Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8095/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(003)-740/2021 saylı mülki iş üzrə qəbul etdiyi 05.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən ona hesablanmış 1570,46 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən ona hesablanmış 1326,83 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X1 yaşayır. Müqaviləyə əsasən ona məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X1 (Bakı şəhəri Xəzər rayonu, X3, bina 34, mənzil 195) yerləşən yaşayış sahəsi. Cavabdeh təşkilatla aralarında bağlanılmış müqavilə əsasında elektrik enerjisindən istifadə edərək dəyərini ödəyir. 29 mart 2014-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları akt tərtib etmiş və akt əsasında 1570,46 manat cərimə hesablanmışdır. İstifadə olunan elektrik xəttinə quraşdırılmış sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Daha sonra o, ödəniş edərkən pulunun tutulmasını görmüş, bununla bağlı sözü gedən quruma müraciət etdikdə, ona bildirdilər ki, 1570,46 manat qaz sərfiyyatına görə borcu vardır. Həmin borcun hardan yaranmasını araşdırmaq üçün rayon yerli işıq idarəsinə müraciət etmişdir. Buradan aktı, hesabdan çıxarışsaldonu əldə etmişdir. O, sayğac göstəricisinə əsasən, istehlak olunmuş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmiş, heç bir borcu olmamışdır. 29 mart 2014-cü il tarixli aktda “mənzilin elektrik sayğacının sıfir xəttinin qrifi əriyib, sayğacdan axan elektrik yükünün miqdarı 8-1,7 A” qeyd edilmişdir. Qeyd etmişdir ki, akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş, lakin imtina etdiyi qeyd edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(003)-740/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı göstərilmiş əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(003)-740/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin akt R № 249356 saylı, 29 mart 2014cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X2 ünvanında (abunə kodu: **********60000 olan) yoxlama keçirilən zamanı məlum olmuşdur ki, mənzil qeydiyyatsızdır, mənzilin qeydiyyata alınması və sayğac quraşdırılması tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin akt R № 043504 saylı, 24 avqust 2007-ci il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X2 ünvanında (istehlakçı İddiaçı) yoxlama keçirilən zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının sıfır xəttinin qrifi əriyib. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X1 ev(bina) 4676, mənzil 0000 ünvana cəmi 1439,67 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan arayışdan görünür ki, həmin borcun 670,26 manat hissəsi 25.08.2007-ci il, 15.09.2009-cu il tarixli aktlar əsasında hesablanmış, 769,41 manat olan hissəsi isə istifadə gücünə görə orta sərfiyyatla hesablanmış borcdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə qaydaları»nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Lakin hazırki işdə iddiaçıya məxsus abunə hesabında göstərilən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borcun yaranma mənbəyi müəyyən deyildir. Çünki cavabdeh tərəfindən bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 8.2-ci bəndinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının abunə koduna yazılmış həmin borc məbləği silinməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-740/2021 saylı mülki iş üzrə qəbul etdiyi 05.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-8095/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8095/2021
27.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver