Məhkəmə qərarları › İş №2(103)-8131/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8131/2020

11.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8131/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1345/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış 679.9 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci il tarixdən hal-hazıradək yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Məlumat üçün bildirir ki, qeydiyyatda olduğu həmin mənzildə demək olar ki, hər ay çox qısa müddətdə yaşayır. Həmin binada iki mənzili olduğu üçün demək olar ki, əksər vaxtlar yoldaşının mülkiyyətində olan digər mənzildə yaşayırlar. 2014-cü ildən hər ay təbii qazdan istifadəyə görə, maksimum 10 manat ödəyirdi. Daimi yaşamadığı halda hər ay digər kommunal xərclərlə birlikdə təbii qazdan istifadəyə görə də qaz pulunu ödəyirdi. Yəni X1 Sahəsi tərəfindən yaşadığı ünvana qeyri-qanuni olaraq 689.9 manat əlavə borc hesablanmışdır. Daha sonra o iki dəfə 20 manat ödədiyi halda bu məbləğdən cəmi 10 manat hesablanıb və qalıq borcu olaraq 679.9 manat hesablanmışdır. Bundan başqa, cavabdeh təşkilat təqdim etdiyi arayışları nəzərə almadan əlavə borc hesablanmaqla mülki hüquq pozuntusu törətmiş və bu pozuntu azmış kimi daha bir qanunsuzluq etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1345/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktla “Cavabdeh” İB X1 sahəsində abonent kimi qeydiyyata alınmış ünvan 1 mənzil 31 ünvana qeyri-qanuni hesablanmış 679.9 (altı yüz yetmiş doqquz manat, doqquz qəpik ) manat borcun İddiaçı məxsus abunə hesabından silinməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslara görə ləğv edilməlidir: Belə ki, İddiaçı İsgəndər qızının yaşadığı ünvanda quraşdırılmışqaz sayğacı abonentin iştirakı ilə akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir.Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”ninrəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın dəyərinə gorə 679,90 manat hesablanaraq abonentdən tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında qanunun 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarda vətəndaşın laboratoriyada keçirilən yoxlamada iştirakının Birlik tərəfindən təmin olunması qeyd olunmamışdır. Abonent öz vəsaiti hesabınada yoxlamanı keçirdə bilər. Məhkəməyə təqdim olunmuş laboratoriyanın rəyindədə aydın görünürki sayğaclar yoxlamaya gedərəkən kütləvi şəkildə və yalnız sayğacın nömrəsi qeyd olunur orada vətəndaş və onun ünvanı barədə məlumat olmur. Bununlada yoxlamanın nə qədər şəffaf keçirildiyi öz təsdi qini tapır. Dövlət təşkilatı kimi Cavabdeh məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, “Cavabdeh” İstehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Sayğaca müdaxilə rəydə aşkar göründüyü halada məhkəmə bunu ağlabatan saymır. Bu qərarla hər kəs sayğaca müdaxilə edər və ödəniş etmədən təbii qazdan istifadə edər və dövlət əmlakını yararsız hala salar. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1345/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ünvan 1 mənzil 31 ünvanın təbii qaz istehlakçısıdır. xx xxxx 2018-ci il tarixdə “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən həmin ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilərək köhnə sayğac dövlət yoxlanılmasına göndərilmiş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Çıxarılmış sayğac xx xxxx 2018-ci il tarixdə keçirilmiş dövlət yoxlanılması nəticəsində yararsız hesab edilmiş və yararsızlığın səbəbi kimi “sayğacın hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sınıqdır” göstərilmişdir. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən verilmiş rəyə uyğun olaraq itirilmiş qazın bərpası məqsədi ilə xx xxxx 2018-ci il tarixdə akt tərtib edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AK2/35110 nömrəli müqavilə, müdaxilə olunmuş sayağacın dəyərinin ödənilməsi ilə “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 00116175 saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt və digər sənədlərlə təsdiqlənir. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya Qtexniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. az sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd edilən normanın məzmunu və legitim məqsədindən göründüyü kimi, qanunverici zədələnmiş qaz sayğacının istehlakçının vəsaiti hesabına yenisi ilə əvəz edilməsini məhz zədələnmənin istehlakçının təqsiri üzündən baş verdiyi halda mümkün hesab etmişdir. Bu baxımdan, yalnız sadalanan şərtlər mövcud olduğu halda istehlakçı zədələnmiş qaz sayğacına görə məsuliyyət daşıyır. O da nəzərə alınmalıdır ki, təqsir dedikdə, şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) və bu əməlin nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Ağırlıq dərəcəsindən asılı olmayaraq, təqsir şəxsin qınanıla bilən davranışıdır. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan istisna qanunvericilikdə birbaşa və birmənalı şəkildə göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Lakin hazırkı mülki işdə “Cavabdeh” İB İddiaçı yaşadığı ünvan 1 mənzil 31 quraşdırılmış qaz sayğacında zədələnmənin sonuncunun təqsirli hərəkət(lər)i nəticəsində meydana gəldiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı mötəbər və mümkün sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Odur ki, qaz sayğacının işlək vəziyyətində qalmasına görə məsuliyyət daşıyan “Cavabdeh” İB sayğacda yaranmış zədələrin istehlakçının təqsiri üzündən baş verməsi halını sübut etməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1345/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “Cavabdeh” İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1345/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar