Məhkəmə qərarları › İş №2(103)-8099/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8099/2021

06.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8099/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(003)-1991/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 414 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30.10.2019-cu il tarixdə Cavabdeh tərəfindən ******* saylı qaz sayxacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştiakı olmadan ünvan 1 ünvanına quraşdırıldı. O hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Sonradan o qaz sayğacının kartına pul yükləmək istədiyi zaman qazın kartından pul tutuldu. O bu barədə Cavabdehə müraciət etdikdə oradan ona bildirdilər ki, onun 414 manat borcu var. Bununla bağlı o müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etdi, həmin idarənin əməkdaşları tərəfindən ona bildirdilər ki, onun tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün ona 414 manat cərimə yazılmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmiş. Bildirir ki, cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 may 2021-ci il, tarixli 2(003)-1991/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı (**********00850 saylı abonent hesabına) hesablanmış 414 manat məbləğində borcun silinməsi və 20 manat dövlət rüsumu Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1991/2021 saylı iş üzrə 20.05.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin tamamilə ləğv edilməsinə əsasdır. Belə ki, iddiaçıya məxsus yaşayış sahəsində quraşdırılmış qaz sayğacın ALARM 1 rejimi aşkar olunmuş və bu barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Akt tərtib olunmuşdur. Bununla bağlı bildirirlər ki, sayğac yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona müdaxilə olunduğu aşkar edilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Qeyd edirlər ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Lakin birinci instansiya məhkəməsi mötəbər sübut sayılan rəsmi sənədləri obyektiv araşdırmamış, onları tədqiq edərkən səhv nəticəyə gəlmiş, əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, bu hal isə cavabdehin, yəni Cavabdeh ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxartmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə etməsinə və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. İddiaçıya aid olan **********00850 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazm dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məsələyə hüquqi qiymət verilərkən yalnız "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-ü maddəsində və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 4-cü bəndində yer alan müddəalarının rəhbər tutulması neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirdikləri qətnaməni qəbul edərkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş və bununla da əsassız olan iddia tələbini təmin etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, İş materiallarında olan 30.10.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın ALARM-1 rejimi aşkar olunmuşdur. İş materiallarından görünür ki, itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün təşkil edir. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 4860 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus ünvan 2 ünvanında qaz sayğacının ALARM-1 rejimində olmuş, nəticədə qaz itkisi yaranmış və buna dair cavabdeh tərəfindən 30.10.2019-cu il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta tərtib olunmuşdur. Akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün təşkil edildiyi, hesabat zamanı qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlı qaz sərfi 2,6 m3 , orta günlək iş rejimi iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Lakin Cavabdeh tərəfindən tərtib edilmiş aktda hesabat 90 günlük aparılmışdır ki, bu da qaydaların tələblərinə ziddir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda da görünür ki, qaz sayğacı istehlakçıya məxsus olan evdə quraşdırılmamışdır, belə olan halda həmin qaz sayğacının işlək vəziyyətdə olmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İş üzrə qaz sayğacının plastmas borusunun deşilməsi və buna görə də qaz itkisinin yaranması istehlakçının, yəni iddiaçının müdaxiləsi nəticəsində baş verməsi sübuta yetirilmir. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Bütün qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 414 manat məbləğində borc silinməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı (**********00850 saylı abonent hesabına) hesablanmış 414 manat məbləğində borcun silinməsi və 20 manat dövlət rüsumu Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, göstərilən dəlillər iddia tələbi ilə eyni məzmunlu olmaqla yuxarıda onlara qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(003)-1991/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar