Məhkəmə qərarları › İş №2(103)-8124/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8124/2021

28.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8124/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X1, Cavabdeh4 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3241/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-3241/2020) iddia təmin olunaraq, 2009-cu il buraxılışlı Mercedes Benz E350 markalı BAN nömrəsi WDD2120571A034389 olan nəqliyyat vasitəsinə dair əvvəl iddiaçı X2 adından çıxış edən Cavabdeh2 tərəfindən X4 ilə 789211 saylı 11.07.2019-cu il tarixli, X4 ilə Cavabdeh4 arasında 814444 saylı 27.02.2020-ci il tarixli, X4 ilə Cavabdeh1 MMC arasında 03.03.2020-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə avtomobilin qanuni sahibi kimi ona təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərardadı ilə həmin şikayətə apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. 13 aprel 2021-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilmiş və bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş həmin məhkəməyə geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından məlum olur ki, mübahisələndirilən qətnamə Cavabdeh1 MMC-yə AZ1111, ünvan 1 ünvanına göndərilmiş, həmin ünvanda Cavabdeh1 MMC-yə 19 noyabr 2020-ci il tarixdə təqdim edilmiş, bu barədə “Əhmədova” soyadlı şəxs tərəfindən imzalanmış xəbərnamə iş materiallarına əlavə edilmişdir (i.v. 121). Beləliklə, Cavabdeh1 MMC qanunla şikayət vermək üçün nəzərdə tutulmuş 1 ay müddəti ötürmüş, müddətin bərpası barədə ərizə verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərərkən məhkəmə qətnaməsinin 19 noyabr 2020-ci il tarixdə Cavabdeh1 MMC-yə təqdim edildiyini nəzərə almamışdır. MPM-nin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3241/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Elşən Kazımov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar