Məhkəmə qərarları › İş №2(103)-8117/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8117/2021

09.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8117/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-685/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 mülkiyyətində olan “Nissan Altima” markalı, 2006-cı il buraxılışlı, 1N4AL11DX7C114721 ban nömrəsi, 554879 mühərrik nömrəsi ilə **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə onun və cavabdehlərin 1/3 hissədə miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıl Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı mirasda payın müəyyən olunması tələbinə dair ilk, cavabdeh İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(004)-1036/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı mirasda payın müəyyən olunması tələbinə dair ilk, cavabdeh İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(004)-1036/2021 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(004)-685/2021 saylı mülki işə birləşdirilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ölməsi səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-685/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi rədd, Cavabdeh2 ərizəsi isə 16.04.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-685/2021 saylı, 17 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadda qənaətini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 işin məhkəmə icraatı dövründə öldüyündən və hazırkı hüquq münasibətləri hüquq varisliyinə yol verdiyindən, habelə Cavabdeh2 digər iddiaçı (əri) Cavabdeh1 vərəsəsinin müəyyən edilməsi məqsədilə iş üzrə icraatın dayandırılması barədə məhkəməyə rəsmi ərizə verdiyindən , iş üzrə icraat Mülki Prosessual Məcəlləsinin 254.1.1.-ci maddəsinə əsasən 16.04.2021-ci il tarixdə vəfat etmiş iddiaçı Cavabdeh1 hüquqi varisi müəyyən edilənə kimi dayandırılmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda, konkret olaraq şəxs öldükdə məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Cavabdeh2 digər iddiaçı (əri) Cavabdeh1 vərəsəsinin müəyyən edilməsi məqsədilə iş üzrə icraatın dayandırılması barədə məhkəməyə ərizə vermək əvəzinə özünun yaxud başqa şəxsin hüquq varisi kimi tanınması barədə ərizə də verə bilərdi. Çünki, hüquq varisi kimi tanınma üçün vərəsənin müəyyən edilməsinə zərurət yoxdur. Hüquq varisi, ölmüş şəxsi əvəz etmək üçün prosesə daxil olan şəxsdir. Cavabdeh2 da ölmüş şəxsin arvadıdır və hüquq varisi olmaq üçün ən real namizəddir. Məhkəmənin iş üzrə icraatı dayandırılmasını hansı vərəsənin müəyyən edilməsi məqsədilə etdiyi və bunun üçün hansısa tədbir gördüyü də işdən bəlli deyil. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə əsasən iş üzrə icraat vərəsənin müəyyən edilməsi məqsədilə deyil, hüquq varisi müəyyən edilənədək dayandırılır. Hüquq varisi qeyd olunduğu kimi elə Cavabdeh2 özü ola bilərdi. Düzdür, birləşdirilmiş hər üç iş üzrə, o, cavabdeh olsa da mərhum Cavabdeh1 iddiası üzrə ona qarşı konkret hansı tələbin yönəldiyi də bəlli deyil. Yəni, Cavabdeh2 16.04.2021-ci il tarixdə vəfat etmiş iddiaçı Cavabdeh1 başqa hüquqi varisi olmaq istəyən şəxs yaxud başqa vərəsəsi olması barədə məhkəməni məlumatlandıra bilərdi. Əgər mərhumun ondan başqa vərəsəsi yoxdursa onda yeganə vərəsənin müəyyən edilməsi üçün iş üzrə hüquq varisi kimi əvəz etmə barədə qərar qəbul etmək əvəzinə icraat niyə dayandırılmalı idi. Ona görə də məhkəmənin də bu halları yoxlamayıb, araşdırmayıb bu cür qərar qəbul etməsi başadüşülən olmamışdır. Çünki, proses iştirakçısının hüquqdan sui-istifadə etməklə yaratdığı bu cür vəziyyət lüzumsuz və əsassız olaraq işə baxılması müddətlərinin uzadılmasına və şikayətçinin də qeyd etdiyi kimi istifadəsinə qadağa qoyulmuş avtomobilin istəristəməz yararsız vəziyyətə düşməsinə səbəb olur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-685/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməli, birinci instansiya məhkəməsi tərəfindən növbəti prosessual hərəkətlər edilərkən bu qərardadda müəyyən olunmuş göstərişlərin məcburiliyi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-685/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Birinci instansiya məhkəməsi tərəfindən növbəti prosessual hərəkətlər edilərkən bu qərardadda müəyyən olunmuş göstərişlərin məcburiliyi nəzərə alınsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar