Məhkəmə qərarları › İş №2(103)-81/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-81/2025

09.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-81/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Sadıqova Zenfira Xıdır qızının katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - ARDNŞ), “X14 Bi.Vi”. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalanmış, 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.

2. Həmin Qanunun 4-cü maddəsinə görə, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və X14 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X11 Şirkətləri arasında imzalanmış X7 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkətə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir.

3. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndinə görə, Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndinə görə isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz.

4. 15 may 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində İddiaçı şirkəti fəaliyyət göstərir.

5. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 825 nömrəli qərarına əsasən, Biləcəri Bələdiyyəsinin hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi evin altındakı və ətrafındakı 250,0 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh adına bir kv.metri 4,50 manat hesablanmaqla alqı-satqı yolu ilə sənədləşdirilmişdir.

6. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş A-784 nömrəli xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, həqiqətən də Biləcəri bələdiyyəsinin hüdudları daxilində xx.xx.2007-ci il tarixli 825 saylı qərara əsasən fərdi yaşayış evinin tikintisi üçün 250 kv.metr torpaq sahəsi sənədləşdirilmişdir.

7. Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin hesabına 1135 manat keçirmiş, bununla bağlı ona xx.xx.2007-ci il tarixli qəbz verilmişdir.

8. “Əhalidən vergilərin qəbuluna dair” 2007-ci il tarixli 025276 saylı qəbzə görə, Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin hesabına 34,60 manat keçirmişdir.

9. “Əhalidən vergilərin qəbuluna dair” 2008-ci il tarixli 026276 nömrəli qəbzə əsasən, Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin hesabına 37,50 manat keçirmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərardadı ilə, İddiaçı şirkətinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “Cavabdeh istifadəsinə 250 kv.m. torpaq sahəsinin ayrılması haqqında 825 nömrəli xx.xx.2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması”na dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının 901 -İİQD saylı 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş 15 may 2005-ci il tarixində qanuni qüvvəyə minmiş, Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmiş, bununla da, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli 825 nömrəli qərarı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı şirkəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində, Binəqədi/DYP-nin a/h/111 məhəllə 0003/mənzil 0199 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən şirkətin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində - 1 saylı mədənin 5-ci sahəsində şirkətin saziş ərazisi hüdudları (1.397439,547 4478822,583; 2.397452,103 4478829,408; 3.397461,890 4478810,413; 4.397449,849 4478803,588 koordinatlar) daxilində, Binəqədi/DYP-nin a/h/111 məhəllə 0003/mənzil 0199 ünvanında lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, şirkətin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("ARDNŞ”), X14 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar”) arasında Saziş ("Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən saziş qanun statusunu almışdır. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur.

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehin, özünün iddia etdiyi müqavilə ilə ona ayrılmış torpaq sahəsini zəbt etdiyini sübut edə bilməmişdir. 20 ildən artıqdır ki, həmin torpaq cavabdehin istifadəsindədir və üzərində ev tikərək ailəsi ilə birlikdə həmin evdə yaşayır. Həmin vaxtdan Bakı şəhəri Biləcəri Bələdiyyəsi bu torpaqların bələdiyyə torpaqları olduğuna görə cavabdehdən torpaq və əmlak vergisi almışdır. Həmin ərazidə olan qonşularla bərabər, cavabdeh də Bakı şəhəri Biləcəri Bələdiyyəsinə ərizə ilə müraciət edərək uzun illər istifadəsində olan torpaq sahəsini ona satılmasını xahiş etmişdir. Cavabdehin yaşadığı bu ərazi dövlət tərəfindən “Azəriqaz”, “Azərişıq”, “Azərsu” tərəfindən komunal xidmət xətləri ilə təmin edilmiş, cavabdehin tikərək yaşadığı fərdi yaşayış evi müqavilələrə əsasən kommunal xidmətlərlə təmin olunmuşdur. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən cavabdehə satılmış torpaq sahəsində cavabdeh fərdi yaşayış evi tikərək ailə üzvləri ilə bu evdə yaşayır, bu ev cavabdehin və onun ailəsinin yeganə yaşayış yeridir. Cavabdehin inşa etdiyi fərdi yaşayış evi yaşayış məntəqəsinin ortasında yerləşir, ətrafda yüzlərlə evlər vardır. Bu evlərin içərisində yalnız cavabdehə qarşı bu iddianın qaldırılması ona qarşı iddiaçının qərəzli olması kimi qiymətləndirilir. Məhkəmə nəzərə almalıdır ki, iddiaçının qeyd etdiyi kimi evin özbaşına tikili olması, yəni 20 il əvvəl tikilməsi və istifadə edilməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Binəqədi rayon X2 Alış Əzizulla oğlunun istifadəsinə 250 kv.m. torpaq sahəsinin ayrılması haqqında 825 saylı xx.xx.2007-ci il tarixli qərarı qüvvədə olduğu halda hazırki iddia tələbi təmin edilə bilməz. Nəzərə almaq lazımdır ki, əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsinə aid olmuş olsaydı belə, ötən bu 20 il ərzində, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə və onun ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş, cavabdeh özünün və ailəsinin mənzil şəraitini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə edir. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində cavabdehin həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə razı olmalarını bildirmişlər. İşin faktiki hallarına əsasən, həm də iddiaçının Mülki Məcəllənin 180-ci maddəsinin tətbiqi ilə bağlı iddia ərizəsindəki dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, cavabdehin və ailə üzvlərinin uzun müddət ərzində yaşadıqları evin heç bir təminat olmadan sökülməsi və onların faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. İddiaçı əslində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini təhrif etmişdir. Belə ki, iddiaçının istinad etdiyi məhkəmə qərarlarının cavabdehə aidiyyatı yoxdur. Qanunverici bu maddədə eyni tərəflər arasında eyni predmet barəsində olan məhkəmə qərarlarını nəzərdə tutur. Göründüyü kimi 17 il əvvəl, yəni 2005-ci il tarixdə iddiaçının istifadəsinə verilmiş ərazidə əgər cavabdeh və ailə üzvləri qanunsuz olaraq torpağı zəbt etmişdilərsə və iddiaçıya ayrılmış torpaq sahəsində qanunsuz tikili aparmışdırsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən cavabdeh barəsində şikayət etməmişdir. İddiaçı iddia ərizəsində mövcud qanunvericiliyin normalarını yazmaqla kifayətlənmiş, lakin 17 il əvvəl həmin qanunvericiliyin tələbləri daxilində heç bir iddia və şikayət etməmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Buna görə də iddiaçının tələbinə iddia müddəti tətbiq olunmalıdır.

14. Birinci instansiya məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd olunması qət edilmişdir.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin və onun ailə üzvlərinin yeganə yaşayış yeri olduğundan, neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində yerləşən mübahisəli tikilidə yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin olunmasını qeyri-mümkün hesab etmişdir.

16. Məhkəmə cavabdehin iddia tələblərinə iddia müddətinin təbiqinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, özbaşına tikili inşa edən şəxsin həmin tikiliyə hüququ yaranmadığından iddiaçının iddia tələblərinə iddia müddətinin tətbiq edilməsi mümkün deyildir. Belə ki, cavabdehə inşa etdiyi tikiliyə sərf etdiyi vəsaitin əvəzi olan ədalətli kompensasiya verilməklə onun topraq sahəsindən çıxarılması mümkündür. Ona görə də, məhkəmə cavabdehin iddia tələblərinə iddia müddətinin tətbiqinə dair ərizəsini təmin etmir.

17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 139.1, 139.3, 178.1, 178.2, 180.1, 180.2, 180.4-cü, Torpaq Məcəlləsinin 9.3, 11.4, 22.3, 46.1, 46.2, 48.4, 66, 67, 68-ci, Mülki Prosesual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinad etmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Apellyasiya şikayətində vurğulanmışdır ki, mübahisəli torpaq sahəsinin cavabdehə ayrılması barədə Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 825 nömrəli xx.xx.2007-ci il tarxli qərarının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni cavabdehin həmin arqumenti 15 may 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin müvafiq qərarı öz qüvvəsini itirdiyi üçün cavabdehin mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. İddiaçı şirkət əməliyyat şirkəti olaraq podratçı şirkətlərin adından məlum saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Buna baxmayaraq, həmin sazişdə kontrakt sahəsinin hər hansı hissəsi ilə bağlı torpaq sahələrini zəbt edən şəxslərə kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Mülki Məcəllədə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki iş üzrə torpaq sahəsinin mülkiyyətçisi bu iş üzrə cavabdeh deyildir. Yəni torpaq sahəsi müvafiq beynəlxalq sazişlə şirkətin istifadəsinə verildiyi üçün şirkətin özünə aid olan torpaq sahəsinə görə cavabdehə kompensasiya ödəməsi absurd fikirdir.

19. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etirazının məzmununa uyğun olaraq əsaslandırılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq, sökülməsi tələb edilən tikili cavabdehin və onun ailə üzvlərinin yeganə yaşayış yeri olduğundan, onlara mövcud yaşayış yerinə və həyat şəraitinə ekvivalent təminat verilmədən yaşayış yerlərindən məhrum edilmələri yolverilməzdir.

22. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli tikilinin mövcud qanunvericiliyə əsasən qanunsuz tikili sayılması işin mübahisəsiz halı olsa da, bu fakt özlüyündə iddianın təmin olunması üçün kifayət deyil. Belə bir yetərlilik ancaq iddia cavabdehə müvafiq kompensasiya təklif etməklə qaldırılsa mövcud ola bilərdi.

23. Məhkəmə kollegiyası şikayətin, sazişdə kompensasiyanın ödənilməsi ilə bağlı hər hansı müddəa olmaması barədə dəlilinə münasibətdə bildirmişdir ki, bu öhdəlik saziş əsasında deyil, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında göstərdiyi mövqeyə əsasən və şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatı üçün qanuni əsaslarla yaranmış öhdəlikdir.

24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü, 43-cü maddəsinin 1-ci, 71-ci maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.1, 159, 180.1-ci, Torpaq Məcəlləsinin 111-ci, Mənzil Məcəlləsinin 2.1-ci, Mülki Prosesual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarı ilə iddiaçının nümayəndəsinin (vəkilinin) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçının kassasiya şikayətində qeyd etdiyi tələbi ondan ibarətdir ki, irəli sürdüyü iddianın faktiki halları Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtləri ilə uyğunluq təşkil edir. Məhkəmə kollegiyası iddia tələbinin həllinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar, cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

27. Kassasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, cavabdeh ünvan 3 ünvanında özbaşına olaraq tikdirdiyi evin altındakı və ətrafındakı 250,0 kv.metr torpaq sahəsini Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 825 nömrəli qərarına əsasən bir kv.metrini 4,50 manat hesablanmaqla alqı-satqı yolu ilə adına sənədləşdirsə də, həmin alqı-satqı qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNş-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş 15 may 2005- ci il tarixində qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Odur ki, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin mülkiyyətində olmayan həmin torpaq sahəsinə dair qərar qəbul etmək və alqı-satqı həyata keçirmək səlahiyyəti olmadığından, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli, 825 nömrəli qərarı Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyindən, adı çəkilən bələdiyyə qərarının hər hansı hüquqi qüvvəsi olmamışdır.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə mülki qanunvericiliyin müvafiq normasının dispozisiya şərtlərinə uyğun şəkildə əsaslandırılmalıdır.

Təkrar apellyasiya baxışı, verilən izahatlar

29. Məhkəmə iclaslarında iştirak edən İddiaçı şirkətinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, Şirkət tərəfindən cavabdehə qarşı hər hansı məhrum etmə hərəkətləri edilməmiş, Şirkət, məsələnin qanun çərçivəsində həll edilməsi üçün məhkəmədə ona qarşı iddia qaldırmış, özü Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi ilə bağlı hər hansı qanunazidd hərəkət etməmişdir.

30. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, 20 ildən artiqdır həmin torpaq cavabdehin istifadəsindədir və üzərində ev tikərək ailəsi ilə birlikdə orada yaşayırlar. O zamandan da Bakı şəhəri Biləcəri Bələdiyyəsi bu torpaqların bələdiyyə torpaqları olduğununa görə onlardan torpaq və əmlak vergisi almışdır. Həmin ərazidə olan qonşularla bərabər o, da Bakı şəhəri Biləcəri Bələdiyyəsinə ərizə ilə müraciət edərək uzun illər istifadəsində olan torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli 825 nömrəli qərarı ilə “1. Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi evin altındakı və ətrafındakı 250,0 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında ünvan 4 ünvanda yaşayan vətəndaş Cavabdeh adına alqı-satqı yolu ilə sənədləşdirilsin. 2. Cavabdeh tapşırılsın ki, bələdiyyənin müvafiq qərarına uyğun aidiyyatı zona üzrə torpağın müəyyən edilmiş satış qiymətinə görə bir kv.metri 4 manat 50 qəpik olmaqla, Biləcəri bələdiyyəsinin “Kapitalbank”ın 1 saylı Binəqədi filialında olan ********** saylı h/hesabına ödəsin və ödəmə barədə qəbzi Biləcəri bələdiyyəsinə təqdim etsin.” Həmin qərara uyğun olaraq o, 08 oktyabr 2007-ci il tarixdə Biləcəri bələdiyyəsinin "Kapitalbank”dakı hesablaşma hesabına 1.135 manat pul ödəmişdir. Yaşadıqları bu əraziyə dövlət tərəfindən Azəriqaz, Azərişıq, Azərsu tərəfindən komunal xidmət xətləri ilə təmin edilmişdir. Tikərək yaşadıqları fərdi yaşayış evinə Azəriqaz, Azərişıq, Azərsu tərəfindən onunla müqavilə bağlayaraq komunal xidmətlərlə təmin etmişlər. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən ona satılmış torpaq sahəsində fərdi yaşayış evi tikərək ailə üzvləri ilə hazırda bu evdə yaşayırlar. Bu onların yeganə yaşayış yerləridir. Bu fərdi yaşayış evi yaşayış məntəqəsinin ortasında yerləşir. Ətrafda yüzlərlə ev var. Bunların içərisində yalnız ona qarşı bu iddianın qaldırılmasını ona qarşı qərəzli olması kimi qiymətləndirir. Məhkəmə nəzərə almalıdır ki, iddiaçının qeyd etdiyi kimi evin özbaşına tikili olması, yəni 20 il əvvəl tikilməsi və istifadə edilməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdeh kimi onun və ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Binəqədi rayon X2 Alış Əzizulla oğlunun istifadəsinə 250 kv.m. torpaq sahəsinin ayrılması haqqında 825 saylı, 07 sentyabr 2007-ci il tarixli qərarı qüvvədə olduğu halda hazırki iddia tələbi təmin edilə bilməz. Nəzərə almaq lazımdır ki, əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsinə aid olmuş olsa idi belə, bu ötən 20 il ərzində müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdeh kimi ona və ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və onlar özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə edirlər. İşin faktiki hallarına əsasən, həm də iddiaçının Mülki Məcəllənin 180-ci maddəsinin tətbiqi ilə bağlı iddia ərizəsindəki dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, onun və ailə üzvlərinin uzun müddət ərzində yaşadıqları evin heç bir təminat olmadan sökülməsi və onların faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilmələri Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir.

31. Cavabdehin nümayəndəsi (vəkili) həmçinin bildirmişdir ki, ümumiyyətlə cavabdehin yaşadığı tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçı Şirkətinin fəaliyyət göstərdiyi ərazidə yerləşdiyi şübhəlidir və iddiaçı məhkəməyə bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Həmin ərazidə yüzlərlə yaşayış evi tikilmişdir və hazırda da tikilməkdə davam edir.

32. Təkrar apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- 1 saylı mədənin 5-ci sahəsində (Binəqədi/DYP-nin a/h/111 məhəllə 0003/mənzil 0199 ünvanında) inşa olunmuş və 1.397 439,547 4 478 822,583; 2.397 452,103 4 478 829,408; 3.397 461,890 4 478 810,413; 4.397 449,849 4 478 803,588 koordinatları daxilində yerləşən tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu və mənsubiyyəti (dövlət, bələdiyyə, yaxud xüsusi mülkiyyətdə olub-olmadığı) müəyyən edilsin.

- Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş sənaye təyinatlı torpaqlara aiddirmi? - 1 saylı mədənin 5-ci sahəsində (Binəqədi/DYP-nin a/h/111 məhəllə 0003/mənzil 0199 ünvanında) inşa olunmuş və 1.397 439,547 4 478 822,583; 2.397 452,103 4 478 829,408; 3.397 461,890 4 478 810,413; 4.397 449,849 4 478 803,588 koordinatları daxilində yerləşən tikili, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən İddiaçı Əməliyyat Şirkətinin istifadəsində olan kontrakt sahəsinin hüdudları daxilindədirmi?

33. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 21 noyabr 2024-cü il tarixli rəyində müvafiq suallara cavab olaraq göstərilmişdir ki, “kadastrportali.az” elektron kadastr portalında olan məlumatlara əsasən, 397 439,547 4 478 822,583; 397 452,103 4 478 829,408; 397 461,890 4 478 810,413; 397 449,849 4 478 803,588 koordinatları daxilində yerləşən tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növünün Dövlət, uqodiyasının tikinti altında, kateqoriyasının – yaşayış məntəqələrinin torpaqları olduğu müəyyən edilir. 1 saylı mədənin 5-ci sahəsində (Binəqədi/DYP-nin a/h/111 məhəllə 0003/mənzil 0199 ünvanında) inşa olunmuş və 1.397 439,547 4 478 822,583; 2.397 452,103 4 478 829,408; 3.397 461,890 4 478 810,413; 4.397 449,849 4 478 803,588 koordinatları daxilində yerləşən tikilinin və torpaq sahəsinin Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən İddiaçı Əməliyyat Şirkətinin istifadəsində olan kontrakt sahəsinin hüdudları daxilindədə yerləşdiyi müəyyən edilmişdir”.

34. Təkrar apellyasiya baxışı zamanı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Biləqədi rayon Biləcəri qəsəbə Bələdiyyəsi nümayəndələrini məhkəməyə göndərməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

35. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

40. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

41. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

42. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

43. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

44. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

46. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

47. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

48. Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

49. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

50. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

“Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

51. 1-ci bənd. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

52. 4-cü bənd. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

53. 5-ci bənd. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

58. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

59. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

62. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

64. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

66. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

67. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün əsas mövcud deyildir.

68. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin (§ 35) müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

69. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi (§ 38, 39, 48) daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.

70. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt (§ 48) özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır (§ 37). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139- 1-ci maddəsində əks olunmuşdur.

71. Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir.

72. Mülki Məcəllənin 180.3-cü maddəsində (§ 46) qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir (§ 42). Bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur.

73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman "əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X6rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).

74. Avropa Məhkəməsi “Əhmədova Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o vaxt iddia edə bilərdi ki, mübahisə edilən qərarlar bu maddə ilə təmin edilən “mülkiyyət” anlayışı daxilindədir. “Mülkiyyət” anlayışı təkcə “mövcud mülkiyyət”lə məhdudlaşmır, həmçinin, ərizəçinin mülkiyyət hüququndan effektiv istifadə edə bilməyə ən azından məqbul və “qanuni gözləntisi” olduğu əmlakları, tələbləri də əhatə edə bilər. “Gözlənti” əgər, qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanırsa “qanuni”dir. Hər bir işdə yoxlanılmalı olan məsələ, bütövlüklə nəzərə alındıqda, işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əsl marağı verib-verməməsidir. ...Məhkəmə diqqət yetirir ki, sözügedən evin ərizəçinin hesabına sökülməsi qərara alınmışdır. Ərizəçinin üzərinə qoyulan bu cür öhdəlik onun əmlaklarından dinc istifadə hüququna müdaxilə təşkil etmişdir. 1 saylı Protokolun 1-ci maddəsi söküntü qərarının bu hissəsinə münasibətdə tətbiq edilə bilər”.

75. Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

76. Cavabdehin inşa etdiyi tikilinin İddiaçı şirkətinin istifadəsinə verilmiş sahənin hüdudları daxilində yerləşdiyi işin müəyyən olunan halıdır.

77. Bu səbəblə kollegiya hesab edir ki, həmin sahəyə dair cavabdehin məqbul və “qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. Onun həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır.

78. Buna görə də kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və iddia tələbinin təmin olunması üçün əsas təşkil edir.

79. Bununla belə kollegiya hesab edir ki, qətnamənin icra qaydası və müddəti müəyyənləşdirilməlidir.

80. Belə ki, iddiaçı şirkət hazırda müvafiq torpaq sahəsində neft-qaz hasilatı ilə bağlı işlərin həyata keçirilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Əksinə, verilən izahatlarla və fotoşəkillərlə müəyyən olunmuşdur ki, mübahisəli özbaşına tikilinin yerləşdiyi sahədə hal-hazırda neft-qaz hasilatı ilə bağlı işlər həyata keçirilmir (həmin sahədə neft quyusu və ya neftin (təbii qazın) nəqli üçün boru xətti və sair qurğular yoxdur), orada çoxsaylı yaşayış evləri inşa olunmuşdur.

81. İşin bu halını və “Əhmədova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında həmin Məhkəmənin ifadə etdiyi mövqeyi, habelə MPM-in 220.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikilinin sökülməsi həmin tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman həyata keçirilməlidir.

82. Avropa Məhkəməsinin həmin qərarında təsbit etdiyi hüquqi mövqeyə görə, məhkəmələr özbaşına tikilinin sökülməsi ilə bağlı işlərdə tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı qətnamə qəbul edərkən cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin yaşayışını təmin edən yaşayış sahəsi olmasını nəzərə almalı və müəyyən etməlidirlər ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməlıdır.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-437/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbi təmin edilsin. Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində (1.397439,547 4478822,583; 2.397452,103 4478829,408; 3.397461,890 4478810,413; 4.397449,849 4478803,588 koordinatlar daxilində) Binəqədi/DYP-nin a/h/111 məhəllə 0003/mənzil 0199 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili Cavabdeh hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı şirkətinin istifadəsinə qaytarılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi kimi 60 (altmış) manat Cavabdeh alınaraq İddiaçı şirkətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamənin “Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində (1.397439,547 4478822,583; 2.397452,103 4478829,408; 3.397461,890 4478810,413; 4.397449,849 4478803,588 koordinatlar daxilində) Binəqədi/DYP-nin a/h/111 məhəllə 0003/mənzil 0199 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı şirkətinin istifadəsinə qaytarılması” hissəsi üzrə icra qaydası və müddəti müəyyən edilsin. Qətnamə həmin hissədə, özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar