Məhkəmə qərarları › İş №2(103)-8081/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8081/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8081/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X9, cavabdeh X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 06 aprel 2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1341/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 06 aprel 2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 06 aprel 2016-cı il tarixli 24/22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alqı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 aprel 2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvü ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Müşfiqabad qəsəbəsində yerləşən 24 saylı binanın 22 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan, Müşfiqabad MKİS-in rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin başqa bir şəxsə qeyri-qanuni satıldığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilin başqa şəxsə satılmasının qanunsuz olduğu bildirilmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3-cü hissəsinə, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin Mənzil-İstismar Departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 24 saylı binada 22 nömrəli 2 otaqlı mənzilin ona verilməsi ilə bağlı 06 aprel 2016-cı il tarixli 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2.4.2, 2.4.3, 2.4.4, 2.4.9, 4.1, 4.3, 5.1, 5.3, 5.4, 5.4.1, 5.4.3, 5.4.4, 5.4.5, 5.7, 5.7.1, 5.7.2, 5.7.3-cü bəndlərinə istinad edən iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara verilmiş – Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzildə yaşamadığı və mənzilin başqa şəxsə qeyri-qanuni satıldığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 157.2, Mənzil Məcəlləsinin 91, 98, 99, 100-cü maddələrinə istinad edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1341/2021saylı, 19.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 06 aprel 2016-cı il tarixli 24/22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzilindən çıxarılmasıı qət edilmişdir. ( sədrlik edən Kamran Əsədov)

4. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər bir yerdə ailə təsərrüfatına başladıqdan sonra ailə kimi bir yerdə yaşaya biləcək evləri olmadığından və buna daha çox ehtiyacları olduğundan dövlət tərəfindən bu nüansla diqqətə alınmış və onlar 06.04.2016- cı il tarixli 24/22 saylı xüsusi təyinatlı kirayə müqaviləsi ilə, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı yaşayış yeri ilə təmin olunmuşdurlar. Həmin kirayə müqaviləsinə əsasən də onlara qeyd olunan mənzildə müvvəqəti yaşamaq icazəsi verilmişdir. Uzun müddətdir qeyd edilən mənzildə yaşamışlar və hal hazırda da həmin mənzildə yaşayırlar.2020-ci ilin sentyabr ayından övladlarının təhsili ilə bağlı yaşayış yerlərini müvəqqəti dəyişdirməli olmuşdurlar. Övladlarının gələcəyini və bacarıqlarını nəzərə alaraq onun xüsusi qabiliyyət tələb edən təhsil ocağında təhsil alması daha məqsədə uyğun olacağı qənaətinə gəlmişdirlər və ilkin araşdırmaları zamanı belə bir təhsil ocağını Müşviqabad qəsəbəsində tapa bilməmişdirlər. Belə olan halda Müşviqabad qəsəbəsinə yaxın yer olaraq Xırdalan şəhərində belə təhsil ocağını tapmışdırlar. Nə qədər də yaxın olmasına baxmayaraq Müşviqabad qəsəbəsindən Xırdalan şəhərinə uşağın dərsə gedib gəlməsi çətinliklər və yol əziyyəti yaradacağından məcbur qalıb Xırdalan şəhərindəki tanışlarının qaldığı evə müvəqqəti köçməli olmuşdurlar. Tanışlarının Xırdalan şəhərindəki evinə müvəqqəti köçməli olmuşdurlar. Tanıdıqları və yaşamaq üçün müvəqqəti olaraq evə ehtiyacı olduğunu qeyd etmiş məcburi köçkün və şəhid ailəsi üzvü olan ailəyə müvəqqəti olaraq dövlət tərəfindən onlara verilən mənzildə yaşamaq üçün razılıq vermişdirlər. Razılıq vermək səbəblərindən biri də evin boş olduğunu görən digər şəxslər mənzilə yiyələnməməsidir. Şikayətdə müvəqqəti yaşamaq üçün dövlət tərəfindən onlara verilən mənzili qeyri-qanuni yolla satmadıqlarını, kirayə vermədiklərini bildirmişdirlər. O, mənzildə müvəqqəti yaşamalı olan tanışları olan ailənin üzvünə gələcəkdə hər hansı bir problemlə qarşılaşılmaması üçün, kimlərinsə mənzilinə zor tətbiq etdiyi zaman əlində hər hansı bir kağızın olması üçün notarial qaydada razılıq ifadə edən müvəqqəti yaşamaq icazəsini verməli olmuşdurlar. Eyni zamanda MKİS-in sahə rəisi tərəfindən yoxlanış həyata keçirildiyi zaman onların müvəqqəti razılıqları ilə evdə qaldıqlarına əmin olması üçün həmin notarial sənədi verməli olmuşdurlar. Onlar heç kimə müvəqqəti yaşamaq üçün dövlət tərəfindən onlara verilən mənzili qeyr-qanuni yolla satmadıqlarını və ya hər hansı yolla kirayə vermədiklərini söyləmişdirlər. MKİS-in sahə rəisi tərəfindən Cavabdeh1 şifahi xəbərdarlıq edildiyi zaman bütün bu faktlar onun tərəfindən bildirilmiş və sahə rəisi heç bir problem olmadığını qeyd etmişdir. Onlar müvəqqəti olaraq, övladlarının təhsili ilə əlaqəli mənzili tərk etməli olmuşdurlar. Sonradan 2021-ci ilin əvvəlindən belə təhsil ocağını Müşviqabad qəsəbəsində tapmışlar, ancaq bu səfər də uşağın təhsilini yarımçıq qoymamaq üçün dövlət tərəfindən onlara verilən mənzilə qayıda bilməmişdirlər.Buna baxmayaraq uşağın sənədləri təhsil dövrü bitdikdən sonra uşağın təhsil aldığı təhsil ocağından alınmış, Müşviqabad qəsəbəsində yerləşən yeni təhsil ocağına verilməsi üçün müraciət etmişdirlər. Belə olan halda dövlət tərəfindən onlara verilən mənzildə müvəqqəti yaşayan ailəyə vermiş olduqları razılıq ərizəsini ləğv etmişlər və onların mənzildən köçməli olduğunu bildirmişdirlər. Onlar da mənzili tərk etmiş və cavabdehlər mənzildə məskunlaşmışdırlar.Cavabdehlər dövlət tərəfindən müvəqqəti yaşamaq üçün verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzildən başqa yaşayacaq mənzilləri olmadığını qeyd etmişdirlər. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Əliyev apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

7. Kollegiya iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.

8. İşə baxılmanın yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi:

9. İş materiallarına əlavə olunmuş 06.04.2016-cı il tarixli 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzil 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və övladı) Cavabdeh1 kirayə verilmişdir.

10. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq olunmuş 01 sentyabr 2020-ci il tarixli razılıq ərizələrindən göründüyü kimi, həqiqətən Cavabdeh1 və Cavabdeh2 onlara kirayə verilmiş xüsusi yaşayış sahəsinin kirayə müqaviləsinin digər şəxsin adına dəyişdirilməsinə etiraz etmədiklərini bildirərək, mənzili faktiki olaraq qeyri-qanuni şəkildə digər şəxsə satmışlar. Hüquqi dəyərləndirmə:

11. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir.

12. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 aprel 2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvü ilə birlikdə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Müşfiqabad qəsəbəsində yerləşən 24 saylı binanın 22 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir.

13. Müşfiqabad MKİS-in rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin başqa bir şəxsə qeyri-qanuni satıldığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilin başqa şəxsə satılmasının qanunsuz olduğu bildirilmişdir.

14. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq olunmuş 01 sentyabr 2020-ci il tarixli razılıq ərizələrindən göründüyü kimi, həqiqətən Cavabdeh1 və Cavabdeh2 onlara kirayə verilmiş xüsusi yaşayış sahəsinin kirayə müqaviləsinin X2 adına dəyişdirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. İş materialına əlavə edilmiş ərizədən (i.v.13 ) isə görünür ki, faktiki olaraq qeyri-qanuni şəkildə X7 adlı şəxsə satmışlar. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, S.X6 anasıdır. Cavabdehlər tərəfindən edilmiş bu hərəkətlər nəinki 06.04.2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin, həmçinin qanunvericiliyin bir sıra müddəalarının tələblərinin kobud şəkildə pozulmasıdır.

15. İddiaçı cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq bildirmişdir ki, yuxarıda qeyd olunan mənzil xüsusi yaşayış sahəsi kimi Dövlət Qaçqınkomun balansında olmaqla, Dövlət mülkiyyəti sayılır. Ona görə də, Dövlətin mülkiyyətində olan mənzillərin hər hansı şəxslər tərəfindən alqı-satqısı, bağışlanması, kirayə verilməsi qəti qadağandır.

16. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin aşağıda göstərilən hallarında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. - yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə bu müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. - kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda;

17. kirayəçi və ailə üzvləri yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Qaydanın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Qaydanın 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti ola bilər.

20. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.

22. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

23. Həmin Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

24. Mənzil Məcəlləsinin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.

25. Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

26. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

27. Göründüyü kimi, cavabdehlər qanunvericiliyin və kirayə müqaviləsinin şərtlərini pozmuşlar, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir.

28. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci intsansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Cavabdeh hazırda həmin evdə yaşadığını bildirsə də, iddiaçının nümayəndəsi cavabdehin bu sözünə münasibət bildirirərək qeyd edir ki, məhkəmədə hazırki mübahisəyə baxılması davam etdiyindən biz onları hələki qeydiyyatdan çıxarmamışıq. Eyni zamanda kollegiya vurğulayır ki, cavabdehin həmin evdə yaşayıb-yaşamaması sözügedən mübahisəyə baxarkən iddianın həll edilməsi üçün əsas olmadığından məhkəmə bununla bağlı xüsusi araşdırma aparılmasına zərurət görmür.

30. Məhkəmə daha sonra qeyd edir ki, iş materiallarında olan (i.v 13) ərizədə S.Quliyeva qeyd etmişdir ki, S.Babayevlə görüşmüşdür. S.Babayev sözügedən mənzili 19500 manata satdığını bildirmiş və Quliyeva Səlbi onunla razılaşmışdır. Daha sonra evin necə sənədləşdirilməsi haqqında cavabdehdən soruşanda isə S.Babayev ona bildirmişdir ki, mənzil istismar departamentinin müdirinə və müavininə hörmət edəcək, və onları şəhid ailəsi kimi qeydiyyata salacaqlar. Bundan sonra mənzil departamentinin işçisi Tofiq adlı şəxsin iştirakı ilə pulu vermişlər və notarial xidmətdə Sahil Babayev evdən imtina etmişdir. Apellyasiya instansiya məhkəməsi icraatı zamanı izahat verən cavabdeh ərizəni yazan S.X1 olduğunu bildirmişdir. X10 öz izahatında S.Quliyevanın həmin ərizəni əsassız yazdığını söyləmişdir. Belə ki, cavabdeh evi satmadığını, həm evin boş qalmamasına görə, həm də müvəqqəti qalmaq üçün Quliyeva Şəkərə köməklik etdiyini bildirmişdir. Ərizədə qeyd edilən Tofiqin yanında pulu S.Babayevə verilməsinə cavab olaraq, cavabdeh S.Babayev bildirmişdir ki, ona pul verilməmişdir. O, həmçinin Tofiqi tanıdığını, Tofiqin mənzil departamentinin işçisi olduğunu söyləmişdir.

31. Cavabdeh eyni zamanda apellyasiya şikayətində göstərmişdir ki, MKİS-in sahə rəisi tərəfindən yoxlanış həyata keçirildiyi zaman onların müvəqqəti razılıqları ilə evdə qaldıqlarına əmin olması üçün həmin notarial sənədi verməli olmuşdurlar. Onlar heç kimə müvəqqəti yaşamaq üçün dövlət tərəfindən onlara verilən mənzili qeyr-qanuni yolla satmadıqlarını və ya hər hansı yolla kirayə vermədiklərini söyləmişdirlər. MKİS-in sahə rəisi tərəfindən Cavabdeh1 şifahi xəbərdarlıq edildiyi zaman bütün bu faktlar onun tərəfindən bildirilmiş və sahə rəisi heç bir problem olmadığını qeyd etmişdir. MKİS-in sahə rəisi tərəfindən Cavabdeh1 şifahi xəbərdarlıq edildiyi zaman bütün bu faktlar onun tərəfindən bildirilmiş və sahə rəisi heç bir problem olmadığını demişdir. Lakin S.Babayev bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya ümumilikdə apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət mülahizə xarakteri daşıyır. Çünki işin faktiki hallarında, iş materiallarında qeyd edilənlərin heç biri öz təsdiqini tapmır.

32. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları, işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur.

34. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 358, 360, 362-cı, 382, 385, 387-ci və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1341/2021saylı, 19.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar