Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8210/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 662/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07.06.2019-cu il tarixli RPF-00003- 00/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 04.09.2020-ci il tarixinə ödənilməmiş 3318.56 manat əsas borc, 19.05 manat faiz borcu, ümumilikdə 3337.61 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq Ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında 07.06.2019-cu il tarixli RPF-00003-00/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 3325 (üç min üç yüz iyirmi beş) manat 61 (altmış bir) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış DK-00026-00/17A saylı 24 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 7 iyun 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF- 00003-00/19A saylı 7 iyun 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0.02%-i məbləğində gündəlik cərimə hesablanır. Cavabdehin kredit müqaviləsi üzrə 04.09.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 3318.56 manat əsas borc, 19,05 manat faiz borcu vardır. Beləliklə cavabdehin 04.09.2020-ci il tarixinə ümumi borcu 3337.61 manat təşkil edir.
3. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-662/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış RPF-00003- 00/19A nömrəli, 07.06.2019-cu il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borc üzrə 3318,56 manat, faiz borcu üzrə 19,05 manat, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 3368,01 (üç min üç yüz altmış səkkiz manat bir qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-662/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən hesablanmış əsas borc həddindən artıq çoxdur. İddia məhkəməyə verilənədək, cavabdeh götürdüyü kredit borcunun xeyli hissəsini ödəmişdir. Bank isə iddia məhkəməyə verilən günə kimi faiz hesablayıb, borcun miqdarını şişirtmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilməmişdir, mütəxəssis rəyi alınmadan bankın iddiası təmin edilmişdir. Məhkəmə qərarı cavabdehin iştirakı olmadan çıxarılmış, bununla da çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə rərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlə həmçinin telefon vasitəsilə əlaqə saxlanmış və cavabdeh işə onun iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. 07.06.2019-cu il tarixli, RPF-00003-00/19A nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC borcalan Cavabdeh 12 ay güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 3325 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən Borcalanla Bank arasında bağlanmış DK00026-00/17A saylı 24 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə ilə istifadə etməyi və onu 7 iyun 2024-cü il tarixinədək faizi ilə birlikdə Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Borcverən Borcalanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən həmin bənddə nəzərdə tutulmuş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər.
10. Bank "xxxx" ASC tərəfindən borcluya ünvanlanan 17.06.2020-ci il tarixdə göndərilən bildirişdən görünür ki, Cavabdeh borcu ödəməli olduğu barədə Bank "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur.
11. 04.09.2020-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh 07.06.2019-cu il tarixli, RPF-00003-00/19A nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 3318,56 manat əsas, 19,05 manat faiz borcu olmaqla, cəmi 3337,61 manat borcunun olması müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə:
12. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:
13. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
19. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.
23. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. İş materiallarında olan 07 iyun 2019-cu il tarixli kredit müqaviləsindən (i.v. 8) görünür ki, iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 3325.61 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti razılaşdırılmış müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür.
25. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, borclu (cavabdeh) müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, bununla da həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur.
26. İş materiallarında olan arayışdan (i.v. 20) görünür ki, 04.09.2020-ci il tarixinə Cavabdeh banka olan borcu 3337.61 manat təşkil edir.
27. Cavabdeh apellyasiya şikayətində bank tərəfindən hesablanmış əsas borcun həddindən artıq çox olması, iddia məhkəməyə verilənədək kredit borcunun xeyli hissəsinin cavabdeh tərəfindən ödənildiyini, iddia məhkəməyə verilən günə kimi bankın faiz hesablaması, borcun miqdarını şişirtməsi hallarına istinad etmişdir.
28. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında olan müqavilə 07.06.2019-cu il tarixində 60 ay müddətində bağlanmışdır. Göründüyü kimi, müqavilənin müddəti hələ bitmədiyindən faizlərin hesablanmasının məhkəməyə müraciət edilən tarixədək həyata keçirilməsi qanuna zidd olmamışdır.
29. Bundan başqa, cavabdeh kredit borcunun xeyli hissinin ödənildiyini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində konkret olaraq nə qədər məbləğin hansı tarixdə ödənilməsini bildirməmiş, kredit borcunun “xeyli hissəsini” ödədiyini ümumi şəkildə bildirmişdir.
30. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
33. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, məhkəmə ekspertiza təyin etmədən qərar qəbul etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Kollegiya qeyd edilən maddənin məzmununa əsasən vurğulayır ki, cavabdeh ekspertiza təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Hazırki borc məbləğinin hesablanmasında xüsusi bilik tələb edən halın araşdırılması vəziyyəti mövcud olmadığından kollegiya iş üzrə ekspertiza təyin edilməsini zəruri hesab etmir.
34. Cavabdeh apellyasiya şikayətində həm də işə onun iştirakı olmadan baxılması halına istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, birinci insatansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı və yeri barədə elektron məhkəmə informasiya sitemi vasitəsi ilə SMS bildiriş çatdırılmasına baxmayaraq, cavabdeh birinci instansiya məhkəməsində, icraat zamanı məhkəmə iclasında iştirak etməmişdir. Sadalanan hallara əsasən, kollegiya hesab edir ki, cavabdehin iştirakının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi hər hansı prosessual pozuntuya yol verməmişdir.
35. Sadalanan xüsusatlara əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
36. Beləliklə də yuxarıda sadalananlara əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar sübuta yetirilə bilmədiyindən, iddia əsaslı olmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
39. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-662/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev