Məhkəmə qərarları › İş №2(103)-8223/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8223/2020

18.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8223/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ünvan 1 ünvanına hesablanmış 435,59 manat əsassız borcun cavabdeh “Cavabdeh” İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “Cavabdeh” İB, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə akt tərtib edilərək çıxarılmış və yeni sayğacla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. Həmin idarənin rəyinə əsasən sayğaca müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Buna görə də, itirilmiş qazın dəyərinə görə 435,59 manat hesablanaraq abnentdən tələb edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilərək, abonentə təhvil verilmişdir. Köhnə sayğac isə yoxlama üçün göndərilmişdir. “Cavabdeh” İB, yoxlamanın nəticələrinə istinad edərək, bildirir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş, nəticədə sayğac istismara yararsız hala salınmış, buna görə də, itirilmiş qazın dəyəri kimi 435,59 manat hesablanaraq, ödənilməsi tələb edilmişdir. İddiaçı isə, sayğaca müdaxilə etmədiyini və qeyd olunan qüsurun yaranmasında təqsirinin olmadığını bildirərk, bu halı mübahisələndirir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı işdə iddiaçıya məxus mənzilin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilmiş müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə, cavabdeh “Cavabdeh” İB, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiqləyən və buna görə də, borcun hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “Cavabdeh” İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1461/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar