Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8119/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmlak və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)-1843/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh “Bəşir İnşaat" MMC ilə aralarında 30.10.2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi3M/640) ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən icra edilməmiş hissəsi olaraq həmin ünvanda tikilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinin və 18 kv.m qarajın cavabdehdən alınaraq ona verilməsi və vurulmuş maddi zərərə görə cavabdehdən 120000 (bir yüz iyirmi min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası rədd edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə - "İstilik" kafesi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Həmin müəssisə dövlət əmlakı olmuş və iddiaçı tərəfindən özəlləşdirilmişdir. Bununla bağlı Azərbaycan Respubliaksı İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən 3 № li reyestr kitabının 10-cu səhifəsində 001431 qeydiyyat nömrəsi ilə 05.07.2002-ci il tarixdə qeydiyyata alınmış və "Mülkiyyət hüququ haqqında Şəhadətnamə” verilmişdir. Əmlak kompleksi kimi müəssisə “A", "B” və "C” tikililərindən ibarət olmaqla ümumi sahəsi 155,1 m2 , istifadəsində olan ümumi torpaq sahəsi isə 528,6 m2 təşkil elmişdir. 30 dekabr 2009-cu il tarixdə iddia tələbləri üzrə cavabdeh "xxxx" MMC ilə aralarında razılaşma müqaviləsi imzalanmışdır. Həmin müqavilə Bakı şəhəri 19 saylı Notariat Kontorunda 3M-640 reyestr nömrəsi ilə qeyd edilməklə notarial qaydada təsdiq edilmişdir. Müqavilənin predmeti ünvan 1 ünvanında 12 mərtəbəli 1 girişi yaşayış binasının inşa edilməsi ilə bağlı olmuşdur. Müqavilədə Birinci tərəf adlandırılmaqla iddiaçının pay qoyuluşu mülkiyyətində olan "İstilik" kafesi olmalı idi. Müqaviləyə əsasən vəzifəsi isə müqavilə imzalandıqdan sonra 10 gün ərzində tələb olunan əmlakı və sənədləri təqdim etmək idi ki, bu vəzifəyə əməl edilmişdir. Müqavilənin "Xüsusi razılaşma” adlandırılmış 6-cı bəndinə əsasən, tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin 293 m2 hissəsi. 18 m2 qaraj və yaşayış mərtəbəsinin 613 m2 hissəsi iddiaçıya məxsus olmalıdır. Bu günədək cavabdeh tərəfindən yalnız müqavilə öhdəliklərinin yaşayış sahəsi ilə bağlı hissəsinə əməl edilmişdir. Qalan hissə, yəni binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 m2 hissəsi və 18 m2 qarajla bağlı öhdəliklər bu günə qədər yerinə yetirilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil4 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Kollegiya) apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə və həmin əsasla iddianı rədd etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. “İstilik” kafesi iddiaçının mülkiyyətindədir. Yəni, mübahisə predmeti iddiaçının tam əşya hüququ olan daşınmaz əmlakdan məhrum olması ilə bağlıdır. Bu mübahisəyə yalnız müqavilə öhdəliklərinin icrası kimi baxılmasını doğru deyildir. Belə ki, müqavilənin predmeti müqavilə tərəflərindən birinin tam əşya hüququnun itirilməsi müqabilində əldə edilməli olan digər tam əşya hüququ ilə bağlıdır. Belə olan halda, fikrimizcə, iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə məhkəmə, mübahisənin Mülki Məcəllənin 384.0.4-cü maddəsinin təsiri dairəsinə düşdüyü nəticəsinə gəlməli idi. Digər tərəfdən, hətta, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri nəzərə alınmasa belə, iddia müddətinin ötürülmüş olması barədə məhkəmənin gəldiyi nəticə yalnışdır. Belə ki, tərəflər arasında bağlanmış 30.12.2009-cu il tarixli müqavilənin 7-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və hu Müqavilədə əks olunan tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri həyala keçirilənədək qüvvədədir. Göründüyü kimi müqavilənin qeyd olunan bəndində tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri həyata keçirdikləri ana qədər müqavilənin qüvvədə olması təsbit olunmuşdur. Belə olan halda, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilmədiyinə görə həmin müqavilə hal-hazırda da qüvvədədir. Buna baxmayayaraq, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan hallara ümumiyyətlə münasibət bildirib hüquqi qiymət verməmiş, bununla da iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı iclasında cavabdeh tərəf qətnamənin dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişlər. Apellyator qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş İddiaçı adından nümayəndəsi X2 ilə Cavabdeh MMC arasında bağlanmış 30.12.2009-cu il tarixli razılaşma müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan “İstilik” kafesinin yerləşdiyi ərazidə, yəni ünvan 1 ünvanında tərəflər birgə kommersiya maraqlarını rəhbər tutaraq pul vəsaitlərini, digər maddi resurslarını, peşəkar təcrübələrini, işgüzar nüfuzlarını və işgüzar əlaqələrini birləşdirmək yolu ilə 1 girişli, 12 mərtəbəli yaşayış binasını inşa etməyi öhdələrinə götürmüşdür. Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən obyektin dəmir beton kontruksiyasının xarici və daxili arakəsmələrinin hörülməsi müqavilə imzalandığı gündən 26 ay müddətinə başa çatmalıdır. Müqavilənin 6-cı bəndinə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin 293 m2, 18 m2 qaraj, yaşayış mərtəbəsinin 613 m2 sahəsi birinci tərəfə X1 məxsus olması razılaşdırılmışdır. Müqavilənin 7-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və hu Müqavilədə əks olunan tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri həyala keçirilənədək qüvvədədir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 30.12.2009-cu ildə müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçıya yaşayış və qeyri yaşayış sahələrinin təhvil verilməsi razılaşdırılmışdır. Müqavilə üzrə razılaşdırılmış yaşayış sahəsi təhvil verilmişdir. Hazırda 293 m2 iddiaçı qeyri yaşayış sahəsinin və 18 m2 qarajın təhvil verilməsini tələb edir. Cavabdeh tərəf qeyd edir ki, müqavilə bağlanarkən iddiaçının nümayəndəsi olmuş X2 pul müqabilində müqavilədən imtina etmişdir. Notariat qaydasında iddiaçının adından onun nümayəndəsi tərəfindən verilmiş ərizəni məhkəməyə təqdim etsə də, uzun müddət keçdiyindən imtina nəticəsində iddiaçıya pulun ödənilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edə bilmir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh tərəf öz öhdəliyini lazımınca icra etdiyini sübut edə bilmir. Lakin müqavilənin icrası müddətinin 26 ay müəyyən edilməsini, habelə mübahisəli ərazidə cavabdehin tikinti işləri aparmasına etiraz etmədiyi və gələcəkdə buna dair iddia qaldırmayacağına dair iddiaçının adından onun nümayəndəsi X2 tərəfindən yazılmış 31.03.2011-ci il tarixli ərizəni nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Kollegiya birinci instansiya məhkəməsi mülki mübahisə üzrə iddia müddətini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstituisya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə bağlı qeyd edir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Göründüyü kimi, cavabdehin müqavilə üzrə öz öhdəlklərini icra etməməsi nəticəsində İddiaçı mülkiyyətindən qanunsuz mərhum olmaqla məhz onun mülkiyyət hüquqları pozulmuş, onun mülkiyyəti hal-hazıradək bərpa olunmamış və belə olan halda mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz və onun tələb hüququ hər hansı müddətlə məhdudlaşdırıla bilməz. Bundan başqa, işin hallarından göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh iddiaçının əmlaklarının əvəzində iddiaçıya pul vəsaitini verdiyini bildirsə də, bununla bağllı sübutlar təqdim edə bilməmişdir. Hətta apellyasiya baxışı zamanı iddiaçıya pulun verilməsini təsdiq edən sübutların məhkəmə kollegiyasına təqdim edilməsi cavabdehə təklif olunsa da və buna görə məhkəmə iclası təxirə salınsa da, cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməsi sübut olunmur. Müqavilə üzrə 293 kv.m ölçüdə qeyri-yaşayış sahəsi və 18 kv.m ölçüdə qaraj İddiaçı təhvil verilməli, həmin hissədə iddia təmin olunmalıdır. Lakin bununla da onun mülkiyyət və əmlak hüquqları bərpa olunmaqla maddi ziyanın tutulması barədə iddia sübut olunmadığından və təmin edilməsi üçün əsaslar olmadığından, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.3-cü maddsinə əsasən müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sübutların təmin edilməsi qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Sübutların qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)-1843/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı ilə “Bəşir İnşaat" MMC ilə arasında 30.10.2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsi üzrə həmin ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən 293 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin və 18 kv.m ölçüdə qarajın İddiaçı təhvil verilməsi “Bəşir İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8119/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8119/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver