Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8193/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X6, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı mənzildən çıxarılma və s. tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(011)- 3338/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən məcburi şəkildə çıxarılmasına və ondan vurulmuş maddi zərərə görə 15.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2, mənzil 14 iddiaçının faktiki sahibliyindədir. Həmin mənzil "xxxx" MMC tərəfindən iddiaçıya 20.03.2005-ci il tarixdə satılmışdır. Xətai Rayon Məhkəməsinin 20.12.2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə iddiaçının sahiblik və istifadə hüququ tanınmış, X2 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 27.06.2013-cü il tarixli 2(103)-3077/2013 saylı qətnaməsi ilə iş üzrə cavabdeh X2 apellyasiya şikayəti təmin edilmədən Xətai Rayon Məhkəməsinin 20.12.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.11.2013-cü il tarixli 2(102)-4117/2013 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2013-cü il tarixli qətnaməsi ləgv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti qismən təmin etmiş, Xətai Rayon Məhkəməsinin 20.12.2012-ci il tarixli, 2(011)-4618/2012 saylı qətnaməsi qismən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması hissəsində ləgv edilmiş, cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsi isə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2014-cü il tarixli. 2(102)-2153/2014 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2014-cü il tarixli 2(103)-531/2014 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən 04.02.2014-cü il tarixdə 2(103)- 531/2014 saylı İcra Vərəqəsi verilmiş, Xətai rayon İcra şöbəsinin 19.04.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 04.02.2014-cü il tarixli 2(103)-531/2014 saylı icra sənədinə əsasən borclu X7 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən çıxarılmış və mənzil iddiaçıya təhvil verilmişdir. İş üzrə borclu X7 iddiaçının mənzilindən çıxarılandan sonra onun əmisi Cavabdeh mənzilin qapısının yan tərəfindən daş divarı qanunsuz şəkildə dağıdaraq, qanunsuz olaraq mənzilə daxil olmuş və bu günə kimi mənzildən çıxmamışdır. Cavabdeh iddiaçının əmlakını qanunsuz şəkildə ələ keçirmiş, mənzili zəbt etmişdir. Onun barəsində iddiaçı bir çox dövlət, hüquq mühafizə orqanlarına müraciətlər etmişdir, müraciətləri əsasında toplanmış material üzrə Cavabdeh barəsində Xətai rayon Prokurorluğunda 15.10.2018-ci il ildə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 322.1-ci maddələri ilə cinayət işi başlanılmış, istintaqın aparılmasından ötrü iş Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Xətai rayon Pİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Tofiq Namazovun 26.01.2019-cu il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh iddiaçının mənzilini zəbt edərək iddiaçının qanunla qorunan hüquqlarını pozmuş, mənzildən sərbəst istifadə hüququnu məhdudlaşdıraraq mənzilə külli miqdarda ziyan vurmuşdur. Belə ki, Cavabdeh mənzilin divarını dağıdaraq mənzilə qanunsuz şəkildə daxil olmuş və mənzilin içində özbaşına işlər görmüşdür. Cavabdeh tərəfindən iddiaçıya 15000 manat məbləğində zərər vurulmuşdur. Beləliklə iddiaçı hesab edir ki, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən məcburi şəkildə çıxarılmalı və ondan vurulmuş maddi zərərə görə 15000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehə dəfələrlə iddiaçı tərəfindən mənzildən çıxmaq tapşırığı verilsə də, o, buna əməl etməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(011)-3338/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzilindən çıxarılması, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazıqalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassız olduğu üçün cavabdehin pozulmuş hüquqlarının bərpa olunması, həmçinin məhkəmədə cavabdehin bildirmiş olduğu və təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verilmədiyi, işin obyektiv həll edilmədiyi üçün apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsi sübutların tədqiqi hissəsində əsaslandırmağa çalışmışdır ki, guya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzil iddiaçıya təhvil verilmişdir. Daha sonra məhkəmə iş materiallarında olan icraçı "xxxx" MMC ilə iddiaçı arasında bağlanan 20.03.2015-ci il tarixli müqavilənin surətinə istinad edərək qeyd etmişdir ki, icraçı Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 20.05.2015-ci il tarixli, 126 saylı sərəncamı ilə qeyd olunan mənzili pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Nədənsə, birinci instansiya məhkəməsi baxış iclası zamanı təqdim edilmiş 26.01.2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda Tağıyev Elman Həsənqulu oğlunun ifadəsinə münasibət bildirməmişdir. Belə ki, cinayət işi üzrə şahid kimi dindirilmiş 10 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən məhkum X8 ("xxxx" MMC-nin direktoru və təmsilçisi) bildirmişdir ki, həmin mənzili İsmayılov Ramin Mübariz oğluna satmış və pulu Cavabdeh ödəmişdir. Mənzilin İddiaçı satılmasından xəbərinin olmamasını, ona mənzil satmadığını və bununla bağlı aralarında müqavilə imzalanmamadığını bildirmişdir. 15 mart 2021-ci il tarixli "xxxx" MMC ilə İsmayılov Ramin Mübariz oğlu arasında olan müqaviləyə 02.02.2019-cu il tarixdə qeyd əlavə edən X8 göstərmişdir ki, mübahisəli mənzil İsmayılov Ramin Mübariz oğluna satmış, müqaviləni qardaşı oğlu İsmayılov Ramin Mübariz oğlunun adına rəsmiləşdirmişlər. İşin faktiki hallarına baxmayaraq, Xətai Rayon Məhkəməsinin mövcud olan qətnamələrə istinad etməklə mənzilin iddiaçıya təhvil verilməsi qənaəti absurddur. Göstərdiyimiz faktlar özlüyündə bütün əvvəlki məhkəmə qətnamələrinin qanunsuz olduğunu sübut edir. Göründüyü kimi, İddiaçı "xxxx" MMC-nin direktorunun və digərlərinin ünvan 2 ünvanında inşa olunan binadakı eyni mənzilləri müxtəlif şəxslərə satması barədə məlumatlı olmuş, lakin nədənsə hüquq-mühafizə orqanlarına və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etməmişdir. Bundan əlavə İddiaçı məhkəməyə müqavilənin əslini təqdim etməmişdir. Həmçinin, maliyyə arayışı da təqdim edə bilməmişdir. Həmçinin, 20.03.2005-ci il tarixli müqavilənin 1.1-ci bəndində qeyd olunub ki, “icraçı Bakı şəhəri İH başçısının 20.05.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə ünvan 2, 14 saylı mənzili “Payçıya” verməyi özöhdəsinə götürür. Müqavilə 20.03.2005-ci il tarixdə bağlanır. Sərəncam isə 20.05.2005ci il tarixdə verilir. Bu hal özlüyündə müqavilənin uydurma olduğunu sübut edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasınnı iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4618/2012 saylı 20.12.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, X2 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilindən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3077/2013 saylı 27.06.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İsmayılov Ramin Mübariz oğlunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 20.12.2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4117/2013 saylı 13.11.2013-cü il tarixli qərarından görünür ki, İsmayılov Ramin Mübariz oğlunun kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.06.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-531/2014 saylı 04.02.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İsmayılov Ramin Mübariz oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4618/2012 saylı iş üzrə 20.12.2012-ci il tarixli qətnaməsinin qismən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2153/14 saylı 19.06.2014-cü il tarixli qərarından görünür ki, cavabdeh X7 və vəkili Abdurəhmanov Ağarəhim Abdulxaliq oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-531/2014 nömrəli işi üzrə 04.02.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru X9 ilə payçı İddiaçı arasında bağlanan 20.03.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri İH başçısının 20.05.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə ünvan 3 ünvanda 14 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 86,7 kv.metr olan 1-ci blok, 14 №-li mənzil, izolə olunmuş 2 otaqdan ibarət mənzili pay kimi payçıya verməyi öz öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İddiaçı ünvanladığı 05/14578-18 saylı 14.01.2020-ci il tarixli məktubundan görünür ki, 26.01.2019cu il tarixli qərarı ilə Cavabdeh və X4 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinə xitam verilmiş, Cavabdeh haqqında seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, eyni zamanda iş üzrə X1 iş üzrə zərərçəkmiş kimi iştirakına xitam verilərək bu barədə prosessual tərəflərə yazılı məlumat verilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 101-4458-1221 saylı 10.02.2021-ci il tarixli məktubundan görünür ki, onun müraciətinin icraatına xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin İddiaçı ünvanladığı 005-56322/2/5saylı 11.12.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən qəbul edilmiş qərarın əsaslılığının yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 101-1899- 1220 saylı 14.01.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı eyni məzmunlu müraciəti əsasında Xətai RPİ-nin İŞ-də ********* nömrəli cinayət işi istintaq edilmiş, cinayət işinin icraatına xitam verilmiş və qərarın surəti tərəflərə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin İddiaçı ünvanladığı 005-29304 saylı 05.06.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən qəbul edilmiş qərarın əsaslılığının yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 26.01.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh və X4 əməllərində Azərbaycan Respublikası CM-in 177.1 və 322.1 maddələrində nəzərdə tutulan cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinə xitam verilməsi, Şübhənin kifayət qədər əsaslı olmadığı nəzərə alınıb Cavabdeh haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və Cavabdeh şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunması, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmələrinin izah edilməsi, tərəflərə rəsmi məlumat verməklə cinayət işinin icraatına xitam verilməsi, AZE № 15290761 №-li şəxsiyyət vəsiqəsinə əsasən X4 ata adı səhvən Mübariz və Mübaris kimi yazılmış istintaq sənədlərində Mubaris kimi oxunması, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış X1 iş üzrə zərərçəkmiş kimi hüquq və vəzifəsinə xitam verilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mübahisəli Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 20 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində olan 2 otaqdan ibarət 14 nömrəli mənzili İddiaçı təhvil verilmişdir. Lakin javabdeh həmin qətnamə ijra edildikdən sonra, buna heç bir qanuni əsas olmadan mübahisəli mənzilə özbaşına girərək oradan istifadə etməyə başlamış, hal-hazıradək də həmin mənzili özünün istifadəsində və sahibliyində saxlamaqla, mənzilin qanuni sahibi olan iddiaçını həmin mənzildən istifadə və sahiblik etmək imkanlarından məhrum etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, Cavabdeh məhkəməyə mübahisəli mənzilin onun tərəfindən alınmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh yalnız Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasına istinad etməklə, mübahisəli mənzilin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu sadalananlar mülki hüquqi baxımdan əmlak üzərində hüquqların yaranması üçün qanuni əsas kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçı mübahisəli mənzilin qanuni sahibi və istifadəçisi olduğundan, həmçinin mübahisəli mənzildən gözlənilən mülkiyyət hüququ olduğundan, o, pozulmuş hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, müİkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən, məhkəmə hesab edir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 20 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində olan 2 otaqdan ibarət 14 nömrəli mənzili qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı təhvil verildiyindən, iddia Cavabdeh mənzildən çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbayjan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021 saylı, 21.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8193/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8193/2021
07.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver