixdə Azəriqaz İB-in nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış SMART G4 markalı İTRON tipli 1002AQ**********5 nömrəli qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz etmiş və ******* nğmrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər. Azəriqaz İB-in nümayəndələri əgər həmin aktı imzalamazsa yaşayış yerinə təbii qaz verilməsini dayandıracaqlarını dedikləri üçün M.İddiaçı aktı imzalamışdır, lakin sonra məlum olmuşdur ki, SMART G4 markalı İTRON tipli 1002AQ**********5 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamasında da qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin deşilmiş olması barədə rəy verilmişdir, həmin rəy əsasında qəbul edilmiş akt əsasən 8316 m3 qaz itkisinin yaranma səbəbindən 1663,20 manat məbləğində borc onun hesabına yazılmışdır, eynilə 27.04.2018-ci il tarixində Azəriqaz İB-in nümayəndələri İİ dəfə ona məxsus yaşayış evinə gələrək SMART G4 markalı İTRON tipli 1702AZ**********13 nömrəli qaz sayğacı yeni tipli sayğac ilə əvəz edilərək dövlət yoxlamasına göndərilmiş qaz sayğacının hesablama mexanizmində qapağın deşilmiş olması barədə verilən rəyin əsasında tərtib edilən akta əsasən 332,60 manat məbləğində cərimə borcu onun abonent hesabına yazılmışdır, eyni zamanda İddiaçı qeyd edir ki, 8316 m3 qaz itkisinə görə 1663,20 manat və 1663 m3 qaz itkisinə görə isə 332,60 manat məbləğində borcun heç bir hüquqi əsası yoxdur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini sübutların düzgün qiymətləndirilməməsi və maddi hüquq normalarının pozulması ilə əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evində 1002AQ**********5 nömrəli Smart G4 markalı İtron tipli qaz sayğacı Dövlət yoxlaması nəticəsində kənar izlərin aşkar edildiyi, sayğacın qoruyucu şüşəsinin deşilməsi və klapanın işlək vəziyyətdə olmaması aşkar olunmuş və buna dair cavabdeh tərəfindən akt tərtib olunmuşdur. İddiaçı akt əsasında hesablanmış borcun heç bir hüquqi əsası olmadığını bildirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onun tələbi 25.05.2018-ci il tarixli ******* və 29.06.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə əsassız olaraq hesablanmış cərimə borcundan qalan 1332,80 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 03/2021-ci il tarixinə kimi İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 663 manat məbləğində pul vəsaitinin hesabına geri qaytarılması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və hesab etmişdir ki, itirilmiş qazın dəyərinə görə hesablanmış 1332,80 manat məbləğində borc silinməli, 663 manat məbləğində pul geri qaytarılmalıdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18-ci maddələrinə və s. istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi, maddi hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə düzgün hesablanmamış borcla bağlı cavabdeh qarşısında məsuliyyət daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8041/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8041/2021
13.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver