Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8206/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X21 oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı (Bakı şəhəri 46 saylı notariat kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(006)-746/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı (Bakı şəhəri 46 saylı notariat kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərlə və atası X15 arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində yerləşən 2 saylı evin 36 nömrəli mənzilinə dair bağlanmış 056 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzil üzərində ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.08.2014-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin ona və digər cavabdehlər "Elite Travel” MMC, X15, X12, X3 və X13 qarşı "kredit borcunun tutulması, tutmanın ipotekaya yönəldilməsi" tələbinə dair iddiası qismən təmin edilərək, ümumilikdə 232.450 manat pulun "xxxx" MMC-dən bankın xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Asif Əsədova məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində yerləşən 9 mərtəbəli binada 2 saylı evin 4 otaqlı 55,7 kv.m. yaşayış sahəsindən ibarət 36 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Lakin sözügedən ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə düzgün riayət olunmamış, "xxxx" MMC və MMCnin dələduzluq cinayətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş rəhbəri X16 bankdan götürdükləri kredit borcunun təminatı üçün 22.08.2011-ci il tarixdə 46 saylı Dövlət Notariat Kontorunda mərhum atası Asif Əsədovun və ailəsinin yeganə yaşayış yeri olan mənzilin ipotekaya qoyulmasını sənədləşdirmişlər. Belə ki, mərhum atası ağır xəstə olmuş, 01.08.2005-ci ildən Parkinson xəstəliyi ilə 39 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmuş, daim müalicə və müayinə olunmuş, ağır dərəcəli beyin xəstəsi olduğundan birinci qrup əlil olmaqla uzun illər yataq xəstəsi olmuş və özünü müstəqil surətdə idarə etmək, yerimək, əl-ayağını tərpətmək, qida qəbul etmək qabiliyyəti olmamış, xüsusi zondla yemək verilmiş, psixi xəstəliyi sübut olunduğundan Yasamal Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İpoteka müqaviləsi bağlanarkən isə "xxxx" MMC-nin təsisçisi X23 oglu və MMC-nin qanuni nümayəndəsi X17 birbaşa iştirak etməklə bankla birləşərək xəstə, anlaqsız vəziyyətdə olan mərhum atasını aldadaraq müqaviləni sənədləşdirmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(006)-746/2021 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia təmin edilməmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsində göstərilənlərlə eyni məzmunda əsaslandırmışdır. Tərəflərin izahatlari, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak etmiş, iddiaçı, apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmiş və suallara cavab olaraq, həmin vaxt ezamiyyətdə olduğunu üçün bankın “kredit borcunun tutulması və tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair işdən xəbərinin olmadığını, bu barədə 2019-cu ildə məlumat əldə etdiyini, mənzilə dair atasının adına çıxarış olmadığından vərəsəliklə bağlı müraciət edə bilmədiyini, hazırda mübahisəli mənzildə özünün yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, "xxxx" ASC (ipoteka saxlayan), X9 (ipoteka qoyan) və "xxxx" MMC (borcalan) arasında bağlanmış 22 avqust 2011-ci il tarixli 056 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 2 ünvanında yerləşən 36 nömrəli mənzili "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18.08.2011-ci il tarixli, KHŞ028 kredit xətti müqaviləsi, eyni zamanda “Aeroflot” Aviakompansiyasına verilmiş 30.06.2011-ci il tarixli, 03/496/q-11 nömrəli 45.000 ABŞ dolları, 26.05.2011-ci il tarixli, 03/5455-11 saylı 10.000 ABŞ dolları, 16.10.2010-cu il tarixli, 0040 saylı 40.000 manat məbləğində kredit müqavilələri üzrə öhdəliklərin və şirkətin bank qarşısında gələcəkdə yarana biləcək bütün öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, X14, X6, X2, İddiaçı, X13 qarşı “kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi, ipoteka qoyanın və onun ailə üzvləri olan digər cavabdehlərin ipoteka predmeti olan mənzildən çıxarılması” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.08.2014-cü il tarixli, 2(004)-604/2014 saylı qətnaməsi ilə qismən təmin olunaraq Cavabdeh1 MMC-dən bankın xeyrinə 28.03.2011-ci il tarixli, 0043 saylı kredit müqaviləsinə əsasən 40.000 manat əsas, 18.050 manat faiz borcu olmaqla, cəmi 58.050 manat, 22.08.2011-ci il tarixli, 0056 saylı kredit müqaviləsinə əsasən 59.725 manat əsas, 33.269 manat faiz borcu olmaqla, cəmi 92.994 manat, 13.02.2012-ci il tarixli, 0028 saylı overdraft müqaviləsinə əsasən 35.000 manat əsas, 12.862 manat faiz borcu olmaqla, cəmi 47.862 manat, 25.05.2011-ci il tarixli, 30.06.2011-ci il tarixli, 05.10.2011-ci il tarixli qarantiya müqavilələrinin şərtlərinə uyğun olaraq 06.07.2012-ci il tarixdə Cavabdeh1 MMC-nin ssuda hesabında açılmış kredit öhdəliyinə əsasən 23.260 manat əsas, 10.254 manat faiz olmaqla, cəmi 33.514 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 232.450 manatın tutulması, tələbin mülkiyyət hüququ ilə cavabdeh X10 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində istifadədə olan 0.21291 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada 55.7 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 36 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh1 MMC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2015-ci il tarixli, 2(103)- 525/2015 saylı qətnaməsi ilə təmin edilməyərək, qətnamə ona aid və mübahisələndirdiyi – borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. MMC, qeyd edilən qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.05.2015-ci il tarixli, 2(102)-2089/2015 saylı qərarı ilə şikayət təmin ediləmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini rədd edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(102)-1954/2021 saylı qərarında vurğulanmışdır ki, kredit borcunun məbləği ilə bağlı hissədə qətnamənin qanuniliyi yuxarı məhkəmələr tərəfindən qiymətləndirilmişdir. İpotekanın etibarsız hesab edilməsi barədə isə apellyator məhkəmədə ayrıca iddia qaldırmışdır, həmin dəlillərə həmin iş üzrə məhkəmə icraatında baxılıb qiymət verilməlidir. Hazırda ipoteka qoyan mərhum Asif Əsədovun (08.12.2018-ci il tarixdə ölmüşdür) oğlu bu iş üzrə İddiaçı, atasının 22.08.2011-ci il tarixli, 056 saylı ipoteka müqaviləsini bağlayarkən psixi xəstəliyinin olduğunu, buna görə də, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinin olmadığını bildirərək, həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirib mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. MM-in 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. MM-in 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Plenum hesab etmişdir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər. Göründüyü kimi, qeyd olunan əsasla etibarsızlığının məhkəmə qaydasında təsdiq olunması tələb edilən müqavilənin anlaqlılığın itirilməsi halında bağlandığını sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Baxılan isə işdən görünür ki, iddiaçı 22.08.2011-ci il tarixli, 056 saylı ipoteka müqviləsinin ipoteka qoyan – mərhum atası tərəfindən anlaqsız vəziyyətdə bağlandığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən mötəbər sübular təqdim edə bilməmişdir. İpoteka qoyanın xəstəliyi ilə bağlı məhkəməyə təqdim etdiyi Məhkəmə Psixiatrik Ekspetiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 26.04.2017-ci il tarixli, 641 saylı rəyindən isə bu nəticəyə gəlinmir. Belə ki, rəydə X10 01.08.2005-ci ildə “Parkinson xəstəliyi” diaqnozu qoyulduğu, bununla bağlı müalicə olunduğu, bundan sonra səhhətində yaxşılaşma əldə olunduğu və 2011-ci ilin oktyabr ayından ümumi vəziyyəti pisləşdiyi qeyd edilmişdir. Göründüyü kimi, bu sahədə ixtisaslı şəslərin rəyi ilə ipoteka qoyanın xəstəliyi ilə əlaqədar ümumi vəziyyətinin 2011-ci ilin oktyabr ayından pisləşdiyi müəyyən edilmişdir ki, buradan həmin tarixdən əvvəl 22.08.2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən onun öz hərəkətlərinin mənasını dərk etmək və onlara rəhbərlik etmək iqtidarında olmaması qənaətinə gəlmək mümkün deyil. Bundan başqa, iddiaçı mərhum atası X7 Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyini bildirsə də, mübahisələndirdiyi müqavilə 22 avqust 2011-ci il tarixdə imzalanmışdır. Kollegiya, onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutulmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 1-ci fəslinin 38-ci bəndinə əsasən, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respulikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd lahiyyələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu lahiyyələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Hazırkı işdə “Texnikabank" ASC (ipoteka saxlayan), X9 (ipoteka qoyan) və "xxxx" MMC (borcalan) arasında bağlanmış 22.08.2011-ci il tarixli ipoteka müqaviləsi Bakı şəhəri 46 saylı notariat kontorunun notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş, tərəflər müqaviləni onun iştirakı ilə imza etmiş və müqavilə imzalayanların şəxsiyyəti müəyyən edilmiş, ipoteka qoyanın fəaliyyət qabiliyyəti, ipoteka saxlayanın və borc alanın isə hüquq qabiliyyəti və nümayəndələrinin səalhiyyəti yoxlanılmışdır (əsas: reyestrdə 3M/1125 nömrəsi ilə qeydə alınmışdır - səh.9). Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Həmçinin qeyd edilməlidir ki, digər şəxs X3 (bu iş üzrə iddiaçının anası, ipoteka qoyanın isə arvadı) eyni əsasla sözügedən ipoteka müqaviləsini mübahisələndirsə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia rədd olunmuşdur (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9675/2016 saylı 21.10.2016-cı il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1199/2017 saylı 02.10.2017-ci il tarixli qətnaməsi). Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, ipoteka qoyan X15 22.08.2011-ci il tarixli ipoteka müqaviləsi imzalanarkən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmuşdur. İddiaçı isə, əksini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. MPM-in 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı (Bakı şəhəri 46 saylı notariat kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(006)-746/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(006)- 746/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8206/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8206/2021
19.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver