Məhkəmə qərarları › İş №2(103)-819/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-819/2025

25.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-819/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4471/2024 saylı 9 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır.

2. xx.xx.2023-cü il tarixli 4Ə-1218 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh bağışlanmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdən Cavabdeh adına qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı Asan Xidmət Notariat ofisində bağlanmış bağışlanma muqaviləsinin bağlandığı gündən etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qızıdır. xx.xx.2023-cü il tarixdə qızına özünün yaşadığı evi sağ ikən bağışlamaq qərarına gəlmiş və bu barədə qızına bildirmişdir. Demişdir ki, “sağ ikən bu mənzili bağışlayır, amma bu şərtlə ki, o, nə qədər yaşayırsa bu ev satılmayacaqdlr.” Qızı Şəfəq onunla razılaşmışdır və o 3 saylı Bakı ASAN xidmətinin notariat ofisində evi ona bağışlamışdır. Qızı Türkiyə Respublikasında yaşayır və ona xx.xx.2018-ci il tarixdə etibarnamə verərək bütün əmlakının idarə edilməsini ona həvalə etmişdir. O, mülkiyyətindəki evi qızına bağışlayandan bir müddət sonra qızı ona verdiyi etbarnaməni ləğv etdirmişdir. O buna əhəmiyyət verməmişdir. Amma bir müddət əvvəl öyrənmişdir ki, qızının külli miqdarda borcu oduğundan bu mənzili satmaq fikrindədir. Qızına bu barədə müraciət etdikdə bildirmişdir ki, evi satıb yenisini alacaqdır, o buna etirazını bildirdikdə buna məhəl qoymamışdır. O hal-hazırda mübahisəli mənzildə yaşayır və bundan başqa yaşamağa yeri yoxdur.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh isə onun bacısıdır. Anası tərəfindən bacısına yaşadığı mənzilin bağışlama müqaviləsi əsasında verildiyindən xəbərsiz olmuşdur. İddiaçı yaşlı və müəyyən sağlamlıq problemləri olan insandır. Bacısı bundan istifadə edərək anasına mənzili ona bağışlaması üçün təkid etmişdir. Bacısı uzun müddətdir Türkiyədə yaşayır, orarda evlənmişdir və onlarla əlaqə saxlamır. Yaşadığı ölkədə müəyyən şəxslərə borcları vardır və düşünür ki, Şəfəqin ilkin planı anasının mənzilini əlindən almaq və mənzilin satışından əldə etdiyi gəliri borclarının bağlanması üçün xərcləməkdən ibarət olmuşdur.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh isə onun bacısıdır. Anası övladları arasında əmlak bölgüsü ilə bağlı gələcəkdə mübahisələrin yaranmaması üçün özünün tək yaşayış yeri olan mənzilini digər övladlarından xəbərsiz bacısı Şəfəqə bağışlamışdır. Amma bunu edərkən onun fikri mənzilin ölümündən sonra Şəfəq tərəfindən istifadə edilməsi olmuşdur. Bağışlama müqaviləsi bağlanan zaman anası ona bu barədə məlumat verməmişdir. 2024cü ilin yanvar ayında bacısı Şəfəq ona zəng edərək Türkiyə Respublikasında yüksək məbləğdə borclarının yarandığını, həmin şəxslərin onu təhdid etdiklərini və özünün pula ehtiyacı olduğunu bildirmişdir. Eləcə də borclarının bağlanması üçün anası tərəfindən ona bağışlama müqaviləsi əsasında verilmiş mənzili satışa çıxaracağını və dəyərindən də ucuz satacağını qeyd etmişdir. Anasının həmin mənzildən başqa yaşayış yeri yoxdur. O, yaşlı və xəstə qadındır. Mənzilin Şəfəq tərəfindən satılması faktiki olaraq anasının evsiz qalmasına gətirib çıxaracaqdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4471/2024 saylı 9 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda iddia tələbində cavabdehə bağışladığı evi satacağı ehtimalını bildirsə də, cavabdehin iddiaçıya birbaşa mənzili tərk etməsi ilə bağlı müraciəti və yaxud mənzilin satışı ilə bağlı hər hansı cəhdi, iddiaçının evdən çıxarılması ilə bağlı fiziki və yaxud hüquqi addımlar atması, yəni ümumilikdə övladın valideynə qarşı üzərinə qoyulmuş vəzifələri icra etməməsi kimi hərəkətləri iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdehin iddiaçıya hər hansı hədə göstərməsi müəyyən edilmir.

10. Bundan əlavə məhkəmə bildirmişdir ki, bağışlama müqaviləsinin hər hansı şərtlə bağlanması notariat işindən görünmür. Hətta iddiaçı da izahatında digər övladları ilə mübahisənin olmaması baxımından, yəni bu övladına da əmlakın qalması üçün özünəməxsus mənzili ona bağışladığını bildirmişdir. Bu baxımdan iddiaçının iradə ifadəsinin də əmlakı qızına bağışlamaq olduğu öz təsdiqini tapır. İddia ərizəsində cavabdehin ona vermiş olduğu etibarnamənin ləğv edilməsi qeyd edilsə də, bu barədə sübut təqdim edilməmişdir. Bundan əlavə şahid Röya Salamzadə ifadəsində yanvar ayında bacısının ona zəng edərək evi satacağını və anasının evdən çıxaracağını bildirdiyini qeyd etsə də, bir ilə yaxın müddətdir ki, mənzilin satışı ilə hər hansı hərəkətin edilməsi ilə bağlı sübutu təqdim etməmişdir.

11. İş üzrə cavabdehin iddiaçıya qarşı “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin pozulması kimi hallarının mövcudluğunu iddiaçı sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin mərc oyunlarına qurşanması, Türkiyədə külli miqdarda borcunun olması, bu səbəbdən mübahisəli evi satmaq istəməsi barədə qeyd edilənlər sadəcə mülahizələrdən ibarətdir. Bundan əlavə məhkəmə bildirir ki, AZEMİS elektron sistem üzrə cavabdehin sərhədkeçmə məlumatlarında ölkədən çıxışı görünmür.

12. Şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, hazırki iddia üzrə şahidlər iddiaçının yaxın qohumlarıdır. Bu baxımdan iş üzrə şahid ifadələri məhkəmə tərəfindən mötəbər sübut hesab edilmir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.4, 337.1, 337.2, 337.5, 394, 399.1, 666.1, 667.1, 668.1, 673.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

14. İddiaçı həmin qətnamədən apellyasiya şikayətini iddia ərizəsində qeyd olunan dəlillər ilə əsaslandırmaqla, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

17.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 20.329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 21.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 22.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 23.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 24.339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 25.339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 26.397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və yadigər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 27.666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan eləmüqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 28.668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqlarınbağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. 29.670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinəyetirilməsindən asılı edilə bilər. 30.673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 31.673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 32.“Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il Qərarında qeyd edilir ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. 33.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 37.İşdə olan materiallara əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının istinad etdiyi maddələrin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iddiaçının irəli sürdüyü dəlillər - mübahisələndirilən müqavilənin şərtlə bağlanması, yəni cavabdehin mülkiyyətinə keçəcək mənzili satmaq hüququndan imtina etməsini tələb edən şərtin müqavilə bağlanarkən nəzərdə tutulması və onun müəyyən edilmiş bu şərtə əməl etməməklə iddiaçını aldatması və s. öz təsdiqini tapmamışdır. Əksinə mübahisə predmeti olan bağışlama müqaviləsinin bağlanması ilə bağlı notariat əməliyyatlarının qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirildiyi və müqavilənin məzmununa hər hansı şərt daxil edilmədiyi müəyyən edilmişdir. 38.Kollegiya qeyd edir ki, müqavilənin etibarsızlığına əsas olan aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. 39.Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 40.Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). 41.Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

42. İşdə olan materiallara əsasən isə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan müqavilənin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmunu aydın şəkildə təsvir edilmişdir; müqavilənin yalan məlumatlar əsasında bağlanması və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmək üçün hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

43. Cavabdehin (hədiyyə alanın) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduğu halı da müəyyən edilmir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi bu hallar müəyyən edilmədiyindən onun qeyd edilən əsasla bağışlamadan imtinası da əsassızdır.

44. Belə ki, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamadan imtina edə bilər

45. Beləliklə, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi halların istinad etdiyi qanuni əsasların (əqdlərin etibarsızlığı, bağışlamadan imtina) şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığı müəyyən edilir. 46.Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 47.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... 48.Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 49.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 50.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4471/2024 saylı 9 oktyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar