Məhkəmə qərarları › İş №2(103)-8164/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8164/2021

10.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8164/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(003)-2638/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7500 manat kompensasiya ödəmək şərtilə Cavabdeh onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməsi və cavabdehin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Mərdəkan qəsəbəsi B.Əliyev küçəsində yerləşən 15c saylı evin qapısının kilidini dəyişərək qapının bağlanmasının, onun mülkiyyətində olan evə sərbəst şəkildə girişinə maneə yaradan, evində yaşamaq və istirahət hüququnu pozan bütün qanunazidd hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(003)-2638/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddianı təmin tədbiri ilə iddia tələbi arasında bağlılıq yoxdur. Hazırkı iddia mənzildən istifadə hüququna xitam verilməsi tələbindən ibarət olduğu halda, iddianı təmin tədbirinə dair ərizə müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etməkdən ibarətdir. Tətbiq olunmuş iddianı təmin tədbiri hazırkı iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə uzlaşmır. İşə baxan məhkəmə iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin etməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən, şikayətə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(003)-2638/2021 saylı qərardadı ləğv edilməli, iddianı təmin tədbirinin tətbiq edilməsinə dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Hazırkı işdə iddia tələbi kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı olduğu halda, iddianı təmin tədbiri iddiaçının öz mülkiyyətində olan mənzildən istifadəsinə maneçiliyin cavabdehə qadağan edilməsi ilə bağlıdır. Göründüyü kimi, iddia tələbi ilə iddianı təmin tədbiri arasında bağlılıq yoxdur. Belə bir iddianı təmin tədbirinin tətbiq edilməsi isə hazırkı iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(003)-2638/21 saylı qərardadı ləğv edilsin. İddianı təmin tədbirinin tətbiq edilməsi haqqında İddiaçı ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar