Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8196/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Kazımov Elşən Cələddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdeh Bakı Dövlət Universitetinin nümayəndələri X3, X2, üçüncü şəxs Azərbaycan Respublikası Beynəlxalq Bankının nümayəndəsi X7 iştirakları ilə, İddiaçı üçüncü şəxs qismində Azərbaycan Respublikası Beynəlxalq Bankının Yasamal filialı cəlb edilməklə cavabdehlər Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məzuniyyət günlərinin kompensasiyası tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2652/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı üçüncü şəxs qismində Azərbaycan Respublikası Beynəlxalq Bankının Yasamal filialı cəlb edilməklə cavabdehlər Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1999- 2017-ci illər üzrə hər il 98 təqvim günü ona verilməli olan ödənişli əsas əmək məzuniyyətinin 18 il üçün ümumilikdə hesablanmış 1764 manat təqvim günü üzrə hesablamaların aparılmasının təmin edilməsi, onun bir günlük orta əmək haqqını təşkil edən 33.99 manatının 1764 təqvim gününə vurulması yolu ilə müəyyən edilmiş 59976 manatdan bu illər ərzində ödənilmiş məbləğlərin çıxılması və ödənilməmiş məzuniyyət günlərinin kompensasiyasının, gecikmə faizinin ödənilməsi və xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: İşdə olan xx.xx.2009-cu il tarixli 2/232 saylı əmrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı 2007 və 2008-ci illər hesabına 42 t/g müddətində istifadə etmədiyi əmək məzuniyyəti üçün kompensasiya ödənilməsi qərara alınmışdır (səh.28); 2/274 saylı xx.xx.2010-cu il tarixli, 2/251 saylı xx.xx.2011 -ci il tarixli, 2/221 saylı xx.xx.2012-ci il tarixli, 2/230 saylı, xx.xx.2013-cü il tarixli, 2/268 saylı, xx.xx.2014-cü il tarixli, 2/332 saylı xx.xx.2015-ci il tarixli və 2/310 saylı xx.xx.2016-cı il tarixli əmrlərdən müəyyən olunur ki, İddiaçı 2010-2016-cı illər hesabına 56 təqvim günü müddətində məzuniyyət götürmüşdür (səh.28-39); sənəddən müəyyən olunur ki, İddiaçı tədris hissə müdiri kimi 36 təqvim günü olmaqla 288 günə və 42 təqvim günü olmaqla 84 günə kompensasiya ödənilmişdir (səh.121-124). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2652/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. X6 135-ci maddəsinin 2-ci bəndinə; Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə istinadən qeyd edilmişdir ki, iş materiallları ilə sübut olunur ki, iddiaçıya tədris hissəsinin müdiri kimi 42 təqvim günü, müəllim kimi 56 təqvim günü məzuniyyət günü hesablanıb. İddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası son haqq-hesabı ilə birlikdə işdən çıxan zaman ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2652/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, istinad olunana maddi və prsesessual hüquq normalarının tələbləri əsasında sübutların mötəbərliyi, əsaslılığı və həqiqiliyi qiymətləndirilməklə qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 81, 87-89, 217, 357, 372, 384, 385-ci maddələrinə; Əmək Məcəlləsinin 135, 138-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçıya 18 il ərzində ödənişli əsas məzuniyyətlərin verilməməsi mübahisənin əsas predmeti olmuşdur. İddianın bu hissəsinin əsaslılığının müəyyən olunması üçün hakim bu illər ərzində ilk növbədə hər iki vəzifənin icrası ilə bağlı iddiaçıya ödənişli əsas məzuniyyətin verilməsini müəyyən edən ərizələrin, müvafiq əmrlərin, haqq-hesab sənədlərinin, ödəniş tapşırıqlarının mövcud olubolmamasını, olduğu halda həqiqiliyini və əsaslılığını yoxlamalı idi. İddiaçının ödənişli əsas məzuniyyətə buraxılmasına dair Bakı Dövlət Universiteti üzrə imzalanmış əmrlərlə hər bir halda iddiaçı tanış edilməli idi. Yalnız bundan sonra məhkəmə iddiaçının məzuniyyətdə olması barədə məlumatlı olmasını sübuta yetirilmiş hesab edə bilərdi. Məzuniyyət əmrləri ilə iddiaçının tanış olmasını təsdiq edən sübutlar müəyyən edilir. İşin faktiki hallarını obyektiv qiymətləndirdikdə məlum olur ki, iddiaçı onun barəsində imzalanmış məzuniyyət ərizələri barəsində xəbərdar olmaması səbəbindən davamlı şəkildə öz xidməti vəzifələrini icra etmiş və istirahət hüququndan yararlanmamışdır. İşin faktiki hallarını qiymətləndirdikdə aydın olur ki, X4 Kafedrasının baş müəllimi kimi 56 təqvim günü hər il ödənişli əsas məzuniyyətdən istifadə etməsini təsdiq edən əmrlərlə iddiaçının tanış olmasını cavabdeh tərəflər məhkəmə qarşısında sübut etməlidir. İddiaçının 18 il ərzində baş müəlimi kimi hər il 56 təqvim günü ödənişli əsas məzniyyətdən istifadə etməsini təsdiq edən məzuniyyət əmrləri ilə tanış olmasını təsdiq edən sübutların məhkəməyə təqdim olunması və bu sübutların mötəbərliyinin müəyyən olunması ilə mübahisənin həllini mümkün hesab etmək olardı. Cavabdeh tərəf bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və öz etirazının əsasını sübuta yetirə bilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qənaətə gəlmişdir ki, iddiaçı baş müəllim kimi hər il 56 təqvim günü ödənişli əsas məzuniyyətdən istifadə etmişdir. Hakim bu qənaəti faktiki hallları özündə əks etdirməmiş, sübutlarla öz təsdiqini tapmamış və maddi hüquq normalarının tələblərin əsaslandırmamışdır. 1999-2017-ci illər ərzində Tədris hissəsinin müdiri kimi iddiaçıya hər il 42 təqvim günü ödənişli əsas məzuniyyətin verilməsini təsdiq edən rəsmi sənədlər iş materiallarında mövcud olmamışdır. Bakı Dövlət Universitetinin təqdim etdiyi rəsmi sənədlərlə tanışlıq nəticəsində məlum olmuşdur ki, iddiaçı 13 il 2007-ci il və xx xxxxxx 2009-cu il tarixli ərizələrlə işəgötürənə müraicət edərək ona 1999-2006, 2007- 2008-ci illər ərzində Tədris hissəsinin müdiri kimi istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya haqlarının verilməsini xahiş etmiş, bu ərizələr əsasında işəgötürənin xx.xx.2007-ci il tarixli 2/251 saylı, xx.xx.2009-cu il tarixli, 2/232 saylı əmrləri imzalanmış, lakin mühasibatlığın tərtib etdiyi haqq-hesab sənədləri üzrə hesablanmış 794.39 manat və 653.60 manat məbləğində kompensasiya haqlarının iddiaçının bank hesabına ödənilməsi təmin olunmamış və bu ödənişin icrasının təmin edildiyini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bu faktın mövcudluğu ilə birmənalı şəkildə sübut olunur ki, 1999-2006, 2007-2008-ci illər ərzində Tədris hissəsinin müdiri kimi iddiaçının istifadə etmədiyi məzuniyyət günləri ilə bağlı ödənilməli olan kompensasiya haqları cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi hesabdan çıxarışlarda da 794,39 manatın və 653.60 manatın iddiaçının bank hesabına ödənildiyi öz təsdiqini tapmır. 2009-cu il üçün Tədris hissəsinin müdiri kimi iddiaçıya 42 təqvim günü ödənişli əsas məzuniyyətin verildiyini və ya bu il ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya haqlarının hesablanaraq ödənildiyini təsdiq edən rəsmi sənədlər də Bakı Dövlət Universiteti tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin 2010-2017-ci illər ərzində Tədris hissəsinin müdiri kimi 42 təqvim günü ödənişli əsas məzuniyyətin iddiaçıya verilməsini də təsdiq edən rəsmi sənədlər mövcud olmamış, bu illər ərzində də iddiaçının ödənişli əsas məzuniyyət hüququndan istifadə etməsi öz təsdiqini tapmamış, buna dair mötəbər sübutlar iş materiallarında mövcud olmamışdır. Yalnız iddiaçı xx.xx.2017-ci il tarixli əmrlə tutduğu vəzifələrdən azad edilərkən Tədris hissəsinin müdiri kimi hər il 42 təqvim günü istifadə etmədiyi ödənişli əsas məzuniyyət günlərinə görə 2010-2017-ci illər üzrə hesablanmış 4676.66 manat məbləğində kompensasiya haqqı xx.xx.2017-ci il tarixdə iddiaçının bank hesabına ödənilmişdir. 1999- 2017-ci illəri əhatə edən 18 il ərzində Tədris hissəsinin müdiri kimi iddiaçı hər il ödənişli əsas məzuniyyət hüququndan istifadə edə bilməmiş və davamlı şəkildə xidməti iş yerində olmuşdur. Əgər işəgötürən tərəfindən imzalanmış əmrlərlə 1999-2006, 2007-2008, 2010- 2017-ci illər üçün iddiaçıya istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya haqqlarının verilməsi nəzərdə tutulmuşdursa, o zaman bu illər ərzində iddiaçının ödənişli məzuniyyət hüququndan faydalanmadığı tam şəkildə öz təsdiqini tapır. Məzuniyyətlərin uçotunu hər il iş illəri üzrə aparmalı olan Bakı Dövlət Universiteti 18 il ərzində hər iki vəzifənin icrası ilə bağlı 56 və 42 təqvim günü ödənişli əsas məzuniyyətlərin hər il iddiaçıya verilməsinin dürüstlüyünü və buna dair sənədləşmələrin vaxtında aparıldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək, şikayətinin məzuniyyət günləri ilə əlaqədar verilməli kompensasiya ilə bağlı olduğunu, 1999-2006-cı il tarixə kimi həmişə işdə olduğunu, əmək məzuniyyətinə çıxmadığını, həmin illər ərzində hər il ona 56 təqvim günü verilməsi ilə bağlı əmrlərlə tanış olmadığını, ona kompensasiya verilməsinin isə öz təsdiqini tapmadığını, iş materiallarında kifayət qədər sübut təqdim edilmədiyini, rayon məhkəməsi tərəfindən əsassız qətnamə qəbul edildiyini, 2006-2008-ci il llər ərzində istifadə etmədiyi kompensasiya ilə bağlı onun ərizə yazması, işəgötürənin ona kompensasiya ödəməsi qeyd edilsə də, ona heç bir kompensasiya ödənilmədiyi, onun bank hesabına həmin məbləğlərin ödənilməsinin öz təsqidini tapmadığını, 45000 manat deyil, 14000 manat məbləğində pul ödənildiyini, xx.xx.2017-ci il taixdə 2 aylıq öz hesbına ödənişssiz məzuniyyət əldə etmək üçün ərizə yazdığını, ərizə verəndən sonra Həmkarlar İttifaqının iclas keçirdiyini, xx.xx.2017-ci il tarixdə işdən azad olunduğunu, ona yalnız əmrdən çıxarış verildiyini, Bakı Dövlət Universitetindən məzuniyyət verilməməsi barədə məktub isə xx.xx.2017-ci il tarixdə onun ünvanına daxil olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, kompensasiya məbləğinin və istirahət hüququna görə əmək məzuniyyətinin iddiaçıya ödənildiyini, sənədlərin, əmək kitabçasının ona təqdim edildiyini, iddiaçının cavabdehə qarşı bir neçə oxşar belə iddialarının olduğunu bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, özünün Mühasibatlığın aparıcı mühasibi işlədiyini, 1999-2017-ci illər ərzində Tədris hissəsinin müdiri kimi iddiaçıya hər il 42 təqvim günü, X4 Kafedrasının baş müəllimi kimi 56 təqvim günü ödənişli əsas məzuniyyətin üzrə kompensasiya məbləğlərinin verildiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Beynəlxalq Bankının nümayəndəsi X10 2007-ci il tarixə dair iddiaçının hesabına dair çxıarışlar arxivdə aşkar edilmədiyini, digər çıxarışların təqdim edildiyini və iş materiallarında olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.3-cü maddəsinin tələblərinə görə, zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87(5)-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Məcəllənin 296(3-5)-ci maddəsinin tələbinə görə, Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24, 35, 68, 71, 80, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87, 110, 144, 131-138, 173, 296ci maddələrinə; Mülki Məcəlləsinin 551, 560-cı və MPM-in 14, 52, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiyada qeyd edilənlərin formal əsasları hüququn sui-istifadəyə şərait yaradan meyarlarına münasibətdə etibarsızdır, işçi və işəgötürən arasında əmək mübahisələri olmuş və qanunla müəyyən edilmiş müddətlər ötürülmüşdür və mötəbərliyi şübhə doğurmayan cavabdehin təqdim etdiyi sübutlarla da iddianın əsasları təkzib edilir. Ona görə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməli olması barədə Əmək Məcəlləsinin 144-cü maddəsində təsbit olunmuş dispozitiv şərt heç də əmək mübahisələri yarandıqdan sonra qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinin tədbiq edilməməsi anlamına gəlməməlidir. İstifadə edilməyən məzuniyyət hüququ üzrə pul əvəzinin ödənilməsi tələbləri və buna məhdudiyyətin olmaması yalnız əmək mübahisələri üzrə yarananadək - iş illərinin əhatə etdiyi müddətə şamil olunur. Lakin iddiaçının əmək müqaviləsinə 2017-ci ildə xitam verilmiş və iddiaçı bunu mübahisələndirmiş, hazırda isə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətlərini də iddiaçı ötürmüşdür. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2652/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8196/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8196/2020
23.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver