Məhkəmə qərarları › İş №2(103)-816/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-816/2021

15.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-816/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, iddiaçıların nümayəndəsi X2 və vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-1212/2018 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı yük avtomobillərinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100.000 manat pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə xx.xx.2014 cü il tarixdə İddiaçı2 və xx.xx.2014-cü il tarixdə İddiaçı1 arasında bağlanmış avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş 80000 (səksən min) manat, daha sonra isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verərək 100.000 (yüz min) manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 oğlu “xxxx” MMC-dən xx.xx.2014-cü il tarixdə SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı **-GP-*** dövlət nömrə nişanlı, SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı **-GK-*** dövlət nömrə nişanlı, xx.xx.2014-cü il tarixdə SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı **-GJ-*** dövlət nömrə nişanlı yük avtomobilini ilkin ödəniş 50.000 (əlli min) manat olmaqla almış, həmin avtomobillərə görə Cavabdeh MMC-yə əlavə olaraq 50.000 (əlli min) manat kredit ödəmişdir. Həmin pul vəsaitlərini ödəməyinə baxmayaraq 2016-cı ildə cavabdeh tərəfindən qeyd edilən avtomobillər zorla alınmış və onun xəbəri olmadan başqasına verilmişdir. Həmçinin İddiaçı1 Cavabdeh MMC-dən xx.xx.2014-cü il tarixdə SHACMAN 8*4 markalı 2013-cü il buraxılışlı 99-HK055 dövlət nömrə nişanlı yük avtomobilinin ilkin ödəniş 10.000 manat olmaqla almışdır. O isə həmin avtomobilə görə Cavabdeh MMC-yə əlavə olaraq təxminən 15.000- 20.000 (on beş min-iyirmi min) manat kredit ödəmişdir. Onun da avtomobili həmin pul vəsaitlərini ödəməyinə baxmayaraq cavabdeh tərəfindən zorla alınmış və onun xəbəri olmadan başqasına verilmişdir. Həmin avtomobillər onlardan alınarkən saz vəziyyətdə olmuşlar. Həmin avtomobillərə yeni təkərlər belə alıb qoymuşlar. Avtomobillər onlardan alındıqdan sonra cavabdeh tərəfindən onlara bildirilmişdir ki, avtomobillər yalnız krediti ödədikdən sonra onlara qaytarılacaq. Lakin buna baxmayaraq cavabdeh tərəfindən deyilənlərə əməl edilməmiş və avtomobillər onların xəbəri olmadan başqalarına satılmışdır. Həmin avtomobillər onlardan alınarkən bazar dəyəri 40.000 (qırx min) ABŞ dolları civarında olmuşdur. Həmin avtomobillərə görə onlar borcun demək olar ki, yarısından çoxunu ödəmişlər. Belə olan halda cavabdeh onlara pul qaytarmalı idi. Lakin bunu etməmiş və hər bir avtomobildə onların ödədiyi vəsaitlərdən əsassız varlanmışdır. Həmin avtomobillərin hər birindən ona təxminən 20.000-30.000 (iyirmi min-otuz min) manata yaxın pul vəsaiti geri qaytarılmalı idi. Lakin cavabdeh avtomobilləri satmış və onların ödədiyi vəsaitləri geri qaytarmamışdır. Göründüyü kimi avtomobillər devalivasiyadan qabaq alınmış və manatla alınmışdır. Avtomobillər 2016-cı ildə onlardan zorla alınanda həmin avtomobillərin qiyməti xeyli artmışdır. Belə ki, həmin avtomobillər xaricdən gətirildiyindən və xarici valyuta ilə alındığından artıq qiymətində 100 faiz bahalaşma olmuşdur. Odur ki, cavabdeh tərəfindən ya avtomobillər geri qaytarılmalı və ya ödədikləri pul vəsaitləri geri qaytarılmalıdır. Həmçinin cavabdeh onların əmlaklarını vaxtında qaytarmamaqla maddi və mənəvi ziyan vurmuşdur. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobillərə görə “xxxx” MMC-yə 100000 manat və bir qədər artıq məbləğdə pul ödəmişlər və bu cavabdehin təqdim etdiyi sənədlərlə təsdiq olunur. Bundan başqa, avtomobillər “xxxx” MMC-yə məxsus olmamış və onlar etibarnamə əsasında satılmışdır. Lakin, məhkəmə iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Halbuki, avtomobillər 2016-cı ildə onlardan alınaraq 2017-ci ildə başqa adamlara satılmışdır. Belə olan halda iddia müddəti tətbiq edilə bilməzdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7963/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-1212/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-3064/2020 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Hazırki apellyasiya baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. İş üzrə Ali Məhkəmənin tövsiyyələrinə əsasən hazırki apellyasiya baxışı zamanı avtomobillərin mülkiyyətçiləri X1 və X5 üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişlər. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş lazımi qaydada məlumat göndərilmiş cavabdeh MMC-nin nümayəndəsi, habelə işin hazırki apellyasiya baxışı zamanı üçüncü şəxs qismində məhkəmə baxışına cəlb edilmiş X1 və X5 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə almaqla apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi işdə yol verilmiş prosessual pozuntuya görə ləğv edilərək, iddiasının təmin olunmaması barədə iş üzrə əsaslandırılmış yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi avtomobillərə dair xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələrini satıcı kimi “xxxx” MMC öz adından imzalamış və həmin müqavilələr rəsmi qaydada təsdiq olunmamışdır. İş materiallarından həmçinin göründüyü kimi qeyd olunan avtomobillər üzərində cavabdeh “xxxx” MMC-nin mülkiyyət hüququ olmamışdır. Yəni, cavabdehin satıcı kimi həmin avtomobillərə dair sərəncam vermək səlahiyyəti olmamışdır. Qeyd olunan müqavilələrin bağlanmasından sonra həmin avtomobillər iddiaçıların mülkiyyətinə deyil, yalnız sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçılar isə həmin avtomobillərdən gəlir əldə etmək məqsədi ilə istifadə etmişlər. Buna görə apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən həmin avtomobilin mülkiyyətçilərinin maraqlı şəxs qismində işə cəlb etməklə iddiaçıların iddia tələblərinə faktiki mövcud olmuş icarə hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməli olub-olmamasını araşdırmalıdır. Mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia predmetini təşkil edən avtomobillərlə bağlı mübahisəyə həmin avtomobillərin mülkiyyətçilərini məhkəmə baxışına cəlb etmədən işə baxmışdır. Bu hal prosessual normalarının pozulması hesab olunmaqla mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Kollegiya prosessual pozuntuya görə qətnamənin ləğv edilməsi nəticəsinə gəlir və eyni zamanda apellyasiya şikayətinin iddianın təmin olunması barədə dəlillərini əsasssız hesab edib qeyd edir ki, iddia tələblərinin təmin edilməsi üçün heç bir hüquqi əsaslar mövcüd deyildir. Belə ki, Kollegiya mülki mübahisə üzrə qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı2 xx xxxx 2014-cü il tarixli, 176 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 65800 (altmış beş min səkkiz yüz) manat ödəniş etmiş, ümumi 49800 (qırx doqquz min səkkiz yüz) manat borcu qalmışdır. İddiaçı2 xx xxxx 2014-cü il tarixli, 185 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 32700 (otuz iki min yeddi yüz) manat ödəniş etmiş, 25100 (iyirmi beş min yüz) manat borcu qalmışdır. İddiaçı1 xx xxxx 2014-cü il tarixli, 194 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 22700 (iyirmi iki min yeddi yüz) manat ödəniş etmiş, 35100 (otuz beş min yüz) manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş, notarial qaydada verilmiş “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” xx xxxxxx 2015-ci il tarixli, xx xxxx 2014-cü, xx xxxx 2014-cü tarixli etibarnamələrdən göründür ki, həmin etibarnamələrə əsasən X1 və X5 tərəfindən ** GK ***, ** GP ***, ** HK ***, ** GJ *** qeydiyyat nişanlı, “SHACMAN” markalı avtomobillərini bağışlamaq, ipoteka qoymaq, onların üzərində sərəncam vermək səlahiyyətləri “xxxx” MMC-yə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 3.2-ci maddəsinə əsasən müqavilənin müddəti tərəflərin üzərlərinə düşən öhdəlikləri müqavilə şərtlərinə müvafiq qaydada tam şəkildə yerinə yetirildiyi gün bitir. Müqavilənin 4.2-ci maddəsinə görə alıcıya bu müqavilənin ayrılmaz və tərkib hissəsi olan ödəniş cədvəli verilir və ödəniş həmin cədvələ uyğun olaraq aparılır. Müqavilənin 4.3-cü maddəsinə əsasən alıcı tərəfindən ödəmələrdə gecikmələr olduqda, satıcı tərəfindən alıcıya müvafiq cərimə faizləri tətbiq olunur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçılar müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdar ödəniş etsələr də, öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri tam həyata keçirməmiş, müqavilə üzrə götürdükləri öhdəlikləri icra etməmişlər. Bu işin mübahisəsiz halıdır. Bundan başqa, müqavilələrin 4.4-cü maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə öhdəliklərini bir ay müddətində yerinə yetirmədikdə alıcı avtomaşını təhvil verməyə və qarşılıqlı hesablaşmaları həyata keçirməyə borcludur. Müqavilənin 5.1.3-cü maddəsinə əsasən satıcının alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödəmədiyi təqdirdə avtomaşını geri tələb etmək hüququna malikdir. Müqavilənin 5.1.5-ci maddəsinə əsasən satıcının alıcı tərəfindən avtomaşının dəyərini tam ödəmədiyi təqdirdə avtomaşını geri tələb etmək və vurulmuş ziyana görə tələb irəli sürmək hüququ da vardır. Müqavilənin 5.2.4-cü maddəsinə əsasən avtomaşının dəyəri müqavilənin qüvvədə olduğu vaxtda “alıcı” tərəfindən tam ödənildiyi halda, qeyd-şərtsiz olaraq alıcının mülkiyyətinə verilir. Göründüyü kimi yuxarıda sadalanan işin halları ilə iddiaçılar tərəfindən müqavilənin şərtləri pozularaq ödənişlər müəyyən edilmiş qaydada həyata keçirmədiyindən, müqavilələrin şərtlərinə uyğun olaraq avtomobillər cavabdehə təhvil verilmişdir və belə olan halda məhkəmə kollegiyası avtomobillərin cavabdehə qaytarılmasını həm tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə, həm də mülki qanuvericliyin tələblərinə uyğun olduğunu hesab edir. Həmçinin alıcı müqavilə üzrə öhdəliyini vaxtında lazımınca yerinə yetirmədiyinə görə yük avtomobil tam onun mülkiyyətinə verilməmişdir. Bundan başqa, işin faktiki hallarından görünür ki, tərəflər arasında 2014-cü ildə müqavilələr bağlandıqdan sonra avtomobillər iddiaçılara təhvil verilməklə müəyyən müddət ərzində iddiaçıların sahibliyində və istifadəsində olmuş, iddiaçılar həmin müddətdə avtomobillərdən faydalanmışlar. Bu baxımdan da avtomobillər üçün ödədikləri pulu geri tələb etmələri əsassız iddia tələbi hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəlləsinin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Mülki Məcəllənin 390.1-ci maddəsinə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 406.1-ci maddəsinə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarına əlavə edilmiş müqavilərdən göründüyü kimi tərəflər həmin müqavilələri bağlayarkən öz iradələrini sərbəst şəkildə ifadə etmişlər və öz imzaları ilə təsdiq etmişlər. Tərəflər müqaviləni bağlayarkən öz aralarında avtomobillərin alqısatqısını nəzərdə tutmuşlar, bu hal onlar arasında mübahisə doğurmur və tərəflər arasında icarə hüquq münasibətləri mövcüd olmamışdır. İddiaçılar müqavilənin hansı şərtlərinə və mülki qanunverciliyin hansı normalarının tələblərinə əsasən onların müqavilə üzrə cavabdehə ödədikləri pul vəsaitinin geri qaytarılmalı olduğunu əsaslandırmamışlar və bununla bağlı müvafiq sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddia edən şəxsin tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bundan başqa, Kollegiya həmçinin hazırkı münasibətə iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin yazılı ərizəsi ilə bağlı da qeyd edir ki, iddia tələbi eyni zamanda iddia müddətinin ötürülməsi ilə bağlı da əsassızdır. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən mu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki qanunvericliyin tələbindən göründüyü kimi əhəmiyyətsiz əqdin mübahisələndirilməsi ilə bağlı iddia müddəti bir il müəyyən olunmuşdur. İş materiallarından göründüyü kimi mübahisəli alqı-satqı müqavilələri 2014-cü ildə bağlanmış, iddiaçılar xx xxxxxx 2015-ci il tarixdən sonra ödənişləri dayandırmışlar və nəqliyyat vasitələri xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvana gətirilmişlər, avtomobillər iddiaçılardan təhvil alındıqdan sonra da məhkəməyə vaxtında müraciət etməmişlər. İddiaçılar iddia tələbi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə, yəni hüquqlarının pozulduğunu bildikləri və ya bilməli olduqları vaxtdan bir ildən çox vaxt keçdikdən sonra müraciət etmişlər və bununla da iddia müddətini ötürmüşlər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual pozuntuya yol vermiş, hüququn tətbiqində səhv buraxmış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Həmçinin mülki işin hazırki apellyasiya baxışı zamanı iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, bu hal şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Qeyd edilən prosessual hüquq normanın tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə prosessual pozuntulara yol verildiyinə görə ləğv edilməli, iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar olmadığından, o cümlədən iddia müddəti ötürülməklə verildiyindən, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçıların apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-1212/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “yük avtomobillərinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş 100.000 manat pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar