Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-807/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4603/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ASC-nin X14 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, A-290/2020 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh ASC-nin X14 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə suölçən Cihazların Quraşdırılması, təmiri və İstismarına nəzarət qrupunun İsmayıllı Sukanal sahəsi üzrə 10-cu dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. Müqavilə 3 ay sınaq müddəti olmaqla xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
2. İsmayıllı rayon Prokurorluğunun Cavabdeh ASC-nin X14 İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ********* nömrəli təqdimatına əsasən İddiaçı barəsində intizam icraatı qaydasında tədbir görülməsi məsələsinə baxılması xahiş edilmişdir.
3. Cavabdeh ASC-nin X14 İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 08 saylı iclas protokolundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli xidməti məlumat və Azərbaycan Respublikası Prokurorluğu İsmayıllı rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli, ********* nömrəli təqdimatına əsasən Cavabdeh ASC-nin X14 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X7 metrologiya üzrə mühəndisi İddiaçı əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması və öz əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına gətirib çıxarmış əməllərinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə müsbət rəy verilmişdir.
4. xx.xx.2022-ci il tarixli, 45-k saylı əmrə əsasən Cavabdeh ASC-nin X14 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X7 metrologiya üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və işçiyə 55 təqvim günü hesablanmaqla məzuniyyət haqqının ödənilməsi əmr edilmişdir. Əmrin əsasını xx.xx.2022-ci il tarixli, 453 saylı xidməti məlumat və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı məktubu təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 45k nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, əvvəlki iş yerinə bərpa olunması, habelə işdən azad edildiyi vaxtdan iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, uşaqlıq dostu X1 borcunun yaranması barədə ona idarənin müdiri Xalid Şirinov məlumat vermiş və Fazillə danışıb borcunun ödənilməsi, əks təqdirdə suyunun kəsiləcəyi barədə xəbərdarlıq etməsini bildirmişdir. İddiaçı Fazillə əlaqə saxlayaraq bu barədə ona xəbərdarlıq etmişdir. Dostu ona axşam saatlarında borcunu ödəyəcəyini demişdir. O, bu barədə su verilməsinin dayandırılması işləri ilə məşğul olan Anar və Cümşüdə bildirmişdir. Lakin 10 dəqiqə sonra Fazil ona zəng edərək xahişinin nəzərə alınmadığını və suyun kəsildiyini, eyni zamanda nazaslıq yarandığından axıntı səbəbiylə su basdığını demişdir. O, dərhal Anarın telefonuna zəng edərək, rəisi və onu məlumatlandırdığı halda nə üçün suyu kəsməsini soruşmuşdur. Anar isə cavabında onun ünvanına nalayiq ifadələr işlədərək telefonu söndürmüşdür. Bundan sonra o, su axıntısı ilə bağlı xidməti vəzifəsini icra etmək məqsədilə abonentin yaşadığı ünvana getmişdir. Oraya çatdıqda idarənin 11-12 nəfər işçisinin orada olmasını görmüşdür. O, maşından enən kimi Anar onun qolundan tutub kənara çəkmiş və sinəsindən zərbə ilə vurmuşdur. O, Anarın bu hərəkətinə heç bir reaksiya verməmişfir. Bu zaman Zəfər adlı işçi Anarı tutub ayırmışdır. Fazil isə bu anda Anarın nalayiq söyüşlə danışmasını eşidib və onu vurmasını görüb Anarı arxadan yumruqla vurmuşdur. Bundan sonra hər kəs sakitləşmiş və hamı dağılışmışdır. Danışıqlardan ona məlum olmuşdur ki, su kəsildikdən sonra Fazil əvvəlcə Anara zəng edib, sonra isə ona zəng edib su axıntısı barədə məlumat vermişdir. Belə ki, iddiaçı hadisə yerinə gəldikdə Anarın orada olması barədə məlumatı olmamış, baş vermiş hadisədə onun təqsiri olmamışdır. Bundan 5-6 gün sonra X14 İdarəsinin hüquqşünası tərəfindən baş ofisdən dəvət edilmiş və ondan şifahi qaydada hadisənin necə baş verməsini soruşmuş, o, isə hadisəni olduğu kimi danışmışdır. xx.xx.2022-ci il tarixdə o, özü Bakı şəhərində baş idarəyə dəvət edilmişdir. Orada məlum olmuşdur ki, barəsində rayon prokurorluğu tərəfindən təqdimat verilmişdir. Həmin gün də ona əvvəlcədən məlumat verilməməsinə baxmayaraq, təcili olaraq həmkarlar ittifaqının iclası keçirilmişdir. Ona azadedilməyə dair özünün ərizə yazması təklif edilsə də, bu təkliflə razılaşmamışdır. Bundan sonra həmkarlar onun işdən azad edilməsinə qanunsuz olaraq razılıq vermişdir. Həmkarların rəyi əsasında Cavabdeh ASC-nin NÖCİ-nin xx.xx.2022-ci il tarixli 45-k saylı əmrinə əsasən işdən azad edilmişdir. Həmin əmri qanunsuz hesab edir, belə ki, hadisə obyektiv araşdırılmamışdır. Həmçinin, onun hadisə yerində olması xidməti vəzifələrinə uyğun olmuşdur. Onun tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsinə əsas olan hallar aşkar edilməmişdir.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(004)- 4603/2022 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirsə də, iş materiallarına əlavə edilmiş Şəki 1 saylı X2 rayon Şöbəsinin məktubundan müəyyən edilir ki, İddiaçı əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bu halda əmək münasibətlərindən irəli gələn hazırkı mübahisə üzrə iddia müddəti ötürülmədiyindən iddiaya mahiyyəti üzrə baxılmalıdır. İddiaçının işdən azad olunması qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Belə ki, işin hallarında və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə abonentin su təchizatı ilə bağlı yaranmış problemin həll olunması onun vəzifə səlahiyyətlərinə aid edilmədiyindən idarə tərəfindən cəlb edilməmişdır. İddiaçı özü həmin ünvana getməklə, orada davranışları ilə hadisələrin baş verməsi və mübahisənin şiddətlənməsinə səbəb olmuşdur. İddiaçının hərəkətləri prokukorurluq orqanı tərəfindən mənfi qiymətləndirilərək barəsində işəgötürənə təqdimat verilmişdir. Həmçinin işlədiyi dövr ərzində işçi barəsində əmək və icra intizamını pozduğuna görə müxtəlif tarixlərdə iki dəfə töhmət və sonuncu dəfə bir şiddətli töhmət verilmişdir. Cavabdeh – işəgötürən də əmək müqaviləsinə xitam verərkən məhz işçinin – iddiaçının intizamına və prokurorluğun təqdimatına əsaslanmışdır. Həmçinin işçinin işdən azad edilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin rəyi də nəzərə alınmışdır. Səsyazısı məhkəmə tərəfindən tədqiq edildikdə, Komitə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi hal aşkar edilməmişdir. İşçinin barışıq yolu ilə həll edilməsi məqsədilə rəhbərliklə iclas zamanı görüşməsi faktı isə Həmkarlar İttifaqı Komitəsinin qərarın təzyiq kimi qiymətləndirilməsi istisna edilir. Bundan başqa iddiaçı verilmiş suala əsasən iclasın səsyazısını tam versiyada məhkəməyə təqdim etmədiyini etiraf etmişdir. Odur ki, gizli yolla qeydə alınmış səsyazısı məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilməz. Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hərəkətlərdə hər hansı pozuntu müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli əmrinl əğv edilməsi üçün heç bir əsas müəyyən edilmir
9. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1, 70 “ç”, 71.2, 71.3, 80-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4603/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, suyun kəsilməsi və qəza şəraitinin mövcud olması faktına görə çilingərlə birlikdə hadisə yerinə getmişdir və bu da onun əmək funksiyasına görə borcudur. Həmçinin məhkəməyə təqdim edilmiş səsyazısından da görünür ki, həmkarlar ittifaqının qərarı müstəqil olmamış, iclas zamanı ona rəislə yenidən danışılması təklif edilmiş, rəis tərəfindən razılıq verilmədiyindən mənfi rəy verilmişdir. Dolayısı ilə həmkarlar ittifaqının qərarına təzyiq göstərildiyindən qanunsuz olmuşdur. Diskə baxışdan göründüyü kimi iclasın əvvəlində hazırda məhkəmə baxışında cavabdehin nümayəndəsi kimi iştirak edən hüquqşünasın səsi gəlir və o, Həmkarlar İttifaqı Komitəsinin üzvü olmadığı halda iclas iştirakçılarına faktiki olaraq sözləri ilə təzyiq göstərir. Halbuki iclasda yalnız həmkarlar ittifaqı komitəsinin üzvləri olmalı idilər.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2515/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.Göründüyü kimi xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərində yaşayan Fazil Cəlilzadənin yaşadığı ünvanda su təchizatı ilə bağlı yaranmış problemlə əlaqədar ünvana Cavabdeh ASC-nin 6 saylı Sukanal İdarəsinin əməkdaşları cəlb edilmiş, sonradan iddiaçı da həmin ünvana gəlmişdir. Bu zaman abonentlə əməkdaşlar arasında ciddi mübahisə yaranmış, nəticədə əməkdaşlardan Anar Güləliyevin sağlamlığına az ağır zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılarkən prokurorluq tərəfindən iddiaçı barəsində intizam tədbirlərinin görülməsi üçün Cavabdeh ASC-nin X14 İdarəsinə təqdimat verilmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə abonentin su təchizatı ilə bağlı yaranmış problemin həll olunması iddiaçının vəzifə səlahiyyətlərinə aid edilmədiyindən, o, idarə tərəfindən cəlb edilməmişdır. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə əmək və icra intizamını kobud şəkildə pozması ilə əlaqədar intizam tənbehi haqqında əmrlə töhmət və sonuncu dəfə şiddətli töhmət verilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam verərkən məhz işçinin intizamına və prokurorluğun təqdimatına əsaslanmışdır. Beləliklə, iş materialları və birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə heç bir əsas olmadan İsmayıllı şəhərində yaşayan dostu Fazil Cəlilzadənin yaşadığı ünvana gələrək, su təchizatı ilə bağlı yaranmış problemlə əlaqədar həmin ünvana gəlmiş Cavabdeh ASC-nin 6 saylı Sukanal İdarəsinin əməkdaşı Anar Güləliyevlə əsassız yerə mübahisə etmiş və həmin vaxt X17 Güləliyevi vuraraq, sonuncunun sağlamlığına az ağır zərər yetirmişdir. Bununla da iddiaçının hərəkətlər nəticəsində əmək və icra intizamının normal ahəngi pozulmuş, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Həmçinin işçinin işdən azad edilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin rəyi də nəzərə alınmışdır. İddiaçının təqdim etdiyi səsyazısı birinci instansiya məhkəməsi tərəfindən tədqiq edildikdə, Komitə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı aşkar edilməmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, işçinin mübahisənin barışıq yolu ilə həll edilməsi məqsədilə rəhbərliklə iclas zamanı görüşməsi faktı Həmkarlar İttifaqı Komitəsinin qərarın təzyiq altında qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçı verilmiş suala əsasən iclasın səsyazısını tam versiyada məhkəməyə təqdim etmədiyini etiraf etmişdir. Digər tərəfdən, məhkəmə haqlı olaraq gizli yolla qeydə alınmış səsyazısını sübut olaraq qəbul etməmişdir. Belə ki, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Kollegiya hesab etmişdir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 71.3, 80.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76.3, 95.2, 384.0.1, 385.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli 2(103)- 2515/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 16.1 Apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh ASC X14 İdarəsinin 03 iyun 2022-ci il tarixli 45-k nömrəli, Avomatika və metrologiya şöbəsi 6 N-li Regional sukanal idarəsi İsmayıllı sukanal sahəsi üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə əmrinin Əmək Məcəlləsinin normaları nəzərə alınmaqla lazımi şəkildə əsaslandırılıb-əsaslandırılmamasına prosessual hüquq normalarının tələbləri əsasında qaneedici hüquqi qiymət verilməmişdir. 16.2 Eləcə də apelyasiya instansiyası məhkəməsi İddiaçı hərəkətlərində (əməlində) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinin tərkibinin olub-olmamasına da lazımi şəkildə əsaslandırmaqla hüquqi qiymət verməmişdir. 16.3 Həmçinin apelyasiya instansiyası məhkəməsi İddiaçı əmək müqaviləsinin ləğvinə səbəb olan hərəkəti 27 yanvar 2022-ci il tarixdə törətməklə əmək müqaviləsinin 03 iyun 2022-ci il tarixdə ləğv edilməsinin Əmək Məcəlləsinin normalarının tələblərinə uyğun olubolmamasına da lazımi hüquqi qiymət verməmişdir. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində hadisədən 5-6 gün sonra X14 İdarəsinin hüquqşünası tərəfindən baş ofisdən dəvət edildiyini və ondan şifahi qaydada hadisənin necə baş verməsinin soruşduğunu, onun isə hadisəni olduğu kimi danışdığını bildirmişdir.Apellyasiya instansiyası məhkəməsi bu halı lazımi şəkildə araşdırıaraq hüquqi qiymət verməmişdir.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 16.4 Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, işdən haqsız şəkildə çıxarılıb. İşlədiyi vaxtda heç vaxt problem olmayıb, sadəcə baş vermiş hadisə onun üzərinə atılıb. Apellyasiya şikayətini müdafiə edir. Cavabdeh töhmət verə bilərdi, işdən çıxarmaya bilər. Onu sadəcə iş yerinə çağırdılar,1 gün içində hər şey oldu, ərizə yazmağını tələb etdilər. Hansısa işçiyə 1-2 saatlıq səhhəti ilə bağlı icazə verib, bunu ona nöqsan tutub, töhmət veriblər.
19. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında bildirmişdir ki, 1 aylıq müddətin buraxılma səbəbi İsmayıllı rayon prokurorluğunda araşdırılma aparılması səbəbinə görədir. Onlar gözləyiblər, prokurorluqdan təqdimat gəldikdən sonra tədbir görüblər. İddiaçı işlədiyi dövrdə barəsində inzibati tənbeh tədbirləri olmuşdur. İddiaçı barəsində 3 dəfə inzibati tədbir görülüb, izahatı da alınıb. İstintaq iddiaçı barəsində aparılmamışdır, sadəcə cinayət işində iddiaçının adı keçmişdir. O İsmayıllı rayonuna ezam olunmuşdu və prokurorluğa müraciət edib. Cavab olaraq bildirilmişdir ki, istintaq araşdırması gedir. Həmin təqdimat iş materiallarına əlavə edilmişdir. Təqdimat onlara may ayının ortalarında gəlmişdir. Maddi zərər yoxdur. Təqdimatdan da aydın olur ki, iddiaçı hadisə yerinə getdikdən sonra mübahisə şiddətlənib, dava olub. Hadisə nəticəsində Azər adlı mühəndis xəsarət alıb, qolunda problem yaranıb.
Tətbiq edilən hüquq normaları:
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71. 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Maddə 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
25. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh ASC-nin X14 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə suölçən Cihazların Quraşdırılması, təmiri və İstismarına nəzarət qrupunun İsmayıllı Sukanal sahəsi üzrə 10-cu dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsində çalışmışdır.
26. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmrin əsasını xx.xx.2022-ci il tarixli, 453 saylı xidməti yazı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı məktubu təşkil edir.
27. xx.xx.2022-ci il tarixli, 453 saylı xidməti məlumatdan görünür ki, İddiaçı barəsində araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, İddiaçı yol verdiyi nöqsanların nəticəsi olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin və “E” (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçisinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;) “Ə” (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozması) bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Məlumatda qeyd olunanları, belə neqativ halların təkrar olunmaması, digər işçilərin məsuliyyətinin artırılması və gələcəkdə baş verə biləcək nöqsanların vacibliyi nəzərə alınaraq İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi təklif edilmişdir. Xidməti yazıda on istinad edlmişdir ki, İddiaçı Fazil Cəlilzdəyə məxsus yaşayış sahəsinə heç bir iş əmri olmadan getmişdir. O cümlədən qeyd olunur ki, İddiaçı 3 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ona töhmət verilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 45-k saylı işdən azad edilmə barədə əmri qanunvericiliyin tələbinə uyğun deyil.
29. Belə ki, ********* nömrəli təqdimata əsasən, 27.01,2022-ci il tarixində İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 62 ünvanında yaşayan X3 sərfiyyatı ilə əlaqədar yaranmış 133.96 manat məbləğində borcunun ödənilməməsi səbəbi ilə Azərsu ASC-nin “Borca görə su təchizatının dayandırılması barədə” 21.01,2022-ci il tarixində tərtib edilmiş 10335209 nömrəli aktın icra olunması üçün həmin ünvana gəlmiş 6 №-li Regional Sukanal İdarəsi, X7 Abonentlərlə iş qrupunun mühəndisi X10, İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi gilingəri X6 və İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndisi Ağayev Xaspolad TTəvəkkül oğlu tərəfindən onun evinin su təchizatının dayandırıldığını görmüşdır. Su təchizatının dayandırılmasının əsas səbəbkarı kimi Anar Güləliyevin olmasını güman edərək əsəbləşib sonuncuya yaxınlaşmış və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar qəflətən zor tətbiq edib sağ əli ilə Anar Güləliyevin boyun nahiyəsindən bir dəfə qəsdən yumruq zərbəsi vuraraq yerə yıxmaqla sonuncuya sol bazu və sol dirsək sümüklərinin yerdəyişən sınığı (osteosintez əməliyyatdan sonrakı vəziyyət) kimi həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozuulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Qeyd edilənlər nəzərə alınaraq, Fazil Cəlilzadəyə A.R.C.M-nin 127.2.1,315-ci maddələri ilə ittiham elan edilmişdir.
30. Müəyyən olunduğu kimi mübahisələndirilən əmrin verilməsinə əsas olmuş xx.xx.2022ci il tarixdə yol verilmiş qanun pozuntusuna görə iddiaçı deyil, başqa şəxs təqsirli hesab edilmişdir. Buna baxmayaraq iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 45-k saylı əmrdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə - əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin ləğv edildiyi qeyd edilir.
31. Əmrdə işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması əsaslandırılmamışdır. §20.
32. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. §20.
33. İddiaçı əmək müqaviləsinin ləğvinə səbəb olan hərəkəti 27 yanvar 2022-ci il tarixdə törətməsi əsas götürülsə də onun işdən azad edilməsi ilə bağlı əmr xx.xx.2022-ci il tarixdə verilmişdir.
34. Cavabdehin nümayəndəsi izahatında qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi səbəbi olaraq baş vermiş hadisə ilə bağlı araşdırmanın nəticəsinin gözlənilməsini qeyd etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixdə olmuş hadisə və başqa şəxsin barəsində araşdırmanın aparılması cavabdehə qabaqcadan məlum idi.
36. Məhkəmə kollegiyası o cümlədən vurğulayır ki, əmək qanunverciliyinə əsasən yalnız işçinin xəstə olduğu, məzuniyyətdə, ezamiyyətdə olduğu müddətin 1 aylıq müddətə daxil edilməməsi qeyd edilmişdir §20. Bu səbəbdən başqa şəxsin barəsində aparılan araşdırmanın nəticəsinin gözlənilməsi müddətin buraxılmasının üzrlü halı kimi qiymətləndirilməməlidir.
37. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçi ilə əmək müqaviləsinə xitam verildiyi üçün xx.xx.2022-ci il tarixli, 45-k saylı əmri ləğv edilməli və iddiaçının işə bərpa tələbi təmin olunmalıdır.
38. İddiaçının digər tələbi - məcburi işburaxma müddəti üçün dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ilkin tələbi əsaslı olduğu ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4603/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsinin 45-k nömrəli, xx.xx.2022-ci il tarixli əmri ləğv olunmalı, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərsu" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə suölçən Cihazların Quraşdırılması, təmiri və İstismarına nəzarət qrupunun İsmayıllı Sukanal sahəsi üzrə 10-cu dərəcə ilə metrologiya üzrə mühəndisi vəzifəsinə bərpa edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli manat) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsindən alınaraq İddiaçı ödənilməlidir.
40. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4603/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsinin 45-k nömrəli, xx.xx.2022ci il tarixli əmri ləğv olunsun, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərsu" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə suölçən Cihazların Quraşdırılması, təmiri və İstismarına nəzarət qrupunun İsmayıllı Sukanal sahəsi üzrə 10-cu dərəcə ilə metrologiya üzrə mühəndisi vəzifəsinə bərpa edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli manat) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 İdarəsindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev