Məhkəmə qərarları › İş №2(103)-811/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-811/2023

12.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-811/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikilinin sökülməsi, qonşu təsirinə dözmək vəzifəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi”; İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 13 may 2003-cü il tarixdə qeydiyyata alınmışdır.

2. ünvan 1 ünvanında yerləşən 3/7 saylı sıxlaşdırılmış mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 27 may 2008-ci il tarixdə qeydiyyata alınmışdır.

3. ünvan 2 ünvanında yerləşən və Səbail rayon MKTB-nin balansında olmaqla ümumi sahəsi 15 m2 təşkil edən qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xidmət məqsədilə xx.xx.2006-cı il tarixədək Cavabdeh1 icarəsinə verilmiş, bununla əlaqədar onunla Komitə arasında xx.xx.2006-cı il tarixdə 454 nömrəli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlanmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə isə həmin icarə müqaviləsi Cavabdeh1 müqavilə şərtlərinə əməl etməməsi səbəbilə ləğv edilmişdir.

4. Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı müxtəlif tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 12 500 manata İddiaçı satılaraq hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli 40/01 saylı protokol tərtib olunmuş, xx.xx.2018-ci il tarixdə isə sözügedən əmlak sonuncuya satılmaqla xx.xx.2018-ci il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır.

5. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin ona satılması” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

6. İddiaçı X2 və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və ona təhvil verilməsi, zərərin əvəzinin ödənilməsi” tələbləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 24,4 kv.m.-dən ibarət qeyriyaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin açarlarla birlikdə İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin ona satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən; İddiaçı X2 və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və ona təhvil verilməsi, zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, hər iki qətnamə dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı X2 və Cavabdeh1 qarşı “mülkiyyətdən istifadəyə qoyulmuş maneələrin qanunsuz hesab edilməsi” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 24,4 m2-dən ibarət qeyri-yaşayış sahəsinin qapısının girişində, eləcə də pəncərəsinin yaxınlığında yığılmış əşyaların X3 və Cavabdeh1 tərəfindən boşaldılması, ümumi həyətdən rahat və sərbəst istifadəyə olan bütün maneələrin tam aradan qaldırılması və X3 və Cavabdeh1 tərəfindən bir daha bu cür halların təkrar edilməməsi qət olunmuşdur.

9. Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 10-H- 156-070 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “... sözügedən tikiliyə dair hüquqmüəyyənedici sənədlər rayon icra hakimiyyətinin arxivində aşkar edilməmişdir”, xx.xx.2022-ci il tarixli cavab məktubunda isə göstərilmişdir ki, “...mövcud tikilinin sökülməsi Rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir və söküntii işlərinin aparılması qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında məhkəmə “icra" şöbəsi tərəfindən həyata keçirilir.”

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 2 ünvanında yerləşən binanın ümumi istifadədə olan həyətində cavabdehlər tərəfindən qanunsuz yolla inşa edilmiş özbaşına tikilinin sökülməsi və ərazinin tullantılardan təmizlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı həmin iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən binanın ümumi istifadəsində olan həyətində cavabdehlər tərəfindən qanunsuz yolla inşa edilmiş özbaşına tikili ümumi həyətin girişində kifayət qədər böyük bir sahəni zəbt edir, həyətdən tam və rahat şəkildə istifadə edilməsinə ciddi maneələr törədir və ümumi istifadədə olan həyətdən istifadədə cavabdehlərə əsassız, əlahiddə hüquqlar yaradır. Eyni zamanda dövlət mülkiyyətində olan torpağın bu cür zəbt edilməsi və qanunsuz tikilininin özbaşına inşa edilməsi neqativ presedent yaradır. Nəticədə cavabdehlər həyətin zəbt edilməsində bir növ cəzasızlıq və özbaşınalıq indulgensiyası əldə etmişlər. Məhz bu səbəbdəndir ki, cavabdehlər hələ 2008-ci ildən bəri həyəti “özününküləşdirməyə”, buraya qonşuları buraxmamağa cəhdlər etmiş, bununla əlaqədar hələ 2008-ci ildə onlara Səbail İcra Hakimiyyəti tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. Həyətdə yerləşən qeyri-yaşayış sahəsini 2018-ci ildə almasından sonra eyni qərəzli hərəkətlər fasiləsiz olaraq ona da ünvanlanmışdır. Cavabdehlər bugün də ona qarşı qərəzli və aqressiv davranışlarından əl çəkmir, artıq uzun müddətdir ki, müxtəlif üsullarla ümumi həyətdən istifadə etməyinə maneəçilik törətmək üçün ona qarşı dözülməz davranışlar göstərməkdə davam edirlər. Ona qarşı əsassız iddialara və əmlakından istifadə ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ərizələri əsasında Bakı şəhəri Səbail Rayonu Məhkəməsi tərəfindən xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixli qətnamələr qəbul edilmiş, həmin qətnamələrlə onun iddia tələbləri əsaslı bilinərək tam təmin edilmişdir. Sözügedən ünvanda yerləşən cavabdehlərə məxsus yaşayış sahəsinə əsas giriş küçəyə bir-başa çıxan blokdandır, lakin ona məxsus qeyri-yaşayış sahəsinə yalnız qeyd etdiyi, ümumi istifadəsində olan həyətdən daxil olmaq mümkündür. Cavabdehlər binada 2 mənzilə sahib olmalarına baxmayaraq bununla kifayətlənmir, daima həyəti də zəbt etməyə çalışır, burada qanunsuz tikili inşa etməyə müvəffəq olurlar. Həyətdə tikilmiş bu tikilinin inşa ediməsi üçün zəruri olan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sərəncamın, hüquq müəyyənedici sənədlərin olub-olmadığı barədə tərəfindən Səbail Rayonu İcra Hakimiyyətinə müraciət edilmişdir. Səbail Rayonu İcra Hakimiyyəti 10-H-156-070 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “... sözügedən tikiliyə dair hüquqmüəyyənedici sənədlər rayon icra hakimiyyətinin arxivində aşkar edilməmişdir”. Qeyri-qanuni tikilinin sökülməsi ilə əlaqədar tədbirlərin görülməsinə dair Səbail Rayonu İcra Hakimiyyətinə müraciətinə cavab olaraq icra hakimiyyəti özünün 10/6-H-4/2-149 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “...mövcud tikilinin sökülməsi Rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir və söküntii işlərinin aparılması qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında məhkəmə “icra" şöbəsi tərəfindən həyata keçirilir." Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı mövcud, sözügedən tikilinin qeyri-qanuni olması faktını təsdiq etmiş, bu tikiliyə dair heç bir hüquqmüəyyənedici sənədlərin olmadığını bildirmiş və bu qeyriqanuni tikilinin sökülməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də, ümumi istifadədə olan həyətdə ictimai əsaslar baxımından mülkiyyət hüquqlarına mövcud olan maneələr tamamilə aradan qaldırılmalıdır.

12. Göstərilən iddia ərizəsi əsasında birinci instansiya məhkəməsində 2(009)- 814/2022 sayısı ilə mülki icraat başlanılmışdır.

13. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı digər iddia ərizəsi ilə də məhkəməyə müraciət etmiş, ünvan 2 ünvanında yerləşən və mülkiyyətində olan qeyriyaşayış sahəsinə gedən yeganə yolun keçdiyi ümumi həyətin girişinin üzərindən, bütün həyət boyunca cavabdehlər tərəfindən bərkidilmiş paltar iplərinin sökülərək həyətdən yığışdırılması və bir daha bu cür halların təkrar edilməməsi öhdəliklərinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Həmin iddia tələbi də yuxarıda göstərilən iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin aşağıdakı faktiki hallar irəli sürülmüşdür: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən həyətdəki maneələrin aradan qaldırılması və bir daha bu cür halları təkrar etməmələri öhdəliyi cavabdehlərin üzərinə qoyulmuş, qətnamənin icrası Səbail Rayonu İcra və Probasiya Şöbəsi tərəfindən icra edilmiş, lakin yenidən cavabdehlər öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Bununla əlaqədar artıq Səbail Rayonu İcra və Probasiya Şöbəsinə yenidən müraciət edilmişdir. İcra işi hələ ki, davam edir. Buna baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 həyətə ümumi girişin üzərinə paltar ipləri asmaqla onun öz əmlakına sərbəst və rahat giriş-çıxışına maneələr törədirlər. Həyətə olan şüşəbənd balkonları boyunca paltar iplərini asmaq üçün təqribən 7-8 metr uzunluğunda uyğun yerlərinin olmasına baxmayaraq, cavabdehlər paltar iplərini bütün həyət boyunca çarpaz şəkildə asaraq onu bu palpaltarların, onlardan axan suyun altından keçərək əmlakına daxil olmağa vadar etməyə çalışırlar. Özlərinə aid üst-alt paltarları yuyub bayıra asmağın nə qədər düzgün olduğu məsələsinə varmadan, o bu şəxslərin pal-paltarının altından, onlardan axan suyun damcılarından əti ürpəşərək keçməyə məcbur deyil. Bu nəinki heç bir sanitariya və birgəyaşayış qaydalarına uyğun deyildir, həmçinin şəhərin ən mərkəzi ərazisində ərazisində qeyri-estetik, “gecə qondu” mənzərəsi yaradır. Göstərilən vəziyyət, onun bir sakin və bir vətəndaş kimi hüquqlarını tapdalayır. Ümumi istifadədə olan ərazidə sakinlərin yaşayışı, rəftarı, məişət ehtiyaclarının ödənməsi qonşuluqda olan digər sakinlərin hüquq və mənafeləri nəzərə alınmaqla icra edilməlidir və qonşunun hüquqları tapdanmamalıdır. Əslində bu cür məişət məsələləri sağlam məntiq, qanacaq və adətənənə əsasında həll edilməlidir. Məhz bu tərzdə bu məişət məsələsini həll etməyə çalışmış, lakin nəticə əldə edə bilməmişdir. Göstərilən iplərin yerinin dəyişdirilməsi, qonşu kimi onun hüquqlarının bu şəkildə tapdanmasına son qoyulması barədə çağırışlarına Cavabdeh1 və Cavabdeh2 heç bir məhəl qoymur, nalayıq formada onu təhqir edir, bildirirlər ki, onlar özləri istədikləri kimi rəftar edəcəklər, deyirlər ki, “get hara istəyirsən şikayət et”. Bu problemlə əlaqədar xx.xx.2022-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyətinin Başçısına ərizə ilə müraciət ünvanlamış, Cavabdeh1 və Cavabdeh2 Lermontov küçəsi 119 ünvanında yerləşən, ümumi istifadədə olan həyətin girişinin üzərindən, bütün həyət boyunca, onun əmlakına gedən yeganə yolun üstündən çəkilmiş paltar iplərinin oradan çıxarılması üçün təcili tədbirlər görülməsini xahiş etmişdir. Onun ərizəsi Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Üzrə Nümayəndəliyi tərəfindən araşdırılmış və qaldırdığı məsələ ilə bağlı qurum tərəfindən Səbail rayonu, 9-cu Polis Bölməsinə aidiyyatı üzrə müvafiq müraciət olunmuşdur. Öz növbəsində 9-cu Polis Bölməsi məsələni araşdırmış, sahə müvəkkili tərəfindən cavabdehlərə göstərilən halın həqiqətən də onun hüquqlarına zidd olduğu, həmçinin mərkəzi küçənin estetik mənzərəsini də pozduğu bildirilmiş, cavabdehlər paltar iplərini mənzillərinin şüşəbəndi boyunca asmağa dəvət edilmişlər. Lakin təəssüf ki, polis əməkdaşlarının çağırışları da müsbət nəticə verməmişdir. Bununla əlaqədar, 9-cu Polis Bölməsi xx.xx.2022-ci il tarixli 067-3496-1221 saylı məktubunu ona ünvanlayaraq, faktla əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməyini tövsiyyə etmişdir. Göründüyü kimi cavabdehlər nəinki onun, hətta səlahiyyətli orqanların nümayəndəlirinin də mövqelərinə, çağırışlarına məhəl qoymur, ümumi istifadədə olan həyəti hər vəchlə “özününküləşdirməyə” çalışır, qonşu kimi onun hüquqlqrını tapdalayır, birgəyaşayış qaydalarını heçə sayır. Hesab edir ki, cavabdehlərin ona məxsus qeyri-yaşayış sahəsinə qarşı hüquq əsas olmadan qanunsuz maneələr yaratması sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst şəkildə faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu səbəblə də ümumi istifadədə olan həyətdə olan əşyaların hamısı oradan götürülməli, öz əmlakından istifadəsi üçün mövcud olan maneələr tamamilə aradan qaldırılmalıdır.

15. Həmin iddia ərizəsi əsasında birinci instansiya məhkəməsində 2(009)- 815/2022 sayısı ilə mülki icraat başlanılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən mülki mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

16. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı özbaşına tikilinin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqları yoxdur. Hər hansı bir tikilinin qanuni olub-olmaması səbəbindən onun sökülməsi barədə iddia irəli sürmək müvafiq icra hakimiyyətinin səlahiyyətindədir. Mübahisəli qanunsuz tikili 1997-ci ildə tikilmişdir və iddiaçının maraqlarına toxunmur. İddianın paltar iplərinin sökülərək həyətdən yığılması məsələsinə gəldikdə, qonşunun dözmək vəzifəsi var və bu vəzifələr Mülki Məcəllənin müəyyən normalarında öz əksini tapmışdır.

17. Cavabdeh2 da iddia tələblərinin əsassız olduğunu, Cavabdeh1 nümayəndəsinin (vəkilinin) izahatı ilə razılaşdığını bildirmişdir.

18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

19. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən binanın ümumi istifadəsində olan həyətində cavabdehlər tərəfindən anbar kimi isifadə olunan tikili iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini hər hansı şəkildə pozmur və onun həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaratmır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3278 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən binanın ümumi istifadədə olan həyətində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (anbar) İddiaçı həmin ünvanda yerləşən özünə məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışdan (5,50m) aralı vəziyyətdə inşa olunduğundan və ümumi giriş-çıxış darvazasından iddiaçıya məxsus qeyri-yaşayış sahəsinədək 11,0 m ara məsafəsi olduğunu nəzərə alaraq anbar tikilisinin qeyri-yaşayış sahəsinə giriş-çıxışına və yanğın təhlükəsizliyi baxımından maneə törətmədiyi müəyyən edilmişdir. Buna görə də, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir.

20. İddiaçının cavabdehlərə qarşı “qeyri-yaşayış sahəsindən və ümumi həyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mənzilindən qarşı tərəfə birləşdirilmiş paltar asmaq üçün iplər iddiaçının öz qeyri-yaşayış sahəsinə sərbəst və rahat giriş-çıxışına hər hansı maneəçilik törətmir, iddiaçının öz mülkiyyətindən istifadəni məhdudlaşdırmır.

21. Gəldiyi nəticənin hüquqi əsaslandırması kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 152-ci, 157.4-cü, 164.1-ci, 170.2-ci, 171-ci, 180-ci maddələrinə istinad etmişdir.

22. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizələrinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, natamam ekspert rəyinə istinad etdiyi, sübutlara düzgün qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahat

23. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmiş, onun nümayəndəsi (vəkili) isə ərizə ünvanlayaraq İddiaçı səhhətində yaranmış problemlə bağlı gələ bilməyəcəyini göstərməklə prosesin təxirə salınmasını xahiş etmişdir.

24. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəmə gəlməmişdir.

25. İşin halları, iddiaçının nümayəndəsinin teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

26. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

32. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

33. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

34. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

35. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

42. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

43. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

44. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

45. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

51. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

52. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin (§ 26) müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

53. Qanunvericiliyin mənasına görə (§ 36,37), lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı ilə sökülə bilər. Yəni müvafiq qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını, qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır.

54. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən binanın ümumi istifadədə olan həyətində cavabdehlər tərəfindən inşa edilmiş tikili (anbar) İddiaçı həmin ünvanda yerləşən qeyriyaşayış sahəsinə giriş-çıxışdan (5,50m) aralı yerləşir və ümumi giriş-çıxış darvazasından iddiaçıya məxsus qeyri-yaşayış sahəsinədək 11,0 metr ara məsafəsi olduğundan həmin anbar tikilisi qeyri-yaşayış sahəsinə giriş-çıxışıa və yanğın təhlükəsizliyinə maneə yaratmır.

55. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun “özbaşına tikilinin sökülməsi” tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

56. Kollegiya, iddiaçının digər tələbi üzrə gəlinən nəticə ilə də razılaşır; belə ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən, iddiaçının sökülməsini tələb etdiyi iplərin cavabdehlərə məxsus mənzilin divarından ümumi istifadədə olan həyətin digər tərəfinə doğru uzandığı, cavabdehlərin üst qonşusu tərəfindən də eyni şəkildə iplərin çəkildiyi aydın olur – bu iplərin çəkilməsinin (quraşdırılmasının) məqsədi isə yuyulan paltarların qurudulmasından ibarətdir.

57. Başqa sözlə, həmin iplərin quraşdırılmasında cavabdehlərin mənafeyi vardır və iddiaçının müvafiq iddia tələbi üzrə düzgün nəticəyə gəlinməsi üçün, həmin mənafe ilə iddiaçının mülkiyyət hüququ arasında ədalətli balansın uzlaşıb-uzlaşmadığının müəyyənləşdirilməsi zəruridir.

58. Kollegiya hesab edir ki, ümumi istifadədə olan həyətin üzərindən çəkilmiş sözügedən iplərin quraşdırılmasında cavabdehlərin mənafeyi ilə iddiaçıların mülkiyyət hüququnun qorunması mənafeyi arasında ədalətli balans mövcuddur və iplərin iddiaçıya yaratdığı narahatçılıq (diskomfort), onun digər şəxslərlə birgəyaşayışı asanlaşdıran sosiallaşmış məkanda yaşamaq hüququnun pozuntusu kimi qəbul edilə bilməz.

59. Bu qənaətə gələrkən kollegiya xüsusilə nəzərə alır ki, cavabdehlərin sözügedən ipləri quraşdırmasında “qanuni məqsəd” vardır və Azərbaycan Respublikasının qanunverciliyində şəxsin paltarlarını qurutmaq məqsədilə öz yaşadığı evin həyətinə, yəni hər kəsin (bina sakinlərinin və üçüncü şəxslərin) istifadəsinə açıq olan həyətə istiqamətlənmiş iplər quraşdırmasını qadağan edən norma mövcud deyildir.

60. Kollegiya onu da qeyd edir ki, müvafiq iddia tələbi üzrə gəlinən nəticə, cavabdehlərin quraşdırdığı iplərdən, yaxud onlardan asılmış paltarlardan ziyan görəcəyi təqdirdə, iddiaçını cavabdehlərə qarşı ziyanın ödənilməsi barədə tələb irəli sürmək hüququndan məhrum etmir. Çünki istənilən subyektiv hüququn hüdudları vardır subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu onu özbaşınalığa çevirir, buna görə də hüquqdan sui-istifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-814/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar