Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-821/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X19 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1, Digər iddiaçı X10 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili X8, Maraqlarına toxunan şəxs qismində «xxxx» MMC-nin direktoru X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməsi və zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdehlər, habelə maraqlarına toxunan şəxs qismində “xxxx” MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1, İddiaçı2 və X16 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı2, M.x, Ss və E.B Mercan arasında bağlanmış 15.02.2007-ci il tarixli “Ortaklık sözleşmesi” üzrə cavabdehlərin üzərlərinə götürdüyü öhdəlikləri icra etməklə müqavilədə göstərilən ölçüdə satış üçün nəzərdə tutulmuş 75.000 (yetmiş beş min) kv.metr mənzil sahəsinin 30 faizi həcmində 22,500 (iyirmi iki min beş yüz) kv.metr mənzillərin və ya onların mövcud bazar qiyməti ilə hesablanmış dəyərinin X22, İddiaçı2 və X12 verilməsi, 2009-cu il tarixdən Mülki Məcəllənin 445.7 maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz - 175.000 (yüz yetmiş beş min) ABŞ dolları olmaqla, ümumilikdə 1.575.000 (bir milyon beş yüz yetmiş beş min) ABŞ dolları məbləğində vurulmuş zərərə görə vəsaitin cavabdehlərdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini Mülki Məcəllənin 72.2-ci, 73.3-cü, 73.4-cü, 74.1-ci, 21-ci, 442-ci, 443-cü və 445.7-ci maddələrinə istinadla belə əsaslandırmışlar ki, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı2, M.x, Ss və E.B x arasında ünvan 1 ünvanında ünvan 2rşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 15.02.2007-ci il tarixli “Ortaklık sözleşmesi” imzalanmış, müqavilənin 1-ci maddəsinə əsasən ortaqlığın Azərbaycanda təsis olunan “xxxx” MMC şirkətində Cavabdeh1 25 faiz, Cavabdeh2 45 faiz, İddiaçı2 9 faiz, M.Ali Mercanın 9 faiz, Bülent M-ın 9 faiz, sn 3 faiz paya sahib olmaları ilə həyata keçiriləcəyi müəyyən edilmiş, eyni zamanda iddiaçıların “xxxx” MMC şirkətinə rəsmi qaydada ortaq olduqları tarixdən əvvəlki dövrə heç biri maddi və mənəvi öhdəliklər üçün məsuliyyət daşımayacaqları razılaşdırılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən “Ortaklık sözleşmesi”nin məqsədi şirkətin sahibi olduğu yuxarıda adı çəkilən torpaq sahəsində tikinti sahəsi 100.000 m2 olmaqla satış üçün nəzərdə tutulan sahə cəmi 75.000 m2 olan mənzil və iş yeri inşaatını həyata keçirmək və satmaqdır. Müqaviənin 3-cü maddəsi ilə tikinti sahəsinin ümumi alış məbləği 8.000.000 ABŞ dolları məbləğində müəyyən edilmiş, müqavilənin 4-cü maddəsi ilə həmin məbləğin 3.500.000 ABŞ dolları məbləğinin iddiaçılar tərəfindən ödənəcəyi nəzərdə tutulmuş, 5-ci maddə ilə isə 3.500.000 ABŞ dolları məbləğin 500.000 ABŞ dollarının 15.02.2007-ci ildə, 500.000 ABŞ dollarının 22.02.2007-ci ildə, 1.000.000 ABŞ dollarının 06.04.2007-ci ildə, 500.000 ABŞ dollarının 30.06.2007-ci ildə və 1.000.000 ABŞ dollarının 01.12.2007-ci ildə ödənməsi nəzərdə tutulmuşdur. Həmin məbləğlərin ödənişi iddiaçılar tərəfindən həyata keçirilmişdir ki, bu da müqavilədə müvafiq məbləğlərin qarşısında qeyd olunan “ödəndi” qeydi ilə də öz təsdiqini tapır. Müqavilənin 6-cı bəndində tikintinin tamamlanması üçün lazım olan sərmayənin qalan hissəsinin cavabdehlər tərəfindən ABŞ dolları ilə nağd olaraq ödənəcəyi qeyd olunmuş, 7-ci bəndində tikintinin ətraf tənzimləmələri ilə birlikdə tam şəkildə 31.03.2009-cu il tarixə qədər tamamlanaraq satılan şəxslərə təhvil verilməsi üçün hazır hala gətiriləcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 14-cü bəndində satışlardan əldə edilən gəlirlərin əvvəlcə tikinti xərclərinin maliyyələşməsində istifadə olunacağı, tikinti tamamlandıqdan və inşaat xərcləri ilə əlaqədar bütün ödənişlər həyata keçirildikdən sonra müqavilə tərəflərinin əldə edilən gəlirlərdən payları nisbətində gəlir əldə edəcəkləri qeyd olunmuş, həmçinin 15ci bənddə satış qiymətlərinin və şərtlərinin gedişata və cari bazar qiymətlərinə uyğun olaraq əlavə protokollarla yazılı qaydada müəyyən ediləcəyi və icra olunacağı öz əksini tapmışdır. Müqavilənin 16-cı bəndində nəzərdə tutulmuşdur ki, müqavilə ilə müəyyən olunan ortaqlıq müddətində tərəflər paylarını üçüncü şəxslərə sata və ya özgəninkiləşdirə bilməzlər, 17-ci bənddə isə iddiaçıların yalnız müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin ödənməsi üçün məsuliyyət daşıdıqları öz əksini tapmışdır. 4-cü bənddə həmin məbləğ 3.500.000 ABŞ dolları miqdarında müəyyən edilmişdir. Müqavilənin 18-ci bəndində əsasən “xxxx” ilə “xxxx” MMC arasında 2007-ci il tarixdə Bakı şəhərində imzalanan “ünvan 3 ünavanında ünvan 6şans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi” üçün bağlanan müqavilədəki bütün maddələrdən və bu müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərin yerinə yetirilməsi üçün “xxxx” MMC-nin iştirakçılarından yalnız cavabdehlər Cavabdeh1 Hüseyn oğlu və Cavabdeh2 şəxsən məsuliyyət daşıyırlar. Həmin bənddə həmçinin nəzərdə tutulmuşdur ki, iddiaçılar “xxxx” MMC-nin ortaqları olduqlarına görə 18-ci bənddə müəyyən olunan “xxxx” ilə “xxxx” MMC arasında imzalanan müqaviləyə əsasən onlara hər hansı növ zərər dəyməsi halında cavabdehlər bu zərərin əvəzini şirkət nəzdindən kənar, şəxsən öz əmlakları hesabına dərhal kompensasiya edib ödəməyi qəbul etmiş və öhdələrinə götürmüşlər. İddiaçıların onlara dəyən hər növ zərərin kompensasiya edilməsini tələb etmək və iddia qaldımaq hüquqları mövcuddur. Göstərilən müqavilənin şərtlərinə iddiaçılar tərəfindən bütünlüklə əməl edilsə də, cavabdehlər tərəfindən müqavilənin şərtlərinə əməl edilməməklə iddiaçılara böyük məbləğdə ziyan vurulmuşdur. ünvan 3 ünvanında inşa edilmiş binada mənzillərin əksəriyyətinin satışı həyata keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 12.294.643 manatın, Cavabdeh1 6.830.357 manatın, habelə 1.575.000 manat zərər məbləğinin 1.012.500 manatının Cavabdeh2, 562.500 manatının isə Cavabdeh1 və 30 manat dövlət rüsumunun 19,30 manatının Cavabdeh2, 10,70 manatının Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2, X10 xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun özünə aid hissədə ləğv olunmasını və iddia tələblərinin həmin hissədə təmin edilməməsini; digər Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələblərinin rədd edilməsini; maraqlarına toxunan şəxs qismində işə qoşulmuş “xxxx” MMC isə qətnamənin ləğv, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim etdikləri sübutları onların əslinin və ya lazımı qaydada təsdiq olunmuş surətinin verilməməsi səbəbilə qəbul etməmiş, ümumiyyətlə sübutların əslinin təqdim olunması üçün şərait belə yaratmamışdır. Hətta bu barədə ərizə də təqdim edilmiş, lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almadan təqdim etdikləri sübutları qəbul etməmiş, iddiaçı tərəfin sübutlarını isə mötəbər hesab edərək həmin sübutlar əsasında qətnamə qəbul etmişdir. Halbuki, sübutları məhkəməyə rəsmi ərizə və etiraz ilə təqdim etmişlər. Lakin birinci instansiya məhkəməsi məktubla etirazı və ona əlavə edilmiş sənədləri qətnamə elan olunduqdan sonra təqdim edildiyi əsası ilə geri qaytarmışdır. Halbuki, həmin ərizəni məhkəməyə təqdim edən zaman qətnamə hələ elan olunmamışdı. Birinci instansiya məhkəməsi “xxxx” ilə “xxxx” MMC arasında imzalanmış müqaviləni də mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki, həmin müqavilə bir çox qanuni qüvvəsini almış məhkəmə qərarları ilə MPM-nin 82-ci maddəsinin tələbinə əsasən preyudisial əhəmiyyət daşıyır və bu mənada həmin halın yenidən sübut edilməsi tələb edilə bilməz. Birinci instansiya məhkəməsi ədalət mühakiməsinin başlıca prinsiplərindən olan çəkişmə prinsipini də pozmuş, ətraflı araşdırma aparmamış, əlavə sübut təqdim etmək hüquqlarını məhdudlaşdırmış, işi ümumiyyətlə araşdırmamışdır. Belə ki, iddiaçıların “xxxx” MMC-də birgə təsis payları 27% təşkil edir, 3% təsis payı isə Ss-ə məxsusdur və o, hazırkı mülki iş üzrə iddiaçı və ya tərəf deyildir. Birinci instansiya məhkəməsi isə işin hallarını ətraflı araşdırmadan 30%-ə nisbətdə qətnamə qəbul etmişdir. İddiaçıların ümumiyyətlə hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları olmamış, birinci instansiya məhkəməsi isə bu hala nəzər yetirməyərək, iddianı təmin etmişdir. Belə ki, “xxxx” MMC-nin Nizamnaməsinə görə, MMC-nin yeganə təsisçisi X4r. Digər tərəfdən iddiaçılar iddia etdikləri təsis paylarının əvəzində mənzillər aldıqları halda, yenə də əsassız olaraq iddia qaldırmış, məhkəmə isə bu halı nəzərə almamışdır. Həmçinin, birinci instansiya məhkəməsi yaşayış binasının mənzillərinin dəyərini iddiaçı tərəfindən təqdim edilmiş sübut əsasında özü hesablamış, xüsusi bilik tələb edən suallara özü cavab vermiş, səlahiyyət həddini aşaraq mənzillərin dəyərini müəyyənləşdirmək üçün ekspertiza təyin etməmiş, sadəcə ortaqlıq müqaviləsinə istinad etməklə iddia ərizəsini təmin etmişdir. Halbuki, həmin müqavilədə Cavabdeh2 iddiaçılar qarşısında üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Birinci instansiya məhkəməsi hazırkı münasibətlərə həm öhdəlik münasibətləri, həm zərərvurma münasibətlərini tətbiq edərkən maddi hüquq normalarının pozuntusuna yol vermiş, öhdəliyin yaranma əsası kimi həm müqaviləyə, həm də əsassız varlanmaya istinad etmişdir; ortaqlıq müqaviləsinə əsasən Cavabdeh2 üzərinə hər hansı bir öhdəlik götürməmişdir, əsassız varlanmadan isə söhbət gedə bilməz. Ümumiyyətlə, iddiaçıların iddiasının heç bir hüquqi əsası yoxdur. Cavabdeh1 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə “xxxx” MMC-nin işə cəlb olunması ilə bağlı haqlı vəsatətləri rədd edərək işin hərtərəfli, obyektiv aparılması prinsipini pozmuşdur və bu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün başlıca əsasdır. Belə ki, həmin MMC keçmiş təsisçi T tərəfindən hazırkı iş üzrə tərəflərə satılmış, bununla bağlı 38 saylı Notariat Kontorunda 30 noyabr 2007-ci il tarixli Müəssisədəki payın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən təsisçi T MMCnin Nizamnamə kapitalında özünə məxsus olan 2 payın 45%-ni Cavabdeh2 4,50 manata, 25%-ni Cavabdeh1 2,50 manata, 9%-ni İddiaçı2 0,90 manata, 9%-ni İddiaçı1 0,90 manata, 3%-ni Ss-ə 0,30 manata, 9%-ni E. M. 0,90 manata satmışdır. ünvan 1 ünvanındakı yaşayış binası kompleksi də, məhz həmin MMC tərəfindən inşa edilmiş və onun balansındadır. Tərəfdaşlıq müqaviləsi əsasında qurulmuş həmin MMC hal-hazırda da fəaliyyət göstərir. İddia ərizəsi ilə tələb olunan mənzillərin yerləşdiyi ünvan 1 ünvanındakı hündür mərtəbəli yaşayış kompleksi də adı çəkilən MMC-yə məxsusdur. MMC-nin işə cəlb olunmaması nəticəsində yaşayış kompleksini balansında saxlayan şirkətdən iş üçün əhəmiyyətli olan zəruri sənədlərin əsillərini alaraq məhkəməyə təqdim etmək mümkün olmamışdır. Hesab edirlər ki, “xxxx” MMC sərmayə yatırılmış şirkət olaraq və mübahisəli yaşayış kompleksinin sahibkarı olaraq işə cəlb edilməlidir. Göstərilən hallar MPM-nin 14-cü maddəsinin tələblərinin pozulmasını təsdiqləyir ki, həmin pozuntular mülki işin tam araşdırılmamasına və yanlış nəticəyə gətirib çıxarmışdır. İkincisi, birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslardan biri də sübutların əsillərinin təqdim olunmamasıdır və qeyd edildiyi kimi, bu hal “xxxx” MMC-nin işə cəlb olunmaması nəticəsində baş vermişdir. Bundan başqa, hazırkı iş üzrə tərəflərin iştirakçısı olduğu bir sıra mübahisələr üzrə məhkəmə qərarları iş materiallarına əlavə edilmişdir ki, həmin qərarlarla müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edirlər. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan qətnamə qəbul etmiş, nəticədə cavabdehlərin qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Üçüncüsü, birinci instansiya məhkəməsi “Ortaklık sözleşmesi”nin 14-cü bəndinin tələblərinə zidd qətnamə qəbul etmişdir. Həmin bəndə görə, şirkətin fəaliyyətinin nəticələri nəzərə alınaraq, əldə olunan gəlir tərəflər arasında bölünməli idi. Qətnamə ilə isə inşa olunaraq satışa gedən cəmi 75.000 m2 yaşayış və qeyri-yaşayış sahəsi olan bina komplesinin 30%-i, yəni 22500 m2nin dəyərinin iddiaçılara verilməsi barədə qətnamə qəbul edilmişdir. Yəni, Ortaqlıq müqaviləsinin 14-cü bəndində göstərilən gəlirlərin, inşaat xəclərinin hesablanması aparılmamışdır. Digər tərəfdən, bu hesablamalar üçün xüsusi bilik tələb olunur və məhkəmə bu hesablamaları 4 girişli, 22 mərtəbəli bina kompleksi üçün özü hesablaya bilməzdi. Nəhayət, iddianın hüquqi əsası kimi Ortaqlıq Müqaviləsinin 18-ci maddəsinə istinad edilməsi əsassızdır. Həmin maddə Ortaqlıq Müqaviləsinin vacib şərtlərindən biridir; çünki bina yerləşən torpaq sahəsi ilə bağlı yaranacaq hər hansı mübahisə tərəflərin pay qoyuluşunu şübhə altına ala və bina tikilişini mümkünsüz edə bilərdi. Lakin məlum olduğu kimi, “İSR Holding” ilə “xxxx” MMC arasında imzalanan 2007-ci il tarixli müqavilə üzrə heç bir iddia və ya pretenziya olmamışdır. Yəni, ünvan 4 ünvanında inşa olunmuş yaşayış kompleksinin tikildiyi ərazi ilə bağlı heç bir mübahisə olmamışdır. Yalnız bu hala düzgün hüquqi qiymət verilməsi iddia tələbinin tamamilə əsassız olduğunu göstərir. Lakin, birinci instansiya məhkəməsi iddiaçıların istinad etdikləri Ortaqlıq sözləşməsinin göstərilən maddələrinə və müqavilənin mahiyyətinə düzgün hüquqi qiymət verməmiş və yanlış nəticə əldə etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi öz qətnaməsini Mülki Məcəllənin 385.1-ci, 442-ci, 443.1-ci və 443.2-ci maddələri ilə əsaslandırmışdır. Lakin həmin maddələrin mətni ümumi xarakter daşıyır və öhdəliklərin icrası haqqında ümumi anlayışları bildirir. Məhkəmənin qarşısında isə Ortaqlıq Müqaviləsinə əsasən Azərbaycan Respublikası hüquqi şəxsi “xxxx” MMC tərəfindən inşa olunmuş yaşayış kompleksinin layihələndirilməsi, tikintisi və satışı ilə bağlı gəlirlərin müəyyən edilməsi və iddiaçılara çatacaq hissə (pay, pul məbləği) ilə bağlı yekun nəticəyə gəlmək dururdu. İstinad olunan maddələr tərəflər arasındakı münasibətlərə nisbətdə çox ümumi olmaqla iş üzrə qətnamə qəbul olunması üçün kifayət deyil. Belə ki, iş üzrə həm məhdud məsuliyyətli cəmiyyətlərin fəaliyyətini tənzimləyən maddələrə, həm müqavilə hüququnu tənzimləyən maddələrə istinad olunmalı idi. Belə olduğu halda məhkəmə iş üzrə düzgün nəticələrə gəlmiş olardı. Maraqlarına toxunan şəxs qismində işə qoşulmuş “xxxx” MMC-nin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi MMC-ni prosesə cəlb etməmiş, lakin MMC-nin hüquq və maraqlarına toxunan qətnamə qəbul etmiş, bununla da AR MPM-nin 387.2.4-cü maddəsinin tələblərini pozmuşdur. İddiaçıların hazırkı iddianı qaldırmaqda əsas məqsədi hüquqlarının pozulmasının qarşısını almaq deyil, öz təsisçi hüquqlarından sui-istifadə edərək cavabdehləri əsassız məhkəmə çəkişmələri ilə yormaqdır. Ümumiyyətlə, iddiaçıların təsis payları onlara geri verilmişdir və onların heç bir təsisçi hüquqları yoxdur. “xxxx” MMC və Cavabdeh2 iddiaçılara heç bir borcu yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli 2(103)- 1698/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5616/2018 saylı iş üzrə 02 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2 və X16 Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli 2(102)-7336/2019 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(103)-1698/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxs qismində “xxxx ” MMCnin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X3 və iddiaçı X10 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. 18 fevral 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisələndirilən qətnaməni apellyasiya şikayətinin dəlilləri əsasında və işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin qərarındakı hüquqi mövqeyə uyğun olaraq yoxlamağa başlamamışdan əvvəl aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələsinin yoxlanılması zamanı tərəfin dispozitiv hüququ ilə “iura novit curia” – “məhkəmə hüququ bilir” müddəası arasında kompromis mövcuddur. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Həmçinin, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli digər qərarında Məhkəmə göstərmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilən Qərarlardakı hüquqi mövqedən müəyyən olunur ki, işə baxan məhkəmə iddiaçı tərəfin hansı maddi hüquq normalarına əsaslanmasından asılı olmayaraq, məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin faktiki hallarına əsaslanmaqla, hansı maddi hüquq normalarının tətbiq edilməsi məsələsini özü həll etməlidir. O cümlədən, apellyasiya şikayətini araşdıran apellyasiya instansiyası məhkəməsi şikayətin əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, mübahisənin hüquqi qiymətləndirilməsini həyata keçirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya şikayətlərinin əsasını işə baxmış birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsi, həmçinin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi təşkil etdiyindən, hazırkı mübahisənin hüquqi qiymətləndirilməsi həyata keçirilməli və “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə uyğun olaraq zəruri hüquq tətbiq edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməli olmamasına dair maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “...Cavabdeh1 və Cavabdeh2 hazırkı iddia tələbləri üzrə cavabdehlik daşıyan şəxslər kimi qəbul edilməsi ümumiyyətlə mümkün deyildir və onların iddiaçılar qarşısında məsuliyyət daşıması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmamışdır. Nəzərə alınmalıdır ki, onlar da iddiaçılar kimi “xxxx” MMC-nin təsisçiləri olmuşlar...” (3-cü cild, i/v 171,3-cü abzas). Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, 15 fevral 2007-ci il tarixli “Ortaqlıq müqaviləsi” yalnız fiziki şəxslər arasında, yəni Cavabdeh1, Cavabdeh2 oğlu, İddiaçı2, M.M., Ss və E.B M. arasında bağlanılmışdır. Yəni, həmin müqavilə üzrə “xxxx” MMC müqavilə tərəfi olmamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mənzillərin M. Şimşəyin adına rəsmiləşdirilməsini MMC-yə və digər təsisçilərə tapşırmasını bildirməsinə dair İddiaçı1 ifadəsi düzgün yazılmamışdır. Əksinə onun izahatının “səs yazısına”, eləcə də “məhkəmə iclas protokoluna əsasən bu təkzib edilir. O, izahatında bildirmişdir ki, M. Şimşeklə tanışlığı Bakıya gələrkən Aa vasitəsi ilə olmuş, M.Şimşəyə heç bir etibarnamə verməmiş, tanışlıqları davam etməmiş, həmin vaxtdan tanışlıqlarına son qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmçinin, onunla əsaslandırılmışdır ki, “...məhkəmə kollegiyası apellyasiya şikayətlərinin “iddiaçıların təsis paylarının mənzil olaraq onlara geri verilməsi” ilə bağlı ortaq dəlillərini də inandırıcı hesab edir; iş materiallarına surətləri əlavə edilmiş çoxlu sayda müqavilələrdən aydın olur ki, “xxxx” MMC-nin həmin dövrdəki direktoru X9 tərəfindən həqiqətən də, iddiaçıların və o cümlədən başqa türk vətəndaşı olan M.Şimşek adlı şəxsin adlarına çoxsaylı mənzillər rəsmiləşdirilmişdir. Həmçinin, iş materiallarına X23 ilə “xxxx” MMC-nin direktoru M.C. tərəfindən tərtib edilməklə imzalanmış 2011-ci il tarixli akt əlavə edilmiş, həmin aktda X20, İddiaçı2, X14 şirkətdəki 27% payları müqabilində inşa edilən binalardan 10.350 m² yaşayış sahəsi götürdükləri və gələcəkdə həmin evlərin satışında heç bir təmənna və tələb irəli sürməyəcəkləri qeyd edilmiş, aktın sonunda X23 əlyazısı ilə əlavə etmişdir ki, “mən, X23 Şirkətdən 3 500.000 ABŞ dolları qarşılığında 10.350 m² dairə (mənzil) aldım. Şirkətə heç bir tələbim yoxdur. X23, İddiaçı2, X18 adına imza etdim”. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, həmin akta görə 10350 m² mənzil sahəsi rəsmi müqavilə əsasında verilməli və bunun müqabilində X23 27% təsisçi payını Cavabdeh2 notarial qaydada satmalı idi. Bunun nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi rəsmi müqavilə əsasında hansı mənzillərin faktiki iddiaçılara təhvil verilməsinə dair sübutların mövcud olub-olmamasını araşdırmamışdır. Bundan əlavə, Ortaqlıq müqaviləsinin 7-ci maddəsinə əsasən inşaatın ekoloji nizamlamalarla tamamlanması 31.03.2009-cu il tarixinə nəzərdə tutulsa da, buna vaxtında əməl olunmadığına görə 3.500.000 ABŞ dolları məbləğində sərmayə qoymuş iddiaçıların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra qeyd olunan 27 oktyabr 2011-ci il tarixli aktın tərtib olunduğunu, lakin aktda nəzərdə tutulan 10350 m² sahənin ümumiyyətlə təqdim olunmamasına dair akta imza etmiş İddiaçı1 dəlillərinə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.” Bundan başqa, Qərarda qeyd edilmişdir ki, Ortaqlıq müqaviləsinin 19-cu bəndinə görə, tərəflər arasında yarancaq anlaşılmazlıqlar əvvəlcə danışıq yolu ilə həll ediləcəkdir. Bu yolla həll edilməməsi halında Bakıdakı Azərbaycan Respublikası ticarət məhkəmələri səlahiyyətli olub, tərəflər arasında Türkiyə Respublikasının hüququ tətbiq ediləcəkdir. Lakin apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar «Beynəlxalq xüsusi hüquq haqqında» AR Qanununun tələblərini nəzərə almamışdır. Qərarın məzmunundan göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası mübahisə ilə bağlı apellyasiya instansiyası məhkəməsinin düzgün nəticəyə gəlmədiyini qeyd etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi, tərəflərin ortaqlıq müqaviləsində müəyyən olunmuş payda vəsait qoyaraq ünvan 5 ünvanında ümumi sahəsi 75.000 m2 olan yaşayış evi tikintisinə dair razılığa gəldiklərini, inşaat sahəsinin alış qiymətinin 8.000.000 ABŞ dolları təşkil etdiyini, iddiaçılar tərəfindən paylarına düşən 3.500.000 ABŞ dolları sərmayənin cavabdehlərə tam ödənildiyini, lakin binanın inşası tamamlandıqdan sonra ortaqlıq müqaviləsinin 14-cü maddəsinin tələblərinə cavabdehlər tərəfindən əməl edilməyərək iddiaçılara düşən payların verilmədiyini vurğulamaqla belə qənaətə gəlmişdir ki, yaşayış binasının mənzillərinin əksəriyyətinin satıldığı nəzərə alınaraq, inşa olunmuş 75.000 m2 sahənin iddiaçılara düşən 30% hissəsinin, yəni 22.500 m2 ölçüdə sahənin bazar dəyəri kimi müəyyən olunmuş 19.125.000 manat təsisçi paylarına müvafiq olaraq cavabdehlərdən tutulmalıdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Bu zaman məhkəmə kollegiyası aşağıdakılara əsaslanır: İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli, 267 saylı sərəncamı ilə Xətai rayonu, F.Bayramov küçəsindəki 1156-cı məhəllədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli sərəncamı ilə “Azərşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha sahəsində yaşayış binalarının tikintisinin layihələşdirilməsinə “xxxx” Şirkətlər Qrupuna icazə verilmiş, “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış 01.02.2007-ci il tarixli birgə fəaliyyət barədə müqaviləylə isə bu müqavilənin tərəfləri birgə fəaliyyət göstərərək “xxxx”ə ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilib tikintisini təmin etməkdən ötrü “xxxx” MMC-nin malik olduğu vəsaitlər və maliyyə imkanlarından istifadə etməklə kompleksin tikintisini həyata keçirmək barədə razılığa gəlmişlər. İşin müəyyən olunan halı, həmçinin ondan ibarətdir ki, “xxxx” MMC 21.04.2004-cü il tarixdə qeydiyyata alınmış, yeganə təsisçisi 100% payla X6 olmuş, 38-ci Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 noyabr 2007-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən, təsisçi T MMC-nin nizamnamə kapitalındakı payının 45%-ni Cavabdeh2 4,50 manata, 25%-ni Cavabdeh1 2,50 manata, 9%-ni İddiaçı2 0,90 manata, 9%-ni İddiaçı1 0,90 manata, 3%-ni Ss-ə 0,30 manata, 9%-ni E M. 0,90 manata satmış, bununla belə təsisçilərinin tərkibində və payların nisbətində baş vermiş dəyişikliklər müvafiq reyesrdə qeydə alınmamışdır. İşin müəyyən olunmuş digər halına görə, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı2, X23, X16 və Ss arasında “Ortaqlıq müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında ünvan 6şans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün 15.02.2007-ci il tarixli “Ortaklık sözləşməsi” imzalanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən ortaqlığın Azərbaycanda təsis olunan “xxxx MMC” şirkətində Cavabdeh1 25 %, Cavabdeh2 45%, İddiaçı2 9%, M.A. 9%, Bülent Mercanın 9%, Ss 3% paya sahib olmaları ilə həyata keçiriləcəyi, İddiaçı2, M.A.n, Ss-in və B.Mercanın “xxxx” MMC-nin rəsmi qaydada ortaq olduqları tarixdən əvvəlki heç bir maddi və mənəvi öhdəlikləri üçün məsuliyyət daşımadıqları müəyyən edilmişdir. Müqavilənin 2-ci maddəsinə əsasən “Ortaklık sözləşməsi”nin məqsədi şirkətin sahibi olduğu yuxarıda adı çəkilən torpaq sahəsində tikinti sahəsi 100.000 m² olmaqla satış üçün nəzərdə tutulan sahə cəmi 75.000 m² olan mənzil və iş yeri inşaatını həyata keçirmək və satmaqdır. Müqaviənin 3-cü maddəsi ilə tikinti sahəsinin ümumi alış məbləği 8.000.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eyni zamanda, müqavilə bağlanan tarixə ərazinin 6.000.000 ABŞ dolları dəyərində olan hissəsinin qiyməti ödənmişdir. Müqavilənin 4-cü maddəsi ilə həmin məbləğin 3.500.000 ABŞ dolları məbləğinin İddiaçı2, M.Ali, Ss və B.M. tərəfindən ödənəcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci maddəsinə əsasən 3.500.000 ABŞ dolları məbləğin 500.000 ABŞ dollarının 15.02.2007-ci ildə, 500.000 ABŞ dollarının 22.02.2007-ci ildə, 1.000.000 ABŞ dollarının 06.04.2007-ci ildə, 500.000 ABŞ dollarının 30.06.2007-ci ildə və 1.000.000 ABŞ dollarının 01.12.2007-ci ildə ödənməsi nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı maddəsində tikintinin tamamlanması üçün lazım olan sərmayənin qalan hissəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən ABŞ dolları ilə nağd olaraq ödənəcəyi qeyd olunmuş, 7-ci maddəsində tikintinin ətraf tənzimləmələri ilə birlikdə tam şəkildə 31.03.2009-cu il tarixə qədər tamamlanaraq satılan şəxslərə təhvil verilməsi üçün hazır hala gətiriləcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 14-cü maddəsində satışlardan əldə edilən gəlirlərin əvvəlcə tikinti xərclərinin maliyyələşməsində istifadə olunacağı, tikinti tamamlandıqdan və inşaat xərcləri ilə əlaqədar bütün ödənişlər həyata keçirildikdən sonra müqavilə tərəflərinin əldə edilən gəlirlərdən payları nisbətində gəlir əldə edəcəkləri qeyd olunmuş, həmçinin 15-ci maddədə satış qiymətlərinin və şərtlərinin gedişata və cari bazar qiymətlərinə uyğun olaraq əlavə protokollarla yazılı qaydada müəyyən ediləcəyi və icra olunacağı öz əksini tapmışdır. Müqavilənin 16-cı maddəsində nəzərdə tutulmuşdur ki, müqavilə ilə müəyyən olunan ortaqlıq müddətində tərəflər paylarını üçüncü şəxslərə sata və ya özgəninkiləşdirə bilməzlər. Həmçinin, Müqavilənin 17-ci maddəsində İddiaçı2, M.Ali, Ss və B.M. yalnız müqavilənin 4-cü maddəsində nəzərdə tutulan məbləğin (3.500.000 ABŞ dolları) ödənməsi üçün məsuliyyət daşıdıqları öz əksini tapmışdır. Müqavilənin 18-ci maddəsinə əsasən “xxxx” ilə “xxxx ” MMC arasında 2007-ci il tarixdə ünvan 7 ünvanında ünvan 6şans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi” üçün bağlanan müqavilədəki bütün maddələrdən və bu müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərin yerinə yetirilməsi üçün “xxxx” MMC-nin iştirakçılarından yalnız Cavabdeh1 və Cavabdeh2 şəxsən məsuliyyət daşıyırlar. Həmin maddədə həmçinin nəzərdə tutulmuşdur ki, İddiaçı2, M.Ali, Ss və B.M “xxxx” MMC-nin ortaqları olduqlarına görə 18-ci maddədə müəyyən olunan “xxxx” ilə “xxxx” MMC arasında imzalanan müqaviləyə əsasən onlara hər hansı növ zərər dəyməsi halında Cavabdeh1 və Cavabdeh2 bu zərərin əvəzini şirkət nəzdindən kənar, şəxsən öz əmlakları hesabına dərhal kompensasiya edib ödəməyi qəbul etmiş və öhdələrinə götürmüşlər. Tərəflər mübahisələndirmirlər ki, sözügedən müqavilənin 4-cü bəndində göstərilən məbləğin 3.500.000 ABŞ dolları İddiaçı2, M.Ali , BM. və Ss. tərəfindən ödənilmişdir. İddiaçılar, məhz 38-ci notariat kontoru tərəfindən təsdiq edilmiş 30 noyabr 2007-ci il tarixli müqaviləyə, eləcə də sözügedən ortaqlıq müqaviləsinə əsaslanmaqla “xxxx” MMCnin təsisçiləri olduqlarını, ortaqlıq müqaviləsinin şərtlərinə bütünlüklə əməl etdikləri halda, cavabdehlərin götürmüş olduqları öhdəlikləri icra etmədiklərini və nəticədə onlara böyük məbləğdə ziyan vurduqlarını iddia edərək hazırkı iddia tələblərini irəli sürmüş, tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 72.2-ci, 73.3-cü, 73.4-cü, 74.1-ci, 21-ci, 442-ci, 443-cü və 445.7-ci maddələrinə istinad etmişlər. Cavabdehlər və üçüncü şəxs qismində işə cəlb olunmuş MMC isə yuxarıda qeyd olunmuş əsaslarla iddiaya etiraz etmiş və onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və tərəflərin dəlillərini dəyərləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçılar təsisiçisi olduqları xxxx MMC tərəfindən binaların inşa edilməsi zamanı onlara ziyan dəyməsini, bu ziyanın aralarında bağlanmış Ortaqlıq müqaviləsinin şərtlərinə əsasən digər təsisçilər olan cavabdehlər tərəfindən onlara ödənilməli olmasını bildirirlər. Qeyd edilən iddianın əsaslı olması üçün ilk növbədə inşa edilmiş binaların satışından və icarəsindən gəlir əldə edildiyi, bu gəlirin binanın inşasının başa çatdırılmasına sərf olunan hissəsi başa çatdıqdan sonra qalan qazancın məbləği müəyyən edilməlidir. Lakin iddiaçılar belə bir qazancın əldə edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız binaların tikilərək mənzillərin artıq satılması faktına istinad etmişlər. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, layihədə nəzərdə tutulmuş binaların inşa edilərək mənzil və iş sahələrinin satılması özü-özlüyündə qazanc əldə edilməsi anlamına gəlmir. Bu zaman məhkəmə o halı da nəzərə alır ki, artıq qeyd edildiyi kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 06.08.2015-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, X9 “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında 2006-cı ildən inşasına başlanılmış 4 ədəd 1 girişli 24 mərtəbəli binalardakı satılmış mənzilləri, ona olan etibardan və inamdan istifadə edib yenidən ayrıayrı şəxslərə satmış, özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. Belə bir vəziyyətdə iddiaçılara dəymiş ziyanın inşa edilmiş ümumi yaşayış və iş sahələrinin onların payına uyğun hissəsinin dəyərinin müəyyən edilərək tutulması kimi mübahisənin həllini məhkəmə kollegiyası düzgün hesab etmir. Həmçinin, Ortaqlıq müqaviləsinin 15-ci bəndinin şərtlərindən müəyyən olunur ki, tərəflər satış qiymətlərinin və şərtlərinin prosesə və mövcud bazar qiymətlərinə görə əlavə protokollarla yazılı olaraq müəyyən olunacağı və tətbiq ediləcəyi barədə razılaşmışlar. Lakin iddiaçı tərəf ortaqlıq müqaviləsinin həmin bəndinə uyğun olaraq, təsisçisi olduqları MMC-nin tikilməkdə olan binada satış qiymətlərini müəyyən etməsi, əgər etmişsə, bu məbləğin nə qədər təşkil etməsi, nəticədə binaların tikintisindən gəlir əldə edilibedilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Kollegiya qeyd edir ki, dəymiş ziyanın məbləğini sübutetmə yükü iddiaçıların üzərinə düşsə də, onlar tərəfindən ziyanın həcmi və ya məbləğinin iddia ərizəsində göstərilən şəkildə olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, ümumiyyətlə binaların tikilərək satılmasından gəlirin əldə edilib-edilməməsi kimi hallar sübuta yetirilməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçılar cavabdehlərə qarşı ziyan tələbi irəli sürərkən, onların ümumi payının 30% təşkil etməsinə istinad etmiş və bu paya uyğun olaraq ziyanın məbləğinin müəyyən edilməsini xahiş etmişlər. Lakin işin halları ilə müəyyən edilir ki, iddiaçıların xxxx MMC-dəki təsis payları hər biri 9% olmaqla, ümumilikdə 27% təşkil edir, digər 3% isə hazırkı iş üzrə iddiaçı olmayan S. məxsusdur. Bütün sadalanan hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların iddia etdikləri şəkildə (ümumi sahəsi 75.000 m² olan binanın onların 30% təsis payına uyğun olaraq 22.500 m² hissəsinin və ya bu sahənin mövcud bazar qiyməti üzrə dəyərinin onlara verilməsi) onlara ziyan dəyməsinin hesablanması düzgün olmamışdır. Bununla yanaşı, işin mübahisəsiz hallarından o da müəyyən edilir ki, iddiaçılar, həmçinin hazırkı işdə iddiaçı olmayan Ss adlı Türkiyə Respublikasının vətəndaşı xxxx MMC-nin təsisiçiləri olaraq binanın tikiləcəyi torpaq sahəsinin alınmasına və tikinti işlərinin aparılmasına ümumilikdə 3.500.000 ABŞ dolları məbləğində sərmayə qoymağa razılaşmışlar və həmin məbləği tam olaraq ödəmişlər. Həmçinin, iddiaçıların qoymuş olduqları sərmayənin müqabilində hər hansı şəkildə gəlir əldə etməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası bununla bağlı cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, müqavilənin həmin şərti apellyasiya şikayətində göstərildiyi kimi, təkcə İSR Holding ilə xxxx MMC arasında bağlanan 2007-ci il tarixli müqaviləyə şamil edilmir. Belə ki, həmin müqavilənin 2-ci maddəsinə görə ortaqlığın məqsədi şirkətin sahibi olduğu 1-ci maddədə olan torpaq sahəsi üzərində emalat sahəsi təxminən ümumi 100.000 kv.m, net satış sahəsi 75.000 kv.m olan yaşayış evi və iş yeri inşaatını həyata keçirmək və satmaqdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müqavilənin şərtləri cavabdehlərin iddia etdiyi kimi dar mənada təfsir edilməməli, müqavilənin məqsədləri baxımından şərh edilməlidir. Müqavilənin məqsədləri isə, qeyd edildiyi kimi yalnız xxxxlə bağlanan müqavilənin icra edilməsi deyil, əldə edilmiş torpaq sahəsi üzərində bina inşa etmək və həmin sahəni satmaq olmuşdur. Göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, iddiaçıların öz tələblərinin əsası kimi tərəflər arasında bağlanmış Ortaqlıq müqaviləsinin 18-ci maddəsinə istinad etməsi qanuni olmuşdur. Cavabdehlər öz apellyasiya şikayətlərində iddiaçıların xxxx MMC–dəki təsis paylarının əvəzini hələ 2011-ci il tarixdə aldıqlarını və bu barədə onlarla MMC-nin mərhum direktoru olmuş M.Cəfərov arasında akt imzalanmasını, həmin akta əsasən iddiaçılara onların təsis payından imtina etmələri üçün tikilməkdə olan binalarda ümumilikdə 10.350 kv.m yaşayış sahəsi verildiyini bildirmişlər. Məhkəmə şikayətin bu dəlilini də əsassız hesab edir və bildirir ki, belə bir aktın mövcud olması özü-özlüyündə iddiaçıların həmin yaşayış sahəsini əldə etmələri anlamına gəlmir. Belə ki, iş materiallarına cavabdehlər tərəfindən aktda göstərilən şərtlərə əməl edilməsi və qeyd edilən sahənin iddiaçılara təhvil verilməsi, həmçinin iddiaçıların öz təsis paylarını qarşı tərəfin xeyrinə özgəninkiləşdirməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Yuxarıda göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, iddiaçılar həqiqətən də, Ortaqlıq müqaviləsi əsasında xxxx MMC tərəfindən həyata keçirilən tikinti işlərinə (torpaq sahəsinin əldə edilməsinə və binaların inşa edilməsinə) ümumilikdə 3.395.000 ABŞ dolları (digər 105.000 ABŞ dolları məbləğ hazırkı iş üzrə iddiaçı olmayan Süleyman Ecevitə məxsusdur) məbləğində vəsait sərf etmişlər. Lakin qeyd edilən binaların tikintisindən və onların satılmasından gəlir əldə etməmişlər. Üstəlik, onların sərmayə olaraq qoyduqları məbləğ onlara geri qaytarılmamışdır və nəticədə iddiaçılar ziyana uğramışlar. Belə olan halda isə tərəflər arasında bağlanmış Ortaqlıq müqaviləsinin 18-ci bəndinə əsasən iddiaçıların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisə onların razılaşmasına əsasən Türkiyə Respublikasının mülki qanunvericiliyi əsasında həll edilməlidir. Belə ki, Ortaqlıq müqaviləsinin 19-cu maddəsinə əsasən tərəflər arasında yarancaq anlaşılmazlıqların danışıq yolu ilə həll edilməsi, bu yolla həll edilməməsi halında isə Bakıdakı Azərbaycan Respublikasının ticarət məhkəmələri səlahiyyətli olmaqla, tərəflər arasında Türkiyə Respublikasının hüququnun tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, işə baxmış kassasiya instansiyası məhkəməsi hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, digər hallarla yanaşı, işin o halına əsaslanmışdır ki, tərəflər arasında bağlanmış ortaqlıq müqaviləsinin 19-cu maddəsinə işə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, bununla bağlı «Beynəlxalq xüsusi hüquq» haqqında qanunun tələblərini nəzərə almamışdır. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq münasibətlərini müəyyən edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Tətbiq edilməli olan hüquqla bağlı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Türkiyə Respublikasının hazırkı mübahisəyə tətbiq edilməli olan mülki-hüquq normalarına dair AHBU-nun hüquq fakültəsi Mülki hüquq kafedrasının professoru doktor X24 ekspert məruzəsindən görünür ki, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən hazırkı iş üzrə iddiaçıların ortaqlığa qoyduqları 3.500.000 ABŞ dolları məbləğindəki sərmayəni, 2.348.116,44 ABŞ dolları faizi məbləğini və 25.10.2018-ci il tarixdən 10.03.2021-ci il tarixədək hesablanmış 581.958,90 ABŞ dolları gecikdirmə faizi olmaqla, ümumilikdə 6.430.075,34 ABŞ dolları vəsaitin qaytarılmasını tələb etmək hüquqları olmuşdur. Oxşar mövqe hazırkı iş üzrə tətbiq edilməli olan hüquq və ziyan məbləğinin hesablanması ilə bağlı mütəxəssis qismində hesabat hazırlamış Türkiyədə fəaliyyət göstərən «Keçili» hüquq bürosu tərəfindən tərtib edilmiş məruzədə də ifadə olunmuşdur. Hər iki «məruzədə» hazırkı işin Türkiyə Respublikasının «Qanuni faiz və dəbbə faizi haqqında» 3095 saylı Qanunu əsasında həll edilməli olduğu göstərilmiş və həmin qanunun tələbləri əsasında ziyanın hansı qaydada hesablanması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən «məruzələrdə» göstərilənlərlə razılaşaraq bu qənaətə gəlir ki, hazırkı mübahisə həmin məruzələrdə qeyd edilən hüquq normaları əsasında və orada hesablanmış məbləğlərə uyğun olaraq həll edilməlidir. Məhkəmə kollegiyası həmçinin, onu qeyd etməyi zəruri sayır ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan, iddiaçılar isə tələblərində yalnız 1.575.000 ABŞ dolları gecikdirmə faizlərinin tutulmasını tələb etdiyindən, 10.03.2021-ci il tarixli ekspert məruzəsinin mövcduluğu, tələb edilməyən vəsaitin tutulmasına əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası 10.3.2021-ci il tarixli ekspert məruzəsi üzrə onu qeyd etməyi zəruri sayır ki, iş üzrə sübutlarla 30 % pay üzrə ümumilikdə ******* ABŞ dolları məbləğində ödənişdə iddiaçıların payı 3.395.000 ABŞ dolları olduğundan, ödənişin 105.000 ABŞ dolları isə Ss tərəfindən edildiyindən, 105.000 ABŞ dollarının qaytarılmasını və buna uyğun faizlərin tutulmasını tələb etmək hüququ Süleyman Ecevitə aiddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı sayır və bu qənaətə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), həmçinin birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi (385.1.4) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(004)- 5616/2018 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.395.000 (üç milyon üç yüz doxsan beş min) ABŞ dolları və 1.575.000 (bir milyon beş yüz yetmiş beş min) ABŞ dolları illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ tutularaq iddiaçılara ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Vahid Sadıqov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-821/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-821/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver