Məhkəmə qərarları › İş №2(103)-808/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-808/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-808/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh3 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC, Lənkaran rayon İcra şöbəsinə, Cavabdeh3 QSC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(005)- 3442/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC, Lənkaran rayon İcra şöbəsinə, Cavabdeh3 QSC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasına dair “Daşınar Daşınmaz Əmlakların Satışı X3” MMC tərəfindən 02.06.2021-ci tarixli 47/06 nömrəli protokol əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə dair “Daşmar Daşınmaz Əmlakların Satışı X3” MMC tərəfindən 02.06.2021-cü tarixli 47/05 nömrəli protokol əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının (mağaza) 25500 manata satılması barədə “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC ilə "xxxx" QSC arasında bağlanmış 02.06.2021-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməsini, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin 28687.50 manata satılması barədə “Daşmar Daşınmaz Əmlakların Satışı X3” MMC ilə "xxxx" QSC arasında bağlanmış 02.06.2021-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməsini, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyriyaşayış binasına (mağaza) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan 07.06.2021-ci il tarixli Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan 07.06.2021 -ci il tarixli Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyriyaşayış binasına (mağaza) dair QSC ilə arasında bağlanmış 26.09.2012-ci il tarixli 08M000000911 saylı ipoteka müqaviləsinə xitam verilməsini və Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının (mağaza) yüklülükdən azad edilməsini, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə dair "xxxx" QSC ilə arasında bağlanmış 01.10.2012-ci il tarixli 08M0000009İ5 saylı ipoteka müqaviləsinə xitam verilməsini və ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin yüklülükdən azad edilməsini, Lənkəran rayon İcra şöbəsi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 4828-2021 saylı sifariş məktubunun etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(005)- 3442/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçı ilə cavabdeh QSC arasında razılaşma əldə edilmişdir. Razışlamaya əsasən 31.08.2023-cü il tarixədək hər ay 2000 ABŞ dollarında az olmamaq şərti ilə cəmi 48000 ABŞ dolları borcu ödənildiyi təqdirdə Cavabdeh3 QSC qalan borc məbləğini güzəşt etməyi, kredit borcunun olmaması barədə arayış verməyi, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının üzərində olan qadağa (həbs) götürüldükdən sonra 1 (bir) ay ərzində alqı-satqı müqaviləsi bağlamaqla həmin əmlakı 26000 manata, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının üzərində olan qadağa (həbs) götürüldükdən sonra 1 (bir) ay ərzində alqı-satqı müqaviləsi bağlamaqla həmin əmlakı 26000 manata, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evini 48000 manata İddiaçı satmağı öhdəsinə götürmüş, bununla bağlı Cavabdeh3 QSC tərəfindən İddiaçı müvafiq məktub verilmişdir. Bu səbəbdən iddiadan imtinanın təsdiq edilməsini, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2021 saylı 23.06.2021-ci il tarixli qərardadına əsasən Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının və ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evininin üzərində olan qadağanın (həbsin) götürülməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh QSC-nin nümayəndəsi ərizənin nəzərə alınmasını xahiş etdi. Kollegiya iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməli, eyni zamanda Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının və ünvan 2 ünvanında yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Ərizədə eyni zamanda Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2021 saylı 23.06.2021-ci il tarixli qərardadına əsasən Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının və ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evininin üzərində olan qadağanın (həbsin) götürülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 162-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (162.1). Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur (162.2). İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər (162.3). Göründüyü kimi hazırda iddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır, belə olan halda əmlakların özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın qalmasına zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(005)- 3442/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2021 saylı 23 iyun 2021cı il tarixli qərardadı ilə tətbiq edilmiş iddianı təmin etmə tədbiri ləğv edilsin. İşə mahiyyəti üzrə baxılıb həll edilənədək, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının və ünvan 2 ünvanında yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülsün. Qərardaddan iş üzrə icraata xitam verilməsi hissəsində rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar