Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8046/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2021-ci il tarixli qərardaddan iddiaçı MMC-nin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 27.06.2018-ci il tarixdə bağlanmış “Çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında fərdi müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh MMC-yə qarşı Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 3 otaqlı, 34 saylı mənzil ilə bağlı hüquqların notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 20.12.2017-ci il tarixli "xxxx" əsasən mübahisəli mənzil MMC-nin mülkiyyətində olsa da, Cavabdeh ilə MMC arasında hamin yaşayış mənzilə dair 27.06.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə həmin vaxt MMC-nin direktoru olan X1 tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Halbuki, sözügedən mənzilə dair 20.12.2017-ci il tarixdən etibarən yuxarıda qeyd edilən "xxxx" mövcud olmuşdur ki, bu da MMC-yə tam qanuni əsaslarla həmin mənzil barəsində notariat qaydasında alğı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdirilməsi səlahiyyətini verir. Lakin buna baxmayaraq, naməlum səbəbdən həmin mənzil barəsində alğı-satqı müqaviləsi deyil, “Çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında fərdi müqavilə“ bağlanmışdır ki, qeyd olunan hal da həmin müqavilənin etibarlığını və mötəbərliyini şübhə altına salır. Məhkəmə baxışı zamanı həmin müqavilənin etibarsız olmasına və bağlandığı andan heç bir hüquqi qüvvəyə malik olmadığına dair kifayət qədər dəlillərin gətirilməsinə baxmayaraq işə baxmış Xətai Rayon Məhkəməsi qeyd olunan dəlillərə məhəl qoymamış və iş üzrə qəbul etdiyi 05.11.2020-ci il tarixli qətnamə ilə Cavabdeh iddiasının təmin edilməsini qət etmişdir. Sözügedən məhkəmə qətnaməsində qeyd edilmişdir ki, MMC mübahisəli mənzillə bağlı Cavabdeh məhkəməyə təqdim etdiyi müqavilənin saxta olduğunu bəyan etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, Cavabdeh ilə bağlanmış həmin müqavilənin etibarsızlığı ilə bağlı müvafiq iddia tələbi irəli sürməmişdir. Eyni zamanda qətnamədə göstərilmişdir ki, bununla yanaşı MMC, mübahisəli mənzilin MMC-nin adından çıxış edən X2İu tərəfindən bir neçə şəxsə satılması faktı ilə bağlı cinayət işinin istintaqının Korrupsiyaya qarşı Mübarizə Bas İdarəsində getdiyini bilsə də, məhkəməyə təqdim edilmiş cinayət işinin başlanması haqqında qərarda müəyyən edilmiş epizodlarda mübahisəli mənzilin mövcud olmadığı müəyyən edilmişdir. Qətnaməsindən göründüyü kimi, məhkəmə iddia ərizəsini təmin edərkən yeganə əsas kimi mübahisələndirilən mənzillə bağlı Cavabdeh ilə MMc arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı tələbin irəli sürülmədiyini, eyni zamanda bununla bağlı məhkəməyə mötəbər sübutların təqdim edilmədiyini göstərmişdir. MMC mübahisəli mənzil üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınsa da, həmin mənzil barəsində sərəncam verilməsi qanunvericilik normaların kobud pozulması ilə həyata keçirilmişdir ki, bu da mənzilə dair Cavabdeh ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dəlalət edir. Qanunvericilik normalarında imperativ qaydada təsbit edilmişdir ki, tikintisi başa çatmayan binalarda onun tərkib hissəsi hesab edilən mənzil barəsində sərəncam verilməsi yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan və həmin müqavilə notarial qaydada təsdiq edildikdən sonra həyata keçirilə bilər. Müqavilədə mənzilin qiyməti tam ödənilir qeyd edilsə də, sözügedən müqavilənin heç bir bəndində mənzilin qiymətinin nə qədər təşkil etdiyi göstərilməmiş, eyni zamanda MMC tərəfindən cavabdehə mənzilin qiymətinin tam ödənilməsi və borcun olmaması ilə bağlı maliyyə arayışı verilsə də, mənzilin qiymətinin ödənilməsini təsdiq edən ödəniş sənədləri ümumiyyətlə mövcud olmamışdır. Qeyd olunan hallar hazırkı müqavilənin və maliyyə arayışının formal olaraq tərtib edilməsini va mənzilin özgəninkiləşdirilməsi ilə bağlı real alğı-satqı əməliyyatının olmamasının bariz nümunəsidir. Həmin mənzil Cavabdeh sahibliyinə və istifadəsinə verilməmiş, sonuncu həmin mənzildə yaşamamış, mənzilin yerləşdiyi bina isə ümumiyyətlə istismara qəbul edilməmişdir. Mənzil bu günədək daşınmaz əmlakın dövlət reyestrində MMC-nin mülkiyyətində qalmaqda davam edir. Rayon Məhkəməsi qəbul etdiyi 24.06.2021-ci il tarixli qərardadı ilə iddia tələbini baxılmamış saxlamışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadını onunla əsaslandırmışdır ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti digər məsələlərlə yanaşı həmçinin, onu nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur. Bunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02.04.2021-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla digər məhkəmənin icraatında artıq mülki iş olduğundan hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmin qərardaddan iddiaçı MMC-nin verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, hər iki iş üzrə tərəflər eyni olsa da, iddiaların predmetləri fərqlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iddianı baxılmamış saxlamaqla iddiaçı MMC-nin məhkəməyə çatımlılıq hüququnu pozmuşdur. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh hazırki iş üzrə iddiaçı MMC-yə qarşı “mənzillə bağlı notariat rəsmiləşdirməsinin təmin edilməsinə məcbur edilmə” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh mübahisəli mənzillə bağlı hüquqlarının notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən MMC-nin verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 23.04.2021-ci il tarixli qətnamə ilə Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, mübahisəli mənzilin Cavabdeh mülkiyyətinə verilməsi üçün zəruri olan əqdin notariat qaydasında bağlanması vəzifəsinin MMC-nin üzərinə qoyulmasını qət etmişdir. Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsindən MMC-nin verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh həmin mənzili əldə etmək üçün MMC ilə notariat qaydasında müqavilə bağlamalı idi. Lakin tərəflər arasında belə bir formada müqavilə bağlanmamışdır. Müqavilənin notarial qaydada bağlanmaması onun etibarsızlığına dəlalət edir. Müqaviləni MMC-nin adından bağlayan MMC-nin baş direktoru Mail İbadova MMC-nin təsisçiləri tərəfindən mənzilləri yalnız alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmək səlahiyyəti verilmişdi. Müqavilədə və maliyyə arayışında mənzilin qiyməti qeyd olunmayıb. Hazırki iş üzrə iddiaçı MMC həmin müqavilənin etibarsızlığını tələb edir və iddia ərizəsindən görünür ki, iddiaçının tələbini əsaslandırdığı hallar Xətai Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Həm iddia ərizəsindən, həm də Xətai Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsindən MMC-nin verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, MMC mübahisəli mənzilə dair müqavilənin notarial qaydada bağlanmamasına, mənzilin pulunun ödənilməməsinə, mənzilə dair Cavabdeh adına rəsmi reyestrdə hər hansı bir hüququn qeydə alınmamasına istinad edir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı MMC-nin tələblərini əsaslandırdığı hallara digər iş üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8046/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8046/2021
04.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver