Məhkəmə qərarları › İş №2(103)-812/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-812/2022

18.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-812/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili X3 iştirakları ilə, İddiaçı Əlibala qızının Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(004)-5324/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli aktın etibarsız hesab edilməsi, iddiaçıya məxsus Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən avtoyuma salonunda sərf edilmiş suya görə hesablanmış 1616 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı sularına görə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və avtoyuma salonu kimi istifadə edilən Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən 167 saylı qeyri-yaşayış sahəsinə dair Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 03 iyun 2021-ci il tarixdə 007136 nömrəli akt tərtib edilmiş və həmin aktın əsasında ona qanunsuz olaraq 1616 manat cərimə tətbiq edilmişdir. Aktda qeyd olunmuşdur ki, guya ünvana baxış keçirilən zaman sayğacdan kənar boru vasitəsilə sudan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Halbuki həmin borudan istifadə olunmamışdır. İddiaçı daima sayğaca birləşdirilmiş su xəttindən istifadə etmiş və sərf etdiyi suya görə ödənişlər etmişdir. Cavabdeh təşkilatın əməkdaşları iddiaçının iştirakı təmin edilmədən, iddiaçıya nə rəsmi, nə də şifahi məlumat verilmədən, qanunsuz olaraq 1616 manat məbləğində cərimə tətbiq etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(004)- 5324/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=15 mm-lik boru vasitəsilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilsə də, bu hala düzgün hüquqi qiymət verilməmiş, təqdim edilmiş videogörüntüyə, obyektin yerləşdiyi əraziyə baxış keçirilməmiş, aktı imzalayan şəxslər şahid qismində dindirilməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Cavabdeh ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(004)-5324/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli 007136 nömrəli aktdan görünür ki, 02 iyun 2021-ci il tarixdə Xırdalan AAAF ünvanında yerləşən, İddiaçı Əlibala qızına məxsus avtoyuyucuya baxış keçirilmiş, baxış zamanı avtoyuyucuda sayğacdan kənar D=15mm boru vasitəsilə sudan qeyri-qanuni istifadə olunduğu müəyyən edilmiş, sayğacdan kənar xəttin videogörüntüsü çəkilərək qeydə alınmışdır. Həmin akta əsasən İddiaçı 1616 manat borc hesablanmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti, 167 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi İddiaçıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə özbaşına qoşulma halları aşkar edildikdə STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə kollegiyası hesab edir ki, su təchizatı müəssisəsi iddiaçının su sayğacına qanunsuz müdaxilə etməsini sübuta yetirmədən ona qanunsuz olaraq akt tərtib etmişdir. Cavabdeh ASC apellyasiya şikayətində təqdim edilmiş videogörüntüyə, obyektin yerləşdiyi əraziyə baxış keçirilmədiyini, aktı imzalayan şəxslərin şahid qismində dindirilmədiyini göstərmişdir. Lakin həmin videogörüntü məhkəməyə təqdim edilməmiş, şahidlərin dindirilməsi və yerində müayinə keçirilməsi barədə cavabdeh tərəfindən məhkəmə qarşısında vəsatət qaldırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(004)- 5324/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar