Məhkəmə qərarları › İş №2(103)-82/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-82/2022

29.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-82/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(004)-295/2018 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kanalizasiya xətləri üzərində və qanunla müəyyən edilmiş tikililərin sökülməsi və mühafizə zonasının boşaldılmasının təmin edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində inşa edilmiş özbaşına tikintinin əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasının boşaldılmasının təmin edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili inşa edilmişdir. İnşa edilmiş tikili nəticəsində cavabdeh tərəfindən qüvvədə olan Azərbaycan Respublikasının Su Məcəlləsinin “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsində qeyd olunur ki, su təchizatının və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texiki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirilməsi qəti qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci maddəsində qeyd olunmuşdur ki, elektrik, rabitə, nəqliyyat və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısa müddətli istifadəyə onların vaxtında və icarəyə verilə bilər. Yuxarıda adı çəkilən özbaşına tikilinin inşası nəticəsində diametri 150 mm olan kanalizasiya xəttinə vaxtı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradır və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradır, istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərindən görünür ki, kanalizasiya xətlərinin üzərində və ya onların sanitar-mühafizə zonalarında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-cı maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayiş evi, digər tikili və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bu Məcəllənin 180.4-cü maddəsinin tələblərinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.Qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edirik ki, ”Azərsu” ASC-yə məxsus diametri 150 mm olan kanalizasiya xətinin üzərində inşa edilmiş tikili statusuna görə Mülki Məcəllənin 180-cı maddəsi ilə müəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli, kanalizasiya xətlərinin qanunla müəyyən edilmiş sanitar-mühafizı rejimi təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(004)-295/2018 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Bakı şəhəri üzrə rayonların o cümlədən Yasamal rayonu ərazisindən keçən müxtəlif diametrli su və kanalizasiya kəmərlərinin, mərkəzi su anbarlarının və nasos stansiyalarının istismar olunmasına xidmət göstərir. Bunun üçün də İddiaçı ASC -nin balansında olan ünvan 3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 150 mm olan kanazilzasiya xəttinin üzərində qeyri yaşayış obyekti tikdirmişdir, bununla da su kəmərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi pozulmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq məktubları göndərilmişdir. Lakin cavabdeh qanun pozuntusunu aradan qaldırmamışdır. Qüvvədə olan 723-İQ nömrəli 28 oktyabr 1999-cu il tarixli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının, həmçinin “2.04.02-84”, “2.04.03-85” və “İİ-89-80” (AzDTN 2.6-1) saylı inşaat Norma və Qaydaları”nın (SNİP) tələbləri Cavabdeh tərəfindən kobud surətdə pozularaq Yasamal rayonu A.M.Şərifzadə küçəsi 2 ünvanında diametri 150 mm olan kanalizasiya xəttinin üzərində (və ya mühafizə zolağında) qeyri-qanuni tikili inşa olunmuşdur. Belə ki, 723-İQ nömrəli 28 oktyabr 1999-cu il tarixli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin “a” bəndinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 (beş) metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan qadağan edilir. AZDTN 2.6-1 saylı Azərbaycan Respublikasının Tikinti-Norma və Qaydalarına (14 saylı cədvəl), “İİ-89-80” saylı inşaat Norma və Qaydaları”nın (9 №-li cədvələ) əsasən bina və tikili özülünün su və kanalizasiya xətlərinə qədər olan məsafə 5 (beş) metr, hasarlara və su xətlərinin estokadalarına qədər isə olan məsafə 3 (üç) metr müəyyən edilmişdir. Buna baxmayaraq Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu və inşaat Norma və Qaydalarıvnın tələbləri kobudcasına pozularaq, ünvan 2 ünvanında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində qeyri-yaşayış obyekti tikdirmişdir ki, bu da daim təhlükə mənbəyidir. Həmin d=150 mm olan kanalizasiya xəttinin cavabdehə məxsus tikilinin yerləşdiyi ərazidən (altından) keçdiyi üçün bu su kəmərinə işçilərimizin hər hansı bir nəzarəti qeyri mümkündür. Nəzarət və profilaktik xidmət göstərilməyən su kəmərinin və kanalizasiya-kollektorunun törədəcəyi fəsadlar insan həyatı və sağlamlığı üçün ağır nəticələrə səbəb ola bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı ilə ilə İddiaçı ASC tərəfindən veirlmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyvasının 26 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Belə ki, iş materiallarında olan: xx.xx.2017-ci il tarixli mühafizə zonasının pozulması barədə aktın surətindən görünür ki, həmin tarixdə ünvan 1 ünvanında Cavabdeh məxsus qeyri-yaşayış obyektinin su və kanalizasiya şəbəkəsinə baxış keçirilmiş, obyektin Yasamal rayon Sukanal idarəsinin balansında olan 150 mm kanalizasiya xəttinin üzərində tikildiyi məlum edilmişdir. RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 2-də yerləşən 363,1 kv.m qeyri-yaşayış binası və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan 0,04149 ha torpaq sahəsi xx.xx.2018-ci ildə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 29456 aylı ekspert rəyinə əsasən baxış zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa olunmuş mübahisəli tikili qeyriyaşayış sahəsidir. Tədqiq edilən qeyri-yaşayış sahəsinin ətrafında yerləşən nəzarət quyusuna baxış keçirdikdə diametri 150 mmolan kanalizasiya borusu müəyyən edilmişdir. Lakin diametri 150 mm olan kanalizasiya xəttinin yerin altindan keçdiyini və üzərinin açılmadığını nəzərə alaraq, həmin xəttin istiqamətini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, baxış zamanı məlum olmuşdur ki, mövcud olan diametri 150 mm olan kanalizasiya xətti magistral təzyiqli xətt deyildir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən, Cavabdeh məxsus qeyri-yaşayış obyektinin İddiaçı ASC-nə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində inşa edilmiş özbaşına tikili olması müəyyən edilmişdir. Həmçinin İddiaçı ASC mübahisəli qeyri-yaşayış sahəsinin özbaşına tikili olmasını və özünə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində inşa edildiyini iddia etməsinə baxmayaraq, bu barədə iddia ərizəsinə heç bir sübut təqdim etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul olunmalıdır. İlk olaraq kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli ərazidə bununla bağlı müvafiq icazələr almadan tikili inşa etmişdir. Məhkəmə mübahisəli tikilinin diametri 150 mm olan kanalizasiya xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə ekspertiza keçirilmiş, lakin ekspert mübahisəli tikilinin diametri 150 mm olan kanalizasiya xəttinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən edə bilməmişdir. Ona görə də mübahisənin həlli yalnız əlavə ekspertiza keçirilməklə mübahisəli tikilinin, diametri 150 mm olan kanalizasiya xəttinin mühafizə zonasına düşübdüşməməsini müəyyən etməklə mümkün idi. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə ekspertizanın keçirilməsi barədə qərardad qəbul etmiş, lakin ekspertizanın keçirilməsi mümkün olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, ekspertizanın keçirilməsində tərəfin iştirakı o halda məcburi sayılardı ki, onun ekspertizada iştirak etməməsi ekspertizanın keçirilməsini qeyri-mümkün etsin. Lakin işin hallarından görünür ki, hazırkı iş üzrə ekspertiza iddiaçının nümayəndəsinin iştirakı olmadan da keçirilə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, iş üzrə müvafiq ekspertizalar təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2021-ci il tarixli 10/2633 saylı məhkəmə texniki-tikinti ekspertizasının rəəyinə əsasən Cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilmiş tikilinin İddiaçı ASC-yə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində yerləşdiyini nəzərə alaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə əsasən sözügedən tikilinin İddiaçı ASC-yə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2022-ci il tarixli 10/7313 saylı məhkəmə texniki-tikinti ekspertizasının rəyinə əsasən ünvan 3 ünvanında İddiaçı ASC-yə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin keçdiyi torpaq sahəsi və üzərində 4,2 x 16,3m ölçüdə olan tikili Cavabdeh adına verilmiş xx.xx.2007-ci il tarixli 003915 nömrəli texniki pasportda nəzərdə tutulmamışdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, ünvan 3 ünvanında inşa edilmiş tikili İddiaçı ASC-yə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində yerləşmiş, tikili İddiaçı ASC-yə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin mühafizə zonasına düşür. ünvan 3 ünvanında İddiaçı ASC-yə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin keçdiyi torpaq sahəsi və üzərində 4,2 x 16,3 m ölçüdə olan tikili Cavabdeh adına verilmiş xx.xx.2007-ci il tarixli 003915 nömrəli texniki pasportda nəzərdə tutulmamışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin “a” bəndinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 (beş) metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan qadağan edilir. Azərbcayn Respublikasının Torpaq məcəlləsinin 62-ci maddəsində qeyd olunmuşdur ki, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 180.1-ci maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinin tələbinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin Bu Məcəllənin 180.4-cü maddəsinin tələblərinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin nüraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, dövlət obyektlərinin dağ- mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya hesab edir ki, İddiaçı ASC-yə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin keçdiyi torpaq sahəsi və üzərində 4,2 x 16,3 m ölçüdə olan tikili Cavabdeh adına verilmiş xx.xx.2007-ci il tarixli 003915 nömrəli texniki pasportda nəzərdə tutulmadığından, 4,2 x 16,3 m ölçüdə olan tikili müvafiq icazələr almadan inşa olunduğundan, bununla da, həmin tikili özbaşına tikili olduğundan, 150 mm olan kanalizasiya xəttinin mühafizə zonası ilə bağlı qaydalar pozulduğundan, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(010)- 132/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. ünvan 3 ünvanında İddiaçı ASC-yə məxsus diametri İddiaçı ASC-yə məxsus 150 km-lik kanalizasiya xəttinin üzərində Cavabdeh tərəfindən inşa edilmiş 4,2 x 16,3 m ölçüdə olan tikili onun tərəfindən əvəzi ödənilmədən sökülsün. Kanalizasiya xəttinin mühafizə zonası boşaldılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar