Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8116/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci ilil tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC, kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 00515237 saylı, xx.xx.2019-cu il tarixli “Nisyə alğı-satqı müqaviləsi” üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 1.364 manat, əsas borcun ödənilməməsi səbəbindən müqavilənin şərtinə əsasən tətbiq edilmiş və iddiaçının özü tərəfindən məbləği azaldılmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 136 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı olan MMC ilə alıcı olan cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçı MMCdən hissə-hissə ödəniş dəyəri 2.780 manat olan “İphone X” markalı (İMEİ kodu **********12534) mobil telefon almışdır. Cavabdeh ilk ödəniş olaraq MMC-yə 5 manat ödəmiş və qeyd edilən müqavilə üzrə MMC qarşısında öhdəlik götürmüşdür ki, qalan 2.775 manatı MMC-yə hissə-hissə 15 ay müddətində, ayda 185 manat olmaqla ödəyəcək. Buna baxmayaraq cavabdeh tərəfindən MMC-yə hissə-hissə 1.416 manat ödənilmiş, qalan 1.364 manat, MMC tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bunu nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtinə görə cavabdehə 136 manat məbləğində cərimə borcu hesablamışdır. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz Rayon Məhkəməsinə təqdim edilməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin cərimənin tutulması hissəsində ləğv edilməsini və həmin tələbin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi əsassız hesablanmış cərimənin də cavabdehdən tutulmasını qət etməklə iş üzrə qanunsuz nəticəyə gəlmişdir. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmişdir. Cavabdeh ərizə ilə Məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və cərimənin tutulması barədə tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnaməni cərimə borcunun tutulması hissəsində mübahisələndirir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, satıcı olan MMC ilə alıcı olan cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı MMC-dən hissə-hissə ödəniş dəyəri 2.780 manat olan “İphone X” markalı (İMEİ kodu **********12534) mobil telefon almışdır. Müqavilənin şərtlərindən və müqavilənin tərkib hissəsi olan “xxxx” görünür ki, cavabdeh ilk ödəniş olaraq MMC-yə 5 manat ödəyərək MMC qarşısında üzərinə öhdəlik götürmüşdür ki, qalan 2.775 manatı MMC-yə hissə-hissə 15 ay müddətində, ayda 185 manat olmaqla ödəyəcək. Tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh tərəfindən MMC-yə hissə-hissə cəmi 1.416 manat ödənilmiş, qalan 1.364 manat isə ödənilməmişdir. MMC tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq həmin borc ödənilməmiş qalmışdır. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdehin üzərinə götürdüyü öhdəliyi icra edilməməsini nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtinə görə cavabdehə 136 manat məbləğində cərimə borcu hesablamış, həmin məbləğin cavabdehdən tutulması barədə cavabdehə qarşı tələb irəli sürmüş, işə baxmış Rayon Məhkəməsi bu tələbi əsaslı hesab etmiş, bu tələbə etiraz edən cavabdeh isə bildirir ki, cərimə ona əsassız olaraq hesablanmışdır. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Qeyd edilən maddi hüququ normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, borclu olan cavabdehin onunla kreditor olan MMC arasında bağlanmış müqavilə üzrə MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur; cavabdeh, öhdəliyin icra edilməməsinə görə MMC qarşısında mülki məsuliyyət daşıyır; cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Məhkəmə qeyd edir ki, MMC ilə cavabdeh arasında bağlanmış müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəli” dən görünür ki, müştəri “Ödəniş cədvəli” üzrə ödənişləri 3 aydan çox müddətə yerinə yetirmədikdə, müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 278 manat məbləğində cəriməni ödəməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, iddiaçı MMC özü dəbbə məbləğinin tənasüblüyünü nəzərə alaraq cavabdehə hesablanmış cəriməni azaldaraq 136 manat məbləğində müəyyən etmiş və işə baxmış Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq MMC-nin müzakirə edilən tələbini əsaslı hesab etmişdir. Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin maddəsinə əlavə edilmiş və xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddianın qiyməti isə 2.000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8116/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8116/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver