Məhkəmə qərarları › İş №2(103)-812/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-812/2024

23.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-812/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2523/2023 nömrəli 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, NDM 033017 nömrəli akta görə ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanına yoxlama keçirilən zaman, sayğacın alt qapağının altında A və B fazalarının gərginlik yuvalarına yad cisim salınması müəyyən edilmişdir.

2. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən xx.xx.2023-cü il tarixli akt NDM 033017 nömrəli akt əsasında 3200,0 manat dəymiş ziyan hesablanmışdır.

3. İddiaçının adına olan **********80000 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışa görə xx.xx.2023-cü il tarixdə iddiaçının abonent hesabına 3200,0 manat borc hesablanmışdır.

4. 26.06.2023-cü il tarixdə iddiaçı tərəfindən 1000 manat ödəniş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən akt əsasında ona qanunsuz hesablanmış 3200,0 manat məbləğində borcun silinməsini, həmçinin cərimə kimi ödənilmiş 1000 manat məbləğdən 600 manatının ASC tərəfindən ona qaytarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 17 iyun 2023-cü ildə Xəzər rayonu elektrik enerji təchizatı idarəsi nəzarətçiləri səhər tezdən iş saatı başlamamış evinə gizli gələrək, A2 - M 72314 nömrəli sayğacını yerindən qutudan açıb getmişlər. Sonradan səhər saat 8:00-da yenə 3 nəfər elektrik nəzarətçiləri evinə gəlib hay-küy salıblar. Baş elektrik xəttindən evinə gələn elektrik xəttini şalbandan dələduzluq edərək açıb, yerə atıblar. Bu qanunsuz hərəkətlərin səbəbini ona belə izah ediblər ki, guya bu sayğacının aşağı hissəsindəki sayğacın qapağını açıb və “spiçka” çöpləri vasitəsilə sayğacın fəaliyyətini pozub. Xüsusi qeyd edir ki, sayğacın bu aşağı qapağı 2 ədəd vintlə sayğaca möhkəm bağlanıb və elektrik təchizatı idarəsi tərəfindən plombla qıfıllanıb. Bu plombu elektrik enerji idarəsi açmayınca sayğacın içərisinə müdaxilə etmək qeyri-mümkündür. Sayğacın üzərindəki həmin plombun varlığını Elektrik nəzarətçiləri hər ayın axırında evlərə gedir, sayğacın saz işləməsini yoxlayır və özündə qeyd edir. xx.xx.2023-cü ildə elektrik nəzarətçisi evinə gəlib və sayğacdakı 11306 kv.t sayğacının axır göstəricisini qeyd edib və 25 manat 1 aylıq sərfiyyat üçün borc yazıb, o da borcu ödəyib və ödəniş qəbzini də təqdim edib. Əgər sayğacının aşağı qapağının üzərində vurduqları plomb olmasaydı nəzarətçi dərhal göstərər və plombun olmamasına görə akt tərtib edərdi. Deməli, xx.xx.2023cü ildə sayğacın üzərində plomb olub və bu plombu xx.xx.2023-cü ildə səhər saat 8:00-da evinə gizli gələn dələduz nəzarətçilər qırıblar, özləri ilə aparıblar. Bu sayğacın aşağı qapağını açıblar, sayğacın müəyyən deşiklərinə “Spiçka” çöpü salıb və bu “spiçka” çöplərinin fotosunu çəkiblər və bu foto ilə özlərini ifşa ediblər. O, xx.xx.2023-cü ildə səhər saat 8:00 da yenidən evinə gəlmiş üç nəfərdən tələb etmişdir ki, evində elektrik enerji təminatı xəttini açdıqlarını, sayğacın plomb olmamasını, sayğacın aşağı qapağının altında “aşkar etdikləri” “spiçka” çöplərinin fotosunu, nəhayət, bu nöqsanların “aktını” ona versinlər. Lakin nəzarətçilər bu aktı öz kontorunda yazılacaqlarına demiş və qorxudaraq, bu “spiçkalara” görə 9 aylıq “dəymiş zərəri” 3200 manat həcmində onu cərimə edəcəklərini elan etmişlər. Artıq 7 gündür evinə elektrik verilmir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 oktyabr 2023-cü il tarixli 2(003)-2523/2023 nömrəli qətnaməsi ilə (Ramilə Xəzri) iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 3200 manat məbləğində cərimənin İddiaçı abunə hesabından (abunə kodu: **********80000 olan) silinməsi, "xxxx" ASC tərəfindən 600 (altı yüz) manat məbləğində pulun İddiaçı ödənilməsi, "xxxx" ASC tərəfindən 52 (əlli iki) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı (istehlakçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. İddiaçının abonent hesabına borc yazılması əsas olmuş xx.xx.2023-cü il tarixli, NDM seriyalı 033017 nömrəli akt tərtib edilən zaman istehlakçının iştirakı təmin olunmadan onun ünvanına quraşdırılmış sayğaca baxış keçirilmiş və onun iştirakı olmadan (istehlakçıya öz mülahizəsini bildirməyə imkan yaradılmadan) akt tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sayğaca müdaxilə halının aşkar olunması ilə bağlı qeydə alınmış videoçəkilişlərdən də görünür ki, həmin zaman cavabdehin əməkdaşları tərəfindən abonentin (iddiaçının) iştirakının təmin edilməsi üçün hər hansı bir cəhd edilmir. Eyni zamanda aşkar edilmiş hallarla bağlı sayğac müvafiq qaydada laboratoriya şəraitində yoxlanılmadan ona müdaxilə edilməsi qərarına gəlinmişdir. Odur ki, aktın tərtib edilməsinə əsas olmuş hallar sübut olunmamaqla həmin halların mövcudluğu da məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmir. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli, NDM seriyalı 033017 nömrəli aktın tərtib edilməsinə əsas olmuş hallar müəyyən edilmədiyindən və həmin akt qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmədiyindən, həmin akt əsasında iddiaçının abonent hesabına hesablanmış 3200 manat məbləğində borc silinməlidir. Həmçinin İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 600 manat məbləğində pul "xxxx" ASC tərəfindən geri qaytarılmalıdır.

9. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır.

10. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.1, 76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, lakin məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Akt tərtib olunmazdan qabaq abonentə məlumat verilməsinə baxmayaraq (bu hal aktda öz əksini tapmışdır) aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. Lakin məhkəmə sübut qismində videoçəkilişdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentin iştirakının təmin edilməsi ilə bağlı hər hansı bir cəhdin edilməlidiyini əsas gətirərək aktı tərtib edərkən abonentə məlumat verilmədiyi qənaətinə gəlmişdir. Habuki EEİQ-nın müddəalarında abonentin aktın tərtib olunmasına cəlb olunmasının videoçəkilişinin aparılması tələbi öz əksini tapmamışdır. Qaydalarda sadəcə aşkar olunmuş pozuntu faktının videoçəkilişinin aparılması tələbi qoyulduğundan cavabdehin əməkdaşları tərəfindən bu fakt qeydə alınmışdır. Məhz bu səbəbdən də aşkar olunmuş müdaxilə faktı videoçəkilişlə qeydə alınmış və videogörüntüləri özündə əks etdirən disk sübut qismində məhkəməyə təqdim edilmişdir. Lakin videoçəkilişdə öz əksini tapan pozuntu halları məhkəmə tərəfindən kifayət qədər ətraflı araşdırılmamış və təqdim etdilmiş sübutların qiymətləndirməsi düzgün aparılmamışdır. Məhkəmə həmçinin 600 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməli olması tələbi hissəsindən iddianı təmin etsə də, məhz hansı əsaslara görə həmin pulun iddiaçıya ödənilməli olması halının öz qətnaməsində heç bir sübut və dəlillərlə əsaslandırmamış, sadəcə məhz aktın əsassız hesab etdiyinə görə həmin məbləğin geri qaytarılması qənaətinə gəlmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

15. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, hər ay nəzarətçilər sayğacın işləməsini yoxlayır. Plomb sayğacın üzərində olmuşdur, özləri plombu sökmüşlər. Çünki hər ayın əvvəlində nəzarətçilər sayğacı yoxlayır və əgər plomb olmasa idi həmin ayın əvvəli yoxlama zamanı məlum olardı. ASC-nin öz nümayəndələri bir neçə dəfə təklif etmişdir ki, sayğacdan kənar qoşulma etsinlər, lakin o, razılaşmamışdır. Bir dəfə oğlunu razı salmışlar və sayğacdan kənar qoşulma özləri etmişlər, cəmi 1 ay ərzində olmuşdur. Sonra da akt tərtib etmişlər. Ondan 1300 manat pul tələb edənə qədər o, aktı görməmiş, məlumatı olmamışdır. Dəymiş zərəri bir aylıq hesablamaq olar, bir ay üçün 40-50 manat hesablanır, maksimum 100 manat təşkil edə bilər.

Tətbiq edilən hüquq

16. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı

17. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

18. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

19. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

20. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

21. 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

29. Kollegiya tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının ünvanına quraşdırılmış sayğaca cavabdehin nümayəndələri tərəfindən baxış keçirilir və abonentin fərdi yaşayış evinə məxsus elektrik sayğacın alt qapağının altında A və B fazalarının dövriyyədən kənarlaşdırıldığı, kibrit çöpləri vasitəsi ilə gərginlik yuvaları sıxılaraq sayğac dövriyyədən kənarlaşdırılmışdır.

30. İddiaçı videogörüntüdəki evin və sayğacın ona məxsus olduğunu qəbul etdi.

31. Göründüyü kimi iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca müdaxilə olunduğu aşkardır.

32. İddiaçı apellyasiya baxışı zamanı bildirmişdir ki, ASC-nin öz nümayəndələri bir neçə dəfə təklif etmişdir ki, sayğacdan kənar qoşulma etsinlər, lakin o, razılaşmamış, bununla belə bir dəfə oğlunu razı salmış və sayğacdan kənar qoşulma özləri etmişlər, cəmi 1 ay ərzində olmuşdur.

33. İddiaçı tərəfindən sayğaca müdaxilə olunduğu müəyyən edilsə də, Kollegiya hesab edir ki, hesablanmış borc məbləği əsassız olmuşdur. Belə ki, tərtib edilmiş aktdan görünür ki, tələb edilən 3200 manat zərər məbləği 1 il (365 gün) üçün hesablanmışdır.

34. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

35. Göründüyü kimi hesablaşma dövrü 1 aydır və hər ay istehlakçıya sayğacın göstəricilərinə əsasən hesablanmış hesab verilməlidir.

36. Belə olan halda hər ay sayğaca əsasən hesablaşma aparılmalı olduğundan, ASCnin sayğaca edilən müdaxilə əsası ilə bir il üçün zərər hesablaması əsaslı və ədalətli sayıla bilməz.

37. Kollegiya hesab edir ki, iddiaçının etirafı əsasında bir ay üçün sayğaca müdaxilə nəticəsində cavabdehə vurulmuş zərər məbləği 266,66 (3200:12) hesablanmış ümumi cərimə məbləğindən çıxılmalı və 2933,34 manat (3200-266,66) əsassız hesablanmış cərimə məbləği iddiaçının abunə hesabından silinməlidir.

38. İddiaçı həmçinin oğlu tərəfindən ASC-yə ödənilmiş 1000 manat pul vəsaitinin 600 manatının geri qaytarılmasını tələb etmişdir.

39. Kollegiya hesab edir ki, iddiaçıdan tutulmalı olan 266,66 manat ona geri qaytarılmalı olan pul vəsaitindən çıxılmalı və qalan məbləğ iddiaçıya qaytarılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2523/2023 saylı iş üzrə 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 2933,34 manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********80000 olan) silinsin. İddiaçı tərəfindən aparılmış 1000 manat ödənişdən həmin borc hesabına ödənişlərin artıq hissəsi, yəni 733,34 manat "xxxx" ASC tərəfindən İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 49,33 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar