Məhkəmə qərarları › İş №2(103)-8148/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8148/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8148/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin, habelə kirayə haqqının ödənilməsi” barədə ilkin, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya ödənilməklə qeyri-yaşayış sahəsinə olan hüquqlara xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə (MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 74 ünvanında tikilmiş yeni binada, X3 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə, 5 metr enində, 6 metr uzunluqda, ön cəbhəsi X3 küçəsinə baxan 30 kv.m istifadəyə yararlı qeyri-yaşayış sahəsinin təmirli, sanitar qovşaqla təmin olunmaqla onların ümumi birgə mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi zərərə görə 7200 manatın, mənəvi zərərə görə 12 000 manatın, eləcə də qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyətlərinə verilən günədək MTK-dan hər ay üçün 600 manatın xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 iddia tələblərini belə əsaslandırmışlar ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus olmuş, ümumi sahəsi 30 kv.m olan obyekt çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşmiş, 5 metr enində, 6 metr uzunluğunda ön cəbhəsi X3 küçəsinə baxmışdır. Onlarla MTK arasında 22 yanvar 2017-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən həmin qeyri-yaşayış sahəsini MTK-ya təhvil verməyi, MTK isə binanın yerində inşa edəcəyi yeni binanın 1-ci mərtəbəsindən, X3 küçəsi istiqamətində, hazırda “Bazarstore” kimi fəaliyyət göstərən ticarət sahəsinin sağ və ya sol hissəsində 30 kv.m qeyri-yaşayış sahəsini onların mülkiyyətinə verməyi öhdələrinə götürmüş, müqavilə ilə MTK-nın öz öhdəliyini icra etməsinin son müddəti 22 yanvar 2020ci il müəyyən edilmişdir. Lakin həmin yerdə bina tikilməsinə baxmayaraq onlara bəhs olunan qeyri-yaşayış sahəsi təqdim edilməmiş, MTK-nın qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi ziyana məruz qalmışlar. Artıq əmlaka münasibətdə kirayə xərcləri müqavilə şərtləri ilə deyil, həmin ərazidə olan 30 kvadratmetrlik qeyri-yaşayış sahəsinin kirayəsinin bazar qiyməti ilə hesablanmalı və tənzimlənməlidir. Cavabdeh MTK isə İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə) ilkin iddia tələbinin rədd olunmasını və ünvan 2 ünvanında yerləşmiş qeyri-yaşayış sahəsinə görə kompensasiya ödənilməklə adı çəkilən şəxslərin həmin əmlaka olan hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin müvafiq qərarına və Səbail rayon icra Hakimiyyətinin sərəncamına əsasən MTK tərəfindən Bakı şəhəri, X3 küçəsi ev 72-74-76-76a ünvanlarında 1-4 mərtəbəli yaşayış binalarının söküntüsünün həyata keçirilməsi, həmin binalarda yaşayan sakinlərin iki il müddətində tikintisi başa çatdırılmalı olan binalarda mənzillərlə təmin edilməsi nəzərdə tutulmuş, ilkin iddiaçılarla bağlanmış 22.01.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndində onların, mülkiyyətlərində olan Bakı şəhəri, X3 küçəsi 74 ünvanında yerləşən 34 saylı bərbərxananı yaşayış kompleksinin tikintisi məqsədilə MTK-na təhvil vermələri, MTK-nın isə həmin qeyriyaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri- yaşayış sahəsi ölçüsündə mülkiyyətçilərin istəyi ilə yeni yaşayış və ya qeyriyaşayış sahəsini onlara təhvil verəcəyi, eyni zamanda əmlak təhvil verilənə qədər ayda 300 manat kirayə haqqı ödəyəcəyi razılaşdırılmışdır. MTK müqavilənin şərtlərinə uyğun olaraq həmin ünvanda binalar tikmiş, müəyyənləşdirilmiş kirayə haqqını ilkin iddiaçılara ödəmiş, bina hazır olduqdan sonra onlara müvafiq qeyri-yaşayış sahəsini təklif etsə də, ilkin iddiaçılar müqavilədə nəzərdə tutulmayan şərtlər irəli sürərək X3 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə, 5 metr enində, 6 metr uzunluqda, ön cəbhəsi X3 küçəsinə baxan 30 kv.m istifadəyə yararlı qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə onların ümumi birgə mülkiyyətinə verilməsini tələb etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı1 və İddiaçı2 məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına (34 saylı bərbərxana) görə Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda İddiaçı1 25 900 manat, İddiaçı2 25 900 məbləğində kompensasiya (ümumilikdə 51 800 manat) ödənilməklə İddiaçı1 və İddiaçı2 ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına (34 saylı bərbərxana) mülkiyyət, istifadə və sahiblik hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın qaldırılması üçün Cavabdeh MMC tərəfindən ödənilən 30 manat dövlət rüsumunun İddiaçı1 və İddiaçı2 tutularaq Cavabdeh MMC-yə ödənilməsi, "xxxx" MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manatın İsmayılzadə Şeyx- Əli- Əkbər İsmayıl oğlundan və İddiaçı2 tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən ilkin iddia üzrə iddiaçılar birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddia tələblərinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin qanunvericiliyin tələblərini kobud şəkildə pozduğunu, hüququn tətbiqində səhvə yol verdiyini, işin hallarına düzgün hüquqi qiymət vermədiyini, açıq-aşkar əsassız, qanunsuz və ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşlər. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı1 və İddiaçı2, habelə İddiaçı1 nümayəndəsi (vəkili) Elvin Nəbizadə apellyasiya şikayətini müdafiə edərək izahatlarında göstərmişlər ki, Cavabdeh MMC tərəfindən Səbail rayonu, X3 küçəsi 74 saylı ünvandakı yaşayış və qeyri-yaşayış sahələri sökülməzdən əvvəl onların əmlakının giriş tərəfi Q.Abbasov küçəsinə, arxa tərəfi isə Xanlar küçəsinə baxmış, sökülmüş sahələrin yerində (həmin ünvanda) MMC-nin inşa etdiyi yeni binanın mənzillər üçün giriş-bloku Xanlar küçəsinə baxmaqla Xanlar küçəsinin adı Bakı şəhər icra hakimiyyəti başçısının 239 nömrəli 23.07.2019-cu il tarixli sərəncamı ilə Ziya Yusifzadə küçəsi adlandırılmış, Cavabdeh MMC-NİN (MTK) X3 küçəsi 74 ünvanında inşa etdiyi bir girişli yaşayış binasının mənzil girişi Ziya Yusifzadə küçəsi tərəfdə olduğundan həmin binanın girişinə yeni qaydalara uyğun olaraq Ziya Yusifzadə küçəsi 133 ünvanı təyin edilmişdir. Xanlar küçəsinin adı dəyişdirilsə də, X3 küçəsi olduğu kimi qalmışdır və yeni binanın mənzillərə giriş tərəfi Z.Yusifazadə küçəsinə, qeyri yaşayış sahələri üçün ayrılan tərəfi isə X3 küçəsinə baxır. Hazırda Q.Abbasov küçəsində binanın birinci mərtəbəsində “Bazarstore” mağazalar şəbəkəsinin mağazası və telefon aksesuarları dükanı fəaliyyət göstərir. Onlara məxsus olmuş əmlak birinci mərtəbədə yerləşməklə girişi X3 küçəsinə baxdığından, MTK müqaviləyə, Nazirlər Kabinetinin qərarına və Səbail rayon icra hakimiyyətinin sərəncamına əsasən binanın X3 küçəsinə baxan tərəfindən birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi verməlidir. Ərazinin fotoşəkillərindən, Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestrinin Ünvan Portalından çıxarışlardan da görünür ki, X3 74 saylı ünvanında inşa edilmiş yeni binanın bir tərəfi, yəni qeyri-yaşayış sahələrinin olduğu tərəfi X3 küçəsinə, digər tərəfi, yəni girişi (bloku) isə Z.Yusifzadə küçəsinə baxır. MTK tərəfindən inşa edilmiş yeni bina əsasən Neftçi Q.Abbasov 74 ünvanının ərazisində tikildiyindən MTK digər təşkilatlarla, icra qurumları və məhkəmələrlə münasibətlərində öz ünvanı olaraq Qurban Abbasov 74-ü qeyd edir. Bundan başqa, “Bazarstore” mağazalar şəbəkəsinə qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilədə də mağazanın ünvanı Q.Abbasov 74 olaraq qeyd edilmişdir. Yeni qeyri-yaşayış sahəsi MTK tərəfindən X3 küçəsi 74 ünvanında inşa edilmiş yeni binanın birinci mərtəbəsindən ön cəbhəsi həmin küçəyə baxmaqla və həmin küçədən ayrıca girişi olmaqla ona görə verilməlidir ki, sahələri sökülməzdən əvvəl həmin göstəricilərə malik olmuş, bu xüsusat çıxarışla, daşınmaz əmlakın texniki pasportu (situasiya planı) və fotoşəkillərlə, müqavilə və işin digər sənədləri ilə tam təsdiq olunur. Ümumiyyətlə işin bu halı (sahənin yerləşdiyi ünvan, yer, istiqamət) mübahisə predmeti deyildir və olmamışdır da. Həmçinin müqavilənin 4.2-ci bəndində yeni sahənin həmin, yəni köhnə yaşayış sahəsinin layihəsinə uyğun vəziyyətdə təhvil verilməsini cavabdeh öhdəsinə götürmüş, MTK-nın direktoru Akif Fətullayev sahəni ölçüb planı tərtib etmiş, plan müqaviləyə əlavə edilmişdir. Kirayə haqqı Cavabdeh MTK tərəfindən müqavilənin müddəti boyunca (22.01.2017-22.01.2020) tam olaraq ödənilmiş, müqavilənin müddəti bitdikdən sonra isə 5 ayın (2020-ci ilin fevral, mart, aprel, may və iyun aylarının) kirayə haqları aylıq 300 manatdan olmaqla ödənilmişdir. Hesab edirlər ki, müqavilənin müddəti bitdikdən sonra aylıq 600 manat ödənilməlidir və buna görə 5 ay ərzində yaranan fərq ( 1500 AZN ) və eləcə də 01 iyul 2020-ci il tarixdən hesablanmaqla qeyri yaşayış sahəsi mülkiyyətlərinə verilənədək hər ay 600 manat MTK-dan tutulmalıdır. Yeni qeyri-yaşayış sahəsi istifadəyə yararlı, təmirli və sanitar qovşaqla təmin olunmuş vəziyyətdə ona görə verilməlidir ki, sahə sökülməzdən əvvəl bərbərxana kimi fəaliyyət göstərmiş, istifadəyə tam yararlı və təmirli olmuş, sanitar qovşaqla təhciz edilmişdi. Müqavilənin 4.2-ci bəndində isə, yeni sahənin həmin, yəni köhnə yaşayış sahəsinin layihəsinə uyğun vəziyyətdə və həmin layihə ilə nəzərdə tutulmuş şəraitlə təhvil verilməsini MTK öhdəsinə götürmüşdür. Vəziyyət dedikdə obyektin ölçüsü, yerləşməsi, girişi, baxdığı istiqamət və s., şərait dedikdə isə təmirli, sanitar qovşaqlı, istifadəyə yaralı və s. forması nəzərdə tutulur. Bundan başqa, Respublikada qəbul edilmiş ümumi təcrübə var ki, pilot layihə əsasında sökülən sahələrin əvəzinə stimulaşşdırıcı qayda olaraq 20 faiz artıq sahə verilir və eyni zamanda sahə təmirli şəkildə verilir. Yoxsa heç kim öz sahəsinin sökülməsi üçün razı olmaz. Onlar isə 20 faiz artıq sahə tələb etmirlər, halbuki başqalarına MTK tərəfindən 20 faiz artıq sahə verilmişdir. Bundan başqa Nazirlər Kabinetinin qərarının “Preambulasında” konkret göstərilmişdir ki, qərarın məqsədi qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Həmin qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətçilərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin (sahələrin) ayrılması nəzərdə tutulmuşdur. Səbail rayon icra hakimiyyətinin 117 nömrəli sərəncamının 2-ci bəndinə əsasən də, sökülmüş tikililərin yerində yeni tikiləcək binada müvafiq qaydada sahələrin ayrılması tapşırılmışdır. Burada müvafiq (müvafiq qaydada) dedikdə, sökülən binanın yerində tikiləcək binadan, sökülən sahələrin faktiki sahəsinə, girişinə, yerləşdiyi yerə, baxdığı istiqamətə, şəraitinə və s. uyğun mənzillər (sahələr) verilməsi başa düşülməlidir. Məhkəmə iclaslarının vaxtı (yeri) barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh MTK nümayəndəsini məhkəməyə göndərmədiyindən (MTK-nın nümayəndəsi ilk məhkəmə iclasına gələrək etibarnaməsini təqdim etmiş, ikinci məhkəmə iclası nümayəndənin xəstə olması barədə MTK-nın ünvanladığı teleqram nəzərə alınmaqla təxirə salınmış, lakin MTK növbəti iclasa da nümayəndəsini göndərməmişdir), Mülki Prosessual Məcəllənin 376-cı maddəsinin tələblərinə uyğun olaraq işə baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası iddiaçıların (nümayəndənin) izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmalı, ilkin iddia tələblərinin qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan halına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli 86 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək nəzərdə tutulmuş, qərarın icrası ilə əlaqədar Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı 26.08.2016-cı il tarixdə 117 saylı Sərəncam vermiş, Sərəncamda Cavabdeh MMC-nin müraciətinin nəzərə alındığı və Bakı şəhəri, X3 küçəsi ev 72-74-76-76a ünvanlarında 1-3 mərtəbəli yaşayış binalarının söküntüsünün həyata keçirilməsinin, həmin binalardan köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və sökülmüş tikililərin yerində inşa ediləcək binada müvafiq qaydada mənzillərlə təmin olunmalarının həmin MMC-nə tapşırıldığı göstərilmiş, qeyd olunan işlərin MMC-nin hesabına həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş və mübahisələndirilməyən digər halına görə, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 74 ünvanında yerləşən binanın 1-ci (birinci) mərtəbəsindəki ümumi sahəsi 22,8 kv.m olan qeyri-yaşayış sahəsi (34 saylı bərbərxana) ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 məxsus olmuş, 22.01.2017-ci il tarixdə Cavabdeh MMC ilə onların arasında müqavilə bağlanmış, müqavilədə sözügedən əmlakın (qeyri-yaşayış sahəsinin) ümumi sahəsinin 22,8 kv.m., əlavə tikilinin 7,2 kv.m. ölçüdə olduğu müəyyənləşdirilmiş, müqavilənin 1.1-ci bəndinə əsasən adı çəkilən şəxslər (ilkin iddiaçılar) həmin qeyri-yaşayış sahəsini MMC-nə təhvil verməyi, MMC isə bunun əvəzində, inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsi ölçüsündə (30 kv.m) yeni yaşayış və ya qeyri-yaşayış sahəsini (mülkiyyətçilərin istəyi ilə) onlara təhvil verməyi, eləcə də ayda 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüş, müqavilənin 4.2-ci bəndində “Yeni qeyri-yaşayış sahəsinin həmin sahənin layihəsinə uyğun vəziyyətdə, layihə ilə nəzərdə tutulmuş şəraitlə mülkiyyətçiyə təhvil veriləcəyi” və “təhvil verilmənin aktla rəsmiləşdiriləcəyi” nəzərdə tutulmuşdur. İlkin iddiaçılar və Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmaqla MMC-nin möhürü ilə təsdiq edilmiş və sözügedən müqaviləyə əlavə olunmuş çizgi-plandan, eləcə də iş materiallarındakı fotoşəkillərdən və texniki pasportun göstəricilərindən aydın olur ki, 34 saylı bərbərxana 5,06 metr enində, 4,84 metr uzunluqda sahəni əhatə etməklə ön cəbhəsi X3 küçəsinə baxmışdır. İşin hallarından aydın olur ki, Cavabdeh MTK (Cavabdeh MMC-nin təşkilati hüquqi forması sonradan MTK olaraq dəyişdirilmişdir) müqavilənin icrası qaydasında ilkin iddiaçılara yeni inşa edilmiş binanın 3 ayrı istiqamətindən – binanın üçüncü mərtəbəsinin şimal-qərb hissəsindən; binanın üçüncü mərtəbəsinin qərb hissəsindən Ziya Yusifzadə küçəsinə baxan istiqamətdən; binanın Ziya Yusifzadə küçəsinə baxan hissəsində birinci mərtəbədən - qeyri-yaşayış sahəsini verməyi təklif etmiş, ilkin iddiaçılar isə onlara X3 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə, 5 metr enində, 6 metr uzunluqda, ön cəbhəsi X3 küçəsinə baxan hissədən qeyri-yaşayış sahəsi verilməli olduğunu irəli sürdüklərindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İşin müəyyən edilən və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, ilkin iddiaçılara 2020-ci ilin iyun ayına qədər (iyun ayı daxil olmaqla) müqavilədə nəzərdə tutulmuş kirayə haqqı ödənilmiş, həmin dövrdən sonra ödəniş həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddiaçıların əmlaklarının yerləşdiyi binanın Cavabdeh MMC (MTK) tərəfindən sökülməsi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı və bu qərarın icrası ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında həyata keçirildiyindən, eyni zamanda onların düşdükləri zərərin (məhrumiyyətin) əvəzinin artıqlaması ilə ödənildiyi faktları təsbit olunduğundan, ilkin iddia əsaslı deyildir və ilkin iddiaçıların mülkiyyət hüquqlarına kompensasiya ödənilməklə xitam verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, eləcə də maddi hüquq normalarının tələblərini kobud şəkildə pozması səbəbindən gəlməklə, eyni zamanda qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, ilkin iddia tələbləri ilkin iddiaçıların mülkiyyət hüquqlarının qorunması ilə bağlı olduğundan və mülkiyyət hüquqlarından imtina etmələri ilə əlaqədar bağladıqları müqavilənin şərtlərinin pozulması onların iddialarının əsas dəlilini təşkil etdiyindən, ilkin iddiaya mülkiyyət hüququnun müdаfiəsi və müqavilə öhdəlikləri ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyrimütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında ilkin iddiaçıların, öz mülkiyyətlərindəki əmlakı onun əvəzində yeni əmlak əldə etmək şərtilə Cavabdeh MMC-nə (hazırda MTK) vermələri barədə müqavilə bağlanmışdır; bu isə o deməkdir ki, iddia tələblərinə veriləcək qiymət həmin müqavilənin şərtlərinə MTK tərəfindən əməl olunubolunmadığının müəyyənləşdirilməsindən asılıdır. Belə ki, etibarlı bir müqavilə qanunla tanınan hüquqi nəticə - mülki hüquq və vəzifələri əmələ gətirir və tərəflərin bağladıqları ikitərəfli əqd əsasında əmlak MMC-nə verilmişdirsə, bu hal ilkin iddiaçıların əmlak üzərindəki mülkiyyət hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC (MTK), “yeni qeyri-yaşayış sahəsini həmin sahənin layihəsinə uyğun vəziyyətdə, layihə ilə nəzərdə tutulmuş şəraitlə mülkiyyətçiyə təhvil verəcəyini” öhdəsinə götürdüyündən və 34 saylı bərbərxananın 5,06 metr enində, 4,84 metr uzunluqda sahəni əhatə etməklə ön cəbhəsinin X3 küçəsinə baxdığı müəyyən edildiyindən, MTK-nın ilkin iddiaçılara etdiyi təklif müqavilə şərtlərinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər. Göründüyü kimi, Cavabdeh MMC-nin (MTK-nın) sözügedən ərazidə söküntü-tikinti işləri həyata keçirməsinin hüquqi əsasını təşkil edən Nazirlər Kabineti qərarında sökülən binalarda əmlakı olan sakinlərə məhz “sökülmüş tikilinin yerində” yeni əmlak verilməsi nəzərdə tutulmuşdur; bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış müqavilə müvafiq məzmunda təfsir olunmalı, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 74 ünvanında inşa edilmiş yeni binada, X3 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə yerləşən, eni 5 (beş) metrdən az olmamaqla ön cəphəsi X3 küçəsinə baxan 30 (otuz) kv.m ölçülü istifadəyə yararlı qeyri-yaşayış sahəsinin təmirli və sanitar qovşaqla təmin olunmuş vəziyyətdə ilkin iddiaçılara təhvil verilməsi öhdəliyi MTK-nın üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə hazırda da qüvvədədir və tərəflər həmin müqavilənin etibarlılığını mübahisələndirməməklə məhz bu müqaviləyə istinadla tələblər, habelə arqumentlər (etirazlar) irəli sürmüşlər. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, ilkin iddiaçıların “qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyətlərinə verilən günədək MTK-dan hər ay üçün 600 manatın xeyirlərinə tutulması” tələblərini də qismən əsaslı hesab edir; belə ki, yuxarıda qeyd olunduğu kimi, müqavilədə MMC (MTK) yeni qeyri-yaşayış sahəsini ilkin iddiaçılara təhvil verəcəyi vaxtadək ayda 300 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüş, həmin ödənişi 2020-ci ilin iyun ayına qədər həyata keçirmiş, iyul ayından etibarən ödənişləri dayandırmışdır. Buna görə də kollegiya hesab edir ki, 01 iyul 2020-ci il tarixdən etibarən hesablanmaqla qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 təhvil verilənədək hər ay 300 (üç yüz) manat kirayə haqqı Cavabdeh MTK-dan onların xeyrinə tutulmalıdır. Kollegiya, ilkin iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində ilkin iddiaçıların mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada ilkin iddiaçıların tələb etdikləri mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusunu, xüsusilə, cavabdeh MTK-nın müqavilə öhdəliyinə lazımi qaydada əməl etməməsi nəticəsində ilkin iddiaçıların uzun müddətdir məhkəmə çəkişməsinə məruz qaldıqlarını və əmlaklarından məhrum olduqlarını nəzərə almaqla kollegiya hesab edir ki, onların hər birinə dəymiş mənəvi zərərin 1000 (min) manat həcmində müəyyənləşdirilməsi mənəvi iztirablarının ağlabatan əvəzi kimi qəbul edilməlidir. İlkin iddiaçılar daha çox məbləğdə mənəvi ziyan çəkdiklərini, eləcə də maddi zərərə məruz qaldıqlarını irəli sürsələr də, həmin tələblərinin əsaslı hesab olunmasına imkan verəcək hər hansı mötəbər sübut təqdim etməmişlər; hansı ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İlkin iddia tələbləri ilə bağlı gəldiyi nəticəyə uyğun olaraq kollegiya, qarşılıqlı iddianı əsassız hesab edir və bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət görmür. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin təcrübəsinə görə, konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş) – hazırkı iş üzrə isə, ilkin iddiaçıların mülkiyyətlərində olmuş əmlakın əvəzində onlara kompensasiya qismində yeni əmlak verilməli olduğu nəticəsinə gəlinmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir – ilkin iddiaçılara məxsus olmuş əmlak artıq söküldüyü (məhv olduğu) üçün isə, bu o deməkdir ki, olmayan (itirilmiş) hüquqa xitam verilməsi mümkün deyildir. Bununla yanaşı kollegiya Cavabdeh MTK-ya izah edir ki, müqavilə öhdəliyinə əməl etdikdən sonra o, ilkin iddiaçılara məxsus olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvini tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 150.1-ci maddəsinə görə, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı1 ödədiyi rüsum məbləği cavabdeh MTK-dan alınıb ona ödənilməli, qarşılıqlı iddia üçün MTK-nın ödədiyi rüsum məbləği onun özünə aid olunmalı, qiymətləndirmə xərcinin məbləği isə MTK-dan alınıb müvafiq hesaba köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-744/2021 saylı iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin, habelə kirayə haqqının ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 74 ünvanında inşa edilmiş yeni binada, X3 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə yerləşən, eni 5 (beş) metrdən az olmamaqla ön cəphəsi X3 küçəsinə baxan 30 (otuz) kv.m ölçülü istifadəyə yararlı qeyri-yaşayış sahəsinin təmirli və sanitar qovşaqla təmin olunmuş vəziyyətdə İddiaçı1 və İddiaçı2 təhvil verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. 01 iyul 2020-ci il tarixdən etibarən həmin qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 təhvil verilənədək hər ay 300 (üç yüz) manat kirayə haqqı, eləcə də mənəvi ziyanın əvəzi qismində hər biri üçün 1000 (min) manat olmaqla cəmi 2000 (iki min) manat Cavabdeh Mənzil Tikinti Kooperativindən Şeyx-Əli-Əkbər İsmayıl oğlunun və İddiaçı2 xeyrinə tutulsun. İlkin iddia tələbləri qalan hissədə, həmçinin Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya ödənilməklə qeyri-yaşayış sahəsinə olan hüquqlara xitam verilməsi” barədə qarşılıqlı iddia tələbləri təmin olunmasın. İlkin iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı1 ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği Cavabdeh Mənzil Tikinti Kooperativinə aid olunsun; birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirmənin haqqı olan 150 (yüz əlli) manat isə Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********,hesab№:AZ30GUNA********************,Bank:"xxxx"ASC,VÖEN:**********,Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar