Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8045/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1031/21 saylı 27.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, 1 bloklu, 2 otaqdan ibarət, ümumi sahəsi 72.3 kv.m olan, 3-cü mərtəbədə yerləşən 7 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 16.11.2013-cü il tarixli müqavilənin və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllədə yerləşən 1 bloklu, 3 otaqdan ibarət, ümumi sahəsi 112.2 kv.m olan, 3-cü mərtəbədə yerləşən 8 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 19.03.2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 09.09.2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə,1 bloklu, 2 otaqdan ibarət, ümumi sahəsi 72.3 kv.m olan, 3-cü mərtəbədə yerləşən 7 saylı mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə,1 bloklu, 3 otaqdan ibarət, ümumi sahəsi 112.2 kv.m olan, 3-cü mərtəbədə yerləşən 8 saylı mənzillərə dair iddiaçının payçı kimi hüququnun tanınması, sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-cü ilin sentyabr ayında iddiaçının atası Əlikram Ağayev Cavabdeh1 MTK-dan ünvan 1 ünvanda olan on yeddi mərtəbəli yaşayış binasının birinci blok üçüncü mərtəbədə yerləşən 2 otaqlı 72.3 kv.m sahəsi olan 7 saylı mənzili 54.225 manata, 3 otaqlı 112.2 kv.m sahəsi olan 8 saylı mənzili 61.710 manata almış, bu barədə ona maliyyə arayışı və müqavilə təqdim edilmişdir. Mənzilə görə ödənişlər atası tərəfindən ödənilmiş, sənədləşmə işləri isə iddiaçının adına rəsmiləşdirilmişdir. 2018-ci il tarixdə onlar mənzillərin başqa şəxslərə satıldığını öyrənmiş, bununla bağlı MTK-nın rəhbəri X1 ilə əlaqə saxlanılmış, o, 8-ci mənzili nəvəsi üçün aldığını bildirmiş, həmin binada 20 saylı mənzili onların adına rəsmiləşdirdiyini bildirmişdir. Bir müddət sonra isə 20 saylı mənzilin başqa şəxsə, 7 saylı mənzil isə Cavabdeh2 satılmışdır. İddiaçının və digər zərərçəkmişlərin şikayəti əsasında Şirinova Elmira və Quliyev Samir barəsində cinayə işi başlanılmış, Elmira Şirinova təqsirli bilinsə də, Samir Quliyevin təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Sözügedən cinayət işi üzrə zərərçəmiş qismində ifadə verən Cavabdeh2 ifadəsində göstərmişdir ki, 16.11.2013-cü il tarixdə 11 saylı mənzili 45.000 manat, 2016-cı ilin mart ayında 8 saylı mənzili hissə-hissə ödəməklə 95.000 manata bacısının adına, həmin tarixdə 7 saylı mənzili isə 60.000 manat ödəməklə öz adına almışdır. 2019-cu ilin aprel ayının əvvəllərində 7 saylı mənzilinin başqa şəxslərə satıldığını bilmiş, bununla bağlı Elmira Şirinovadan 105.000 manat məbləğində dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Sadalanan xüssusatlara əsasən iddiaçı hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair müqavilə 09.09.2013-cü il tarixdə, Cavabdeh2 ilə isə müqavilə 2016-cı ilin mart ayında bağlandığı üçün, sonuncu müqavilə etibarsız hesab edilməlidir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Ağayev X2 rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh1 MTK-nın nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən Cavabdeh2 nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədil rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş 06.10.2010-cu il tarixli arayışa əsasən, X3 Cavabdeh1 MTK-ya məxsus C.Xəndan küçəsi 3202-ci məhəllədə tikilən binanın payçısıdır və payçı olduğu sahəyə ödədiyi məbləğ 15.000 manat təşkil edir. İşdə olan Cavabdeh1 MTK tərəfindən verilmiş 08.02.2013-cü il tarixli arayışa əsasən, İddiaçı Cavabdeh1 MTK-ya məxsus C.Xəndan küçəsi 3202-ci məhəllədə tikilən binanın payçısıdır və payçı olduğu sahəyə ödədiyi məbləğ 26.710 manat təşkil edir. İşə əlavə olunmuş Mənzil Tikintisinə dair 09.09.2013-cü il tarixli Müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllədə MTK tərəfindən tikilməkdə olan binasında ümumi qiyməti 54.225 manat təşkil edən 1-ci blok, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 72.3 kv.m olan 7 saylı mənzil satılmışdır. İşdə olan Mənzil Tikintisi dair 19.03.2016-cı il tarixli Müqaviləyə əsasən, Cavabdeh2 Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən tikilməkdə olan binasında ümumi qiyməti 95.000 manat təşkil edən 1-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 112.2 kv.m olan 8 saylı mənzil satılmışdır. İşdə olan Mənzil Tikintisi dair 16.11.2013-cü il tarixli Müqaviləyə və həmin tarixli arayışa əsasən, Cavabdeh2 Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən tikilməkdə olan binasında ümumi qiyməti 45.000 manat təşkil edən 1-ci blok, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 72.3 kv.m olan 7 saylı mənzil satılmışdır. Payçı olduğu Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan 3202 küçəsi, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 72.3 kv.m olan 7 saylı mənzilin dəyərini tam ödəmiş, qalıq borcu qalmamışdır. İşə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16.03.2020ci il tarixli hökmünə əsasən, zərərçəkmiş şəxslər İddiaçı 115.595 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 120.625 manat, Cavabdeh2 45.000 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumun tutulması hökm edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs qismində tanınma haqqında 21.05.2019-cu il tarixli qərara əsasən, Cavabdeh2 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-51/2021 saylı, 09.02.2021-ci il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2020-ci il tarixli, 1(101)-130/2020 saylı, Cavabdeh2 və digər zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması müəyyən edilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər, əsasən, iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilələr əhəmiyyətsiz əqd hesab edilməməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu, müqavilələrin ləğv edilməsinin şərtləri və qaydası isə həmin Məcəllənin 421-424-cü maddələri ilə tənzimlənir. Qanunvericlikdə müqavilələrin etibarsız sayılmasının və müqavilələrin ləğv edilməsinin müxtəlif şərtləri, qaydası və nəticəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçının əmlaka dair hər hansı hüququ olmadığından, daşınmaz əmlaka dair bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiya qeyd edir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı müqavilədən ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını nə birinci instansiya məhkəməsində,nə də ki kollegiyanın iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16.03.2020-ci il tarixli hökmünə əsasən, zərərçəkmiş şəxs İddiaçı xeyrinə 115.595 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu olmaqla, cəmi 120 625 manat tutulması hökm edildiyindən, İddiaçı dəymiş ziyan tam ödənildiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8045/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8045/2021
14.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver