Məhkəmə qərarları › İş №2(103)-8132/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8132/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8132/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi İsmayılov Ruslan Fərhad oğlunun iştirakı ilə, İddiaçı “xxxxxxxxx” MMC cavabdehlər Səfərov Pərviz Rəhim Bala oğlu və Xəlilov Eldar Şahvələd oğluna qarşı pul və əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1718/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Səfərov Pərviz Rəhim Bala oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxxxxxxx” MMC cavabdehlər Səfərov Pərviz Rəhim Bala oğlu və Xəlilov Eldar Şahvələd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxx” MMC-nin mülkiyyətində olan “BENTLEY” markalı “CONTİNENTAL GT SPEED” modelli **-YY-*** qeydiyyat nömrəli avtomaşını cavabdeh Səfərov Pərviz Rəhim Bala oğlunun qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi “xxxxxxxxx” MMC-yə qaytarılması; cavabdehlər Səfərov Pərviz Rəhim Bala oğlundan və Xəlilov Eldar Şahvələd oğlundan “xxxxxxxxx” MMC-nin xeyrinə 20820 manat əsas lizinq borcu, 8700 manat lizinqdən istifadəyə görə faiz borcu, 3100 manat hesablanmış penya, cəmi 32620 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək mübahisə predmeti olan “Bentley Continental GT Speed” markalı **-YY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və iddiaçının məsul saxlancına verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1718/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, “Bentley Continental GT Speed” markalı **-YY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin “xxxxxxxxx” MMC-nin məsul saxlancına verilməsi qərara alınmışdır Həmin qərardaddan cavabdeh Səfərov Pərviz Rəhim Bala oğlu şikayət verərək qərardadın ləğv olunması xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışır ki, ölkədəki pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından avqust ayınadək işsiz olmuş, bu səbəblə də heç bir qazancı olmamışdır. Həmçinin bildirmişdir ki, daxili lizinq müqaviləsinə əsasən tərəfindən ödəniş cədvəlinə uyğun olaraq böyük məbləğdə pul ödənilmişdir və yaranmş borcunu ödəməyə davam edəcəkdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1718/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi İsmayılov Ruslan Fərhad oğlu şikayətə etiraz edərək təmin olunmamsını və Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1718/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilənqərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri,çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı iddiaçının avtomobilin qaytarılması və borcun tutulması tələbi əsasında başlanmışdır və iddiaya mahiyyəti üzrə baxılana qədər iddiaçının mülkiyyətində olan həmin avtomobilə dəyə biləcək ziyana görə tərəflər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər; belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsişikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdəqərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1718/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar