Məhkəmə qərarları › İş №2(103)-8193/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8193/2022

21.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8193/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3964/2022 saylı, 02 noyabr 2022-ci il tarixli ərazi aidiyyəti barədə qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2n Ədalət oğlu tərəfindən birgə verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində İddiaçı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizələr təqdim edərək ilk iddia ərizəsində göstərilən tələblərdən başqa 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, həmçinin, Cavabdeh2 ona məxsus olan, 2010- cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını da tələb etdiyini bildirmişdir. Mülki iş Oğuz Rayon Məhkəməsinin icraatında olan zaman İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Xalxal kəndində yerləşən, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən Cavabdeh1 mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının Cavabdeh1 və digər üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(054)-25/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Oğuz rayonu Xalxal kəndində yerləşən, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən Cavabdeh1 mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuş və həmin torpaq sahəsində tikinti işlərinin aparılması Cavabdeh1 və digər üçüncü şəxslərə qadağan edilmişdir. Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)- 3/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-784/2022 saylı qətnaməsi ilə, Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair ilk; Cavabdeh2 İddiaçı qarşı “borc məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(054)-25/2021 saylı qərardadının ləğv edilməsi üçün Oğuz Rayon Məhkəməsinə müraciət etdiyini bildirir və iddianı təmin etmə tədbirinin ləğvi barədə ərizəyə baxılması üçün mülki işin Oğuz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3964/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2n Ədalət oğlunun nümayəndəsi və vəkili Vəkil2 qərardaddan şikayət verərək ləğv edilməsini və ərazi aidiyyəti barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə onun tərəfindən Nərimanov rayon Məhkəməsinə deyil, Oğuz Rayon Məhkəməsinə verilmişdir. Oğuz Rayon Məhkəməsi isə xx.xx.2022-ci il tarixli, 2(054)-3/2022-ci il tarixli Nərimanov rayon Məhkəməsinə ünvanlanmış məktubu ilə onun tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin ləğv olunması barədə müraciət və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsinə əsasən baxılıb həll edilməsi üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bu səbəbdən hesab edir ki, ya müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə təmin edilməli idi, ya da müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizəyə baxılması üçün iş materiallarını Oğuz Rayon Məhkəməsinə göndərməli idi. Belə olduqda onun müraciətinə nə Nərimanov Rayon Məhkəməsində, nədəki, Oğuz Rayon Məhkəməsində baxılmış, Oğuz rayon Məhkəməsi müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizəyə baxmamış və aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərmişdir, Nərimanov Rayon Məhkəməsi isə ərizəyə baxmaqdan imtina edərək ərizəni təmin etməmişdir. Nəticədə Cavabdeh1 və Cavabdeh2 məhkəməyə müraciət hüququna qeyri-mütənasib yanaşılmış, məhkəməyə əlçatanlıq hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3964/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi şikayəti təmin etməməklə bağlı mövqeyini bununla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)- 784/2022 saylı qərardadı ilə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)- 3/2022 saylı qətnaməsi ləğv edilərək mülki iş mahiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilən normanın hərfi təfsir edilərək, iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizəyə baxlması üçün mülki işin yenidən Oğuz Rayon Məhkəməsinə göndərilməsi nə normanın mahiyyətinə, nədə prosessual qənaət prinsipi nöqteyi-nəzərindən şəxslərin pozulmuş hüquqlarının bərpasına xidmət etmir. Hazırki mülki iş üzrə məhkəmə proseslərinin 2 ildən çox müddət ərzində davam etdiyini nəzərə alaraq, məhkəmə iddianı təmin etmə qərardadının ləğvi məsələsinə baxılması üçün işin həmin təmin etmə tədbirini tətbiq etmiş məhkəməyə göndərilməsini məqsədəmüvafiq hesab etmir. Digər tərəfdən, cavabdeh tərəfin vəkilinin iddianı təmin etmə tədbirinin ləğvi barədə ərizəsinə Nərimanov Rayon Məhkəməsi tərəfindən münasibət bildirilmiş və xx.xx.2022-ci il tarixli, 2(005)-3964/2022 saylı qərardadla ərizə təmin edilməmişdir. Bu səbəbdən şikayətdə göstərilən, cavabdehin məhkəməyə çatımlılıq hüququnun məhdudlaşdırılması, ərizəsinə münasibət bildirilməməsi barədə qeydləri əsassızdır və formal mülahizələrdən ibarətdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(103)- 8193/2022 saylı qərardadı ilə cavabdehin müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizəsi üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2(005)- 3964/2022 saylı qərardaddan şikayəti təmin edilməmişdir. Deməli, müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizəyə baxılması üçün mülki işin Oğuz Rayon Məhkəməsinə göndərilməsinə ümumiyyətlə zərurət də qalmamışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(103)- 8193/2022 saylı qərardadında birinci instansiya məhkəməsinin ərizəni rədd edərkən gəldiyi qənaətin kifayət qədər əsaslandırılmış və düzgün olduğu vurğulanmışdır. Çünki, ilk iddia rədd edilməyib, baxılmamış saxlanılmayıb və ya iş üzrə icraata xitam verilməyibdir. Başqa sözlə iş üzrə yekun məhkəmə aktı qəbul edilməyib. Deməli, müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün prosessual hüquqi əsas, eyni zamanda maddi hüquqi əsas da yaranmayıbdır. Çünki, tərəflər arasında məhkəmə mübahisəsi davam edir. Bu cür vəziyyətdə müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün müstəsna əsaslar olmalıdır. Belə bir əsasların olmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməyibdir. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3964/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2n Ədalət oğlu tərəfindən birgə verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3964/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar