Məhkəmə qərarları › İş №2(103)-817/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-817/2023

31.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-817/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-817/2023 (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1871/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 31 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən İddiaçı xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı Cavabdeh1 400 000 ABŞ dolları pulu xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün aldığını təsdiq etmişdir.

2. xx.xx.2020-ci il tarixli razılıq ərizəsinə əsasən Cavabdeh2 Əliqayıb oğlunun Cavabdeh1 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində borc aldığı, onun 400.000 (dörd yüz min) ABŞ dollarının İddiaçı ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verdiyi, tərəflərin pulun İddiaçı tərəfindən birbaşa Cavabdeh1 qaytarılmasına razı olduğu qeyd edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 ilə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 15 ildən çoxdur ki, ticarət fəaliyyəti ilə məşğul olmuş, bu müddət ərzində ölkə daxili və xarici kifayət qədər bağlantılar qurmuş, əksər şirkətlərlə bu istiqamətdə əməkdaşlıq etmişdir. O ticarət fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh2 Əliqayıb oğlu ilə əməkdaşlıq etmiş, Cavabdeh2 Əliqayıb oğlu ona əldə edilmiş qazancın yarı-yarıya bölüşdürülməsi şərti ilə 400.000 (dörd yüz min) ABŞ dollarına yaxın sərmayə vermişdir. Lakin mallar ölkəyə gələnə kimi və gəldikdən sonra malların satışından əldə edilmiş gəlir istisna olmaqla, hər ay Cavabdeh2 vaxtı-vaxtında ödəmələr həyata keçirmişdir, nəticədə 102.000 (yüz iki min) ABŞ dolları geri qaytarmışdır. Həmçinin malların satışından əldə edilmiş 40.000 manat məbləğində maliyyə vəsaitinin yarı-yarıya bölünməsi şərti ilə razılığa gəlməklərinə baxmayaraq, təkidlə tələb etməsi nəticəsində həmin məbləği bütünlüklə Cavabdeh2 vermişdir. Ölkədə hökm sürən pandemiya şəraitindən qaynaqlı olaraq İddiaçı sahibkarlıq fəaliyyəti ilə əvvəlki kimi məşğul ola bilmədiyi üçün və qazancının az olması səbəbindən ödəmələrin edilməsində gecikmələr yaşamağa başlamışdır. Hər dəfəsində Cavabdeh2 səbr etməsini, ona olan borcunu ən qısa zamanda geri qaytaracağını bildirməyinə baxmayaraq, o bunu başa düşmək istəmir və qalan borcun dərhal ona ödənilməsini tələb edirdi. Bu hadisələrdən sonra çox keçmədi İddiaçı məlum oldu ki, Cavabdeh2 Cavabdeh1 adında şəxsdən 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində faizə borc götürmüşdür. Lakin ona olan borcunu ödəyə bilməməsi səbəbindən hər dəfə İddiaçı ona olan borcunu ödəməyi üçün onu sıxışdırmışdır. Bu hadisədən sonra o Cavabdeh2 həmin faizlə heç bir əlaqənin olmadığını və yalnız ondan aldığı pulu imkan düşdükcə geri qaytaracağını bildirmişdi. Bu müddət ərzində İddiaçı vermiş olduğu pulun bir qismini Cavabdeh2 geri qaytarmış olsa da, hazırki vəziyyətdə Cavabdeh2 vermiş olduğu pulları onun borcundan silməyərək, 102.000 ABŞ dolları məbləğinin İddiaçı tərəfindən ona verilməsini qəbul etməməkdədir. Cavabdeh1 isə Cavabdeh2 tərəfindən ondan alınmış borcun bir hissəsinin belə geri qaytarılmadığını bildirmişdir. Cavabdeh1 İddiaçı Cavabdeh2 borclu olduğunu və ödəyə bilmədiyini, bu səbəblə də Cavabdeh2 ona olan borcunu geri qaytara bilmədiyini öyrəndikdən sonra əlaqələrindən və maddi imkanından sui-istifadə edərək İddiaçı borcun geri qaytarılmaması adı altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırtdırmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən izahatının alınacağını düşündüyü üçün heç bir şübhə duymadan idarəyə getdiyində məsələnin tam başqa olduğunu anlamışdır. Məqsəd İddiaçı ora çağırmaqla ona və ailəsinə dair hədəqorxular gələrək, təzyiqlər göstərərək borclu olduğu Cavabdeh2 aradan çıxararaq borcu birbaşa Cavabdeh1 ödəməyinə dair müqaviləyə imza atdırmaq idi. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanıldığı müddət ərzində idarənin əməkdaşları tərəfindən ona saatlarla mənəvi iztirablar yaşadılmış, ailəsi və qohumları ilə bağlı çox iyrənc hədə və təhdidlər edilmiş, onun şərəf və ləyaqətini nalayiq ifadələrlə açıq və aydın şəkildə alçaldılmışdır. Ona qarşı edilmiş hərəkətlərə artıq dözə bilmədiyi üçün onların, dolayısı ilə isə Cavabdeh1 istədiyi ilə razılaşmağa məcbur olmuşdur. Beləliklə, onunla Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlandığını göstərən “kredit müqaviləsi”-ni məcburiyyət qarşısında imzalamışdır. Sözügedən müqaviləyə əsasən qeyd edilmişdir ki, İddiaçı birgə iş görmək üçün Cavabdeh1 400.000.00 (dörd yüz min) ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün almışdır. Halbuki, sözügedən kredit müqaviləsi cavabdehin ona hədəqorxu gəlməsi nəticəsində, iradəsi əleyhinə bağlanmışdır. Həmin müqavilə təzyiq altında imzalandığı və onun şəxsi iradəsinin həmin müqavilənin imzalanmasında heç bir rol oynamadığı öz əksini 18 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə bağlanmış mövcud olan əsl münasibətləri əks etdirən Razılıq Ərizəsi ilə tapmışdır. Belə ki, həmin ərizədə Cavabdeh2 Əliqayıb oğlunun Cavabdeh1 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində borc aldığı, onun 400.000 (dörd yüz min) ABŞ dollarını isə İddiaçı ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verdiyi qeyd edilmişdir. Əgər İddiaçıla Cavabdeh1 arasında borc münasibətləri mövcud olsa idi, cavabdeh yenidən 400.000 ABŞ dollarına dair xx.xx.2020-ci il tarixli razılıq ərizəsini hazırlatdırıb ona imza atdırmazdı. xx.xx.2020-ci il tarixli müqavilənin İddiaçıla Cavabdeh1 arasında olan münasibətləri tam əks etdirməməsi və boşluqların çox olması səbəbindən cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə ilə bu boşluqların doldurulmasına ehtiyac duymuşdur. Bu səbəblə Cavabdeh1 İddiaçı münasibətdə yenə də müxtəlif təzyiq üsullarından istifadə edərək xx.xx.2020-ci il tarixli müqavilənin də imzalanmasına nail olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh1 arasında öncədən heç bir borc münasibətləri olmamışdır və xx.xx.2020-ci il tarixli müqavilə İddiaçı tətbiq edilmiş güclü hədə-qorxu təsiri altında imzalanmışdır. Müqavilənin hədə-qorxu və psixoloji təzyiq tətbiq edilməklə bağlanması nəticəsində ölkədə mövcud olan karantin rejimi və Respublika ərazisinə giriş-çıxışın qadağan edildiyi bir şəraitdə İddiaçı yenidən həmin işgəncələrlə üzləşməyi, ailəsinə zərər gəməsin deyə çarəsizlikdən cavabdehə müqavilənin bağlandığı tarixdən 2020-ci ilin mart ayına kimi əsassız şəkildə 30 min (otuz min) ABŞ dolları məbləğində pul vermişdir.

5. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1871/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçıla Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə borc (kredit) müqaviləsi məcburetmə (zorakılıq və ya hədələmə) yolu ilə bağlanmışdır. Belə ki, 19 dekabr 2020-ci il tarixdə Cavabdeh2 Əliqayıb oğlu tərəfindən Cavabdeh1 təqdim edilmiş razılıq ərizəsində Cavabdeh2 Cavabdeh1 aldığı 700.000 ABŞ dolları məbləğində pul vəsaitinin 400.000 ABŞ dolları məbləğində hissəsini 01 dekabr 2020-ci il tarixdə İddiaçı verdiyini göstərmişdir. Göründüyü kimi, İddiaçıla Cavabdeh1 arasında borc öhdəliklərinin yaranması ilə əlaqədar hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh2 Cavabdeh1 aldığı pul vəsaitinin bir hissəsini İddiaçı verməsi isə İddiaçı Cavabdeh1 qarşısında hər hansı öhdəlik daşıması mənasını vermir, yaxud İddiaçı Cavabdeh1la borc müqaviləsi bağlamaq vəzifəsi yaratmır. Digər tərəfdən isə Cavabdeh1 nümayəndəsinin iddia tələbinə etirazında göstərdiyi kimi Cavabdeh2 Cavabdeh1 2018-ci ili noyabr ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr ərzində İddiaçı verməsini deməsinə, hətta 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda A.S.Məhərəmovun göstərilən xüsusatı bildiyini göstərməsinə, həmçinin Cavabdeh1 əvvəllər İddiaçı tanımamasına baxmayaraq, Cavabdeh1 İddiaçı 400.000 ABŞ dolları məbləğində pul vəsaitini borc verməsi inandırıcı deyildir. Bundan başqa, iş materiallarından, görünür ki, Cavabdeh1 mülki hüquq münasibətlərinə bir qayda olaraq, notariat qaydasında təsdiq olunmuş müqavilələr əsasında daxil olmuşdur. Qeyd olunan xüsusat işdə olan 03 aprel 2019-cu il tarixli müqavilə ilə də təsdiq olunur. Belə ki, Cavabdeh1 03 aprel 2019-cu il tarixdə 260.000 ABŞ dolları məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında Cavabdeh2 borc vermişdir. Belə olan halda Cavabdeh1 həmin məbləğdən daha yüksək məbləğdə, yəni 400.000 ABŞ dolları məbləğində pul vəsaitini sadə yazılı əqd bağlamaqla borc verməsi ağlabatan deyildir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı tələbini əsaslı hesab edərək, onun iddiasının təmin olunması qənaətinə gəlmiş və hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.4, 354.1, 354.2, 339.1, 339.4, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Ə.İbrahimovun şikayəti üzrə” 12 aprel 2004-cü il tarixli və “T.Qasımovanın şikayəti üzrə” 01 dekabr 2020-ci il tarixli Qərarları, “Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Kontitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 119.1, 217.4, 216, 220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)-1871/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırır ki, mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, İddiaçıla Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə borc (kredit) müqaviləsi məcburetmə (zorakılıq və ya hədələmə) yolu ilə bağlanmışdır. Məhkəmə göstəriləni qeyd etsə də, bunun hansı sübutla öz təsdiqini tapdığını qeyd etməmişdir. Hansı ki, məhkəmə gəldiyi nəticə üçün işin bu halının hansı sübutla öz təsdiqini tapdığını göstərməyə borcludur. Digər tərəfdən isə Cavabdeh1 nümayəndəsinin iddia tələbinə etirazında göstərdiyi kimi Cavabdeh2 Cavabdeh1 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr ərzində İddiaçı verməsini deməsinə, hətta 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda A.S.Məhərəmovun göstərilən xüsusatı bildiyini göstərməsinə, həmçinin Cavabdeh1 əvvəllər İddiaçı tanımamasına baxmayaraq, Cavabdeh1 İddiaçı 400.000 ABŞ dolları məbləğində pul vəsaitini borc verməsi inandırıcı deyildir. Göründüyü kimi məhkəmə qətnaməni əsaslandırmağa borclu olduğu halda, sadəcə dağınıq, mənası başa düşülməyən ifadələrlə qəbul etdiyi qətnaməni əsaslandırmağa çalışmışdır. Məhkəmə tərəflər arasında borc münasibətlərinin yarandığını göstərmiş, lakin bu münasibətin zoraklıq və ya hədələmə yolu ilə əmələ gəldiyini təsdiq edən sübutları göstərməmişdir. İddiaçı BMCMİ-də fiziki zorakılığa məruz qalması səbəbindən qeyd edilən müqaviləni imzalamağa məcbur qaldığını bildirsə də, BMCMİ tərəfindən məhkəməyə rəsmi qaydada təqdim edilmiş arayışdan sübut olunur ki, Cavabdeh1 Bəhruz Eyvaz barəsində hər hansı bir şikayət ərizəsi həmin idarədə araşdırılmamışdır. Məhkəmə iş materiallarında olan sübutlarla deyil, iddiaçının hər hansı bir sübutla təsdiqini tapmadığı mülahizələri əsasında qərar qəbul edərək səhv nəticəyə gəlmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1535/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)- 1871/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülki hüquq münasibətlərinə bir qayda olaraq, notariat qaydasında təsdiq olunmuş müqavilələr əsasında daxil olmuşdur. Qeyd olunan xüsusat işdə olan 03 aprel 2019-cu il tarixli müqavilə ilə də təsdiq olunur. Belə ki, Cavabdeh1 03 aprel 2019-cu il tarixdə 260.000 ABŞ dolları məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında Cavabdeh2 borc vermişdir. Belə olan halda Cavabdeh1 həmin məbləğdən daha yüksək məbləğdə, yəni 400.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı birgə iş görmək üçün verməsi ağlabatan deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 400000 ABŞ dolları müqabilində 2019cu il tarixdə birgə iş görmək üçün bağlanılmış müqavilə, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 400000 ABŞ dolları müqabilində birgə iş görməklə bağlı müqavilə ilə pərdələnmişdir. Görundüyü kimi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə həqiqi müqavilədir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilə isə heç bir hüquqi nəticə yaratmır. Cavabdeh2, Cavabdeh1 və İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış razılıq ərizəsi ilə bir daha müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə pul verilməyib, həmin 400000 ABŞ dolları İddiaçıla Abbasqulu Nəsibov arasında bağlanmış müqavilə üzrə verilən puldur. X8 Eyvazov tərəfindən ona ödənilməli olan pulun, İddiaçı tərəfindən birbaşa Cavabdeh1 qaytarılmasına razı olduğunu bildirmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 324.5, 386.1, 389.1, 390.1, 404, 777.1, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları, N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393, 402, 405-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4107/2022 saylı qətnaməsi ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(103)-1535/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

14. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 14.1 Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki qəbildən mübahisələrə baxarkən məhkəmələr yalan əqdlə etibarlı, lakin məzmunu düzgün ifadə olunmamış əqd arasında fərqi nəzərə almalıdırlar. 14.2. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə əsasən əqdi yalan əqd kimi qiymətləndirilməsi üçün onun tərəflərinin həmin müqavilə üzrə hüquq və öhdəliklər əmələ gətirmək niyyətinə olmaması müəyyən olunmalıdır. Əqd yalan olduqda, onun nəticələri iştirakçı tərəflərin iradələrinə uyğun olmur, tərəflərin niyyətləri başqa əqdin bağlanmasına yönəlir, bağlanılan əqd isə üçüncü şəxslərdə yanlış təsəvvür yaradır. 14.3. Lakin, mülki dövriyyədə elə əqdlər mümkündür ki, tərəflər hüquqi savadları olmadığı və ya başqa səbəblərdən əqdi tərtib edərkən nəzərdə tutduqları müqavilənin bütün şərtlərini təsbit etmir. Bu zaman onların nəzərdə tutduqları hüquqi nəticələr Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən təsvir edilərkən müəyyən oluna bilər. 14.4. Hazırki işdə isə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 üçüncü şəxs Cavabdeh2 verdiyi pul vəsaitinin bir hissəsini - 400000 ABŞ dollarını sonuncudan almış və həmin vəsaiti bilavasitə cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin hal tərəflərlə mübahisələndirilməməklə, sonradan 19 dekabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli razılıq ərizəsi ilə də təsdiq olunmuşdur. 14.5. Apellyasiya məhkəməsi mübahisələndirilən əqdin iddiaçı ilə üçüncü şəxs arasında olan borc münasibətlərinin pərdələməsini qeyd etsə də, belə pərdələmənin zərurətini müəyyən etməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında da göstərildiyi kimi, tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq yalan əqdin əlamətlərindən biridir. 14.6. Beləliklə, İddiaçı üçüncü şəxs Cavabdeh2 olan pul öhdəliyini Cavabdeh1 icra etmək vəzifəsini üzərinə götürməsini müəyyən etdiyi halda, apellyasiya məhkəməsi Cavabdeh2 tələb hüququnun bu qaydada Cavabdeh1 keçməsinin qanunvericiliklə mümkün olmasına hüquqi qiymət verməmiş, mübahisələndirilən əqdin hər iki tərəflərin iradə ifadəsinə uyğun olmamasını əsaslandırmamış, mübahisəli müqaviləni Mülki Məcəllənin 324.5, 404 və 522.1-ci maddələrinin tətbiqini nəzərdən keçirməmişdir.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

15. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh1 Abbasqulu Nəsibovu çoxdan tanıyır. Abbasqulu ona bildirir ki, oğlunun Bəhruz adlı dostu var, santexnik mallarının satışı ilə məşğuldur. Çin Xalq Respublikasından ucuz qiymətə santexnik malları gətirib rayonlarda və Sumqayıt şəhərində topdan satışını həyata keçirir. Bu işə pul qoysa yaxşı gəlir əldə edərlər. Onlar bu barədə danışıb razılaşmışlar. Razılaşmaya əsasən 1 il ərzində əldə ediləcək gəlir tərəflər arasında bölünəcəkmiş. 3 ay ərzində ümumilikdə 30.000 ABŞ dollarının Cavabdeh1 verdiyini İddiaçı üzləşmə zamanı etiraf etmişdir. xx.xx.2021-ci il tarixli “üzləşmə protokolu”ndan göründüyü kimi iş üzrə İddiaçı Abbasqulu Nəsibov vasitəsi ilə Cavabdeh1 400.000 (dörd yüz min) ABŞ dolları pul vəsaitini aldığını səmimi etiraf etmişdir. Lakin sonradan məhkəmədə iddia qaldıraraq guya mübahisələndirilən müqaviləni bağlamasına səbəb, “onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırılaraq orada fiziki və psixoloji təzyiqlərə məruz qalması olmuşdur. Lakin məhkəmənin sorğusu əsasında qeyd edilən orqandan alınmış rəsmi sənəddən- məktubdan göründüyü kimi iş üzrə İddiaçı ümumiyyətlə həmin qurumda olmamışdır”. İşin hallarından, qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi iddiaçı mübahisələndirilən müqavilənin bağlanması üçün qeyd etdiyi əsasların mövcudluğunu sübut etməyə borclu olsa da, bunu təsdiq edən hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırda İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə şahid kimi dəfələrlə çağırlsa da, məhkəməyə getməkdən boyun qaçırır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclası zamanı cavabdehin və üçüncü şəxs Abbasqulu Nəsibovun verdikləri izahatlar da təhrif edilmişdir. Audio-video çəkilişlə tanış olmaq istəsə də, həmin gün çəkiliş aparılmadığı ona bildirilməmişdir. Buna görə də üçüncü şəxs Abbasqulu Nəsibovun hazırkı məhkəmədə iştirakının təmin edilməsi zəruridir. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandımışdır ki, İddiaçıla Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə borc (kredit) müqaviləsi məcburetmə (zorakılıq və ya hədələmə) yolu ilə bağlanmışdır. Məhkəmə göstəriləni qeyd etsə də, bunun hansı sübutla öz təsdiqini tapdığını qeyd etməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh1 iki dəfəyə 400.000 ABŞ dolları məbləğində pulu alıb İddiaçı çatdırmışdır. Sonra pandemiya ilə əlaqədar işləri zəiflədiyi üçün Cavabdeh1 pul qaytara bilməmiş, bu səbəbdən aralarında narazılıqlar yaranmağa başlamışdır. Cavabdeh1 onlardan qarantiya istəmiş, Bəhruz aldığı 400.000 ABŞ dollarına görə özü xx.xx.2020-ci ildə ayrıca razılaşma yazmışdır. O, da bundan sonra Cavabdeh1 xahiş etmişdir ki, ona yazılı bir kağız versinlər ki, ortada olan ümumilikdə 700.000 ABŞ dolları məbləğində pulun 400.000 ABŞ dollarını Bəhruz qaytaracaq, 300.000 ABŞ dollarını isə o,bundan sonra xx.xx.2020-ci ildə aralarında belə bir razılaşma da yazmışlar.

16. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, bu proses 2019-cu ildən davam edir. 2020-ci ilin may ayına qədər İddiaçı ona pulu qaytarmaq üçün xahiş edirdi. O, dələduz insandır. İddiaçı daima bildirirdi ki, onun məhkəmədən tanışlar var. Bakı Apellyasiya Məhkəməsində ona izahat üçün söz verilmədi. İfadələr təhrif olunub. İddiaçı ona 10.000 ABŞ dollarını 3 ay verdi, daha sonra ondan 150.000 ABŞ dolları istədi, amma olmadığı üçün ona verə bilməyib. Ona girov qoymaqla tanışı vasitəsi ilə bu pulun verilə biləcəyini desə də o qəbul etmədi. Bundan sonra İddiaçıla münasibətləri daha pisləşdi.Ona heç bir təzyiqlər olmayıb. Hamısı uydurmadır.

17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının audio-video çəkiliş olmadan keçirilməsi barədə sədrlik edən proses iştirakçılarının fikirlərini almış və heç bir etiraz olmadığına görə iclas keçirilmişdir. Cavabdeh ona izahat üçün söz verilmədiyini desə də, o izahat vermiş o cümlədən suallara da cavab verilmişdir. Cavabdeh1 Eyvaz Bəhruzovun Cavabdeh2 borclu olduğunu və ödəyə bilmədiyini, bu səbəblə də Cavabdeh2 ona olan borcunu geri qaytara bilmədiyini öyrəndikdən sonra E.Bəhruzovun borcun geri qaytarılmaması adı altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdirmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən E.Bəhruzov izahatının alınacağını düşündüyü üçün heç bir şübhə duymadan idarəyə getmiş, getdikdən sonra məsələnin tam başqa olduğunu anlamışdır. Məqsəd ona və ailəsinə dair hədə-qorxular gələrək, təzyiqlər göstərərək borcu birbaşa Cavabdeh1 ödəməyinə dair müqaviləyə imza atdırmaq idi. Həmin zaman anten dairə məlumatlarını alsa E.Bəhruzovun hər gün həmin idarəyə getdiyi aydın olar. E.Bəhruzovun üzləşmə zamanı etirafedici izahatlar verməsini sübut etmək qarşı tərəfin üzərinə düşür. Belə bir hal olmayıb. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlandığını göstərən "'kredit müqaviləsi” məcburiyyət qarşısında imzalanmışdır. Sözügedən müqaviləyə əsasən qeyd edilmişdir ki, E.Bəhruzov birgə iş görmək üçün Cavabdeh1 400.000.00 (dörd yüz min) ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün almışdır. İlk dəfə 2020-ci ilin sentyabr ayında "Qurd qapısı" restoranında tərəflər görüşmüşlər. Cavabdeh2 Əliqayıb oğlu pulunun qaytarılmasını, Cavabdeh1 onu sıxdığını bildirmişdir. Qarşı tərəfin 10.000 ABŞ dolları 3 ay ərzində verməsi doğru deyil, belə bir sübut da yoxdur. Həmin müqavilənin təzyiq altında imzalandığı və E.Bəhruzovun şəxsi iradəsinin həmin müqavilənin imzalanmasında heç bir rol oynamadığı öz əksini 18 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə bağlanmış mövcud olan əsl münasibətləri əks etdirən razılıq ərizəsi ilə tapmışdır. Belə ki, həmin ərizədə Cavabdeh2 Əliqayıb oğlunun Cavabdeh1 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində borc aldığı, onun 400.000 (dörd yüz min) ABŞ dollarını isə E.Bəhruzova ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verdiyi qeyd edilmişdir. Əgər E.Bəhruzov ilə Cavabdeh1 arasında borc münasibətləri mövcud olsa idi, cavabdeh yenidən 400.000 ABŞ dollarına dair xx.xx.2020-ci il tarixli razılıq ərizəsini hazırlatdırıb E.Bəhruzova imza atdırmazdı. xx.xx.2020-ci il tarixli müqavilənin E.Bəhruzov ilə Cavabdeh1 arasında olan münasibətləri tam əks etdirməməsi və boşluqların çox olması səbəbindən cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə ilə bu boşluqların doldurulmasına ehtiyac duymuşdur. Bu səbəblə Cavabdeh1 İddiaçı ilə münasibətdə yenə də müxtəlif təzyiq üsullarından istifadə edərək xx.xx.2020-ci il tarixli müqavilənin də imzalanmasına nail olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh1 arasında öncədən heç bir borc münasibətləri olmamışdır və xx.xx.2020-ci il tarixli müqavilə İddiaçı tətbiq edilmiş güclü hədə-qorxu təsiri altında imzalanmışdır.Həmçinin, birinci instansiya məhkəməsi sorğu verdikdən sonra onun cavabını almaq məqsədi ilə məhkəmə iclasını təxirə salmışdır.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsin əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

19. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. Həmin Məcəllənin 337.2-ci maddəsində qeyd edilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

21. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

22. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

28. Belə ki, işin mübahisəsiz halına görə Cavabdeh2 Cavabdeh1 verdiyi 400 000 ABŞ dollarını İddiaçı vermişdir. Daha sonra tərəflər arasında həmin pulun Cavabdeh1 İddiaçı tərəfindən qaytarılması barədə razılıq əldə olunmuşdur. Bunun üçün ilkin olaraq İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən İddiaçı xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı Cavabdeh1 400 000 ABŞ dolları pulu aldığını təsdiq etmişdir. xx.xx.2020-ci il tarixdə isə tərəflər Razılaşma imza edirlər ki, Cavabdeh2 Cavabdeh1 verdiyi 400 000 ABŞ dollarını İddiaçı vermiş, pulun İddiaçı tərəfindən birbaşa Cavabdeh1 qaytarılmasına razıdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli X1 400 000 ABŞ dolları məbləğində pulu alması qeyd edilsə də tərəflərin məhz həmin tarixdən qabaq Cavabdeh2 vasitəsilə həmin pulun Cavabdeh1 tərəfindən İddiaçı verilməsini bir daha təsdiq etmişlər. Bu hal xx.xx.2020-ci il tarixli Razılaşmada da aydın göstərilmişdir. Belə ki, sonuncu Razılaşmada isə pulun İddiaçı tərəfindən birbaşa Cavabdeh1 qaytarılmasına razılaşdırılmışdır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixli Razılaşmanı mübahisələndirsə də, sözügedən əqdi onun iradəsi əlehinə, məcburetmə nəticəsində bağlamasını sübut edə bilməmişdir.

33. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1871/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı Cavabdeh1 ilə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar