Məhkəmə qərarları › İş №2(103)-8185/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8185/2021

25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8185/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, Ərizəçi X6 nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi X6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən ərizəçi X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 1983-cü ildə ünvan 3-ə dair verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə X4 və Qiymətləndirməsinə aid pasportdakı X13 20.08.2003cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindəki X12 ilə eyni şəxs olması faktınin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1940-cı il tarixdə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1983-cü il tarixli Şəxsi Mülkiyyət Hüququ ilə X4 və Qiymətləndirməsinə aid pasporta əsasən ünvan 3 ona məxsus olmuşdur, həmin fərdi yaşayış evi 200,4 kv. metr torpaq sahəsinin üzərində yerləşməklə, 128,4 kv. metr olmuşdur, bununla belə həmin texniki pasportda qaralama olduğundan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İ saylı Bakı ərazi idarəsinə həmin sənədin əslinin ərizəçiyə göndərilməsi üçün müraciət etmişdir. Həmin İdarə tərəfindən verilmiş cavabdan görünür ki, ünvan 1 ünvanına dair X13 adına 1983-cü il tarixdə tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur. Ərizəçi ilə X16 arasında qohumluq əlaqəsini təsdiq edən sənədlər (və yaxud alqı-satqı, bağışlanma müqaviləsi vərəsəlik hüquq haqqında şəhadətnamə və s.) təqdim edildikdən sonra müraciətə yenidən baxılacaq. Bununla bağlı olaraq bildirmək istəyir ki, qeyd edilən texniki pasport ona verilmiş, onda olan nüsxəsində adın yazılan hissədə qaralama olmuşdur. Həmin əmlaka çıxarışın alınması üçün müraciət etmək üçün lazım olan sənədləri toplayarkən yuxarıda qeyd etdiyi qaralamaya diqqət yetirmişdir. Bununla bağlı olaraq qeyd etmək istəyir ki, heç bir notarius da Şəxsi Mülkiyyət Hüququ ilə X4 və Qiymətləndirməsinə aid pasportu təsdiq etmədiyindən təsdiq edilmiş surətini məhkəməyə təqdim edə bilmir. Qeyd edilən texniki pasportda göstərilmiş X16 ilə o, X12 eyni şəxsdir. Qeyd edilən texniki pasport ondadır. Bununla belə özü də həmin ünvanda qeydiyyatdadır. Qeyd edilən texniki pasportun əsli elə ondadır. Həmin halı təsdiq edən sənədi başqa yolla ala bilmir, ünvan 3 -ə çıxarış almaq istəyir. 1983-cü ildə verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə X4 və Qiymətləndirməsinə aid pasportdakı X13 20.08.2003-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindəki X12 ilə eyni şəxs olması faktınin müəyyən edilməsi əmlaka sənəd almaq üçün lazımdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə hüquqi faktın müəyyən edilməsi barədə ərizə təmin edilməmişdir. Qətnamədən ərizəçi X12 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırılmış və əlavə olaraq maddi və prosessual hüquq normalarının pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında ərizəçi X12 qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak gəlməmişlər. Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunamlı, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, hazırda apellyasiya baxışı zamanı izahatı alınmış nümayəndə X5 bildirmişdir ki, X12 onun atasıdır. Onlar ünvan 3 –də yaşamışlar. Onların yaşadığı evin pasportunda onun atasının adının texniki səhv olaraq X16 göstərilmişdir. Həmin ünvanda ümumiyyətlə X16 adlı şəxs yaşamamışdır. Birinci instansiya məhkəməsində şahid X2 Nüşrəvanın qonşusu olduğunu, onu 1967-ci ildən bəri tanıdığını onun ünvan 3 saylı evdə yaşadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində izahatı alınmış X1 ərizəçinin adının Nüşrəvan olduğunu, ünvan 3 saylı mənzildə həyat yoldaşı və 3 uşağı ilə birgə yaşadıqlarını, hal-hazırda isə Cəfərov Nüşrəvanın həmin mənzildə tək yaşadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X10 ünvanlanan məktubun surətindən görünür ki, ünvan 3 ünvanına dair X13 adına 1983-cü il tarixdə tərtib edilmiş texniki pasport İdarənin arxvində mövcuddur. Ərizəçi ilə X16 arasında qohumluq əlaqəsini təsdiq edən sənədlər (və yaxud alqı-satqı, bağışlanma müqaviləsi vərəsəlik hüquq haqqında şəhadətnamə və s.) təqdim edildikdən sonra müraciətə yenidən baxılacaq. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılması və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, həmin texniki pasport X13 adınadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi X6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, ərizəçinin yuxarıda qeyd edilən ünvanda yaşaması həmin evə verilmiş texniki pasportun onun adına olması anlamına gəlmir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Repsublikası Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 6-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Ərizənin məzmunundan, habelə iş materiallarından aydın olur ki, ərizəçi X6 məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt ərizəçiyə tikiliyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün lazımdır. İşə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəqsinin surətindən görünür ki, ərizəçi X12 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materillarının 33-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MAPS arayışında göstərilmişdir ki, X16 adlı şəxs ümumiyyətlə qeydiyyatda yoxdur. İş materillarının 34 səhifəsində olan Bakı şəhəri Nərimanov rayonu 55 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, X12 13.01.1970-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası, 168 nömrəli evdədir və həmin ev ona məxsusdur. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya mhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamaqla səhv nəticəyə gəlmiş, işin faktiki hallarını kifayət qədər araşdırmamış, bu hal isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Belə ki, ərizəçi X6 ünvan 3 ünvanında qeydiyyatda olduğunu, şahidlərin izahatlarını, həmin evə dair pasportda göstərilən adın, atasının adının və ya soyadın onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyini nəzərə alaraq hesab edir ki, təqdim olunmuş sübutların məcmusu Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası, 168 nömrəli evə dair 1983-cü ildə verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə X4 və Qiymətləndirməsinə aid pasportdakı X13 20.08.2003-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən, həmin ünvanda qeydiyyatda olan X12 ilə eyni şəxs olmasını düşünməyə əsas verir. Odur ki, ərizəçinin tələbləri sübuta yetirildiyindən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Ərizəçi X6 apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. X6 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası, 168 nömrəli evə dair 1983-cü ildə verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə X4 və Qiymətləndirməsinə aid pasportdakı X13 20.08.2003-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən, həmin ünvanda qeydiyyatda olan X12 ilə eyni şəxs olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar