Məhkəmə qərarları › İş №2(103)-8194/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8194/2021

27.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8194/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-479/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron Rayonu, Hökməli qəsəbəsində yerləşən evin quraşdırılmış qaz sayğacı (Abonent kodu: **********02550) ilə bağlı «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə 1943,40 manat cərimənin və sayğacın dəyərinə görə hesablanmış 187 manat, ümumilikdə 2130 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Abonent kodu: **********02550 olan ünvan üzrə cavabdeh tərəfindən tərtib olunan akta görə hesablanmış 1900 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron Rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır, təbii qazdan istifadəyə görə tərəfindən daim vaxtı-vaxtında ödənişlər aparılmışdır, cavabdeh təşkilatın əməkdaşları onun məlumatı olmadan qanunsuz aktlar tərtib edərək ümumilikdə 1900 manat məbləğində əsassız borc hesablamışlar. Bununla bağlı yerli qaz idarəsindən ona bildirmişlər ki, guya tərəfindən sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyi üçün ona cərimə hesablanmışdır. O, istifadəsində olmuş qaz sayğacına müdaxilə etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(011)-479/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Abşeron Rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə **********02550 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 1900 (min doqquz yüz) manat məbləğində borcun silinməsi, «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat pulun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etməsi nöqsanı və dəymiş ziyanın hesablanması tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin 30.04.2018-ci il tarixli qərarının surətindən görünür ki, **********02550 saylı abonent kodu üzrə sayğacdan kənar təbii qaz xətti aşkar olunması nöqsanı ilə itirilmiş qazın bərpası üzrə 4392 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanması nöqsanı və dəymiş ziyanın hesablanması tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin 28.02.2018-ci il tarixli qərarının surətindən görünür ki, **********02550 saylı abonent kodu üzrə sayğacdan kənar təbii qaz xətti aşkar olunması nöqsanı ilə itirilmiş qazın bərpası üzrə 1008 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.01.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar istifadə olunması nöqsanı və dəymiş ziyanın hesablanması tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin 31.01.2018-ci il tarixli qərarının surətindən görünür ki, **********02550 saylı abonent kodu üzrə sayğacdan kənar qaz xətti aşkar olunması nöqsanı ilə itirilmiş qazın bərpası üzrə 4317 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 02.09.2020-ci il tarixli iddiaçının abonent saldosundan görünür ki, onun **********02550 saylı abonent hesabına 2020-ci ilin iyun ayı üzrə 2092,68 manat borc hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 15.01.2021-ci il tarixli 10/3650 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkündür. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilən Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, hazırkı halda Azəriqaz QSC-nin nümayəndələri tərəfindən qaz şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edildiyi andan, iddiaçıya məxsus həmin xətt ləğv edilməli, qazın verilişi isə dayandırılmalı idi. Lakin iş materiallarından cavabdeh təşkilat tərəfindən bu tədbirlərin görülməsi müəyyən edilmir. Həmin aktların məzmunundan görünür ki, abonent İddiaçı həmin aktları imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən sayğacdan kənar qaz xətti aşkar olunmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. (fotoşəkil və s.) Halbuki Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda isə itirilmiş qazın və sayğacın dəyəri iddiaçıdan tələb oluna bilməz. Cavabdehin dəlillərinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-479/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar