Məhkəmə qərarları › İş №2(103)-8190/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8190/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8190/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nə, Lənkaran rayon icra və probasiya şöbəsinə, Cavabdeh3 QSC-nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “hərracın nəticələrinin və çıxarışların etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh3 QSC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nə, Lənkaran rayon icra və probasiya şöbəsinə, Cavabdeh3 QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasına və ünvan 1 ünvanında yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələrinin və bankın adına verilmiş çıxarışların etibarsız hesab olunması, əmlakların üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 23.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi qismən təmin olunmuş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının və ünvan 2 ünvanında yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh3 QSC-nin nümayəndəsinin verdiyi şikayət məhkəmənin 08 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı iddiaçının ona məxsus əmlaklar barəsində keçirilmiş hərracların və onların yekunları üzrə bağlanmış müqavilələrin etibarsızlığı tələbini ehtiva etməklə o, həmin əmlakların özgəninkiləşdirilməməsi məqsədilə iddiasının təmini üsulu kimi (gələcəkdə lehinə çıxarılacağını ehtimal etdiyi qətnamənin icrasının təmini məqsədilə) qorunmasını xahiş etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə həmin əmlaklara münasibətdə Mülki Prosessual Məcəllənin 158-ci maddəsinin dispozitiv şərtləri mövcuddur və iddianı təmin etmə tədbirinə dair ərizəni qismən təmin etdiyi zaman birinci instansiya məhkəməsinin əsaslandığı hallar bu institutun mahiyyətinə uyğun olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisələndirilən hərraclar faktiki olaraq keçirilmiş və qanuni qüvvədə olan məhkəmə aktına əsasən verilmiş icra sənədinin icrası artıq başa çatdırılmışdır; bu isə o deməkdir ki, iddiaçının ərizəsinin təmin olunması müvafiq icra icraatının dayandırılması mahiyyəti daşımır. Əksinə, iddia təmin olunacağı təqdirdə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə nail olmaq, eləcə də əmlakların özgəninkiləşdirilməsinin qarşısının alınması üçün tələb olunan iddianı təmin tədbirinin görülməsi mümkün və zəruridir. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olmaqla onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2021 saylı iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar