Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8083/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Xumar Afət qızı Mərdanovanın sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Bəhrəm qızının cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onlardan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququ tanınmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2996/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəhrəm qızı cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onlardan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququ tanınmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın X7 tərəfindən vəsiyyət edilməsinə dair Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunan 14.05.2014-cü il tarixli 2V/-18 reyestr nömrəli vəsiyyətnamənin, verilmiş 13.06.2018-ci il tarixli 2V-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onlardan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, İddiaçı Bəhrəm qızının vərəsəlik hüququ tanınmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hazırda Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən 70 saylı evdə anadan olmuşdur. Bu ev iddiaçının nənəsi X5 məxsus olmuşdur. Valideynləri də ailə qurduqdan sonra həmin ünvanda yaşamışlar. İddiaçının atası rəhmətə getdiyindən o, anasının himayəsinə verilmişdir. Nənəsi 2017-ci ilin dekabr ayında rəhmətə getdikdən sonra onlar hazırki mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Hazırki günədək iddiaçı və anası həmin mənzildə yaşayırlar. Hazırda əldə etdikləri məlumata əsasən, mülki iş üzrə Cavabdeh2 iddiaçının nənəsi rəhmətə getdikdən sonra onların yaşadıqları evi guya vərəsə kimi qəbul etdiyini əsas gətirərək mülkiyyətinə keçirmişdir. İndi isə cavabdehin niyyəti onları həmin mənzildə çıxararaq çöldə qoymaqdır. Həmçinin, yaşadıqları evin yaxınlığında yerləşən ərazidə söküntü işləri getdiyindən iddiaçıya bildirilmişdir ki, mənzildə hər hansısa hüquqları olmadığından söküntü gedərsə bu barədə ona hər hansısa xəbərdarlıq olunmayacaqdır. İddiaçı nənəsindən miras qalan hazırki evdə yaşamaqla miras əmlakı faktiki qəbul etdiyini nümayiş elətdirmişdir. Buna baxmayaraq Cavabdeh2 digər cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işini açdıraraq mənzili formal olaraq öz adına keçirməyə nail olmuşdur. Buna baxmayaraq o, bu günədək bir dəfə də olsun həmin evə gəlib evdə yaşamaqları və ya əmlakı öz adına keçirməsi ilə bağlı iradını bildirməmişdir.Bu bir daha sübuta yetirir ki, vərəsəlik işi formal xarakter daşıyır. Hətta, hazırki iddia ərizəsinə əlavə edilən vərəsəlik açılması barədə notariat işindən də görünür ki, Cavabdeh2 ərizə ilə notariat orqanına müraciət edərkən orada mirasda məcburi paya malik şəxs kimi iddiaçının adını qeyd etmişdir. Lakin, nə səbəbdənsə cavabdeh notariat ofisi onun bu vərəsəlik hüquqlarını nəzərə almadan yalnız Cavabdeh2 vərəsə kimi tanımış və onun məcburi miras payını nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2996/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmədə araşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Ona görə də həmin qanunsuz və əsassız qətnamə ləğv olunmalı, mülki işə mahiyyəti üzrə baxılıb qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiaysının iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2001-ci ildə Nümayəndə və X1 nikahından doğulmuşdur. Nümayəndə və X6 14.02.2009-cu ildə rəsmi şəkildə boşanmışlar. 11.02.2016-cı ildə uzun sürən ağır xəstəlikdən sonra iddiaçının atası X6 vəfat etmişdir. 10.12.2017-ci ildə X7 vəfat etmişdir. Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunan 14.05.2014-cü il tarixli 2V/-18 reyestr nömrəli vəsiyyətnaməyə əsasən 10.12.2017-ci ildə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 70 nömrəli evin paylı mülkiyyət hüququ üzrə miras qoyana məxsus olan 1/6 hissəsinə dair Cavabdeh2 adına Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən 13.06.2018-ci il tarixdə 2V-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu İ.Məmmədov 20.11.2018-ci il tarixli x/o-564 nömrəli məktubla Nümayəndə mərhum S.Quliyevanın əmlakına dair nəvəsi İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab verərək bildirmişdir ki, X4 bütün əmlakının Cavabdeh2 verilməsi haqqında vəsiyyətnaməsi 14.05.2014-cü il tarixdə Bakı şəhəri 5 saylı dövlət notariat kontrunda təsdiq edilmişdir. Bəhram Quliyev anası Sonya Quliyevadan öncə vəfat etdiyinə və miras açılan zaman sağ olmadığına görə mirasdan məcburi pay tələb etmək hüququ yaranmamışdır və bu hüquq onun övladı İddiaçı keçə bilməz. Bu səbəbdən miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı atası Bəhram Quliyev 11.02.2016cı ildə öldüyünə görə, Bəhram Quliyevin 10.12.2017-ci ildə ölmüş anası Sonya Quliyevadan miras qalmış əmlakdan məcburi pay tələb etmək hüququ olmamışdır. Bu səbəbdən miras qalmış əmlakdan məcburi pay tələb etmək hüququ mərhum Bəhram Quliyevin övladı olan İddiaçı keçməmişdir. Bəhram Quliyev anası Sonya Quliyeva 10.12.2017-ci ildə vəfat edərkən (mitras açıldığı zaman) sağ olsaydı və məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölsəydi, onun bu hüququ vərəsəlik qaydasında İddiaçı keçə bilərdi. Odur ki, İddiaçı nənəsi Sonya Quliyevadan miras qalmış əmlakdan məcburi pay almaq hüququ yoxdur. Bu səbəbdən İddiaçı iddiası tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdehin miras əmlak üzərindəki mülkiyyət hüququ qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Kollegiya xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailətəminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailə təminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1178-ci maddəsinə əsasən əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, hüquq Bəhram Quliyevin qızı olan İddiaçı keçə bilməzdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyator şikayətində və iddia ərizəsində mövcud olan vəsiyyətnamənin etibarsız hesab edilməsini iddia etsə də, onun iddiasının əsasını təşkil edən hər hansı sübutu, halı, faktı məhkəməyə təqdim edə bilməmişdir. Qeyd etdiyi hallar isə (miras əmlakı faktiki qəbul etdiyini nümayiş etdirməsi, mirasqoyanın onu çox istəməsi və s.) mülki qanunvericiliyə görə vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddiaçının subyektiv mülahizələrinə əsaslanır və formal xarakter daşıyır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bəhrəm qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2996/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8083/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8083/2021
26.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver