Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8123/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı/cavabdeh İddiaçı nümayəndəsi X2, Cavabdeh/iddiaçının Cavabdeh MTK-nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “qarajın təhvil verilməsi və pul” tələbinə dair ilkin; iddiaçı Cavabdeh MTK-nin cavabdeh İddiaçı qarşı “göstərilən xidmət haqqının tutlması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1334/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “qarajın təhvil verilməsi və pul” tələbinə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006- cı il tarixli Q/10-A176-7 saylı müqavilənin predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın MTK tərəfindən ona təhvil verilməsi, ona dəymiş olan maddi zərərin əvəzi olaraq 8.850 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul olmaqla, cəmi 8.880 manat pulun MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 fevral 2006-cı ildə "X5 Qrupu” MMC-nin Şirkətlərindən olan Cavabdeh MTK ilə onun arasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə Cavabdeh MTK tərəfindən inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın alğı-satqısına dair Q/10-A176-7 saylı müqavilə bağlanmışdır. 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə "Hüquq” MTK tərəfindən inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj MTK tərəfindən ona 11.040 manata satılmış, onun tərəfindən isə alğı-satqı predmetinin dəyəri olan 11.040 manat MTK-ya təqdim edilmişdir. Bununla bağlı alğı-satqı predmetinin dəyəri olan 11.040 manat məbləğin tərəfindən tam olaraq satıcıya ödənilməsini təsdiq edən 28 fevral 2006-cı il tarixli 415 saylı maliyyə arayışı MTK tərəfindən ona təqdim edilmişdir. Lakin bildirir ki, tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilsə də, MTK hələ də müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, üzərinə düşən öhdəlikləri icra etməyərək onun əmlak hüquqlarını kobud şəkildə pozmaqla eyni zamanda ona külli miqdarda maddi zərər vurmuşdur. Aralarında bağlanmış 28 fevral 2006-cı il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən, MTK obyektin tikintisini layihə sənədlərinə və tikinti norma-qaydalarının tələblərinə uyğun surətdə, müəyyən edilmiş müddətdə başa çatdırılmasını, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın yanında yerləşən qarajı payçıya təhvil verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, payçı müqavilə ilə müəyyən edilmiş məbləği kooperativə ödəyir. Yuxarıda qeyd etdiyi kimi müqavilə predmeti olan qarajın dəyəri 11.040 manat pul vəsaiti 28 fevral 2006-cı il tarixdə kooperativə ödənilmiş, bununla da onun tərəfindən 28 fevral 2006-cı il tarixli müqavilənin şərtlərinə tam əməl edilmişdi. Lakin MTK bugünədək müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə qanun pozuntusuna yol veməkdədir. Həmçinin cavabdehin bu qanunsuz hərəkəti nəticəsində bu illər ərzində o, öz qanuni əmlakından məhrum olmaqla yanaşı həmdə bu kimi qanunsuzluqla əlaqədar ona külli miqdarda maddi zərər dəymişdir. Belə ki, cavabdeh tərəfindən ona məxsus qaraj ona təhvil verilmədiyindən, o, 2006-cı ilin fevral ayından bugünədək, yəni 2020ci ilin noyabr ayınadək olmaqla (177 ay) avtomobilini icarəyə götürdüyü qarajda saxlamaq məcburiyyətində olmuşdur. Bu illər ərzində qaraj icarəsi ilə bağlı aylıq ödənişləri ən azı halda 50 manat olmuşdur. Yəni o, bu illər ərzində olan 177 ay ərzində, aylıq minimum 50 manat olmaqla 8.850 manat qaraj kirayəsi ödəmişdir (177 x 50 = 8850). Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı qaraj və 8850 manat qaraj icarəsinə görə pul tələblərinin əsassız olduğuna görə iddianın rədd edilməsini, MTK tərəfindən İddiaçı məxsus avtomobilə göstərilən xidmətlərə görə hesablanmış 2.655 manat vəsaitin "Kommunal” MMC-yə ödənilıməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 fevral 2008-ci ildə "Kommunal” MMC fəaliyyətə başlamışdır. Həmin vaxt "Hüquq” MTK fəaliyyətini dayandırmış və yaşayış binasının sakinlərinə mənzil- kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən "Kommunal” MMC ilə müqavilə bağlanmışdır. "Hüquq” MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ona 15 kv.metr qaraj yeri ayrılmış və onlar 2006-cı ildən 2017-ci ilə qədər garajdan istifadə etmişlər. Bu müddətdə, yəni 177 ay qarajın mülkiyyətçisi olduğuna görə başqa avtomobil sahiblərindən (qaraj istifadəçilərindən) fərqli olaraq ay ərzində 15 manat hesabı ilə onların maşınlarına xidmət göstərilmişdir. 177 ay x 15 manat = 2655 manatlıq tərəflərindən xidmət göstərilmişdir. Həmin xidmətlərə avtomobilin mühafizəsi, ərazinin işıqlandırılması və ərazinin təmiz saxlanılması daxildir. Əldə etdikləri məlumatlara və müşahidələrə görə ailədə ciddi maliyyə çətinlikləri olmuşdur. Ona görə də, bu ailə avtomobilini özgəninkiləşdirmişdir. Hansı səbəbə görə İddiaçı keçən 15 il ərzində qarajı tələb etməmişdir. S.Məmmdlinin ailəsindəki maliyyə problemləri bu ailəyə göstərilən digər kommunal xidmətlərinin haqqının ödənilməsinə də problemlər yaratmışdır. İddiaçı kommunal haqqını ödəmədiyinə görə "Kommunal” MMC tərəfindən qeydiyyat ünvanı Sumqayıt şəhəri olduğuna görə Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Sumqayıt şəhər Məhkəməsi öz növbəsində iddiaçı "Kommunal” MMC- nin İddiaçı qarşı qaldırılmış 6080 manat iddia tələbini təmin etmişdir. Məsələ Sumqayıt Apelyasiya Məhkəməsində də baxılmış və Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçı hazırki çətin vəziyyətdən çıxış yolunu guya onlara məxsus avtomobilin başqa yerdə icarəyə götürdüyü qarajda saxlamaqda axtarır. Hansı ki, istər sakinlərin, istərsə də "Kommunal” MMC-nin əməkdaşlarının dediklərinə və apardığı qeydiyyata əsasən son 3 il ərzində onların avtomobili olmayıb. Əvvəlki illərdə isə onlara məxsus avtomobil binada onlar üçün ayrılmış yerdə saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1334/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, İddiaçı iddia ilə Cavabdeh MTK ilə aramızda bağlanmış 28 fevral 2006-cı il tarixli Q/l 0-A176-7 saylı alğı-satqı müqaviləsinin predmeti olan Bakı şəhəri. Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən 1 ədəd avtomobil qarajını alğı-satqı yolu almış və 28 fevral 2006-cı il tarixli maliyyə aryışından görünür ki, qeyd edilən 1 ədəd avtomobil qarajının dəyəri olan 11.040 manat tərəfindən ödənilmişdir, heç bir borcu yoxdur. Qeyd etmək istəyir ki, 28 fevral 2006-cı il tarixli Q/l 0- A176-7 saylı alğı-satqı müqaviləsi və 28 fevral 2006-cı il tarixli maliyyə arayışının notarial təsdiqli surətləri Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Buna baxmayaraq, Cavabdeh MTK 2006-cı ildən bugunə qədər Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən 1 ədəd avtomobil qarajını ona təhvil verməmişdir. Əlavə olaraq, qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək guya onun qarajdan istifadə etdiyini və 2006-cı ildən 2017-cı ilədək, yəni 177 ay avtomobilinə görə guya kommunal və mühafizə xidmətləri göstərmişlər. Daha sonra da, qeyd edir ki, istər sakinlərin, istərsə də MMC-nin əməkdaşlarının dediklərinə və apardığı qeydiyyata əsasən son 3 il ərzində onun mülkiyyətində avtomobil olmayıb. Maraqlıdır ki, cavabdeh ilk öncə avtomobilə xidmət göstəriklərini və hətta buna görə pul tələb ettiklərini, sonra isə buna əks absurd şəkildə onun mülkiyyətində heç bir avtomobilin olmadığını qeyd edir. Halbuki, X1 mülkiyyətində olan **-CL-*** qeydiyyat nişanlı “Mercedes BENZ- GL 450” markal: minik avtomobili mən, № 903946 saylı etibarnamə əsasında idarə edir. 2006-cı ildən bugünədək satın aldığı qarajın ona təhvil verilməməsi səbəbindən 177 ay, hər ay 50 manat olmaqla avtomobili ödənişli qarajlarda saxlamalı olmuşdur. Bu səbəbdən də, ona dəymiş maddi zərərin əvəzi olaraq 8.880 manat məbləğində pulun və mənə məxsus qarajın mənə təhvil verilməsini haqlı olara tələb etmişəm. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçının Cavabdeh MTK-nın nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddiaya münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və ilkin iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh MTK ilə İddiaçı arasında 28 fevral 2006-cı il tarixli Q/10-A/176-7 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 117 saylı 15 mart 2003- cü il tarixli sərəncamına əsasən "Hüquq” MTK tərəfindən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti "Hüquq” MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən avtomobil qarajını MTK İddiaçı (tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, İddiaçı isə həmin qarajı qəbul etməyi öz öhdələrinə götürürlər. Təhvil veriləcək məbləğ 11040 manatdır. Cavabdeh MTK tərəfindən verilmiş 28 fevral 2006-cı il tarixli 415 saylı arayışdan görünür ki, İddiaçı "Hüquq” MTK-nın Xətai prospekti 38 ünvanda inşa etdiyi 18 mərtəbəli yaşayış binasından (A bloku, mənzilin sahəsi 176 kv.m, mərtəbə 7) mənzil almaq üçün 28 fevral 2006-cı il tarixdə "Hüquq” MTK- nə 11040 manat vəsait ödəmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia tələbinin əsasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti üzrə qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.” Azərbaycan Respublikası Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır.. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli qanunvericilik aktlarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında 28 fevral 2006-cı il tarixli Q/10-A/176-7 saylı müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmiş və müqavilə predmetinin dəyərini cavabdehə tam olaraq ödəmişdir. Buna baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və müqavilə predmetinə iddiaçıya təhvil verməkdən imtina etmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Kollegiya apellyasiya şikayətinin qalan hissəsi ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyator apellyasiya şikayətində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, həmin halları təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1334/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi qismən ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1334/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi qismən ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8123/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8123/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver