Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8180/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2072/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş 01.02.2021-ci il tarixli 004 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş ikimərtəbəli, iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 215,6 kv.m olan ev və torpaq sahəsinin açıq hərracının yenidən keçirilməsi və iddiaçının hər iki qulağı eşitmədiyindən, hərracda etibarnamə üzrə nümayəndəsinin iştirakının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2072/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur, belə ki, 01.02.2021-ci il tarixli hərracda özünün faktiki iştirak etməsinə baxmayaraq, eşitmə zəifliyi olduğundan hərracda ilkin satış qiymətini eşitməmiş, ümumiyyətlə ona hüquqları, o cümlədən də hərracda nümayəndə ilə təmsil olunma imkanı izah olunmamış, harracın keşirilməsi qaydalarından xəbərdar olmamış, qarşı tərəf isə bu haldan istifadə edərək hərracda əsassız üstünlük əldə etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını istədi. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçının 23/24 payı olan mülkiyyətinin 1/24 pay sahibi tərəfindən əldə olunmasına dair bundan əvvəl keçirilmiş hərracın nəticələri Nərimanov Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli qətnaməsi ilə harracın keçirilməsi barədə iddiaçıya məlumat verilməməsi- onun iştirakının təmin olunmaması əsasına görə etibarsız hesab olunmuş, həmin qətnamə apellyasiya və kasassiya qaydasında yoxlanılaraq qüvvədə saxlanılmışdır. Bundan sonra hərrac təşkilatı və həmin əmlakda cüzi-1/24 payı olan digər payçı, əvvəlki hərracda yol verdikləri pozuntunu təkrarlamamaq üçün iddiaçının faktiki iştirakını təmin etməklə yeni formal hərrac keçirmiş və bu dəfə hərracı cüzi pay sahibi guya yeni qiymət təklif etməklə udmuşdur, baxmayaraq ki, iddiaçı xx.xx.1941-ci ildə anadan olub, onun 80 yaşı var, xəstə olmaqla qulaqları eşitmir, yaddaşı pozulub, baş verən hadisələri ətraflı izah olunmadan qavraya bilmir, bütün bunların həm hərrac təşkilatına, həm də cüzi pay sahibinə məlum olsa da, onlar buna əhəmiyyət verməmiş, tam anlaqlı olan digər payçı özü belə peşəkar vəkillə təmsil olunmuş və hərracın keçirilməsi görüntüsü yaradılaraq 35.000 manat ilkin satış qiyməti olan həmin əmlak, digər -1/24 pay sahibinin 35350 manat ilkin təklifi əsasında ona satılmışdır. Təşkilatçı tərəfindən hərrac iddiaçının formal olarak iştirakı ilə keçirilsə də, əslində iddiaçının hər hansı iradəsi olmamış, rayon məhkəməsi bütün bunları müəyyən etsə də, işin müəyyən olumuş hallarına düzgün qiymət verəməmişdir, buna görə də qətnamənin ləğv olunaraq iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X5 şikayətlə razı olmadıqlarını bildirırək göstərdi ki, bir dəfə iddiaçının tələbi ilə hərracın nəticələri etibarsız hesb olunmuşdur, həmin vaxt iddiaçının hərracda iştirakının təmin olunmaması əsas göstərilmişdir, lakin hazırkı halda tərəfimizdən iddiaçının şəxsən iştirakı təmin olunmuşdur. Bununla yanaşı, nümayəndə göstərdi ki, həqiqətən də iddiaçının yaşlı olması və qulaqlarının eşitməməsini nəzərə alaraq harrac iştiraçıları tərəfindən təklif olunan qiymət yazılı şəkildə ona göstərilmiş, eyni zamanda da iddiaçının yanında ona kömək edən bir nəfər olmuşdur, bunula belə nümayəndə, həmin şəxsin kimliyi, ixtisası və peşəkarlığı, başlıcası isə onun iddiaçını təmsil etmək hüququnun olub-olmaması barədə məlumatının olmadığını bildirdi və rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili X3 şikayətlə razı olmadığını bildirərək göstərdi ki, həmin əmlakla bağlı hərrac bir dəfə iddiaçının iştirakının təmin olunmaması əsası ilə etibarsız hesab olunmuş, bu dəfəki hərracda isə onun şəxsən iştirakı təmin olunmuşdur. Eyni zamabda nümayəndə göstərdi ki, o özü də hərracı udan digər payçının vəkili kimi hərracda iştirak etmiş, iddiaçının eşitməməsi səbəbindən onların təklif etdiyi yeni qiymət ona yazılı şəkildə göstərilmişdir, həm də iddiaçının yanında ona kömək edə bilən bir nəfər yaxını da iştirak edirdi, hərrac tam qanuni keçirilmişdir, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, bu səbəbdən də onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Salyan rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barəsinda məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Salyan Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(057)-16/2018 saylı icra vərəqəsinin surətinə əsasən İddiaçı cavabdeh Maraqlı şəxs qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddiası təmin edilmiş, Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 215,6 kv.m olan ev və torpaq sahəsi hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin 23/24 hissəsi İddiaçı, 1/24 hissəsi Maraqlı şəxs verilməsi və Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kvm, yaşayış sahəsi 48 kvm, köməkçi sahəsi 215,6 kvm olan ev və torpaq sahəsinin ilkin satış qiyməti 35.000 manat qiymətləndirilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4260/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X2 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Salyan Rayon İcra və Probasiya Şöbəsinə və Maraqlı şəxs qarşı “hərracın yekunları haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(057)-16/2018 nömrəli icra vərəqəsinə əsasən keçirilmiş “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin “hərracın yekunlan barədə 111 nömrəli, 21 avqust 2019-cu il tarixli protokolu və həmin protokol əsasında bağlanmış 21 avqust 2019-cu il tarixli alqısatqı müqaviləsi etibarsız hesab ediməsi, Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929 ha, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət olan ev və torpaq sahəsi üzrə hərrac yenidən keçirilməsi qət edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-911/2020 saylı, 07.01.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3065/2020 saylı, 03.09.2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası qətnaməsi qüvvədə saxlanılmışdır. “X2” MMC-nin 28.01.2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Salyan rayon Məhkəməsi 11.01.2018-ci il tarixli, 2(057)-16/2018 saylı icra vərəqəsinə və Salyan Rayon İcra və Probasiya şöbəsinin 04.07.2019-ci il tarixli, 962/01 nömrəli sifariş məktubuna əsasən Salyan rayonu, Yenikənd kəndində, sənəd üzrə sahəsi 0.50 ha, tikinti altındakı sahəsi 0.2929 ha, digər sahələri 1.18856 ha olan torpaq sahəsində 2 otaqlı, 2 mərtəbəli, ümumi sahəsi 263,6 kv.m olan fərdi yaşayış evinin dəyəri 35000 (otuz beş min) manat olmaqla 01.02.2021-ci il tarixində, saat 11:00-da ünvan 1 ünvanında açıq hərracı keçiriləcəkdir. Hərracının keçirilməsinə dair “525-ci” qəzetdə 28.01.2021-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 1750 manat təşkil edir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01.02.2021-ci il tarixli müqavilənin surətinə əsasən 23/24 hissəsi İddiaçı, 1/24 hissəsi Maraqlı şəxs məxsus Salyan rayonu, Yenikənd kəndində yerləşən 0.50 ha, tikinti altındakı sahə 0,2929, digər hissəsi 1,18856 ha olan torpaq sahələri və 1983-cü ildə tikilmiş iki mərtəbəli 263,6 kv.m fərdi yaşayış evi Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: Cavabdeh MMC tərəfindən Maraqlı şəxs 35350,00 manata satılmışdır. Hərracın yekunları barədə 01.02.2021-ci il tarixli, 004 nömrəli protokolunun surətinə əsasən Salyan Rayon Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(057)-16/2018 saylı icra vərəqəsi və Salyan rayon icra və probasiya şöbəsinin 04.07.2019-cu il tarixli, 962/01 saylı sifariş məktubuna əsasən satış qiyməti 35000 manat və alış qiyməti 35350 olan 23/24 hissəsi İddiaçı, 1/24 hissəsi Maraqlı şəxs məxsus Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,50 lıa, tikinti altındakı sahə 0,2929, digər sahələr 1,18856 ha olan torpaq sahələrinin və 1983-cü ildə tikilmiş iki mərtəbəli 263,6 kv.m fərdi yaşayış evi 35350 manata Maraqlı şəxs əldə etmişdir. Cavabdeh MMC-nin rəhbəri X4 tərəfindən məhkəməyə ünvanlanan iddiaya etirazda hazırkı iş üzrə iddiaçının 01.02.2021-ci il tarixdə keçirilən hərracda təkbaşına deyil, yanında bir şəxs ilə iştirak etdiyi, qulaqlarının eşitməməsi səbəbindən digər iştirakçılar tərəfindən təklif olunan qiymətlərin yazılı şəkildə ona göstərildiyi barədə faktlar öz əksini tapmışdır (i/v 33-34). Tibbi Ərazi Bölmələrinin X6 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilən №185 saylı 02.07.2021 tarixli arayışına əsasən İddiaçı 02.02.2021-ci il tarixində müayinədən keçməsi və “ikitərəfli neyrosensor ağır eşitmə (ııı-ıv dərəcəli)” aşkarlandığı müəyyən olunur (i/v 51). Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Z.Avdiyeva tərəfindən mübahisələndirilən həracın video görüntülərinə baxış keçirilmişdir, cəmi 3 dəqiqə 28 saniyəlik görüntüdən məlum olur ki, hərracda iddiaçı və onun yanında bir nəfər xanım, üçüncü şəxs Maraqlı şəxs və onun vəkili B.Babayev iştirak edir, görüntüdə bəzən səs eşidilmir, hərracın təşkili ilə bağlı tərəflərin hüquq və vəzifələri elan olunur, daha sonra iddiaçı qulağının eşitmədiyini deyir, yanındakı xanımın ona qiyməti yazması üçün kağız və qələm verilir, daha sonra hərrac başlanır, hərrac çıxarılan fərdi yaşayış evi elan olunur, təkliflərin verilməsi xahiş olunur. Həracın davamı və bitməsi görünmür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinəəsasən qətnaməni iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı aşağıdakılar hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur: - Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 215,6 kv.m olan ev və torpaq sahəsinin (bundan sonra əmlak) 23/24 hissəsi İddiaçı, 1/24 hissəsinin Maraqlı şəxs məxsus olması; - Salyan Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(057)-16/2018 saylı icra vərəqəsinə əsasən İddiaçı cavabdeh Maraqlı şəxs qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi və əmlakın ilkin satış qiyməti 35.000 manat müəyyən edilməsi; - birinci dəfə “X2” MMC tərəfindən keçirilmiş 21.08.2019-cu il tarixli hərracın yekunları barədə protokola və həmin tarixli alqı-satqı müqaviləsinə əsasən həmin əmlakın 1/24 payçı Maraqlı şəxs tərəfindən ilkin satış qiymətinə- 35.000 manata alınması; - hazırki iddiaçının tələbinə əsasən Nərimanov Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli qətnaməsi ilə hərracın həmin nəticələrinə dair protokolun və onun əsasında bağlanmış 21.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin( hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması- iddiaçıya məlumat verilmədən və onun iştirakı olmadan keçirilməsi səbəbindən) etibarsız hesab edilməsi; - rayon məhkəməsinin həmin qətnaməsinin apellyasiya və kassasiya qaydasında dəyişdirilmədən qüvvədə saxlanması; - hazırda mübahisələndirilən harracın da (adı dəyişdirilmişdir) eyni hərrac təşkilatı tərəfindən keçirilməsi; - yenidən 01.02.2021-ci il tarixində keçirilən hərracda iddiaçının iştirak etməsi, həmin vaxt onun yanında bir nəfərin olması, lakin onun iddiaçının nümayəndəsi olmaması; - eləcə də harracda əmlakın 1/24 bir pay sahibi Maraqlı şəxs vəkili ilə birlikdə iştirak etməsi; - iddiaçını yaşlı (80 yaş) və xəstə olması, qulaqlarının eşitməməsi; - hərracda əmlakın ilkin satış qiymətinin 35.000 manat olması; - 1/24 bir pay sahibinin 350 manat artıq təklif etməsi və həmin məbləğə hərracı udması; - hərracın təşkilatçısı ilə onu udmuş şəxs kimi Maraqlı şəxs arasında hərracın yekunları üzrə əmləkın alqı-satqısı barədə 01.02 2021-ci il tarixli müqavilənin bağlanması. Bundan başqa, Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı müzakirə olunan məsələlərlə (apellyasiya şikayəti, rayon məhkəməsinin qətnaməsi, hərracın keçirilməsi və s.) bağlı anlaşılan və dolğun izahat verə bilməmiş, eyni zamanda onun həmin hərəkətlərin mənasını başa düşmədiyi aydın olmuşdur. Bütün bunlara əsasən Məhkəmə Kollegiyası hazırkı işin halları baxımından aşağıdakıların nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunmalıdır ki, iddiaçının tələbi hərracda bağlanmış müqavilənin (əqdin) etibarsızlığı ilə bağlı olduğundan hazırkı mübahisəyə də məhz mülki qanunvericiliyin müqavilə və əqdlərlə bağlı qaydaları tətbiq olunmalıdır. Belə ki, MM-nin 414- 416-cı maddələri müqavilənin hərracda bağlanması ilə bağlı məsələləri tənzimləyir. Həmin maddələr Məcəllənin XX fəslində yer almışdır ki, bu fəsil də müqavilə hüququ ilə bağlı olan bütün məsələləri əhatə edir. Qanunda müqavilənin anlayışı verilmişdir- mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişməsi və ya xitamı haqqında .. razılaşma müqavilə sayılır (maddə 398.1.). Qanunun tələbinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində ... ola bilər (maddə 324.2.). MM-nin 324-cü maddəsində əqdin anlayışı verilmişdir- əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəlmiş iradə ifadəsidir (maddə 324.1.). Həçinin də qanunda təsbit olunmuşdur ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (maddə 324.5.). Müqavilələrin təfsiri ilə bağlı da qanun eyni tələb nəzərdə tutmuşdur. Belə ki, qanunun tələbinə əsasən müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütünlüklə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.).Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). İstinad olunan maddi hüquq normalarının hazırkı mülki işin müəyyən olunmuş hallarına tətbiqi, aşkar şəkildə iddia tələbinin əsaslı olması qənaətinə gəlməyə əsas verir. Çünki, iddiaçı hazırkı ərizəsində 01.02.2021-ci il tarixdə keçirilmiş hərrac protokolu və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin- başqa sözlə əqdin etibarsız olduğunu bildirmiş və bu vaxt özünün həqiqi iradə ifadəsinin olmadığına istinad etmişdir. Cavabdeh iddiya etiraz edərək iddiaçının hərracın keçirilməsində şəxsən iştirak etdiyini, bu səbəbdən də hərracın qanuvericiliyə uyğun olduğun keçirildiyini bildirmişdir. İddia tələbini rədd edən rayon məhkəməsi hazırkı işin mübahisəsiz olan və yuxarıda qeyd olunan faktiki hallarına rəğmən, yalnız iddiaçını hərracın keçirilməsində şəxsən iştirakına istinad etmiş, lakin onun əsas dəlilini, yəni hərracın keçirilməsi ilə bağlı həyata keçirilmiş hüquqi hərəkətlərdə həqiqi iradəsinin olub-olmamasıyla bağlı məsələni tam və hərtərəfli araşdırmamış, tədqiq etdiyi sübutların qiymətləndirilməsi zamanı MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, bu səbəbdən də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, rayon məhkəməsi iddiaçının ahıl yaşlı və xəstə olması, eşitmə qabiliyyətinin pis olması dəlili ilə bağlı qətnaməsində bir yerdə (iş vərəq 76, yuxarıdan dördüncü abzas) buna dair sübutların təqdim olunmadığını göstərmiş, lakin qətnamənin başqa yerində ( iş vərəq 75, dördüncü abzas) “....hərracın keçirilməsində iddiaçının yanında ona kömək məqsədiylə gəlmiş bir nəfər şəxsin olmasını, iddiaçının eşitmə problemi olduğu halda, onun məhkəmə iclasında vəkillə təmin olunduğu kimi hərrac prosesində də hüquqi yardımdan istifadə etmək və ya nümayəndə ilə təmsil olunmaq hüququ mövcud olmuşdur” kimi aşkar ziddiyyətli hallar müəyyən etmişdir. Rayon məhkəməsi harracın keçirilməsində iddiaçının yanında ona kömək edən şəxsin olduğuna istinad etmiş, lakin həmin şəxsin kimliyini, başlıcası isə onun iddiaçını təmsil etmək səlahiyyətinə malik olub-olmamasını yoxlamamışdır. Halbuki, iddiaçının ahıl yaşlı olması, “ikitərəfli neyrosensor ağır eşitmə (ııı-ıv dərəcəli)” xəstəliyinin olması (i/v 51) işin mübahisəsiz halı kimi müəyyən olunur və cavadeh həm rayon məhkəməsinə ünvanladığı iddiaya qarşı yazılı etirazında, həm də nümayəndə məhkəmədə verdiyi izahatında bu halı, yəni cavabdehin eşitmə qabliyyətinin pis olmasını- qulaqlarının eşitməməsini- eləcə də onu yanında olan şəxsin kimliyini bilmədiklərini və həmin şəxsin iddiaçını təmsil etmək səlahiyyəti olmadığını təsdiq etmişdir(i/v 33-34). Məlum məsələdir ki, hərracda müqavilələrin bağlanması adi qaydada müqavilələrin bağlanmasından fərqli olmaqla yanaşı, həm də xeyli mürəkkəb hüquqi prosedurla bağlıdır, hətta öz hərəkətlərinin mənasını tam başa düşən istənilən şəxsin ilk dəfə hərracda iştirakı müəyyən risklərlə bağlı olub, bu hərəkətlər müəyyən peşə vərdişi və təcrübə tələb edir. Nəzərə alınsa ki, hazırda mübahisələndirilən hərracda (məhkəmə qərarlarına əsasən keçirilən və rast olunan başqa hərraclardan fərqli olaraq) nadir hal kimi əmləkın ilkin satış qiymətinin artırılması baş vermiş və həmin əmlakın 1/24 payçısı tərəfindən (məhkəmə qətnaməsinə əsasən etibarsız hesab olunmuş bundan əvvəlki hərracda da həmin əmlak ona satılmışdır) 350 manat əlavə edərək yeni qiymət təklif olunmuş və o, həmin qiymətə hərracı udmuşdur. Həm də həmin hərracın keçirilməsində əmlakın 1/24 pay sahibi olan və hərracı udan şəxs- Maraqlı şəxs özü belə peşəkar vəkillə birlikdə iştirak etmişdir. Hərracın kecirilməsiniə dair cavadehin təqdim etdiyi vidiogörüntüyə baxış keçirilərkən görüntünün natamam olmaqla, hərracın əsas hissəsinin təqdim olunmadığı müəyyən olunmuş, eyni zamanda həmin vaxt iddiaçının yanında olan şəxsin ona yalnız yaşlı və xəstə olması səbəbindən fiziki yardım üçün orada olduğu bəlli olur. Belə olan halda aydın olur ki, ahıl yaşlı, xəstə və qulaqları eşitməyən, bu səbəbdən də hərracda həyata keçirilən çətin prosedurları anlamaq və bu zəmində də hərəkətlərinin mənasını başa düşmək iqtidarında olmayan iddiaçının mübahisələndirilən müqavilənin bağlanmasında həqiqi iradəsinin olduğunu zənn etmək inandırıcı və ağlabatan görünmür. Əqdin arzu olunan hüquqi nəticənin əldə olunmasına yönələn iradə ifadəsi olduğunu nəzərə aldıqda, hazırkı halda iddiaçının belə bir iradəsi-istəyinin olmadığı müəyyən olunur. Mülki Məcəllənin 337.1-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcələdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 346-cı maddəsinin tələbinə görə, fəaliyyət qabliyyəti olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqdin bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla kecirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinəəsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında maddi və prosessual hüquq normalarınə əməl edilməmiş, iş tam və hərtərəfli araşdırmamış, tədqiq etdiyi sübutların qiymətləndirilməsi zamanı MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş, bu səbəbdən də düzgün olmayan nəticəyə gəlmişdir ki, bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 119-cu maddəsinə əsasən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (10+5=15) 15 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2072/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. "xxxx" MMC tərəfindən keçirilmiş 01.02.2021-ci il tarixli 004 saylı hərracın nəticələri haqqında yekun protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş şəxs kimi Maraqlı şəxs arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01.02 2021-ci il tarixli müqaviləsı etibarsız hesab edilsin. Həmin əmləkla bağlı hərrac iddiaçının hüquqları tam (onun peşəkar vəkili və ya digər səriştəli nümayəndə ilə təmsil olunması qaydasında) təmin edilməklə yenidən keçirilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (10+5=15) 15 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-8180/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8180/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver