Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-806/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Naziriliyinin nümayəndəsi X1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (bundan sonra iddiaçı) Cavabdeh MTK-ya qarşı (bundan sonra cavabdeh) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikilinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü və 244-cü maddələrinə uyğun olaraq sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi yarımçıq tikili üzərində ADMİU-nun mülkiyyət hüququ təmin edilməklə ərazinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qaytarılması haqda qətnamə çıxarmağınızı xahiş etmişdir. Cavabdeh MTK cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı 14 438 000 manat maddi ziyan, o cümlədən 24 225 000 manat məbləğində əldən çıxmış mənfəətin kompensasiya olaraq qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşidir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikili ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən sökülmüş, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən, Azərbaycan Respublikası Təhsil Naziriliyi iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə onun istifadəsinə verilmiş, həmin torpaq sahəsi onlar tərəfindən özəlləşdirilmişdir. Daha sonra həmin sərəncam məhkəmə qərarı ilə etibarsız hesab edilmişdir. Həmin vaxt və tikintiyə başlanılan zaman iddiaçı bunu mübahsiləndirsəydi onlar tikintiyə başlamaz, nəticədə zərərə düşməzdilər. Odur ki, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhsil Naziriliyinin nümayəndəsi R.Hüseynov apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Təhsil nazirinə ünvanlanmış məktubdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.04.2019-cu il tarixli 2-2(81)-326/2019 nömrəli qətnaməsinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olmuş və "xxxx" MTK tərəfindən özəlləşdirilmiş daşınmaz dövlət əmlakları üzərində özəlləşdirmənin nəticələri ləğv edilmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 aprel 2020-ci il tarixli, 20 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 9 ünvanında yerləşən 337,1 kv.m qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi 1600 kv.m torpaq sahəsinə dair "incəsənət” MTK ilə bağlanmış 22.12.2006-cı il tarixli 993 nömrəli, 01.03.2007-ci il tarixli 442 nömrəli alqı-satqı müqavilələri və həmin müqavilələr əsasında verilmiş 28.12.2006-cı il tarixli, 000925 nömrəli, 13.03.2007-ci il tarixli, 000312 nömrəli şəhadətnamələr etibarsız hesab edilmiş və onların hüquqi nəticələri ləğv edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən daşınmaz dövlət əmlakının bərpası və təhvil götürülməsi barədə məhkəmə orqanlarına müraciət edilməsini məqsədəuyğun hesab edilir. 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 saylı 09 dekabr 2016cı il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı Cavabdeh MTK 3-cü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 28.11.2003-cü il tarixli 515 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmiş, Bakı Şəhəri, İcra Hakimiyyəti Başçısının 515 saylı, 28 noyabr 2003-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1178/2017 saylı, 04.07.2017-ci il tarixli qətnaməsindən görünür ki, 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 saylı 09 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2-2(81)-326/2019 saylı 11.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin cavabdehlər İncəsənət MTKya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə) “şəhadətnamənin etibarsız hesab edilməsinə” dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh MTK-nın adına Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən 13.03.2007-ci il tarixdə verilmiş, 000312 qeydiyyat nömrəli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.metr torpaq sahəsinin satın alınması barədə Şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh MTK arasında bağlamış 22.12.2006-cı il tarixli 993 nömrəli və 01 mart 2007-ci il tarixli 442 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli 000925 saylı qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqı nəticələrinin ləğv edilməsi qət edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-543/2019 saylı, 31.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2-2(81)-326/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-507/2019 sayll, 18.12.2019-cu il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-543/2019-cu il tarixli, 31.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. "xxxx" MMC tərəfindən verilmiş 21.09.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 561-562-ci məhəllədə yerləşən yarımtikilinin tikinti xərcləri 10 161 603 manat, tikiliin ümumi dəyəri isə 24 555 000 manat təşkil edir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini MTK-nın apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda yerləşən binalar bütünlüklə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verilmişdir. Hazırda Universitet həmin ünvanda fəaliyyət göstərir. Həmçinin müəyyən edilmişdir ki, Universitetə aid olan 0,16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra başçısının 28.11.2003- cü il tarixli 515 saylı sərəncamı ilə Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh tərəfindən ərazinin özəlləşdirilməsi həyata keçirilmiş və 2 mərtəbə zirzəmidən və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olmaqla tikinti işləri aparılmışdır. Lakin yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə tikinti məqsədləri üçün lazımi icazələri nəzərdə tutan müvafiq aktların və mülkiyyəti təsdiq edən şəhadətnamələrin etibarsızlığı tanınmış, onların hüquqi nəticələr ləğv edilmişdır. Beləliklə, mübahisə predmeti olan həmin tikilinin hazırda heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə olan halda rayon məhkəməsi ilkin iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranm təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan normaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranma əsasları aşağıdakılardır. - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) hüquqazidd olmalıdır; - törədilmiş həmin əməl nəticəsində başqa şəxsə birbaşa ziyan yetirilməlidir; - zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticə arasında səbəbli əlaqə olmalıdır; - hüquq pozan şəxsin təqsiri olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona maddi zərər dəyməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə qarşılqlı iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddianı qismən təmin etməkdə, qarşılıqlı iddia tələbini isə təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-806/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-806/2022
12.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver