Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-813/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı MMC) cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Qiymətləndirmə Xidməti) və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – Hərrac Mərkəzi) qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və ləğv prossesində olan “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə, İddiaçı1 vəkili X3, üçüncü şəxs olan N.Qəniyevin vəkili (nümayəndəsi) Vəkil və üçüncü şəxs olan Fondun nümayəndəsi X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçılar, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı MMC-nin girov qoyduğu və İddiaçı1 məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 807, 799, 769-778, 803, 801, 805 saylı torpaq sahələrinə (bundan sonra – mübahisəli torpaq sahələri) dair cavabdeh Qiymətləndirilmə Xidmətinin xx.xx.2010-cu il tarixli “Qiymətləndirmə rəyinin” ləğv edilməsi, cavabdeh Hərrac Mərkəzinin “Hərracın yekunları barədə protokolun” və bu protokol əsasında Bank ilə bağlanmış “Alğısatqı müqaviləsinin” hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-1943/2009 saylı işi üzrə qəbul etdiyi xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən verilmiş xx.xx.2010-cu il tarixli icra vərəqəsi üzrə borclu (hazırki iş üzrə iddiaçı) MMC-dən (hazırki iş üzrə üçüncü şəxs olan) Bankın xeyrinə cəmi 1.229.778 manat məbləğində pul tutulmalı və tutma mübahisəli torpaq sahələrinə yönəldilməlidir. Tutma yönəldilən həmin torpaq sahələri hərracdan satılmış və əldə olunmuş vəsait hesabına MMC-nin Banka olan borcunun bir hissəsi ödənilmiş, yerdə qalan cəmi 1.229.778 manat məbləğində borcunun ödənilməsi üçün müvafiq icra tədbirləri həyata keçirilmişdir. Qeyd edilən icra sənədləri əsasında İddiaçı1 mülkiyyətində olan torpaq sahələrinin Səbail Rayon İcra Şöbəsinin sifarişi ilə hərracdan satılması məqsədilə Qiymətləndirilmə Xidməti tərəfindən qiymətləndirmə aparılmış və ipoteka predmeti olan daşınmaz əmlaklar 927.000 manat qiymət qoyulmuşdur. Lakin İddiaçı1 məxsus olan həmin torpaq sahələrin qiymətləndirilməsi və hərracdan satılması zamanı İddiaçı1 məlumat verilməmiş və Hərrac Mərkəzinin hərracın yekunlarına dair 57/03 nömrəli protokolunda, həmçinin hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə xx.xx.2010-cu il tarixli müqavilədə torpaq sahələrinin X8 məxsus olması göstərilmiş, sahələrin qiymətləndirilməsi və hərracdan satılması barədə bildirişlər əmlakın mülkiyyətçisinin deyil, digər şəxsin adına göndərilməklə İddiaçı1 qəsdən gizlədilmişdir. Qeyd edilənlərə və əmlakın qiymətləndirilməsi, hərracdan satılması ilə bağlı münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə əsasən hesab edirlər ki, İddiaçı1 mülkiyyətində olan və iddiaçı MMC tərəfindən girov qoyulan torpaq sahələri cavabdeh Qiymətləndirilmə Xidməti tərəfindən vaxtı ilə obyektin bazar və digər dəyərinə uyğun olaraq düzgün qiymətləndirilməmiş və həmin qiymətləndirmə əsasında hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə “sifarişçi - satıcı” Səbail Rayon İcra Şöbəsi ilə, “alıcı” “xxxx” ASC arasında bağlanmış müqavilə qanunazidd şəkildə bağlanılaraq mülkiyyətçinin əmlak hüquqlarını pozmuşdur. Beləliklə, İddiaçı1 mülkiyyətində olan həmin torpaq sahələrinin iddiaçı MMC tərəfindən ipoteka predmeti kimi girov qoyulmuş daşınmaz əmlaklara dair qiymətləndirmə rəyi ləğv edilməli, qiymətləndirmənin keçirildiyi vaxt əmlakın həqiqi bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə qaydasında ekspert qiymətləndirilməsi təyin olunmalıdır. İddia ərizəsində tələbin irəli sürülməsi üçün iddia müddətinin buraxılması ilə əlaqədar xüsusi olaraq qeyd edilir ki, daşınmaz əmlakların qiymətləndirilməsi və hərracdan satılması barədə məlumatsız olduqlarını nəzərə alaraq müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməlidir. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. İş üzrə üçüncü şəxslər olan N.Qəniyev və Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Hər iki apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə üçüncü şəxs olan N.Qəniyevin vəkili (nümayəndəsi) Vəkil, üçüncü şəxs olan Bankın nümayəndəsi F.Cabbarov apellyasiya baxışı iclasında iştirak apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdilər və şikayətlərin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, hərracın keçirilməsi barədə İddiaçı1 dəfələrlə şifahi və yazılı məlumat verilmişdir. İddiaçının ünvanına göndərilmiş bildirişdə texniki səhvə yol verilmiş, iddiaçının adını Tofiq olduğu halda bildirişdə Rafiq yazılmışdır. Lakin hər bir halda bildiriş iddiaçının ünvana göndərilmişdir. İddiaçı1 vəkili Y.Musayev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İş üzrə digər iddiaçı olan MMC, cavabdehlər və digər üçüncü şəxslər Səbail Rayon İcra Şöbəsi və X9 işə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 1943/2009 saylı işi üzrə qəbul etdiyi tarixli qətnaməsinə əsasən verilmiş xx.xx.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, həmin iş üzrə borclu (hazırki iş üzrə iddiaçı) MMC-dən həmin iş üzrə tələbkar (hazırki iş üzrə üçüncü şəxs olan) Bankın xeyrinə cəmi 1.229.778 manat məbləğində pul tutulmalı və tutma mübahisəli torpaq sahələrinə yönəldilməli, bundan sonra artıq qala biləcək vəsait MMC-yə verilməli, vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda isə, qalan vəsait MMC-nin başqa əmlakı hesabına tutulmalıdır. Hazırki iş üzrə cavabdeh Hərrac Mərkəzi tərəfindən iddiaçı MMC-yə, İddiaçı1 və üçüncü şəxs olan Banka ünvanladığı “Açıq hərracın keçirilməsinə dair xx.xx.2010-cu il tarixli, 02 nömrəli bildiriş”dən görünür ki, hazırki iş üzrə mübahisənin predmeti olan torpaq sahələrinə dair açıq hərracın keçirilməsi xx.xx.2010-cu il tarixə saat 10:00-13:00 və 14:00- 17:00-a təyin edilmişdir. Hərrac Mərkəzi tərəfindən həmin şəxslər ünvanladığı “Açıq hərracın keçirilməsinə dair xx.xx.2010-cu il tarixli, 03 nömrəli bildiriş”dən görünür ki, həmin torpaq sahələrinə dair açıq hərracın keçirilməsi xx.xx.2010-cu il tarixə saat 10:00-13:00 və 14:00-17:00-a təyin edilmişdir. Hazırki iş üzrə Qiymətləndirilmə Xidmətinin xx.xx.2010-cu il tarixli, 365 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Səbail Rayon İcra Şöbəsinin 17/64 1923/5 saylı, xx.xx.2010-cu il tarixli sifariş məktubuna əsasən borclu (hazırki iş üzrə iddiaçı) MMC-nin girov qoyduğu və (hazırki iş üzrə digər iddiaçı) İddiaçı1 məxsus mübahisəli (ümumilikdə 0,90 hektar ölçülü) torpaq sahələrinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 927.000 manat təşkil edir. Hərrac Mərkəzinin 57/03 nömrəli, xx.xx.2010-cu il tarixli “Hərrac təşkilatının hərracın yekunları barədə protokolu”ndan görünür ki, İcra Şöbəsinin sifarişi əsasında İddiaçı1 məxsus olan torpaq sahələri 927.000 manat qiymətlə hərraca çıxarılmış, sonradan 25% aşağı qiymət – 590.962,50 manat qiymətlə təkrar hərraca çıxarılmış və həmin qiymətə tələbkar Bank tərəfindən alınmışdır. Hərrac Mərkəzinin 88/03 nömrəli, xx.xx.2010-cu il tarixli protokolundan görünür ki, mübahisəli torpaq sahələri “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə əsasən 590.962,50 manata tələbkar Banka satılmışlar. Hərrac Mərkəzi ilə Bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə”dən görünür ki, mübahisəli torpaq sahələri 590.962,50 manata Bank tərəfindən satın alınmışdır. “X11” MMC-nin xx.xx.2018-ci il tarixli, H/51-GHM nömrəli “Əmlakın qiymətləndirilməsi barədə hesabatından” görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamlar nəticəsində məlum olunmuşdur ki, 0.8844 hektardan ibarət olan mübahisəli torpaq sahələrinin xx.xx.2010-cu il tarixə ümumi qiyməti 2.830.080 manat təşkil etmişdir. Hazırki dövrə tələb və təklifini qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 3.095.400 manat təşkil edir. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, MB 11/1144 nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış təhlil və hesablamala nəticəsində məlum olmuşdur ki, mübahisəli torpaq sahələrinin qiyməti 2010-cu ilin may ayına 810.000 manat, xx.xx.2018-ci il tarixə isə 870.000 manat təşkil edir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, LP-099/19 daşınmaz əmlakın qiymətləndirməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış təhlil və hesablamalara görə mübahisəli torpaq sahələrinin qiyməti xx.xx.2010-cu il tarixə 1.680.360 manat, hazırki real bazar qiyməti 1.944.800 manat təşkil edir. Rayon Məhkəməsi iddianın “qiymətləndirmə rəyinin ləğv edilməsi” hissəsinin əsaslılığını onunla əsaslandırmışdır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qanunun 9-cu maddəsinin tələbinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Qeyd edilən hissədə Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı MMC-nin girov qoyduğu və İddiaçı1 məxsus torpaq sahələrinin qiymətləndirilməsi ilə bağlı məhkəməyə iki ayrı-ayrı qiymətləndirmə şirkəti tərəfindən rəy təqdim edilmiş və hər iki rəy üzrə mübahisəli əmlaka təyin edilmiş qiymətlərlə cavabdeh Qiymətləndirilmə Xidməti tərəfindən təyin edilmiş qiymət arasında kəskin qiymət fərqləri olmuşdur. Belə ki, müstəqil qiymətləndirici olan “X11” MMC-nin xx.xx.2018-ci il tarixli, H/51-GHM nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən həmin əmlakın xx.xx.2010-cu il tarixə ümumi qiyməti 2.830.080 manat, hazırki dövr üçün isə 3.095.400 manat dəyərində qiymətləndirilmişdir. Bununla yanaşı “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, LP-099/19 daşınmaz əmlakın qiymətləndirməsi barədə mütəxəssis rəyinə əsasən sözügedən əmlakların qiyməti xx.xx.2010-cu il tarixə 1.680.360 manat, hazırki real bazar qiyməti 1.944.800 manat dəyərində qiymətləndirilmişdir. Rayon Məhkəməsi qeyd etmişdir ki, qiymətləndirmə rəyləri arasında kəskin qiymət fərqlərinin olması ağlabatan deyildir. Həmçinin “xxxx” MMC tərəfindən keçirilən qiymətləndirmə vaxtı Azərbaycan Respublikasının daşınmaz əmlak bazarında kəskin qiymət tərəddüdləri (kəskin ucuzlaşma) olmamışdır. Əmlakın qiyməti kimi müstəqil qiymətləndiricilər tərəfindən verilmiş ekspert rəyləri əsas götürülməlidir. Göründüyü kimi, cavabdeh Qiymətləndirilmə Xidməti tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında xx.xx.2008-ci il tarixli qərarının tələbləri pozulmuşdur. Həmçinin, cavabdeh Qiymətləndirilmə Xidməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə verilmiş hüquqlardan tam istifadə etmədən, 10-cu maddəsi ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyərək, İddiaçı1 məxsus olan torpaq sahələrini qeyri-obyektiv qiymətləndirmişdir. Qiymətləndirici xx.xx.2010-cu il tarixli, 365 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatda qiymətin müəyyən edilməsi zamanı xərc metodundan və uyğun satışların müqayisəsi metodundan istifadə edildiyi qeyd olunmuşdur. Lakin, qiymətləndirici həmin metodlardan istifadə edərək iddiaçının mülkiyyətində olan əmlakı qiymətləndirərkən, əldə etdiyi məlumatlardan düzgün, yaxud tam istifadə etməmiş, qiymətləndirməni düzgün aparmaq üçün əldə etməli olduğu məlumatların hamısını əldə etməmiş, qiymətləndirmə səthi aparılmışdır. Bundan başqa qiymətləndirici daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilməmiş, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mülkiyyətçidən müsahibə alınmamış, analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış və əmlakın bazar dəyəri qeyri-obyektiv təyin edilmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh Qiymətləndirmə Mərkəzi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun, Vergilər Məcəlləsinin və Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında” xx.xx.2008-ci il tarixli qərarına uyğun olaraq qiymətləndirmə aparmadığından, Qiymətləndirilmə Xidmətinin xx.xx.2010-cu il tarixli, 365 saylı rəyi ləğv edilməlidir. Bundan başqa, Rayon Məhkəməsi iddianın qalan hissəsinin əsaslılığını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Rayon Məhkəməsi qeyd etmişdir ki, hərracın təşkilatçısı olan cavabdeh Hərrac Mərkəzinin vəzifəsi “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməli, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı verməli və bu barədə tərəflərə bildiriş göndərməlidir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan verməli, elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilməlidir. Hərrac Mərkəzi tərəfindən “İpoteka haqqında” Qanununun tələblərinin pozulması, hərrac zamanı iddiaçıya məxsus əmlakların öz dəyərindən xeyli aşağı qiymətlə hərraca çıxarılması, bunun nəticəsi olaraq isə həmin əmlakların (torpaq sahələrinin) 590.962,50 manata Banka satılması, Hərrac Mərkəzi tərəfindən hərracın yekunları barədə protokol tərtib edilmiş və alğı-satqı müqaviləsi bağlanması, nəticədə qanunvericiliyin imperativ tələbinin və iddiaçıların qanunla qorunan və təminat verilmiş mülkiyyət hüquqlarının (və əlaqəli hüquqların) pozulması hallarını müəyyən etmiş Rayon Məhkəməsi hesab etmişdir ki, qeyd olunan hallar hərracın təşkilatçısı olan Hərrac Mərkəzi tərəfindən hərracın keçirilməsinin və təşkilinin pozulması kimi qiymətləndirilməli və Mülki Məcəllənin 416-cı maddəsinə əsasən müqavilənin etibarsızlığına səbəb olmalıdır. Eyni zamanda, Rayon Məhkəməsi üçüncü şəxslər N.Qəniyev və Bankın iddia müddətinin tətbiq edilməsi barədə ərizələrini əsassız hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Lakin Məhkəmə, Rayon Məhkəməsinin iddianın əsaslılığı ilə bağlı gəldiyi nəticəni düzgün hesab etsə də, iddia müddətinin tətbiq edilməli olmaması ilə bağlı Rayon Məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, Fondun “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia onun bağlandığı andan bir il müddətində qaldırıla bilər. İşin faktiki hallarından da aydın olduğu kimi, Qiymətləndirilmə Xidmətinin qiymətləndirmə rəyi xx.xx.2010-cu il tarixdə tərtib olunmuşdur. Eyni zamanda, 57/03 nömrəli hərrac protokolu xx.xx.2010-cu il tarixdə imzalanmışdır. Yəni tərəf məhkəməyə iddia verilməsi üçün tətbiq edilən iddia müddətini ötürmüşdür. İddiaçılara hal-hazırki iddia tələbləri ilə bağlı məsələ daha əvvəldən məlum olmuşdur. Belə ki, qeyd olunan işlə bağlı müxtəlif instansiya məhkəmələrində mübahisələr getmişdir. Rayon Məhkəməsi Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmadığı qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddət hesab edildiyindən Məhkəmə müddətin tətbiq edilib-edilməməsi məsələsini öz təşəbbüsü ilə həll etməlidir. İş materiallarından göründüyü kimi, mübahisələndirilən qiymətləndirmə rəyi və hərrac protokolu 2010-cu ildə imzalanmışdır. İddiaçılar daşınmaz əmlakların qiymətləndirilməsi və hərracdan satılması barədə məlumatsız olduqlarını bildirirlər. Lakin iddiaçılar işin icra mərhələsində olduğunu, icra sənədinin əmlaklarının hərrac yolu satılacağı barədə məlumatlı olduqları üçün daşınmaz əmlakların qiymətləndirilməsi və hərracdan satılması halını bilməli idilər. Digər tərəfdən, əmlakın qiymətləndirilməsi və hərracdan satılması barədə bildirişlər İddiaçı1 deyil, digər şəxsin - X4 adına göndərilsə də, göndərildiyi ünvan iddiaçının ünvanı olduğundan, bildirişlər iddiaçıya rəsmi təqdim edilmiş sayılır. Bundan başqa, mübahisələndirilən rəy və hərrac protokolunun surətlərinin iddia ərizəsinə əlavə olunması da rəsmi təqdim edilmə faktını bir daha təsdiq edir və iddiaçıların hüquqlarının pozulduğunu, qiymətləndirmə rəyindən və hərracın nəticələrindən əvvəldən xəbərdar olduğunu bir daha təsdiq edir. Belə olan halda, Məhkəmə hesab edir ki, hazırki iddiaya kəsici müddət tətbiq edilməli və iddia tələbləri qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verildiyi üçün rədd edilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsassızdır, iddia, məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş kəsici müddətin ötürülməsi ilə verildiyi halda, irəli sürülən tələbi təmin etməklə Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və “X15” MMC-nin cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və sair tələbləri barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-813/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-813/2020
31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver