Məhkəmə qərarları › İş №2(103)-812/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-812/2025

18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-812/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(011)-1696/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etmişdir.

2. Cavabdeh İB-nin 31 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Azər Dərbəndəliyev barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6624 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etmişdir.

4. Cavabdeh İB-nin 28 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Azər Dərbəndəliyev barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3312 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur.

6. Cavabdeh İB-nin 31 mart 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Azər Dərbəndəliyev barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3528 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

7. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etmişdir.

8. Cavabdeh İB-nin 31 may 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Azər Dərbəndəliyev barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1944 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə dildiyi aşkar olunmuşdur.

10. Cavabdeh İB-nin 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Azər Dərbəndəliyev barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1944 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni əlavə qaz xəttindən istifadə etmişdir.

12. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02 iyul 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent qazdan qeyriqanuni sayğacdan kənar istifadə etmişdir.

13. Cavabdeh İB-nin 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Azər Dərbəndəliyev barəsində tərtib olunmuş ******* saylı akta əsasən 17280 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

14. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 01 oktyabr 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent qazdan qeyriqanuni sayğacdan kənar istifadə etmişdir.

15. Cavabdeh İB-nin 31 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Azər Dərbəndəliyev barəsində tərtib olunmuş ******* saylı akta əsasən 4272 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

16. X3 məxsus **********00730 saylı abonentin saldosundan görünür ki, abonentin 2021-ci ilin iyun ayı üzrə 756 manat, 2021-ci ilin noyabr ayı üzrə 806,40 manat, 2022-ci ilin yanvar ayı 794,88 manat, 2022-ci ilin fevral ayı üzrə 397,44 manat, 2022-ci ilin mart ayı üzrə 423,36 manat, 2022-ci ilin aprel ayı üzrə 302,40 manat, 2022-ci ilin may ayı üzrə 233,28 manat, 2022-ci ilin iyun ayı üzrə 233,28 manat, 2022-ci ilin iyul ayı üzrə 233,28 manat, 2022-ci ilin oktyabr ayı üzrə 466,56 manat, 2023-cü ilin iyul ayı üzrə 2.073,60 manat, 2023-cü ilin sentyabr ayı üzrə 512,64 manat, 2023-cü ilin oktyabr ayı üzrə 116,64 manat və 2023-cü ilin noyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 228,96 manat borcu mövcud olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktın ləğv olunması və həmin akt əsasında qanunsuz olaraq yazılmış 7000 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X1 rayonu, Hovsan qəsəbəsi, Məktəb döngəsi, ev 18 (abonent kodu: **********00730) ünvanında yaşayır. Cavabdeh İB ilə istehlakçı olan mərhum atası X2 arasında müqavilə bağlanmışdır. İddiaçı atası vəfat etdikdən sonra həmin ünvanda yaşayır, ümumilikdə onların ailəsi heç bir vaxt qazdan qanunsuz istifadəyə yol verməmişdir, vaxtında kommunal haqlarını ödəmişlər, kəsirləri olmamışdır. Onların evdə istifadə etdikləri köhnə qaz sayğacı Cavabdeh işçiləri tərəfindən dəyişilmişdir, sayğacda heç bir qüsur aşkar edilməmişdir, bunun üçün də Cavabdeh işçiləri akt tərtib etmişlər və iddiaçıya da imzalatmışlar. Yeni qaz sayğacının kartını ona vermişlər, bir neçə gün sonra isə qazın smart kartını bloka salmışlar. Ona məlum olmuşdur ki, Azəriqaz istehsalat birliyinin əməkdaşları onu aldatmışlar. Hazırda onun evində qaz kəsilmişdir. Evində azyaşlı uşaqları vardır, Cavabdeh İB isə ödəniş kartını açmaqdan imtina etmişdir.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 10 iyul 2024-cü il tarixli 3/896 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə və əlavə xətt aşkar edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 01 oktyabr 2022-ci il tarixdə ölmüşdür.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(011)- 1696/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00730) İddiaçı 2021-2023-cü illər üçün hesablanmış 7000 manat məbləğində borcun silinməsi, qalan hissədə isə iddia tələbini rədd edilməsi qət edilmişdir.

21. Qətnamənin əsaslarına görə, mübahisəli ərazidə abonentin kənar xətt vasitəsilə təbii-qazdan istifadə etməsi ekspert rəyi ilə müəyyən edilməmiş və həmçinin, cavabdeh də həmin halı məhkəmə araşdırılması zamanı sübuta yetirməmişdir. İşin materiallarında olan abonent saldosunda göstərilənlərə görə də, iddia təmin edilərək, iddiaçının mübahisələndirdiyi, cavabdeh təşkilat tərəfindən hesablanmış 7000 manat məbləğində borc silinməlidir.

22. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 4.1, 4.2, 4.8, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunan hissədə rədd olunmasını xahiş etmişdir.

24. Şikayətin dəlillərinə görə, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur Tərəfimizdən təqdim olunmuş sübutlara,yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə, qətnaməsində borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir Belə ki, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Göründüyü kimi məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

28. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: (01 may 2022ci il tarixən sonra qüvvədə olan redaksiyada) Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Maddə 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Maddə 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Maddə 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayəti ilə qətnamənin qismən iddianın təmin olunan hissədə ləğv ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv elilməli, iddia təmin olunan hissədə rədd edilməlidir.

33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 25 fevral 2022-ci il tarixdə təsdiq olunmuş və bu Qanun 31 may 2022-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Həmin qanunla aqağıdakı norma əlavə olunmuşdur: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

34. Həmin normada qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

35. Saldodan görünür ki, abonent barədə 2021-ci ildə 2 akt, 2022-ci ildə 8 akt, 2023-cü ildə 4 akt tərtib olunmuşdur.

36. 2021-ci ilin noyabr ayı və 2022-ci ilin aprel ayları üzrə rətib olunmuş aktlar məhkəməyə təqdim olunmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin həmin aylar üçün müvafiq olaraq hesablanmış 806,4 manat və 302,4 manat, cəmi 1108,8 manat məbləğində borcun silinməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. (7000 – 1108,8 = 5891,2 manat)

37. Qanunvericiliyə dəyişiklik edildikdən - 31 may 2022-ci il tarixdən sonra tərtib olunmuş aktlar üzrə hesablanmış borc 3864,96 manat təşkil edir. Bu aktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, cavabdeh tərəfindən tərtib edilmiş aktın 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Buna görə də kollegiya həmin aktlar üzrə 4098,24 manat məbləğində pul vəsaitinin silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. (7000 – 1108,8 = 5891,2 – 3864,96 = 2026,24 manat)

38. Məhkəmə kollegiyası digər aktlara əsasən hesablanmış 2026,24 manat borcun silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır. Əvvəla həmin aktlar 31 may 2022-ci il tarixdən əvvəl tərtib olunduğundan sonradan olunmuş dəyişiklik bu aktlara tətbiq oluna bilməzdi. Digər tərəfdən iş materiallarından görünür ki, 2023-cü ilin noyabr ayına kimi hesablama smart sayğac üzərindən aparılmışdır və 2021-ci ildən həmin vaxta qədər cəmi 102 manat məbləğində ödəniş aparılmışdır. Aktların tərtib olunduğu aylar üzrə ümumiyyətlə heç bir ödəniş aparılmamışdır. Məhkəmə kollegiyası həmin aylarda qaz sərfiyyatının olmamasını inandırıcı hesab etməməklə yanaşı qeyd edir ki, bu halın əksini təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

39. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin qismən - 2026,24 manat məbləğində borcun silinməsi hissəsində ləğvinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(011)- 1696/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(011)- 1696/2024 nömrəli qətnaməsi qismən – 2026,24 manat məbləğində borcun silinməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar