Məhkəmə qərarları › İş №2(103)-8295/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8295/2020

23.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8295/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüstəmov Emin Elbrus oğlunun katibliyi ilə, Cavabdeh Bakı Dövlət Universitetinin nümayəndələri X1 və X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2546/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı Dövlət Universitetinə və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2017-ci ilin may ayının müvafiq təqvim günlərinin əmək haqqı olaraq Bakı Dövlət Univeristetinin mühasibatlığı tərəfindən hesablanmış 327,75 manatın Bakı Dövlət Univerisiteti tərəfindən onun bank hesabına ödənilməsi, ona ödənilməli olan 327,75 manat əsas borcun xx.xx.2017-ci il tarixdən etibarən bu günə qədər müvəkkil bankdan alınmamasına və ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün bir faiz olmaqla, 35 aylıq ödənc təşkil edən 3500 manatın müştərək qaydada cavabdehlərdən alınaraq onun bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə 1/156 saylı əmrlə Bakı Dövlət Universitetində tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin xx.xx.2017-ci il tarixdə imzalanmasına baxmayaraq son haqq-hesab sonuncu iş günü ona verilməmişdir. Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunmuşdur ki, ona xəstəlik vərəqələri əsasında 24 fevral-xx xxx 2017-ci il tarixləri ərzində 2366,55 manat sosial müavinətin ödənilməsinə dair hesablamalar aparılmış, onun xx.xx.2017-ci il tarixdə işə çıxmalı olmasına baxmayaraq 7 gün müddətində üzrsüz səbəbdən işə çıxmaması ilə əlaqədar tutduğu vəzifəsindən azad olunmuş, sonuncu haq-hesab isə may 2016-aprel 2017- ci illərin müvafiq 12 ayı üzrə aparılmışdır. Göründüyü kimi, 7 təqvim gününün əmək haqqısnın ona ödənilməsinə dair hesablamalar aparılmamışdır. Aparılmış yazışmaların nəticəsində 2017-ci ilin may ayı üçün ona 327,75 manat məvacib hesablandığı və onun hesabına ödənilmədiyi məlum olmuşdur. 327,75 manatın əzı bir faizi 3,27 manat, aylıq 100 manat təşkil edir. Hesablanmış 100 manatın 35 aylıq məbləği isə 3500 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2546/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini 06 may-xx xxx 2017-ci il tarixlərini əhatə edən 7 (yeddi) günün əmək haqqı olaraq əsas borcun və bu məbləğin gecikdirilməsinə görə hesablanmış faiz borcunun ona ödənilməsinə dair apellyasiya instansiya məhkəməsinin əsaslı, ədalətli və qanuni qətnaməsinin qəbul edilməsini, qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının pozulmasında təqsirkar olan şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının əmək haqqı işə davamiyyət tabeli əsasında hesablanır. Lakin may ayında iddiaçı işə gəlmədiyi ücün tabel verilməmiş və bu səbəbdən ona əmək haqqı hesablanmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 da apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması yeri və vaxtı haqqında iddiaçıya və cavabdeh Təhsil Nazirliyinə məlumat verilməsinə baxmayaraq, iddiaçı səbəbini göstərmədən məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, xx.xx.2017-ci il tarixdə 1/156 saylı əmrlə, ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri, Kimya fakultəsi Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi İddiaçı xəstəliyi bitən gündən etibarən işə çıxmadığına və yeni yaradılmış Tədris Departamentində müvafıq işlə təmin olunması barədə ərizə ilə müraciət etmədiyinə, Kimyanın tədrisi metodikası kafedrasında daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi kimi dərslərə gəlmədiyinə görə xx.xx.2017-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri və Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi vəzifələrindən azad edilmiş və onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bakı Dövlət Universiteti iddiaçının nümayəndəsi Nümayəndə ünvanlanmış 13.03.019-cu il tarixli, 01-Sm/372 saylı məktubda bildirilmişdir ki, Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən işçilərin işəgötürən tərəfindən əmək haqqının hesablanması, ödənilməsi ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən haqq-hesab sənədləri tərtib edilir. İddiaçı aylıq əmək haqqı 997 manat və elmlər namizədliyinə görə 60 manat təşkil emişdir. Son haqq-hesabın ödənilməmiş məzuniyyət günləri (2012-27 t/g; 2013-28 t/g; 2014-23 t/g; 2015- 24 /g; 2016-21 t/g; 2017-14 t/g (4 aya) cəmi 185 gün olmaqla 6288,08 manat hesablanmışdır. xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixədək olan dövrdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar xəstəlik vərəqələrinə əsasən müəssisə tərəfindən 478,80, DSMF tərəfindən 1887,75 manat hesablanmış və 2017-ci ilin iyun ayında ödəniş olmuşdur. İddiaçı 2017-ci ilin may ayı üçün son haqq-hesab cədvəlinin və xx.xx.2017-ci il tarixli, 724 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı cəmi 6288,08 manat son haqq-hesab hesablanmış, həmin məbləğdən 1297,02 manat gəlir vergisi, 125,76 manat həmkarlar ittifaqına üzvlük haqqı, DSMF-nun hesabına 188,64 manat olmaqla, cəmi 1611,42 manat tutulduqdan sonra 4676,66 manat onun hesabına köçürülmüşdür. xx xxx 2017-ci il tarixli, xx xxx 2017-ci il tarixli və xx xxx 2017-ci il tarixli aktlara əsasən müəyyən edilir ki İddiaçı həmin tarixlərdə işdə olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, göstərdiyi halları iddiaçı sübut etməlidir. Çünki, iddiaçının iddia üzrə istinad etdikləri halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, istinad etdikləri halları sübut edə bilməmişlər. Bu barədə yalnız onun izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. İkincisi, iddiaçı apellyasiya şikayətində 06 may-xx xxx 2017-ci il tarixlərini əhatə edən 7 (yeddi) günün əmək haqqı olaraq əsas borcun və bu məbləğin gecikdirilməsinə görə hesablanmış faiz borcunun ona ödənilməli olduğunu göstərsə də, həmin dövr üçün əmək haqqı nəyə əsasən ona ödənilməli olduğunu göstərməmişdir. Çünki, işin mübahisəsiz halıdır ki, iddiaçı həmin dövrdə işə gəlməmiş və işləməmişdir. Bunu özü də mübahisələndirmədiyi halda, nədənsə həmin dövr üçün iddiasının qanuni əsasının olmasına dair də şikayətində əmək qanunvericiliyinin hansısa müddəasına da istinad etmir. Əksinə onun iddiasına bilavasitə aidiyyəti olmayan, yəni əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydasını nəzərdə tutan Əmək Məcəlləsinin 175-ci maddəsinin tələbinə uyğun iddiasını əsaslandırmağa cəhd edir. Lakin bəllidir ki, əmək haqqının yaranması üçün gərək işçinin əməyi olsun, başqa sözlə işçinin gördüyü iş yaxud göstərdiyi xidmət olsun və buna görə əmək haqqı olsun ki, ondan da qanunda nəzərdə tutulan hallarda tutulmalara yol verilsin. Lakin iddiaçı iddia etdiyi dövr üzrə iş günlərində üzrsüz səbəbdən ümumiyyətlə işə gəlmədiyi və işləmədiyi özünə də aydın olduğu halda bu cür iddia ilə məhkəməyə müractiət etməsi anlaşılan deyildir. Çünki, iddiaçı iddia etdiyi dövrdə nə iş günlərində, nədə qeyri iş günlərində işə gəlmir və faktiki olaraq işləmir, ancaq 37 illik əmək fəaliyyəti dövründə şənbə, bazar və bayram günlərində onun əmək haqqının hesablandığını və ödənildiyini bəyan edir, lakin bunun qanuni əsasını göstərmir. Əlbətdə ki, bu cür dəlillərdən istifadə edilməsi iddianın əsaslı olduğuna dəlalət etmir və qətnamənin də mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-2546/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar