Məhkəmə qərarları › İş №2(103)-8177/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8177/2021

07.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8177/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)-2682/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına quraşdırılmış yeni sayğaca (Abonent kodu **********00010) əsassız olaraq cərimə kimi yazılmış 262 (iki yüz altmış iki) manatın X4 Nərimanov Rayon Qaz İstismar Sahəsi tərəfindən silinməsi və yenidən smartkart tipli sayğacın quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda smart-kart sayğacı (Abonent kodu: 1002AQ**********6) mütəmadi aparılmış ödənişlər sayəsində X4 Nərimanov Rayon Qaz İstismar Sahəsi tərəfindən daimi olaraq qaz ilə təmin olunmuşdur. 30.03 2020-ci il tarixdə (aktda tarix 30.03.2018-ci il kimi qeyd edilmişdir) iddiaçının iştirakı və xəbəri olmadan Nərimanov Rayon Qaz İstismar Sahəsinin mühəndisi Xalid Səmədov və çilingər kimi qeyd edilmiş mühəndis Zaur Nəsirov tərəfindən mənzilin yerləşdiyi küçədə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın plombuna müdaxilə olunmasını əsas gətirərək bu barədə akt tərtib olunmuşdur (aktın bir nüsxəsi istehlakçıya təqdim edilməmişdir). Nəticədə, sayğaca müdaxilə olunduğu üçün 262 (iki yüz altmış iki) manat məbləğində borc yazılmış və smart-kart tipli sayğac yeni sayğac ilə əvəz edilmiş, iddiaçının həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Belə ki, iddiaçı həmin aktın tərtib olunmasında iştirak etməmiş, eləcə də smart-kart ilə yüklənən sayğaca müdaxilə eləməmişdir və onlar tərəfindən iddiaçıya qarşı irəli sürülən iddia əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)- 2682/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə kollegiyasınnı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasınnı iclasında iştirak edən a nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00010 olan X3 qeydiyyata alınmışdır və ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin ünvanda 4 gözlü qaz plitələri “PQ-4“ (1/1) Samovar (1/1) Qızdırıcı radiator peçi (1/1) 20.03.2020-ci il tarixdən isə “ZENNER G4T” Mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. (sayğac nömrəsi **********0) İş materiallarına əlavə edilən Cavabdeh İB-nin 58/1141 saylı 30.03.2018-ci il tarixli aktı ilə müəyyən edilir ki, istehlakçı X2 məxsus GP-4 markalı İtron tipli (Smart payment) qaz sayğacına baxış keçirilmiş və «yaşayış evində quraşdırılmış G-4 tipli 1002AQ**********5 zavod nömrəli sayğacın alyons plombu yoxdur. Sayğaca plomb vurulsun» göstərilmişdir. Dəymiş ziyanın bərpasına dair 30.03.2018-ci il tarixli tələbnamədən görünür ki, 30.03.2018-ci il tarixli aktı ilə dəymiş ziyanın həcmi 1332 m3 hesablanmışdır. İşin müəyyən olunmuş hallarına görə iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Həmin vaxt, yəni qaz sayğacı dəyişdirildikdən sonra sayğacda qüsur olması aşkar edilmiş və akt tərtib olunmaqla 1332 m3 qaz itkisi olması qeyd olunmaqla iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh Azəriqaz İB tərəfindən iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Bu səbəbdən, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin tələblərinə ziddir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan sayğacın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən mötəbər sübutlar təqdim etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2682/2021 saylı, 03.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar