Məhkəmə qərarları › İş №2(103)-8221/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8221/2021

27.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8221/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2021 saylı işi üzrə 12 aprel 2021 -ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 23 noyabr 2017-ci ildə cavabdehlərin “Təşkil etdikləri” alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab olunması, bankdan götürülmüş vəsaitin 10000 manatı ona aid olmaqla yerdə qalan məbləğinin cavabdehlərə aid olunması, evinin və torpağının əvvəlki statusuna qaytarılması, Cavabdeh2 adına verilmiş 01 dekabr 2017-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: satıcı- İddiaçı, ipoteka saxlayan- "xxxx" ASC, alıcı- Cavabdeh2 arasında 23 noyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 20 yanvar 2017-ci il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Mübahisəli mənzilə gələcəkdə heç bir iddia və tələbinin omayacağı barədə Cavabdeh2 ərizə imzalamışdır. mənzil İddiaçı adına rəsmiləşdirilmişdir.22.11.2017-ci il tarixli arayışa əsasən əmlakın hüquqi sahibinin İddiaçı olması və qeydiyyat tarixnin 20.01.2017-ci il traixi olması qeyd olunmuşdur. 20.11.2017-ci il tarixli ərizə ilə X4 ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda, əmlakı heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən İddiaçı qeydiyyat yeri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, ev 19 olaraq müəyyən edilmişdir. 20.11.2017-ci il tarixli ərizə ilə X1 ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda, əmlakı heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. 20.11.2017-ci il tarixli ərizə ilə X8 ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda, əmlakı heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Yasamal RPİ-nin 26cı PB-nin təhqiqatçısı X6 qəbul etdiyi 13 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi ev 19-da yaşayan İddiaçı ərizə ilə müraciət edərək göstərmişdir ki, 22 noyabr 2017-ci il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 "xxxx"-dan kredit götürməklə onu aldadaraq 21600 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişlər. İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işin başlanması rədd edilmişdir. (iş.səh.16, 21, 22, 91, 92, 95, 96, 99,100). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2021 saylı işi üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337.1, 337.4, 340.2, 354.1, 372.1, 372.2, 375.1, 375.2cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında borc münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində başqa müqaviləni - borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, mənzilin alqı-satqı müqaviləsi notariusda olmuş, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında mənzilin alqı-satqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisələndirilən müqavilə 22 noyabr 2017-ci il tarixdə imzalanmışdır və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2 ildən artıq müddət keçdikdən sonra 16.06.2020-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə (müqavilələrin etibarsız hesab edilməsi barədə) iddia müddəti tətbiq edilməlidir. İddiaçı apellyasiya şikayətini verərək, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(006)-410/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnaməmə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 337.2, 337.3, 337.4, 337.5, 339, 557, 556; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 Cavabdeh3 və X7 birlikdə ona qarşı dələduzluq hərəkətləri etmələri barədə şikayət ərizəsi İlə müraciət etmişdir. 2017-ci ilin noyabr ayında Aytən adlı qadın ilə köhnə Olimp mağazasınını yanında olan notariusda rəsmi müqavilə bağlayaraq evinin çıxarışını girov qoyaraq Aytən adlı qadından 10000 manat pul almışdı ki, başqa şəxslərə olan borcunu qaytarsın. Həmin pul ilə bağlı öhdəlik götürmüşdü ki, 6 ay müddətinə onun 10000 manat pulunu qaytaracağdı. Pulu ödəyə bilmədiyi üçün üzərindən 4 ay keçdikdən sonra tanış olduğu Araz adlı şəxs İradə adlı xanımla tanış etmişdir ki, həmin İradə az faiz ödəməklə kreditə bankdan pul çıxara bilər və bir neçə gündən sonra İradə adlı qadınla tanış etmişdir. Daha sonra, İradə və onun tanışı Mirtalıbla tanış olmuş, onlar kredit götürməyə köməklik etmələrini və əvvəlki şəxsdən götürdüyü 10000 manat krediti bağlayacaqlarını bildirmişdilər və 10650 manat pul vəsaitini Aytən xanıma ödəyərək evin sənədlərini ondan almışdılar ki, banka girov qoyaraq pul götürsünlər. Bir neçə gündən sonra Elmlər Akademiyası parkına çağırmışlar və orada adını sonradan bildiyi Məcidov Yusif ədalət oğlu, İradə, Mirtalıb və ora sonradan gələn Eyyub adlı şəxslər var idi. Daha sonra tanımadığı bir qadın da ora gəlmiş, İradəyə bildirmişdir ki, onlar ona köməklik edəcəklər ki, bankdan kredit götürüb 10650 manat onlara olan borcunu qaytara bilsin. Belə ki, Şüvəlan qəsəbəsində olan evin çıxarışını banka kreditə qoyub pul götürəcəklər, lakin, pulun 16 faizi onlara çatacaqdır. O da razılaşmış və onlar hamısı Mirtalıbın avtomaşınında köhnə Olimp mağazasının yanında olan notariusa 22.11.2017-ci il tarixdə gəlmişlər. Orada bank işçisi Əliyev Rövşən gözləyirdi, onlar ora çatmağıyla sənədlərə imza edib çıxmaqları bir neçə dəqiqə çəkmiş və oradan Elmlər Akademiyası parkının yaxınlığındakı “AG Bank’-a gəlmişlər. Onlar avtomobildə oturmuşlar və həmin adını bilmədiyi qadın onunla banka girmiş, o, kassadan pulu alıb maşına gəlmişdir. Həmin qadın "xxxx"-ın qarşısında, maşının içərsində pulla dolu paketi İradəyə vermiş, oradan 94604 manatın, 44000 manatını Eyyub və həmin tanımadığı qadına vermiş və onlar çıxıb getmişlər. Sonra isə İradə və Mirtalıbla birlikdə Yasamal rayonu, H.Cavid adına olan parkda çay evində əyləşmişlər ki, haqq-hesab edilsin. İradə ağ vərəqdə qeydiyyat apararaq kimə nə qədər verməli olduğunu yazmışdır. Sonra İradə borcu olan 10650 manatı ona vermişdir. Niyə az pul verməyini soruşanda İradə bildirmişdir ki, indi belə alındı. Deyib ki, axı siz 16 faizdən çox pul götürdünüz,onda o , Cavabdeh2 1 aydan sonra təqaüdə çıxaracaqlarını və həmin kreditin onda 50 faiz olacağı, yəni yarı faiz olacağını bildirmişdir. Onlarla razılaşmadığından onlar bildirmişlər ki, bir ay müddətində həmin hərbiçi təqaüdə çıxacaq, dövlət ona güzəştlər etdiyindən, ona etibarnamə verəcəklər, onun banka olan borcu 25000 manat olacaqdır və pulu banka Ədalət ödəyəcəkdir. Onların yanından çıxıb evə gəldikdən sonra bankın ödəniş çıxarışına baxanda orada banka olan borclu kimi Cavabdeh2 adının qeyd edildiyini görmüş, ondan sonra bütün sənədlərə baxanda aydın olmuşdur ki, sənədlərə baxmamış qol çəkərək Şüvəlanda olan evini Cavabdeh2 adına keçirmişdir. Ədalət də həmin evi banka girov qoyaraq pul götürmüşdür. Ədalət də hal-hazırda bizi evindən çıxarmaq üçün Xəzər rayon məhkəməsinə vermişdir. Onda Cavabdeh1 , X2 və Cavabdeh2 birlikdə onlar tərəfindən ona qarşı dələduzluq edildiyini başa düşərək şikayət etmişdir. Cavabdehlərin aldadaraq yeganə yaşayış sahəsi olan yuxarıda göstərilən ünvandakı yaşayış evi əlindən alınması ilə nəticələnən əqdi “Təşkil” etdikləri barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmin müraciətlərin uzun-uzadı araşdırmaları və bu araşdırmaların birində yazıldığı kimi əqdin etibarsızlığı barədə məhkəməyə müraciət edə biləcəyi tövsiyyə olunurdu. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, tərəflərin iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337-354, 388-390, 560; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin sübutedici əsasları olmayan dəlilləri birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, ilk iddia üzrə iddiaçı apellyasiya şikayətində müqavilənin etibarsızlığı aldadılma barədə sübutlar birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmiş və belə xüsusatlar apellyasiya şikayəti üzrə müzakirə predmeti olmadığından tələbin əsaslı olması müəyyən edilmir. Qeyd edilən dəlillərin səciyyəsi cinayət tərkibinə işarə edir ki, buna dair təhqiqatçının cinayət işinin rədd edilməsi barədə qərarı mövcuddur. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2021 saylı işi üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar